Month: Fevral 2024

  • Azərbaycanlı iş adamı Ukraynada dünyasını dəyişdi

    Ukraynada fəaliyyət göstərən azərbaycanlı iş adamı Çingiz Abbasov dünyasını dəyişib.

    Konkret.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

    İş adamının qəfildən ürəyi dayanıb.

    Qeyd edək ki, Çingiz Abbasov 1970-ci ildə Sumqayıt şəhərində anadan olub. Uzun illər Ukraynada yaşayıb. Onun Donetskdə olan evi və obyektləri Ukrayna-Rusiya müharibəsi zamanı dağıdılıb. Xarkova köçən azərbaycanlı bir müddət idi ki, orada məskunlaşmışdı.

  • Prezident bir qrup gənci təltif etdi – SİYAHI

    Prezident İlham Əliyev 2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2024‑cü il Gənclər üçün Prezident mükafatları verilib:

    Abdullayeva Gülnar Rizvan qızı

    Ağamirova Rəvanə Seymur qızı

    Ağazadə Taryel İsa oğlu

    Allahverdiyev Ayxan Elman oğlu

    Baxışova Rzayeva Kimyəxanım Ziyad qızı

    Məhərrəmova Zərifə Hüseyn qızı

    Məmmədov Ulucay Akif oğlu

    Məmmədova Dinara Bəxtiyar qızı

    Məmmədova Fatimə Nizami qızı

    Mirələmli Pərviz Atamalı oğlu.

  • “Tik-Tok”da video çəkərək insanları narahat edən yeniyetmə evdədir? – RƏSMİ CAVAB

    Sosial şəbəkələrdə görüntüləri yayılan A.C sağlamlığında olan psixoloji problemləri ilə bağlı müvafiq psixiatriya xəstəxanasında məcburi müalicədədir.

    DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, yeniyetmə ilə bağlı görüntülərin təkrar paylaşılaraq tirajlanması çaşqınlıq yaradır. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, onunla bağlı qanunla müəyyən olunan bütün tədbirlər icra olunur.

    Qeyd edək ki, A.C Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilovun nəvəsidir.

  • Tanınmış meyxanaçının qalmaqallı görüntüləri yayıldı – VİDEO

    Nicat Rəhimovla Azər Baxşəliyevin aparıcılığı ilə hər həftə “Xəzər” telekanalında yayımlanan “Zarafat bir yana” verilişində xoşagəlməz hadisə yaşanıb.

    Verilişin növbəti buraxılışının qonağı meyxanaçı Ələkbər Yasamallı olub. O, verilişdə izləyicilərdən birinin ona ünvanladığı sualı bəyənməyib.

    İzləyicinin verdiyi sualdan bərk qəzəblənən meyxanaçı iradlarını verilişdən sonra çay masası arxasında aparıcılarla bölüşüb. Sözügedən kadrları Nicat Rəhimov instaqramda payaşıb.

    “Hanı o uşaq, mən niyə gedirəm onun yanına, o gəlsin bura. Tamaşaçıların qarşısında o sualın verilməsi düz gəlmir. Uşağa zəng gəldi, mənə elə gəlir ki, Namiqin adamıdı. Yenə də Allahı bilər, özü bilər. Namiq də mənim dostumdur, amma bir az başqa cür olub”. – Ələkbər Yasamallı videoda qeyd edib.

  • Ağsuda bank kartından oğurluq edən və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

    Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı bank kartından oğurluq edən şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini ona məxsus bank kartından naməlum şəxs tərəfindən pul oğurlanması barədə polisə müraciət edib. Keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, əvvəllər də soyğunçuluq və narkotik vasitələrin kultivasiyası ilə məşğul olduğuna görə məhkum olunmuş Tağı Seyidov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib və təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

    Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbiri nəticəsində isə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Mehdi Əlikramlı saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

    Faktlarla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işləri başlanıb, istintaq aparılır.

  • Bakıda hipermarketdəki silahlı insidentin şahidi: “Sürünə-sürünə otların arası ilə getdim” – FOTO

    Bakıda “Bravo” hipermarketin qarşısında silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan iclasda zərərçəkmiş qismində tanınan Namiq Qəhrəmanov ifadə verib.

    O bildirib ki, hadisə günü mühafizəçinin vurulduğunu görüb: “Mən orada bir nəfəri gördüm. Maşına dörd güllə dəydi. Mənə güllə dəymədi, qorxmuşdum. Şikayətim və tələbim yoxdur. Amma təqsirləndirilənlərlə barışmamışam və onları bağışlamıram”.

    Daha sonra şahid qismində ifadə verən Rasim Şirinov bildirib ki, hadisə baş verən gün “Bravo”nun qarşısında idarə etdiyi avtomobilin yanında dayanıbmış:

    “Novruz bayramı ərəfəsi olduğundan “Bravo”da reklamlar vurulmuşdu, qabağı görmək olmurdu. Birdən güclü partlayış səsi gəldi. Boylananda gördüm ki, bir nəfər əlində avtomat qaçır. Arxası mən tərəfə idi, üzünü görə bilmədim.

    Mən də əks-tərəfə qaçdım, ayağım ilişdi, yıxıldım. Yenə atəş səsi gəldi, elə bildim mənə dəydi. Sürünə-sürünə otların arası ilə getdim. Elə bildim terrordur, insanları qırırlar, maşını açıq qoyub qaçmışdım”.

