Month: Fevral 2024

  • Ermənistanda qalmaqallı sənəd qəbul edildi: Putin İrəvana gələrsə, həbs olunacaq

    Ermənistan fevralın 1-dən Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) rəsmən qoşulub.

    Beləliklə, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin iştirakçısı olan 124-cü, Şərqi Avropa ölkələrindən isə 19-cu dövlət oldu.

    Ötən il noyabrın 14-də Ermənistan rəsmi olaraq Roma Statutunun ratifikasiya sənədini təqdim edib və onun 2024-cü il fevralın 1-də qüvvəyə minməsini gözləmək kifayət edib.

    O da məlum olub ki, noyabrın 15-də Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan BCM katibliyinə Ermənistanın 2021-ci il mayın 10-dan məhkəmənin yurisdiksiyasını geri tarixlə tanıyacağı barədə xəbər verib.

    Qeyd edək ki, Roma statutuna əsasən, Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putin haqqında çıxardığı həbs qərarından sonra o, Ermənistana gələrsə, saxlanıla bilər.

    Mənbə: RİA Novosti

  • “Jurnalistlər binası”nın qarşısında yük maşını piyadanı vurub – YENİLƏNİB

    Fevralın 1-də saat 06:26 radələrində Bibiheybət yolu ərazisindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə piyada vurma ilə bağlı çağırış daxil olub.

    Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

    Məlumata görə, dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Hadisə nəticəsində bir nəfər qadın (55 yaş) kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

    * * * * *

    Bakının Səbail rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    APA xəbər verir ki, qəza Bayıl qəsəbəsində, “jurnalistlər binası”nın qarşısından keçən yolda qeydə alınıb.

    Yük maşını yolu keçən piyadanı vurub.

    Əraziyə polis əməkdaşları cəlb ediliblər.

  • Azərbaycandakı məşhur istirahət mərkəzində güclü yanğın – YENİLƏNİB (VİDEO)

    Lerik rayonu Sivəkəran kəndində yerləşən istirahət mərkəzində yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, istirahət mərkəzinin ərazisində hər birinin sahəsi 144 kvadratmetr olan 2 ədəd ikimərtəbəli yeməkxana binasının yanar konstruksiyaları, içərisində olan avadanlıqlar, yaxınlıqda bir-birinə bitişik, ümumi sahəsi 120 kvadratmetr olan 3 ədəd kottecdən sahəsi 34 kvadratmetr olan bir kottecin yanar konstruksiyaları və digər iki kottecin dam örtüyü yanıb.

    Kotteclərin qalan hissəsi və meşə zolağı yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    * * * * *

    Lerikdə yerləşən “Təbəssüm” istirahət mərkəzində güclü yanğın olub.

    Bununla bağlı sosial şəbəkədə video paylaşılıb.

    Hadisə sübh saatlarında qeydə alınıb. Yanğın zamanı mərkəzdə yerləşən beş qonaq evi tamamilə kül olub.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.

  • Bakının bir hissəsində su kəsiləcək

    Su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün Bakının Bakıxanov və Sabunçu qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

    Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

    Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

  • Bakıda qanunsuz tikili sökülüb – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

    Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində zəbt edilmiş torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

    FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

  • Azərbaycanlı qadınları Türkiyəyə aparan şəxslə bağlı məhkəmə qərarı açıqlandı

    Ali Məhkəmədə insan alverində təqsirləndirilən Gülnarə Məhərrəmovanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az xəbər verir ki, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Məhərrəmova 8 il 6 ay azadlıqdan məhrum edilib.

    İttihama görə, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı olan qadınların etibarından sui-istifadə edərək Türkiyə Respublikasının Balıkesir şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Gülnarə Məhərrəmova tutulub.

    Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci (insan alveri) maddələri ilə təqsirli bilinib.

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin bir barelə olan qiyməti 1,26 ABŞ dolları və ya 1,44% azalaraq 86,28 ABŞ dollarına enib.

    Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

    “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

  • Zaqatalada altı odlu silah götürülüb – VİDEO

    Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktik tədbirlər keçirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində üçü “Kalaşnikov” markalı avtomat, biri yivli “TOZ-8”, ikisi isə ov tüfəngi olmaqla ümumilikdə altı odlu silah, eləcə də bir ədəd süngü-bıçaq, 100-ə yaxın patron və altı ədəd daraq götürülüb.

    Aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq həmin silahlardan ikisini vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.

    Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində zəruri əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

  • Məktəblərdə qış tətili başa çatıb

    Bu gündən ümumi təhsil müəssisələrində 2023-2024-cü tədris ili üzrə qış tətili başa çatıb.

    APA xəbər verir ki, qış tətili 27-31 yanvar tarixlərini (5 gün) əhatə edib.

    Bu gündən məktəblərdə ikinci yarımilin ilk dərs günüdür.

  • Ay tozundan hazırlanmış torpaqda noxud yetişdiriləcək – Alimlərdən ilk

    ABŞ-nin Texas A&M Universitetinin (TAMU) alimləri ilk dəfə dörddə üçü reqolitdən – Ay tozundan ibarət olan torpaqda noxud yetişdirə biliblər.

    Müvafiq araşdırma elmi qurumun rəsmi saytında dərc olunub.

    “Ayda Yer kimi torpaq yoxdur. Planetimizdə torpaqda bitkilərin böyüməsini dəstəkləyən qida və mikroorqanizmlərlə dolu üzvi material var. Ayda bu yoxdur. Bunu aşağı qravitasiya, radiasiya və toksinlər kimi digər problemlər daha da çətinləşdirir”, – elmi işin müəllifi, TAMU-nun aspirantı Cessika Etkin qeyd edib.

    Yerin torpağının bərpası mexanizmlərindən istifadə edərək, Etkin və onun həmkarları ay tozuna münbit xüsusiyyətlər vermək üçün faydalı göbələklərin və biohumusun qarşılıqlı təsirindən istifadə ediblər.

    Qeyd olunur ki, bu əlavələr zəhərli çirkləndiriciləri təcrid etməyə və torpağın strukturunu yaxşılaşdırmağa, tərkibindəki bitkiləri daha uzunömürlü və dayanıqlı hala gətirə bilib. Torpaq göbələkləri toksinləri təcrid edir, zərərli maddələr kök sistemi vasitəsilə məhsullara daxil olmamışdan əvvəl onları tutub saxlayır.

    Qeyd olunub ki, Yer kürəsində noxud təxminən 100 günə yetişir, Ay qarışığında isə bitkilərin yetişməsi 120 gün çəkdi.

    Tədqiqatçılar hesab edirlər ki, onların eksperimenti gələcək Ay missiyalarının iştirakçılarına özlərini zülallı qida ilə təmin etməyə və Yerdən gələn qidalardan daha az asılı olmağa kömək edəcək.

    Mənbə: lenta.ru