Month: February 2024

  • Məşhur aktrisa HƏBS EDİLDİ

    Fələstini dəstəkləyən etiraz qrupuna qatılan məşhur aktrisa tutulub.
     
    “Euphoria” serialının ulduzu Hanter Şafer İsrailə qarşı “Jewish Voice For Peace” adlı yəhudi təşkilatının Fələstin üçün təşkil etdiyi etiraz aksiyasında iştirak etdiyinə görə həbs edilib. 
     
    Təşkilat üzvləri  ABŞ Prezidenti Co Baydenin də qatıldığı “The Late Night Show with Set Meyers” proqramının çəkildiyi studiyanın qarşısında etiraz aksiyası keçirib.
     
    Qeyd edək ki, karyerasına məşhur brendlərin siması kimi başlayan Hanter Şafer 2019-cu ildə aktyorluğa start verdiyi “Euphoria” serialı ilə böyük uğur qazanıb.
     
    Həmçinin o, özünü trans qadın kimi təqdim edir.
    //sfera.az

  • Bu kənddə kişilərə küçəyə çıxmaq qadağandır – FOTOLAR

    Bursanın Dipsizgöl kəndində ildə bir gün kişi və qadınlar arasında rol və yer dəyişikliyi baş verir.
     
    Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, keçmişdə kənddə tətbiq edilən, lakin zamanla unudulan bir ənənə son 4 ildə kəndin idarıçisi Levent Aslanın təşkilatçılığı ilə yenidən canlanmağa başlayıb.
     
    Belə ki, ənənəyə görə, qadınlar kənd çayxanasında və kənd meydanında doyunca vaxt keçirir, kişilərə isə komendant saatı tətbiq edilir. Beləliklə, hər kəs bir-biri ilə empatiya qura bilir. Burada əsas məqsəd gender bərabərliyinin kənddə də təmin olunması və qadınların ictimai həyatda iştirakını təmin etməkdir. Layihə kişilər və qadınlar arasında gender bərabərliyi və kənd turizmi baxımından önəmlidir.


  • “4 uşaq atası olan icra başçısı niyə toy etməlidir, Alidənin sevgisinə inanmıram…” – Novella Cəfəroğlu

    Xəbər verdiyimiz kimi, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ikinci dəfə ailə həyatı qurur. 40 yaşlı icra başçısı Alidə Mustafayeva adlı teleaparıcı ilə izdivaca girir. Cütlüyün toy xəbəri cəmiyyətdə böyük ajiotaj yaradıb və müzakirələrə səbəb olub. 
     
    Median.Az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu 4 övladı olan icra başçısının dəbdəbəli toy məclisi keçirməsini sərt şəkildə qınayıb:
     
    “Hər kəs ailə qura  bilər, bu hamının haqqıdır, lakin sözügedən icra başçısının 4 övladı var. 4 uşağın gözünün qabağında dəbdəbəli toy etmək, özünü göstərmək kimə lazımdır?! 
     
    Başqa bir məmurumuz da bir müddət əvvəl aparıcılardan biri ilə ailə qurdu, onun 20-25 yaşında övladları vardı, buna baxmayaraq ikinci evliliyindən olan övladının doğum anlarını sosial şəbəkələrdə paylaşdı. Bu kimi hallar bizim mentalitetimizə, ailə dəyərlərimizə ziddir, bu bizə xas olan addımlar deyil. Evlənirsən, evlən, toy etmək nədir?! 4 uşağın qarşısında toy etmək vacibdir?! Bu onun üçün çoxmu vacib idi?! 
     
    Mən hökumətin yerinə olsaydım, gedib həmin icra başçısının fəaliyyətini yoxlayardım. Görək o işini ədalətləmi görür, rayonda hansı işlərlə məşğuldur?” 
     
    Hüquq müdafiəçisi bu gün ərə gedən aparıcı Alidə Mustafayevanın sevgisinin saflığına inanmadığını bildirib: 
     
    “Görəsən, icra başçısının vəzifəsi əlindən alınsaydı, həmin aparıcı xanım ona ərə gedərdimi? 
     
