Month: Fevral 2024

  • İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib.

    Bununla bağlı President.az məlumat yayıb.

  • Böyük Britaniyanın XİN rəsmisi Azərbaycanda səfərdədir

    Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Kris Allan (Chris Allan) Bakıya gəlib.

    Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld “X” hesabında yazıb.

    “XİN nümayəndəsi Kris Allanı ilk dəfə Bakıda qarşılamaqdan çox məmnunam. Biz ikitərəfli əlaqələri gücləndirmək üçün hökumət rəsmiləri ilə səmərəli müzakirələr apardıq. Əməkdaşlıq imkanlarını araşdırmaq üçün beyin mərkəzləri ilə şam yeməyi günümüzün yaxşı sonluğu oldu”, – o qeyd edib.

  • Dünya bazarında neft qiymətləri necə dəyişib?

    Dünya bazarında neft qiymətləri dəyişib.

    Belə ki, WTI markalı neftin mart füçersləri 0,36% bahalaşaraq, bir barelinin qiyməti 76,12 ABŞ dolları olub.

    “Brent” markalı neftin mart füçersləri 0,40% ucuzlaşaraq, bir barelinin qiyməti 81,71 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg

  • Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

    Azərbaycan və Serbiya Müdafiə nazirliklərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli hərbi əməkdaşlıq danışıqları keçirilib.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.

    Görüşün sonunda Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

  • Azərbaycana gətirilən reaktiv mühərrik yanacaqları üçün aksiz vergisi güzəştinin müddəti uzadılıb

    Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, ölkəyə gətirilən reaktiv mühərriklər üçün “TC-1” markalı yanacaq və digər yanacaq növlərinin 1 tonu üçün aksiz vergisinin 80 manatdan 1 manata endirilməsi müddəti bu ilin sonuna qədər uzadılıb.

  • Azərbaycanda “Malların risk qruplarının təyin edilməsi meyarları” təsdiqlənib

    Nazirlər Kabineti “Malların risk qruplarının təyin edilməsi meyarları”nı təsdiq edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərarla malların risk qrupları maldan yarana biləcək təhlükələr nəzərə alınmaqla, aşağıdakı meyarlar əsasında təyin ediləcək:

    – mexaniki təhlükə;

    – boğulma təhlükəsi;

    – elektrik cərəyanının vurma təhlükəsi;

    – istilik və ya yanğın təhlükəsi;

    – yanığa səbəb ola biləcək termal təhlükə;

    – kimyəvi təhlükə;

    – mikrobioloji təhlükə;

    – səs və ultrasəs təzyiqi nəticəsində yarana biləcək təhlükə;

    – radiasiya təhlükəsi;

    – partlayış təhlükəsi;

    – malın növündən (funksional təyinatından) asılı olaraq yarana biləcək təhlükə;

    – maye təzyiqi nəticəsində yarana biləcək təhlükə;

    – lazer mənbələrindən yarana biləcək təhlükə;

    – emal texnologiyalarının son istifadə müddəti;

    – malın son istifadə müddəti;

    – təhlükənin zərər vura biləcəyi obyektlər;

    – obyektlərə vurula biləcək zərərin təsviri;

    – zədə ssenarisi.

    Meyarların tətbiqi zamanı aşağıdakılar nəzərə alınır:

    – malın yarada biləcəyi təhlükə ilə bağlı elmi-texniki məlumatlar;

    – həssas istehlakçı qrupları nəzərə alınmaqla, maldan yarana biləcək təhlükənin ağırlıq dərəcəsi;

    – maldan yarana biləcək təhlükə barədə dövlət orqanlarından (qurumlarından), bələdiyyələrdən, fiziki və hüquqi şəxslərdən daxil olan məlumatlar;

    – malın qablaşdırılmasından yarana biləcək təhlükə;

    – qanunun 18.2-ci maddəsinə uyğun olaraq, texniki reqlamentlər qüvvəyə minənədək həmin reqlamentlərin əhatə etdiyi mallara dair standartların, həmçinin uyğunluğun qiymətləndirilməsi ilə bağlı müddəaları müəyyən edən normativ hüquqi aktların tələbləri.

