Month: February 2024

  • Müəllimlərin maaşlarına əlavələr olacaq? – AÇIQLAMA

    2022-2023-ci illərdə Elm və Təhsil Nazirliyinin sertifikasiya qiymətləndirməsindən keçən müəllimlərin orta aylıq əməkhaqqı 800 manatdır. 2023-cü ildən bu günə kimi 50 minə qədər müəllim sertifikasiya qiymətləndirməsindən keçib.

    Bu barədə trend-in suallarını cavablayarkən təhsil eksperti Kamran Əsədov deyib.

    bO qeyd edib ki, hazırkı dövrdə diaqnostik qiymətləndirmənin nəticələri müəllimlərin dərs bölgüsü zamanı nəzərə alınır.

    “Bu, o deməkdir ki, diaqnostik qiymətləndirmənin nəticələri yüksək olan müəllim daha çox dərs saatı alır və bu da onun yüksək əməkhaqqı almasına imkan verir. Bir məqamı qeyd edim ki, dövlət büdcəsindən ən çox vəsait ayrılan sahələrdən biri təhsildir. Təhsilə ayrılan məbləğ 2023-cü ildə 4 milyard 423 milyon manat təşkil edir. Bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat (42,4 faiz) çoxdur.

    Hazırda Bakı şəhərində 8965 müəllimin əməkhaqqı 600-1000 manat, 476 müəllimin əməkhaqqı isə 1500 manatdan yuxarıdır. Aparılan islahat nəticəsində həmin müəllimlərin orta aylıq əməkhaqqı 800 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb. 2022-2023-cü ildə edilən artımlardan sonra müəllimlərin əməkhaqqı orta hesabla 77 – 99 manat artıb. İndi pedaqoji stajı 3 ilə qədər olan və bir stavka dərs yükü (18 saat) dərs deyən müəllim aylıq 662 manat, pedaqoji stajı 18 ildən çox olan və və bir stavka dərs yükü (18 saat) dərs deyən müəllim aylıq 794 manat əməkhaqqı alır.

    Sertifikasiya ilə bağlı mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əməkhaqqı 10, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35 faiz artır.

    Sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən 32 min müəllimdən 8 mininin əməkhaqqında 35 faiz artım olacaq. Yəni imtahanlarda yüksək nəticə göstərmiş hər dörd müəllimin üçünün maaşı cəmi 10 faiz artacaq. Yalnız hər dörd nəfərdən birində daha yüksək maaş artımı olacaq.

    Amma düşünürəm ki, müəllimlərin sosial vəziyyəti ilə bağlı daha ciddi addımlar atmaq lazımdır. Müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi təhsilin inkişafına ciddi şəkildə müsbət təsir göstərər”, – deyə K.Əsədov bildirib.

  • Azərbaycanın Çindəki səfirliyində seçki məntəqəsi yaradılıb

    Azərbaycanda fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkisi ilə əlaqədar Seçki Məcəlləsinə uyğun olaraq ölkəmizin Çin Xalq Respublikasındakı səfirliyində seçki məntəqəsi yaradılıb. Məntəqə seçki komissiyasının üzvləri, katibləri və sədri seçilib.

    Secki-2024.az saytı xəbər verir ki, Çində yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan Azərbaycan vətəndaşları fevralın 7-də yerli vaxtla səhər saat 8:00-dan axşam 19:00-dək səfirlikdə yaradılmış seçki məntəqəsində səs verə biləcəklər. Yaşı 18-ə çatmış və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edə biləcəklər.

    Məntəqə seçki komissiyası prezident seçkisinin qanunvericiliyin tələblərinə uyğun qaydada təşkili üçün tam hazırdır. Çində konsulluq qeydiyyatında olan vətəndaşlarımızın prezident seçkisi ilə əlaqədar maarifləndirilməsi üçün bütün zəruri işlər görülüb. Belə ki, səsvermədə iştirakla əlaqədar konsulluq qeydiyyatında olan vətəndaşlarımız məlumatlandırılıb. Bundan başqa, səfirliyin rəsmi internet səhifəsində, sosial şəbəkə hesablarında, habelə həmvətənlərimizin “Wechat” messencer proqramındakı qruplarında elan yerləşdirilib. Azərbaycanın Çindəki səfirliyində yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən həmin gün Pekində olacaq səsvermə hüququna malik seçicilər də səs verə biləcəklər.

    Qeyd edək ki, növbədənkənar prezident seçkisində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.

  • Bakı Limanının tikintisi üçün ayrılmış torpaq sahəsi 30 hektardan çox azaldılıb

    Prezident İlham Əliyev “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yaradılması haqqında 18 mart 2015-ci il tarixli sərəncamında dəyişiklik edib.

    “Report” xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.

