Month: February 2024

  • Mehribandan Zeynəb Xanlarovanın ona “day-daylıq” etməməyinə REAKSİYA

    Əməkdar artist Mehriban Xanlarova bibisi, Xalq artisti Zeynəb Xanlarovadan danışıb.

    Median.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu “Qapqara” verilişində həmkarı, aktyor Kamran Ağabalayevin suallarını cavablandırıb.

    Kamranın “Hər bir sahədə hər kəsin bir “dayı”sı olmalıdır. Bunu isə görə-görə gəlirik. Çox maraqlıdır ki, bibiniz Zeynəb Xanlarova sizə “dayı” ola bilmədi” sözlərinə Mehriban belə münasibət bildirib:

    “Kamran, illərdir ki, bu sənətdə addımlayırsan, sənin “dayı”n var? (Kamran cavab verir ki, yoxdur). Əgər bizim istedadımız varsa, içimiz dolub daşırsa və bu gün də rejissorlara lazımıqsa, o zaman “day-daya” nə ehtiyacımız var!?”

  • Sürücülərin NƏZƏRİNƏ: Endirilən sürət həddi bərpa olunub – YENİLƏNİB

    Dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

    Eyni zamanda bütün məlumat sürət tablolarından “Dumanlı hava” işarəsi də götürülüb.

    ***

    Dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

    Eyni zamanda bütün məlumat sürət tablolarında “Dumanlı hava” işarəsi qoyulub.

    Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

  • İşğaldan azad edilən ərazilər radiasiyadan necə təmizlənir? – REPORTAJ + VİDEO

    İşğaldan azad edilən ərazilərin radiasiyadan təmizlənməsində azərbaycanlı alimlərin və mühəndislərin hazırladığı xüsusi detektorların quraşdırıldığı avtomobildən istifadə olunur.

    Bu barədə reportaj AzTV-nin “Telesəhər” verilişində yayımlanıb.

    Qeyd edilib ki, radiasiya aktivliyini müəyyən etmək üçün avtomobilə dörd ədəd detektor quraşdırılıb. Onlardan ikisi qamma şüalanmanı, digərləri isə neytron şüalanmanı ölçmək üçündür.

    Ətraflı süjetdə:

  • Xaçmazda 23 yaşlı gənc göldə boğulub

    Xaçmazda 23 yaşlı gənc süni göldə boğulub.

    APA xəbər verir ki, Xaçmaz rayonunun Ağaverdioba kəndində 23 yaşlı Fərid Əliyev işlədiyi bağda ehtiyatsızlıqdan suvarma üçün istifadə olunan süni gölə düşüb. Onun köməyinə çatan olmadığı üçün boğularaq ölüb.

    Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Yevlaxda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB + VİDEO

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes-Benz” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verdiyi və vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

    Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə avtomobillərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar – 1953-cü il təvəllüdlü Rahilə Qoç qızı Məmmədova, 1978-ci il təvəllüdlü Çingiz Aslan oğlu Qənbərov, 1987-ci il təvəllüdlü Nərmin Abbas qızı Səfərova, 1988-ci il təvəllüdlü Qurban Elşad oğlu Rəhimov, 2013-cü il təvəllüdlü Nurgül Qurban qızı Rəhimzadə, 2015-ci il təvəllüdlü Əli Qurban oğlu Rəhimlini xilas edilərək təcili tibbi yardım briqadasına təhvil veriliblər.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

    ***

    Yevlaxda ikisi azyaşlı olmaqla, 7 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Qoyunbinəsi kəndində qeydə alınıb.

    İki “Mercedes Benz” minik avtomobili toqquşub. Nəticədə, hər iki avtomobildə olan sərnişinlər və sürücülər xəsarət alıblar.

    Xəsarət alan şəxslər – 1978-ci il təvəllüdlü Qənbərov Çingiz, 1953-cü il təvəllüdlü Məmmədova Rahilə, 1987-ci il təvəllüdlü Səfərova Nərmin, 1988-ci il təvəllüdlü Qurban Rəhimov, 2015-ci il təvəllüdlü Ə.Rəhimli, 2013-cü il təvəllüdlü N.Rəhimzadə və hələlik şəxsiyyəti məlum olmayan bir nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Cavanşir Quliyevin əziyyət çəkdiyi nadir xəstəlik: Azərbaycanda iki nəfərdə var

    Bu gün ölüm xəbəri yayılan, lakin Türkiyədə müalicədə olan bəstəkar Cavanşir Quliyev bir neçə ildir nadir xəstəliklərin birindən müalicə alır. Son zamanlar aparılan müalicə və steroid dərmanların təsirindən üzü və bədəni şişən bəstəkar müsahibələrində nadir autoimmun xəstəlikdən əziyyət çəkdiyini bildirmişdi.

    “Medicina” xəbər verir ki, Cavanşir Quliyev dəqiq diaqnozunun adını heç vaxt açıqlamayıb.

    “Mənim bir xəstəliyim var: ağır və üzdə görünən xəstəlik deyil, amma onu boş buraxsan, adamı öldürər.

