Month: February 2024

  • Dollara tələbin artması nə ilə bağlıdır? – FOTO

    “Valyutadəyişmə məntəqələrində manatın mövcud məzənnəsi də məhz dollara tələbin kəskin artmasından xəbər verir”.

    Bunu iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında qeyd edib.


    O bildirib ki, bu gün keçirilən hərracda rekord məbləğdə dollar satılıb.

    “Bankların bugünkü sifarişi 151,1 milyon dollar olub. Bütövlükdə, bu ayın ilk 13 günündə keçirilən hərraclarda 370,9 milyon dollar satılıb. Bu gün hərracda yüksək sifariş heç də 13-ün “nəhs rəqəm” hesab edilməsi ilə bağlı deyil, rekord məbləğ satışı valyuta bazarında dollara tələbin artdığını bir daha təsdiq edir.

    Rəsmi məzənnənin stabil qalmasına baxmayaraq, aktiv valyutadəyişmə məntəqələri dolların satış deyil, alış kursunu manata nisbətən 1,7 müəyyənləşdiriblər. Neftin dünya bazar qiymətinin yüksək olmasına rəğmən, Azərbaycan valyuta bazarında volatillik artıb. Bununla belə, aparılan təhlillər göstərir ki, tələbin artması yalnız psixoloji faktorlar ilə bağlı deyil.

    Dollara yüksək tələbin müşahidə olunmasına baxmayaraq, Mərkəzi Bankın bu məsələyə münasibət bildirməməsi də diqqəti cəlb edir. Bu dönəmdə tənzimləyici tərəfindən kommunikasiyanın gücləndirilməsi çox vacibdir”, – deyə deputat qeyd edib.

  • Bakıda kişi keçmiş arvadını küçədə öldürdü – YENİLƏNİB

    Bakıda küçədə törədilən qətllə bağlı cinayət işi başlanıb.

    Bu barədə Nərimanov rayon prokurorluğundan bildirilib.

    Məlumata görə, aparılan araşdırma zamanı 1985-ci il təvəllüdlü Rövşən Quliyevin Nərimanov rayonu S.Ələsgərov küçəsi ərazisində aralarında yaranmış mübahisə zamanı Sevinc İbrahimovaya kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, prokurorluğun qərarı ilə Rövşən Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

    Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

    * * * * *

    Fevralın 13-də saat 17:30 radələrində paytaxtın Nərimanov rayonunda küçələrin birində İbrahimova Sevinc Rəfail qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

    DİN-in Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının keçmiş həyat yoldaşı 1985-ci il təvəllüdlü Quliyev Rövşən Eldar oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

    Araşdırma aparılır.

  • İsrail ordusunun itkiləri açıqlanıb

    İsrail ordusunun Qəzza zolağında daha üç əsgəri həlak olub.

    Son məlumatlara görə, quru əməliyyatı başlayandan ölən əsgər və zabitlərin sayı 232-yə yüksəlib. Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən bəri ordunun ümumi itkiləri 569 nəfərə çatıb.

    Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS döyüşçülərinin İsrail ərazisinə soxulmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və əsirlərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib.

  • Bakıda öldürülən qadın məktəb direktoru imiş

    Bakıda oğlu tərəfindən qətlə yetirilən qadın məktəb direktoru olub.

    APA xəbər verir ki, qətlə yetirilən Bikə Əhmədova Xətai rayonu 59 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb.

    Hadisə ailənin Xətai rayonu, General Şıxlinski küçəsi 29 ünvanında olan evlərində qeydə alınıb. Ailədə olan münaqişənin qətllə nəticələndiyi bildirilir.

    Ailənin böyük oğlu, 1999-cu il təvəllüdü Əhməd Əhmədov balta ilə anası Bikə Əhmədovanı, atası Mehman Əhmədovu və 2015-ci il təvəllüdlü Məhəmməd Məmmədovu qətlə yetirib.

    Hadisə barədə polisə qonşular məlumat verib.

    Hazırda hadisə yerinə hüqüq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, istintaq hərəkətləri aparılır.

  • “Neftçi”nin sabiq futbolçusu Asiya tarixinin ən yaxşıları sırasına düşüb – SİYAHI

    “Neftçi”nin sabiq futbolçusu Keysuke Honda Asiya tarixinin ən yaxşıları sırasına düşüb.

    Yaponiyalı keçmiş yarımmüdafiəçi “FourFourTwo” nəşrinin açıqladığı siyahıda üçüncü yeri tutub.

    Ümumilikdə 33 nəfərin yer aldığı sıralamaya cənubi koreyalı Son Xın Min başçılıq edir. Hazırda İngiltərənin “Tottenhem” klubunda çıxış edən yarımmüdafiəçini həmyerlisi Çxa Bom Qun izləyir.

    Asiya tarixinin ən yaxşı 10 futbolçusu:

    1. Son Xın Min (Cənubi Koreya);

    2. Çxa Bom Qun (Cənubi Koreya);

    3. Keysuke Honda (Yaponiya);

    4. Ci Sun Park (Cənubi Koreya);

    5. Paulino Alkantara (Filippin);

    6. Kim Cu Son (Cənubi Koreya);

    7. Hidetoşi Nakata (Yaponiya);

    8. Sindzi Kaqava (Yaponiya);

    9. Əli Daei (İran);

    10. Mehdi Mahdavikia (İran).

    Qeyd edək ki, Keysuke Honda 2020/2021 mövsümündə “Neftçi”nin heyətində Azərbaycan çempionu olub.

