Month: February 2024

  • Ov mövsümü başa çatır

    Azərbaycanda 2023-2024-cü illər üzrə ov mövsümü fevralın 25-də başa çatacaq və ov icazələrinin verilməsi dayandırılacaq. Həmin tarixdən etibarən vətəndaşların ov etmələri qadağan olunur.

    Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

    Xidmət rəisi ovla məşğul olan şəxsləri qadağan olunan vaxtlarda ov qaydalarına əməl etməyə çağırıb.

    “Ov mövsümünün bağlanması heyvanların və quşların bioloji xüsusiyyətləri ilə bağlıdır. Bu müddətdə növlərin çoxalma və miqrasiya dövrü başladığından onların populyasiyasına və təbii artımına zərər verilməməsi üçün ov qadağan olunur”.

  • Daha bir müəllim faciəli şəkildə vəfat etdi – FOTO

    Qazax rayonunda bir neçə gün əvvəl yol qəzası nəticəsində ağır xəsarət alan 1975-ci il təvəllüdlü Elmira Şıxlinski müalicə aldığı xəstəxanada vəfat edib.

    Bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat veriblər.

    Bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, E.Şıxlinski aldığı xəsarətlərdən bu gün səhər saatlarında dünyasını dəyişib.

    Qeyd edək ki, E.Şıxlinski Qarapapaq kənd məktəbində ingilis dili müəllimi olub.
    Qəza hadisəsi isə fevralın 17-də baş verib, həmin vaxt avtomobil yolu keçmək istəyən E.Şıxlinskini vurub.

    Xatırladaq ki, daha əvvəl isə Zaqatala rayon Qazangül qəsəbə tam orta məktəbin tarix müəllimi Nigar Bayramova İsmayıllı rayonunun Xanagah kəndi ərazisində baş vermiş avtomobil qəzası nəticəsində həlak olub.

  • Azərbaycanda bəzi məhsullar UCUZLAŞIB – SİYAHI

    2022 və 2023-cü ildən fərqli olaraq bu il Azərbaycanda tərəvəzlərin ucuzlaşması müşahidə edilib. 2024-cü ilin yanvarında tərəvəzlərin qiyməti bir il əvvəlki tarixlə müqayisədə 7,3 faiz enib.

    Sfera.az xəbər verir ki, qiymət azalması əksər tərəvəz məhsullarında qeydə alınıb.

    Azərbaycanda daha çox istehlak edilən tərəvəz məhsulları kartof, baş soğan, ağ kələm, göy lobya, bibər, pomidor, xiyardır. Qiymət fərqlərinə diqqət yetirəndə görürük ki, adıçəkilən tərəvəz məhsullarının çoxu ucuzlaşıb.

    Əsas tərəvəz məhsulu olan kartofun qiyməti son bir ildə 50 qəpiyə yaxın enib. Ötən ilin yanvarında bir kiloqramı orta hesabla 1,45 manata satılan kartofun dəyəri bu ilin yanvarında 0,95 manata düşüb.

    Baş soğan da ucuzlaşıb. Bir il əvvəl 1,05 manata satılan baş soğanın qiyməti yanvarın sonunda 0,88 manata enib. Ağ kələmin qiymətində də nəzərəçarpacaq fərq var. İl ərzində ağ kələmin pərakəndə satış qiyməti 0,62 manatdan 0,48 manata düşüb.

    İstixana şəraitində yetişdirilən tərəvəzlərdə də bu il qiymət azalması görünür. İstixana pomidorunun qiyməti bir il ərzində 3,3 manatdan 2,5 manata, xiyarın qiyməti isə 4,05 manatdan dəyəri 2,77 manata enib.

    Digər tərəvəz məhsullarından badımcanın qiyməti 4,2 manatdan 2,45 manata, göy lobyanın qiyməti 3,3 manatdan 2,1 manata, şirin bibərin qiyməti 2,85 manatdan 2,35 manata, quru noxudun qiyməti 5,4 manatdan 4,8 manata, quru lobyanın qiyməti 5,05 manatdan 4,9 manata düşüb.