    Autoimmun xəstəliklərdəndir. Beş milyon adamdan birində aşkarlanır. Azərbaycanda iki nəfərdə var.

    Belə xəstələrdə bədəndəki maye qabarcıqlar şəklində müxtəlif yerlərdən çıxır. Müalicə ilə xəstəliyi nəzarətdə saxlamaq mümkündür. Bunun üçün bir dərman var, ömürboyu qəbul etmək lazımdır. Çox güclü dərmandır, əks-təsirləri də olur”.

    Autoimmun xəstəliklər immun sistemin funksiyasının pozulması və öz-özünə düşmən kəsilməsidir. Bu zaman hansısa orqanda, toxumada hüceyrələr özü-özünə hücum edib, həmin orqanı məhv etməyə başlayır. Yəni immun sistemin özünü tanıma proqramı pozulur.

    Sistem xəstəliklər başlayır, çünki zamanla digər orqan və toxumaların da zədələnməsi baş verir.

    Hansı xəstəliklər autoimmun hesab edilir.

    – Revmatoid artrit

    – Sklerodermiya

    – Sistem qırmızı qurd eşənəyi

    – Vaskulitlər

    – Şeqren sindromu

    – Sarkoidoz

    Və bir neçə nadir rast gəlinən xəstəliklər.

    Autoimmun xəstəliklərin dəqiq səbəbi məlum deyil. İrsi olaraq keçə bilir, iltihabi xəstəliklər, viruslar, stress və immunitetin özəlliyindən qaynaqlana bilir.

    Məsələn, çox insanlarda müharibədən, eləcə də pandemiya və COVİD-19-dan sonra baş qaldırıb. 100% müalicəsi yoxdur.

    Görünür xəstəlik Cavanşir Quliyevdə əsas orqanları zədələyib və onun ürəyi, böyrəyi, beyni əməliyyat oluna bilər.

    Autoimmun xəstəliklərin cərrahi müalicəsi yoxdur.

  • Bakıda 14 fevral “küləyi”: Güllərin qiymətində fantastik bahalaşma – QİYMƏTLƏR

    Hər il fevral ayının 14-ü Azərbaycanda və bütün dünyada sevgililər günü kimi qeyd olunur. Bu gözəl gündə sevgililər və evli cütlüklər bir-birinə müxtəlif hədiyyələr alaraq, öz sevgilərini nümayiş etdirirlər. Adətən hər il sevgililər günü ilə əlaqədar gül satışı mağazalarında hərəkətlilik müşahidə olunur. Bununla bağlı olaraq müxtəlif gül buketlərinin qiymətlərində artımlar nəzərə çarpır.

    Yenisabah.az hazırda hədiyyəlik gül buketlərinin qiymətləri ilə bağlı vəziyyəti öyrənmək üçün bir neçə mağaza ilə əlaqə saxlayıb.

    Gül mağazalarından birinin sahibi Yusif Fərəcov hazırda gül buketlərinin qiymətlərində 10-15 manat bahalaşmanın olduğunu deyib.

    “Buketlərimizin qiyməti 40-45 manatdan başlayır və 150 manata qədər davam edir. Qiymət buketin həcmindən, güllərin sayından və rənglərdən asılı olaraq dəyişir. Ümumi götürsək, hər buketdə 10-15 manat bahalaşma var. Sifarişlərimiz o qədər çoxdur ki, ancaq öncədən sifariş etmək lazımdır”.

    Digər bir gül mağazasında da eyni vəziyyət müşahidə olunur. Mağazanın satıcısının dediyinə görə, güllərin qiymətində 10-20 manata qədər bahalaşma var:

    “Hazırda ən ucuz buketimiz 50 manatdır. Sevgililər gününə görə hər buketdə 10-20 manat arası bahalaşma var. Bu isə gülləri aldığımız yerlərin qiymətləri bahalaşdırması ilə bağlıdır. İstər-istəməz qiymətlərə təsir edir. Ən bahalı buketlərimiz 150-200 manatdır. 14 fevralla bağlı sifarişlərimiz isə olduqca çoxdur”.

    Gül satışı ilə məşğul olan məşhur mağazalar şəbəkələrindən birində isə 101 qızılgülün qiyməti 500 manat, 201 qızılgül isə 700 manata təklif olunur. Əlavə olaraq qarışıq buketlərin ən ucuzu 45 manat, ən bahası 400 manatdır.

  • Finlandiyanın yeni prezidenti Rusiya ilə münasibətlərə son qoydu: “Putin zəng etsə, telefonu açmayacağam”

    “Finlandiya Ukraynada müharibə başa çatana qədər Rusiya ilə münasibət saxlamayacaq”.

    Bu sözləri Finlandiyanın yeni seçilmiş Prezidenti Aleksandr Stubb brifinq zamanı deyib.

    “Əlbəttə, səbəb odur ki, Rusiya Ukraynada müharibəni bitirənə qədər bizim münasibətimiz ola bilməz”, – deyə Stubb bildirib.