  • Bakıda dəhşətli cinayət: Bir ailənin 3 üzvü öldürüldü

    Fevralın 13-də saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

    DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

    Araşdırma aparılır.

  • “Qisas əməliyyatı”nda 5 erməni hərbçi məhv edilib – VİDEO (YENİLƏNİB)

    Xəbər verdiyimiz kimi, DSX-nin həyata keçirdiyi “qisas əməliyyatı” nəticəsində 4 erməni hərbçisi məhv edilib, bir nəfər isə ağır yaralanıb.

    Daha bir erməni hərbçi eyni istiqamətdə ölüb.

    1984-cü il təvəllüdlü Qor Razmiki Asatryan da digərləri kimi “Torpaq Mühafizəsi” hərəkatının üzvü olub.

    * * * * *

    13 fevral tarixində DSX-nin “qisas əməliyyatı” keçirməsi nəticəsində 4 erməni hərbçi məhv edilib.

    Ermənistan Müdafiə Nazirliyi sözügedən hərbçilərin adlarını açıqlayıb.

    Məlumata görə, Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu ilə birgə məhv edilən hərbçilər bunlardır:

    Edvard Arutyunyan (1974), Qaqik Manukyan (1982), Arsen Hambardzumyan (1979) və Hraçya Hovhannisyan (1957).

    * * * * *

    Xəbər verdiyimiz kimi, 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib.

    Avtosfer.az xəbər verir ki, əməliyyat nəticəsində məhv edilən erməni hərbçilərin sayı artaraq dördə çatıb. Həmçinin bir nəfər ağır yaralanıb. Bu barədə Ermənistan parlamentinin Müdafiə Komitəsinin sədri Andranik Köçəryan bildirib.

    “Meyitlərin bir hissəsi çıxarılıb, onların hamısı müddətdən artıq hərbi xidmətçidir”, – Köçəryan deyib.

    Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi 2 hərbçisinin öldüyünü və yaralının olduğunu açıqlamışdı.

    * * * * *

    Ermənistan-Azərbaycan şərti sərhədində atəşkəsi pozaraq təxribata cəhd edən Ermənistan silahlı qüvvələrinin iki hərbçisi məhv edilib.

    “Unikal” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumatda yaralıların olduğu da bildirilir.

    Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutduğu barədə məlumat yayıb.

  • Azərbaycan XİN Rusiya səfirinə cavab verdi

    Azərbaycan tərəfindən ötən il bölgədə həyata keçirilmiş antiterror tədbirlərindən sonra, sülhməramlı kontingentin gündəlik fəaliyyəti, onların müxtəlif ehtiyacları ilə bağlı mütəmadi görüşlər keçirilməsi və müzakirələr aparılması ehtiyacı yaranıb.

    Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimovun “İzvestiya” qəzetində dərc edilmiş müsahibəsi ilə bağlı sualı cavablandırarkən deyib.

    “Bununla yanaşı, sülhməramlıların yerləşdiyi ərazilərimizdə Ermənistan silahlı qüvvələri tərəfindən son 3 il ərzində genişmiqyaslı minalanma fəaliyyəti aparıldığı və ərazidə partlamamış hərbi sursat problemi nəzərə alınaraq, bu təhdidlərin aradan qaldırılması istiqamətində birgə səylərin həyata keçirilməsi üzrə məsləhətləşmələr aparılması zərurəti mövcuddur”, – XİN rəmisi vurğulayıb.

    O xatırladıb ki, Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin 10 noyabr tarixli bəyanatına əsasən, Rusiya sülhməramlı kontingentinin Azərbaycanda qalma müddəti 2025-ci ildə yekunlaşır.

    Qeyd edək ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində bildirib ki, Rusiya və Azərbaycan Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşən Rusiya sülhməramlıları ilə bağlı danışıqların növbəti raundunun tarixlərini razılaşdırırlar.

  • Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxslə bağlı qərar verildi

    Ali Məhkəmədə insan alverində təqsirləndirilən Qənimə Ədilovanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    Qeyd: Rəsmi məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı olan qadınların etibarından sui-istifadə edərək, Türkiyədə yüksək gəlirli işlə təmin edəcəyi vədi ilə aldadaraq Antalya şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Qənimə Ədilova tutulub.

    Onun barəsində Cinayət Məcəlləsinin 144-1-ci (İnsan alveri) maddəsi ilə ittiham irəli sürülüb.

    Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qənimə Ədilova 8 il müddətinə azadlıqdan məhrum edilib.

  • Narkotik maddənin təsiri altında avtomobil idarə edən şəxs saxlandı

    Sürücülük hüququ olmadan narkotik maddənin təsiri altında avtomobil idarə edən Neftçala rayon sakini Araz Abdullayev Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Araşdırma zamanı şəxsin eyni əmələ görə bir müddət əvvəl də inzibati məsuliyyətə cəlb olunması faktı müəyyən edilib.

    Özü ilə yanaşı digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atan A.Abdullayev məhkəmənin qərarı ilə həbs edilib.

    Faktla bağlı araşdırma aparılır.