    Qeyd edək ki, tərəvəzlərin ucuzlaşması Azərbaycan istehlakçısı üçün önəmli haldır. Çünki əhalinin həm ümumi xərclərində, həm də ərzaq məhsullarının alışına çəkilən xərclərdə tərəvəzlərin payı yüksəkdir. Məsələn, 2022-ci ildə əhalinin pərakəndə ticarət müəssisələrində tərəvəzlərə xərclədiyi pul 7,1 milyard manat olmaqla digər mal qruplarının hamısından çox olub. 2020-ci ildə isə bu məbləğ 3,2 milyard manat idi. Cəmi iki ildə tərəvəzlərə xərclənən pulun bu qədər artmasının səbəbi məhz bahalaşma ilə bağlı olub. Ümid edək ki, 2024-cü ildə tərəvəzlərin qiyməti əlverişli səviyyədə olacaq.

  • Abdullah Gül Prezident İlham Əliyevi təbrik edib

    Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    President.az-ın xəbərinə görə, məktubda deyilir:

    “Qardaş Azərbaycan xalqının prezident seçkisində Sizə bir daha etimad göstərməsini böyük məmnunluq hissi ilə qarşıladım.

    Ulu öndərimiz Heydər Əliyevin bu ali dövləti vəzifənizdə indiyədək müvəffəqiyyətlə davam etdirdiyiniz irsini daha da irəliyə aparacağınıza ürəkdən inanıram. Bu xüsusda seçkidə qazandığınız zəfər münasibətilə Zati-alinizi ürəkdən təbrik edirəm.

    Sizin liderliyinizlə Azərbaycan Ordusunun və xalqının göstərdiyi cəsarət və əzm nəticəsində Qarabağın işğaldan azad edilməsini sonsuz sevinc və qürur hissi ilə izləmişəm. Heç şübhəsiz ki, bu şanlı Zəfər bütün Türk dünyasının daha sıx birləşməsi istiqamətində dönüş nöqtəsidir.

    Qarabağ Zəfəri göstərdi ki, Azərbaycan siyasi, iqtisadi və hərbi sahələrdə bölgədə lider ölkədir. Bundan sonrakı müddətdə həmin Zəfərin sülh müqaviləsi ilə taclandırılması problemlərin ortaq iradə və konstruktiv düşüncə ilə birdəfəlik həllinin mümkünlüyünü bütün dünyaya göstərəcək.

    Fürsətdən istifadə edərək, Zati-alinizi yenidən Prezident seçilməyiniz münasibətilə bir daha təbrik edir, Sizə və ailənizə, bütün Azərbaycan xalqına əmin-amanlıq arzulayıram”.

  • Bakı həbsxanasında üç məhkum öldü

    Azərbaycanda üç məhkum həbsdə ölüb.

    Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə son günlər Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

    Orada cəza çəkən məhkumlar – İlqar Rzayev, Murad İmanov və Bəhruz Mehdiyev dünyasını dəyişiblər.

  • Prezident İpoteka və Kredit Zəmanət Fonduna dair fərmanına dəyişiklik edib

    “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında dəyişiklik edilib.

    AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

    Fərmana əsasən, bundan sonra dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məqsədilə alınmış kreditlərin müddəti iki ildən artıq olan kreditlərlə yanaşı, işğaldan azad edilmiş ərazilərdə yaşayış sahələrinin tikintisi məqsədilə dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi üçün alınmış kreditlərə də zəmanət verilməyəcək.

    Eyni zamanda, bundan sonra faiz subsidiyası kreditin illik faiz dərəcəsinin 8 faiz bəndi miqdarında, investisiya təşviqi sənədi almış və ya cari ildə ixrac təşviqi ödənilmiş sahibkara investisiyanın həyata keçirildiyi müvafiq iqtisadi fəaliyyət sahəsi üzrə ayrılan kreditlər üçün isə illik faiz dərəcəsinin 10 faiz bəndi miqdarında, amma işğaldan azad edilmiş ərazilərdə yaşayış sahələrinin tikintisi fəaliyyəti ilə məşğul olan sahibkara veriləcək.