  • Laçın şəhərindən üç kəndə marşrutlar fəaliyyətə başlayacaq

    Yaxın vaxtlarda Laçın şəhərindən rayonun Zabux, Zerti və Qarıkaha kəndləri istiqamətində marşrut xətləri fəaliyyətə başlayacaq.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi xəbər verir.

    Məlumata görə, artıq həmin üç istiqamət müsabiqəyə çıxarılıb və ictimai nəqliyyatla sərnişindaşıma xidmətlərinin təşkil edilməsi istiqamətində işlər görülür.

    İndiyə qədər tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq, Bakı-Şuşa, Bakı-Ağdam, Bərdə-Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli)-Ağalı (Zəngilan) istiqamətlərində avtobus marşrutları təşkil edilib.

  • Bakıda maşınları əzərək qaçmaq istəyən sürücü polis tərəfindən yaxalandı – VİDEO

    Bakıda DYP-nin “saxla” əmrinə tabe olmayan sürücü polis əməkdaşları tərəfindən yaxalanıb.

    Baku.ws xəbər verir ki, insident “20 Yanvar” dairəsi yaxınlığında qeydə alınıb.

    Bir neçə avtomobilə ziyan vurduqdan sonra qaçmaq istəyən sürücünü polis əməkdaşları saxlamağa müvəffəq olublar.

    Həmin görüntüləri təqdim edirik:

  • Nikaha daxil olmaq istəyənlərin NƏZƏRİNƏ – Baş nazir qərarda dəyişiklik etdi

    Nikaha daxil olmağı arzu edənlər Azərbaycan Ailə Məcəlləsinin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməklə qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və icra hakimiyyətinin nümayəndəliyinə nikaha daxil olmaq barədə şəxsən yazılı ərizə verəcəklər.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərarla Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında”, “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” 2014-cü il 17 oktyabr tarixli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” qərarlarda dəyişiklik edilib.

    Dəyişikliyə əsasən, nikaha daxil olmaq haqqında ərizə təqdim edildikdə qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə əldə edilir. Bu, mümkün olmadıqda həmin arayış nikaha daxil olmaq barədə ərizəyə kağız formada əlavə edilir.

    Ərizə əsasında nikahın pozulması ər-arvadın və ya onlardan birinin seçdiyi, məhkəmə qətnaməsi əsasında nikahın pozulması isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsində dövlət qeydiyyatına alınır.

    Nikah qeydiyyat şöbəsi və konsulluq idarəsində pozulduqda nikahın pozulmasının dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Məhkəmənin qətnaməsi əsasında nikahın pozulması qeydə alınarkən nikahın pozulması haqqında akt qeydində və şəhadətnamədə nikaha xitam verilmə tarixi kimi məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün göstərilir. Məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının dövlət qeydiyyatı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş nikahın pozulması barədə qanuni 3 qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparılır.

    Bundan başqa, “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda həmin çıxarışa əsasən nikah haqqında akt qeydi ləğv edilir, bu halda şəhadətnamə verilmir. Akt qeydinin digər nüsxəsinin də ləğv edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron qaydada bildiriş göndərilir. Məhkəmənin qətnaməsinə əsasən ləğv edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanıldıqda məhkəmənin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir.

    Həmçinin, adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 190.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil olmuş adın, ata adının və soyadın dəyişdirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, habelə konsulluq idarəsi tərəfindən aparılır.

  • Xankəndidə silah-sursat aşkarlanıb

    Xankəndidə silah-sursat aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 31-də Xankəndi şəhəri ərazisində bir ədəd pulemyot, beş ədəd müxtəlif markalı avtomat silahı, bir tapança, üç ədəd müxtəlif markalı tüfəng, üç qumbara alışdırıcısı, 42 ədəd patron darağı, 2 256 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.