    Onun ərə getdiyi şəxsin 4 övladı var! Mən demirəm evlənməsinlər, amma evlənirlərsə, bunu bu qədər ictimailəşdirib bütün saytlarda, sosial şəbəkələrdə yaymasınlar. Özləri yığışıb aralarında kiçik bir qonaqlıq edə bilərdilər, dəbdəbəli toy vacibdir?! Əgər iki insan bir-birini həqiqətən sevirsə, qarşısındakı qadın da onu başa düşürsə, belə bir şeyə heç vaxt razı olmazdı. Xanımın ilk evliliyinin olmasının bu məsələyə dəxli yoxdur, 37 yox, lap 25 yaşı olsun, əgər o, başa düşən qadın olsaydı, bunu etməzdi. 4 uşağın atasına ərə gedən o aparıcı xoşbəxt olacaqmı? Mən qətiyyən inanmıram ki, onlar böyük bir sevgi ilə ailə qururlar. İcra başçısı ilə evlənən qız özü bunları düşünməli idi, o 4 övladın qarşısında bu həyatı necə quracaq? Gözəllik bu gün var, sabah gedəcək, həmçinin pul da bu gün var, sonra yoxdur. Açığı, bu məsələdən sonra həmin adamın vəzifədə qalacağına da inanmıram”. 

  • Süni intellekt depressiyanı aşkar edə biləcək – Yeni smartfon proqramı hazırlandı

    Elm adamları depressiyanı aşkar edən yeni smartfon proqramı hazırlayıblar.
     
    Tətbiq insanın depressiyaya düşüb-düşmədiyini müəyyən etmək üçün onun baxışları, göz hərəkətləri və başını necə əyməsi kimi üzündəki mikro dəyişiklikləri qiymətləndirmək üçün süni intellektdən istifadə edir.
     
    Milli Sağlamlıq İnstitutları tərəfindən maliyyələşdirilən proqram istifadəçinin üz ifadələrində hansısa əlamət aşkar edərsə, ön kamera ilə fotoşəkillər çəkir və xəbərdarlıq göndərir.
     
    Araşdırmaya görə, proqram depressiyada olan insanları 75 faiz dəqiqliklə təsbit edir. Tərtibatçılar bildirib ki, daha çox araşdırmaya ehtiyac olsa da, tətbiq beş ilə kimi ictimaiyyətə təqdim edilə bilər. 
    //sfera.az

  • Bu peşələr sıradan çıxır, iş tapa BİLMƏYƏCƏKSİNİZ – Abituriyentlərin DİQQƏTİNƏ!

    Bütün dünyada olduğu kimi, ölkəmizdə də süni intellekt olduqca sürətlə inkişaf edir. Bəziləri iddia edir ki, artıq bir müddət sonra bəzi sahələr üzrə insan əməyinə ehtiyac qalmayacaq. Bu da ali təhsil almaq istəyənlərin ixtisas seçimində çətinlik yaşamasına səbəb olur.
     
    Bəs abituriyentlər hansı sahə üzrə təhsil almalıdırlar ki, gələcəkdə rahatlıqla iş tapa bilsinlər?
     
    Mövzu ilə bağlı sfera.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, süni intellekt gec-tez üzləşəcəyimiz reallıqdır və çox sürətli dəyişiklik gedir. 
     
    Ekspertin sözlərinə görə, bir çox peşələr üçün artıq insan əməyinə ehtiyac yoxdur:
     
    “İnkişaf etmiş ölkələrin (İEÖ) bir çoxunda artıq bəzi peşələr sıradan çıxıb. İEÖ-də 2030-cü ilədək, bizim kimi ölkələr üçün təxminən 3-5 il sonra, ən geci 10 il ərzində bu peşələr sıradan çıxacaq:
     
    – nəqliyyat sürücüsü;
    – operator;
    – məlumat mərkəzlərində vətəndaşları qəbul edən şəxs;
    – işıqçı;
    – qrimçi; 
    – aktyor; 
    – montajçı; 
    – videoqraf; 
    – fotoqraf;
    – rəssam;
    – dizayner; 
    – kitabxanaçı; 
    – bank işçisi; 
    – səyahət agenti; 
    – telemarketoloq; 
    – kassir;
    – anbar işçisi; 
    – dayancaq baxıcısı; 
    – sığorta işçisi; 
    – tərcüməçi; 
    – poçt işçisi; 
    – idman yarışı hakimi; 
    – qəzet müxbiri; 
    – mühasib; 
    – mühərrik və maşın mühəndisi; 
    – Fast-food işçisi; 
    – təsərrüfat işçisi; 
    – korrektor;
    – ödəniş məntəqə operatoru; 
    – dispetçer; 
    – və s.
     
    Ən dəhşətlisi odur ki, bütün bunları insan tərəfindən yaradılan robotlar, süni intellekt idarə edəcək”. 
     
    E.Əfəndi qeyd edib ki, süni intellektin inkişafı ilə yeni ixtisaslar da ortaya çıxacaq:
     
    “Ən yaxşısı hələ ki pedaqoji ixtisaslardır, çünki hələ 10-12 il bundan sonra qüvvədə olacaqlar. Sonra süni intellektli robotlar dərsləri ələ alacaq.
     