    Fərmana əsasən, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi üçün ayrılmış torpaq sahəsinin ölçüsü 400 hektardan 369,26 hektara endirilib.

    Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

  • Binədə 3 000 abonent avtomobil qəzası səbəbindən qazsız qaldı

    Ötən gün gecə saatlarında paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi “Atçılıq” yaşayış massivində xarici dövlət qeydiyyat nişanlı yük avtomobili qaz xəttinə çırpılıb.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, qəza nəticəsində müxtəlif diametrli 150 metr uzunluğunda orta və aşağıtəzyiqli qaz xətləri yararsız hala düşüb, 3 000 abonentin qaz təchizatında fasilə yaranıb.

    Hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə əraziyə təbii qazın verilişi dayandırılıb, qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Bərpa işlərinin günün sonunadək yekunlaşdırılması nəzərdə tutulub.

  • “Dövlət ehtiyatları haqqında” Qanunun tətbiqinə başlanacaq

    Prezident İlham Əliyev “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr tarixli 1055-VIQ nömrəli Qanununun tətbiqi barədə Fərman imzalayıb.

    Bu barədə President.az xəbər verir.

    Fərmanla müəyyən edilir ki:

    – “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci, 1.1.15-ci maddələrində, 5.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 5.2-ci maddəsində, 5.3-cü maddəsinin ikinci cümləsində, 5.4-cü, 5.5-ci maddələrində, 5.6-cı maddəsinin birinci cümləsində, 9.3-cü, 10.5-ci, 11.2-ci maddələrində, 11.3-cü maddəsinin ikinci və üçüncü cümlələrində, 11.5-ci maddəsinin ikinci cümləsində, 11.7-ci maddəsində, 11.8-ci maddəsinin birinci cümləsində, 11.10-cu maddəsində, 11.11-ci maddəsinin birinci cümləsində, 12.1-ci maddəsinin ikinci cümləsində və 12.5-ci maddəsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

    – həmin Qanunun 1.1.2-ci maddəsində, 5.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 5.2-ci maddəsində, 5.3-cü maddəsinin ikinci cümləsində, 5.4-cü, 5.5-ci maddələrində, 5.6-cı maddəsinin birinci cümləsində, 9.3-cü, 10.5-ci, 11.2-ci maddələrində, 11.3-cü maddəsinin ikinci və üçüncü cümlələrində, 11.5-ci maddəsinin ikinci cümləsində, 11.7-ci maddəsində, 11.8-ci maddəsinin birinci cümləsində, 11.10-cu maddəsində, 11.11-ci maddəsinin birinci cümləsində, 12.1-ci maddəsinin ikinci cümləsində və 12.5-ci maddəsində (hər iki halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

    – həmin Qanunun 1.1.15-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi nəzərdə tutulur.

    Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    aşağıdakı normativ hüquqi aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir:

    – “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci və 5.4-cü maddələrinə uyğun olaraq, bazar iştirakçılarına dair meyarları və onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumat təqdim edilməsi qaydasını;

    – həmin Qanunun 5.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, strateji əhəmiyyətli malların monitorinqi qaydasını və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarlarını;

    – həmin Qanunun 5.2-ci maddəsinə uyğun olaraq, strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturalarını;

    – həmin Qanunun 9.3-cü, 10.5-ci, 11.2-ci maddələrinə, 12.1-ci maddəsinin ikinci cümləsinə və 12.5-ci maddəsinə uyğun olaraq, dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın formasını və təqdim edilməsi qaydasını.

    Həmçinin, Nazirlər Kabinetinə həmin Qanundan irəli gələn digər məsələlərin həlli tapşırılıb.

    “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu linkdən tanış ola bilərsiniz.

  • Ceyhun Bayramov Çexiya Deputatlar Palatasının sədrini qəbul edib

    Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə görüşüb.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, görüş zamanı iki ölkə arasında qarşılıqlı səfərlərin, davamlı siyasi dialoqun, həmçinin parlamentlərarası əməkdaşlığın önəmini vurğulayıb və ikitərəfli iqtisadi münasibətlərin, xüsusilə də enerji, yaşıl iqtisadiyyat, turizm, kənd təsərrüfatı, təhsil, qarşılıqlı sərmayə qoyuluşu və digər istiqamətlər üzrə əməkdaşlıq perspektivlərinin mövcudluğu vurğulanıb.

    Ceyhun Bayramov Azərbaycan tərəfindən ətraf mühitin mühafizəsi, bərpa olunan enerji mənbələrinə keçid üzrə görülən tədbirlər, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ölkəmizin ev sahibliyi və bu sahədəki beynəlxalq öhdəliklərinə verdiyi önəmi vurğulayıb.