    Növbəti proses fevralın 14-də davam edəcək.


    İttihama görə, bu ilin martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketinə edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış və banklardan birinə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilməsi, onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülməsi, eləcə də külli miqdarda pul vəsaitinin ələ keçirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

    Cinayət işi üzrə toplanmış mötəbər sübutlar əsasında 6 nəfər – 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə və öldürməyə cəhd etməyə görə, 3 şəxs eyni əməllərinin törədilməsinə köməkliyə görə, 1 şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah hazırlamağa köməkliyə görə, 1 şəxs isə bu cinayət əməlini törətməyə təhrik etməyə görə cinayət məsuliyyətinə cəlb edilib.

    Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

    Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilmiş olsa da, onun barəsində cinayət yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə iş materiallarından barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.

    Cinayətin törədilməsində istifadə edilən “AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, banka məxsus 16 835 manat və 20 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilib.

    Məlum olub ki, təqsirləndirilən şəxslərdən Babək İsgəndərov müharibə veteranıdır, Füzuli və Xocavəndin azad olunması medalları ilə təltif olunub.

    Digər təqsirləndirilən Rövşən İsmayılov isə hadisədən sonra polisə müqavimət göstərərkən məhv edilən Ruhlan İsmayılovun atasıdır.

  • Yanan obyektin sahibi: “130 min manat ziyan dəyib” – VİDEO

    Ötən gecə Lerik rayonu ərazisində yerləşən “Təbəssüm” istirahət mərkəzində güclü yanğın baş verib.

    Obyekt sahibi Akif Əliyev bu barədə “Unikal”a açıqlamasında bildirib ki, yanğın nəticəsində istirahət mərkəzinə təxminən 130 min manata yaxın ziyan dəyib.

    “Anidən yanğın baş verib, uşaqlar düşüblər həyətə. Telefonları da içəridə yanıb. Yanğın nəticəsində xəsarət alan olmayıb. 5 ədəd tikili idi. Təxminən 130 min manata yaxın ziyan dəyib. El-oba sağ olsun, olan şeydir”.

    A.Əliyev obyektin sığortalanmadığını da deyib:

    “Sığorta şirkətləri bir neçə dəfə gəlib yalan vədlər verdilər. Ona görə də biz onlarla iş görmədik”.

  • Məhkəmə vəzifəli şəxsə qarşı dələduzluq edən müəllimin cəzasını azaltdı

    Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Sahib Şükürovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib və 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 il 3 aya endirilib.

    Qeyd edək ki, S.Şükürov 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Belə ki, o, mənimsəmə və digər cinayət faktlarına görə başlanan cinayət işi üzrə keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılan H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin direktoru Mehriban Əsgər qızı Rüstəmovanın sözügedən cinayət işinin icraatına ibtidai istintaq dövründə xitam verilməsinə köməklik göstərəcəyi vədini verib.

    S.Şükürov bu yolla qadından ümumilikdə 168 min manat pul alaraq dələduzluq edib.

    Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32,4 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şükürov 3 il müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən dövlət ittihamçısı və məhkumun müdafiəçisi narazı qalıblar. Onlar apellyasiya protesti və apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun müdafiəçisinin apellyasiya şikayəti təmin edilməyib, prokurorun isə apellyasiya protesti təmin olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmü dəyişdirilib. Bildirilib ki, S.Şükürovun 3 il azadlıqdan məhrumetmə cəzası 6 illə əvəzlənib. Cəzaçəkmə müddətinin başlanğıcı 23 aprel 2021-ci il tarixdən hesablanıb. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

  • Sumqayıtda 81 yaşlı kişini yük avtomobili vuraraq öldürüb

    Sumqayıtda 81 yaşlı kişini yük avtomobili vuraraq öldürüb.

    APA xəbər verir ki, 1994-cü il təvəllüdlü Nicat Abdullayev idarə etdiyi yük avtomobili ilə 1943-cü il təvəllüdlü Eldar Pirəliyevi vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • DİN-dən ÇAĞIRIŞ: “İstifadə etdiyiniz şifrələri şübhəli hallarda dəyişdirin!” – VİDEO

    “Sosial şəbəkələrdə doğruluğuna əmin olmadığınız postlara və ya məzmuna əsaslanaraq hərəkət etməyin”.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) hazırladığı “Rəqəmsal mediadan istifadə edərkən kibercinayətkarlıqla üzləşməmək üçün nələrə diqqət etməlisiniz?” adlı videoçarxda deyilir.

    “Təsdiq edə bilmədiyiniz (dəqiqliyinə əmin olmadığınız) məlumatı paylaşmaqla və ya ötürməklə yalan informasiyanın yayılmasına səbəb olmayın. Dəqiq məlumat əldə etmək üçün rəsmi və səlahiyyətli mənbələri izləyin. Rəsmi təşkilatları təqlid edə biləcək mesajlar, axtarışlar və ya məzmunlara qarşı diqqətli olun. Şübhəli hallarda cihazınızda, hesablarınızda, bankçılıqda və s. istifadə etdiyiniz şifrələri (parolları) dəyişdirin!” – DİN-dən bildirilib.