    O qeyd edib ki, ölkələr arasında əlaqələr ümumi sərhədlər məsələsi üzrə davam edir. Stubb, həmçinin qeyd edib ki, vəziyyətin yaxşılaşması üçün heç bir perspektiv görmür.

    Eyni zamanda, Aleksandr Stubb söz verib ki, əgər Rusiya Prezidenti Vladimir Putin zəng etsə və seçkidəki qələbəsi münasibətilə onu təbrik etmək istəsə, telefonun dəstəyini qaldırmayacaq.

    Qeyd edək ki, Stubb rəsmi olaraq martın 1-də vəzifəsinin icrasına başlayacaq.

    Mənbə: RİA Novosti, Gazeta.ru

  • Bayden paketdəki çipslərdən şikayətləndi

    ABŞ Prezidenti Co Bayden çips də daxil olmaqla qablaşdırmada qida məhsullarının miqdarını azaldan Amerika şirkətlərinin fəaliyyətindən şikayətlənib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu haqda “X” sosial şəbəkəsindəki səhifəsində şərhlə video yayımlayıb.

    “Futbolu izləmək üçün qəlyanaltı alarkən yəqin ki, diqqət yetirdiyiniz şeylərdən biri odur ki, qiymət eyni olsa da, içki şüşələri kiçilib və cips paketlərində daha az cips var. Şirkətlər qablaşdırmada olan məhsulun miqdarını tədricən azaldır və heç kimin fərqinə varmayacağına inanırlar”, – Ağ Ev rəhbəri qəzəblənib.

    Bayden qida şirkətlərini insanları aldatmağı və şrinkflyasiyanı dayandırmağa çağırıb.

  • Uşaqlar arasında influenza virusunun yayılması ilə bağlı AÇIQLAMA

    Pediatriya İnstitutu uşaqlar arasında influenza virusunun yayılmasına münasibət bildirib.

    Elmi-Tədqiqat Pediatriya İnstitundan APA-ya bildirilib ki, hazırda uşaqlar arasında kəskin respirator xəstəliklər müşahidə olunur və bunların törədiciləri influenza virusudur:

    “Cəmiyyətdə qrip kimi də tanınan influenza asanlıqla əsasən, hava-damcı yolu ilə yayılan yüksək yoluxuculuq ehtimalı olan respirator xəstəlikdir. Bu xəstəliyə ən çox qış mövsümündə rast gəlinir. Yoluxmuş şəxs öskürən və ya asqıran zaman tərkibində virus olan kiçik damcılar (infeksion damlalar) havada yayılır və yaxınlıqdakı insanları yoluxdura bilir. İnfeksiya qrip virusu ilə çirklənmiş əllər vasitəsilə də keçə bilər. Əksər hallarda xəstəlik yüngül keçir. Virusa daha çox 0-5 yaşlı uşaqlar yoluxurlar”.

    Məlumatda bildirilir ki, qrip əlamətləri adətən xəstə insanla təmasdan 1-4 gün sonra görünür:

    “Bu simptomlara bədən hərarətinin yüksəlməsi, boğaz ağrısı, zökəm, ümumi yorğunluq, baş-əzələ ağrısı, ümumi zəiflik, iştahasızlıq, üşütmə kimi əlamətlər daxildir. Böyüklərdən fərqli olaraq uşaqlarda daha çox rast gəlinən əlamət qusma və ya ishal ola bilər. Hərarətin normadan yüksəyə qalxması da müşahidə oluna bilər.

    Uşaqlar mümkün qədər açıq havada çox olmalı, vitaminlərlə zəngin qidalarla qidalanmalıdırlar. Xüsusilə bağça və məktəbə gedən uşaqlar vaxtlarının çoxunu qapalı mühitdə keçirdiklərinə görə infeksiya və virusların yayılma ehtimalı olur. Otağın havası tez-tez dəyişdirilməlidir. Valideynlər mümkün olduğu qədər xəstə uşaqları bağçaya, məktəbə göndərməməlidirlər. Əlləri mütəmadi olaraq yumaq tövsiyə olunur. Risk qrupuna aid uşaqlara ildə bir dəfə qrip peyvəndi vurulmalıdır”.

    Həmçinin qeyd edilib ki, virus xəstəliklərinin müalicəsi əsasən simptomatik aparılır:

    “Hərarət orqanizmin müdafiə reaksiyasıdır. Buna görə də əksər hallarda 38° dərəcəyə qədər hərarəti salmaq məsləhət görülmür. Uşaqlar yuxu rejiminə düzgün riayət etməli, stressdən və zərərli vərdişlərdən uzaq durmalıdırlar. Uşaqlara bol maye içirtmək məsləhət görülür. Burun tutulmasını aradan götürmək üçün tərkibində duz məhlulu olan burun damcılarından və ya spreylərindən istifadə etmək lazımdır. Həkim məsləhəti olmadan antibiotiklərdən istifadə məsləhət görülmür”.