    Bununla yanaşı, ölkəmizin nəqliyyat potensialı və Orta Dəhlizin inkişaf perspektivlərinə toxunaraq, dəhlizin Avropanı Cənubi Qafqaz və Mərkəzi Asiyadan keçməklə önəmli beynəlxalq nəqliyyat marşrutlarından olduğu vurğulanıb.

    Ceyhun Bayramov Azərbaycanın Aİ və üzv dövlətlərin etibarlı tərəfdaşı olduğunu, ölkəmizə qarşı ikili standartların tətbiqinin və ədalətsiz yanaşmanın sərgilənməsinin regionda dayanıqlı sülhün qurulmasına töhfə vermədiyini vurğulayıb. O, həmçinin Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan qərarın qəbul edilməsi və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini bildirib.

    Nazir Azərbaycan və Ermənistan arasında 30 ildən sonra ilk dəfə olaraq sülh üçün real şərait yarandığını, Aİ və bəzi üzv dövlətləri tərəfindən hər hansı ad altında Ermənistana hərbi yardım göstərilməsinin və ya Ermənistana havadarlıq etməklə sülh prosesindən yayındırılmasının Cənubi Qafqaz regionunda dayanıqlı sülhün qurulmasına xələl gətirəcəyini vurğulayıb.

    Görüşdə iki ölkə arasında gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

  • Sabirabadda körpə xəstəxanada öldü – Həkimlərə cinayət işi açıldı

    Sabirabadda yenidoğulmuşun ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

    Sabirabad Rayon Prokurorluğundan verilən məlumata görə, ötən il noyabrın 4-də Sabirabad rayon sakini 1989-cu il təvəllüdlü Günay Ağayevanın Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzin doğum evində yenidoğulmuşun ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

    Aparılmış araşdırmalarla qeyd olunan Mərkəzin Doğum şöbəsinin həkim mama-ginekoloqu Naibə Mahmudova və həkim-neonatoloqu Gülnarə İmanova tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi, yəni doğuşdan öncə dölün vəziyyətinin düzgün qiymətləndirilməməsi, Günay Ağayevaya diaqnozun düzgün təyin edilməməsi, tibbi göstəriş olmasına baxmayaraq, əməliyyatın gecikdirilməsi, həmçinin yenidoğulmuşun real vəziyyətinin düzgün qiymətləndirilməməsi və zəruri tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində körpənin ölməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

  • “AAAF Park”da dəhşətli qətl: “Arvadım evdən qaçmışdı, mənə xəyanət etdiyini dedi”

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsində arvadını qətlə yetirməkdə təqsirləndirilən Səadətdin Nuriyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Pravda.az xəbər verir ki, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, Səadətdin Nuriyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

    Qeyd edək ki, hadisə 2022-ci ilin noyabrında Abşeron rayonunun Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksində qeydə alınıb. Belə ki, 28 yaşlı Əfsanə Nuriyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bildirilib ki, o, həyat yoldaşı 30 yaşlı Səadətdin Nuriyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla öldürülüb.

    Məlum olub ki, Səadətdin Nuriyev qətli törətdikdən sonra qaçıb. İddialara görə, hadisədən əvvəl ər-arvad arasında mübahisə olub. Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Səadətdin Nuriyevin olduğu yer müəyyən edilib və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

    Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə istintaqında Səadətdin Nuriyev ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadə vermək istəmədiyini, ünvanlanan sualları cavablandırmaq istədiyini bildirib. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq deyib ki, Əfsanə Nuriyeva evdən qaçıb getdiyinə görə onu öldürüb. Arvadı 3-4 ay əvvəl evdən qaçıb gedib. O, arvadının evdən qaçıb harada qaldığını bilmədiyini, Əfsanəyə neçə bıçaq zərbəsi endirdiyini yadından çıxardığını, hadisəni törətdikdən sonra Yasamalda polisə təslim olduğunu söyləyib.

    Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq deyib ki, arvadını ona xəyanət etdiyinə görə öldürüb:

    “Qadının özünün dediyinə görə, mənə xəyanət edib. Arvadımla görüş zamanı nə səbəbə evdən qaçdığını soruşdum və evə qayıtmalı olduğunu bildirdim. Lakin Əfsanə qeyd etdi ki, həyatı çöldədir. Başqa kimsə mənə arvadımın xəyanət etməsi barədə məlumat verməyib”.

  • Ильхам Алиев принял исполнительного секретаря Рамочной конвенции ООН об изменении климата

    2 февраля Президент Азербайджанской Республики Ильхам Алиев принял исполнительного секретаря Рамочной конвенции ООН об изменении климата Саймона Стила.

    Об этом сообщает President.az.

  • İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stili qəbul edib.

    Bununla bağlı President.az məlumat yayıb.