  • “Qarabağ”ın 1/8 finaldakı rəqibi müəyyənləşdi

    “Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi bəlli olub.

    Ölkə çempionu bu raundda “Bayer 04” (Almaniya) ilə üz-üzə gələcək.

    “Köhlən atlar” ilk matçını martın 7-də evdə, cavab qarşılaşmasını martın 14-də səfərdə keçirəcək.

    Avropa Liqası, 1/8 final

    “Sparta” (Çexiya) – “Liverpul” (İngiltərə)

    “Marsel” (Fransa) – “Vilyarreal” (İspaniya)

    “Roma” (İtaliya) – “Brayton” (İngiltərə)

    “Benfika” (Portuqaliya) – “Reyncers” (Şotlandiya)

    “Frayburq” (Almaniya) – “Vest Hem” (İngiltərə)

    “Sportinq” (Portuqaliya) – “Atalanta” (İtaliya)

    “Milan” (İtaliya) – “Slaviya” (Çexiya)

    “Qarabağ” (Azərbaycan) – “Bayer 04” (Almaniya)

  • Ağdamda atası tərəfindən öldürüldüyü deyilən qızla bağlı YENİ TƏFƏRRÜATLAR – VİDEO

    4 il əvvəl ölən qızla bağlı axtarışlara başlanıb.

    Median.Az Xəzər TV-yə istinadən bildirir ki, 2020-ci ilin mart ayında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmadığı deyilən və həmin vaxtdan itkin kimi axtarılan qızın atası onu qətlə yetirdiyini və həyətdə basdırdığını bildirib.

    Axtarış rayonun Ağdam rayonuda aparılır. Meyiti axtarılan şəxsin qəsəbə sakini Nəcəfova Nərgiz Şikar qızı olduğu bildirilib.

    Bu gün evin həyətyanı sahəsinə baxış keçirilib. Məlumatla əlaqədar ailənin yaşadığı İmamqulubəyli kəndində məcburi köçkünlər üçün salınmış qəsəbədəki həyətdə qazıntı aparılıb. Lakin meyit və ya insan qalıqları aşkar edilməyib.

    Qonşuların bildirdiklərinə görə, sakit ailə olan Nəcəfovlarda qətlin hansı səbəbdən baş verdiyini bilmirlər.

    Hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb.

    Ətraflı videoda:

  • Xocalıda kütləvi məzarlıq aşkarlandı – Yenilənib (VİDEO)

    İşğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması barədə fevralın 21-də Xocalı rayon prokurorluğuna məlumat daxil olub məlumat daxil olub.

    Baş Prokurorluğunun peşəkar əməkdaşları hadisə yerinə ezam olunmaqla, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfər (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) şəxsə məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib.

    Hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər davam etdirilir.

    Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

    Axtarış işləri tam yekunlaşdıqdan və müavfiq ekspertiza nəticələri müəyyən olunduqdan sonra ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.


    ***

    Xocalı rayonu ərazində kütləvi məzarlıq aşkar edilib.

    Məzarlıq təmir-tikinti işləri zamanı aşkarlanıb.

    Tapılan skelet qalıqlarının əsasən əlləri və ayaqları bağlı uşaq və qadınlara aid olduğu bildirilir.

  • Təcili yardıma yalan çağırış edənlər daha ağır cəzalandırıla bilər

    Milli Məclisdə təcili tibbi yardımla bağlı yalan çağırış edənlərə qarşı cərimələrin məbləğinin artırılmasını təklif edilib.

    Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı çıxış edib.

    “Təcili tibbi yardıma gün ərzində 3000-dən çox müraciət daxil olur. Onun təxminən 1000-i yalan olur. Bu gün ölkədə infeksion xəstəliklərin sayında artım müşahidə olunur. Belə şəraitdə yalan çağırışlar lazımi şəxslərə çatmaq üçün vaxt itkisinə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə əsasən, bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə yüz manat məbləğində cərimə edilir. Təklif edirəm ki, cərimənin məbləği artırılsın”, – deyə o bildirib.