    Gələcəyin əsas ixtisaslarına aşağıdakıları misal çəkə bilərik:
     
    – Kibertəhlükəsizlik mühəndisi
    – Maliyyə meneceri
    – Data mühəndisi
    – Səhiyyə mühəndisi
    – Psixi sağlamlıq mühəndisi
    – Yeni energetika mühəndisi
    – İnşaat mühəndisi
    – İnnovasiya meneceri
    – Süni intellekt mühəndisi
    – Ağıllı şəhər və ev mühəndisi
    – Rəqəmsal transformasiya üzrə mütəxəssis
    – İqlim müdafiəçisi
    – Big Data analitiki
    – Biotexnologiya mühəndisi
    – IoT mütəxəssisi
    – Yeni materiallar mühəndisi
    – Maliyyə texnologiya mühəndisi
    – Ağıllı nəqliyyat mühəndisi
    – Proqram tərtibatçıları
    – Yaradıcılıq mühəndisi
    – Onlayn müəllim
    – Rəqəmsal marketinq mütəxəssisi
    – Ətraf mühit mühəndisi
    – Xəstəxana mühəndisi
    – İnformasiya təhlükəsizliyi
    – Tullantı meneceri
    – Gen mühəndisi
    – İstedadlar meneceri
    – Elektron ticarət üzrə mütəxəssis
    – Kvant maşın öyrənmə analitiki
    – Həkim
    – və s.
     
    Bu ixtisasların isə azı 50-60 il, bəzilərinin isə daha uzun ömrü var”.

  • Zaxarova: Paşinyanın layihəsi Mehri marşrutuna alternativ deyil

    “Ermənistan hakimiyyəti bərabərlik və qarşılıqlılıq çərçivəsində suverenlik və yurisdiksiya prinsipi əsasında regional kommunikasiyaları açmağa hazır olduğunu bildirib. Azərbaycan isə faktiki olaraq belə yanaşmadan imtina etməyib”.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

    “Bu mövzu əvvəllər Rusiya Federasiyası, Ermənistan və Azərbaycan baş nazir müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu formatında ətraflı müzakirə olunub. Təəssüf ki, indi bu iş erməni həmkarlarımızın mövqeyi ucbatından dalana dirənib. Bəyanatda Rusiya Federasiyası FTB-nin sərhəd xidmətinin Mehri marşrutu üzərində nəzarəti ilə bağlı bəndinə gəlincə, bu, həm hərəkətin optimal təşkili, həm də iqtisadi baxımdan məntiqlidir. Rusiya sərhədçiləri artıq Sünik (Zəngəzur-red.) rayonunun cənubunda yerləşir, onlar Ermənistanla İran arasındakı sərhədi qoruyurlar”, – Zaxarova bildirib.
    O, həmçinin bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın təklif etdiyi “Dünyanın kəsişməsi” layihəsi Mehri və ya digər marşruta alternativ deyil: “Əksinə, bu, regional və subregional kommunikasiyaların gələcəyinə daha geniş baxışdır”.

    “Qeyri-regional oyunçulara gəlincə, onların Cənubi Qafqazda kommunikasiyaların açılmasına kömək etmək istəməməsi yalnız siyasi konyuktura mülahizələri ilə izah olunur. Onlar Ermənistan və Azərbaycanın bir-biri ilə, qonşuları ilə qarşılıqlı əlaqəsini artırmasında maraqlı deyillər, başqalarını düşünmədən bölgəni parça-parça etməyə, orada öz maraqlarını təminetməyə çalışırlar. Bununla da ölkələr arasında ziddiyyətləri daha da gücləndirirlər”.
    //Bakupost

  • Qızılcadan qorunmağın ən effektiv yolu… – Açıqlama

    Qızılcaya yoluxmuş uşaqlarda quru öskürək ola bilər və bu 10 günə yaxın davam edə bilər.

    Bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun infeksionisti Səbinə Cəfərova deyib.

    Həkim bildirib ki, xəstələr 5, ağırlaşma hallarında isə 10 gün təcrid olunmalı, təxminən 20 gün kollektivə daxil olmamalıdırlar:

    “Xəstələrin olduğu otaqların havası tez-tez dəyişdirilməlidir. Qızılcanın spesifik müalicə üsulu yoxdur. Qızılcadan qorunmağın ən effektiv yolu peyvənddir”.

    İnfeksionist deyib ki, uşaqlar qızılcaya yoluxduğu zaman təcrid olunaraq müalicə olunmalıdırlar. O həmçinin bildirib ki, qızılcaya yoluxmadan 72 saat sonra peyvənd vurularsa, ağırlaşmanın qarşısını almaq olar.

  • Martın 3-də imtahan olacaq

    Martın 3-də Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Abşeron, Gəncə – 1, Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, İsmayıllı, Kürdəmir, Ağsu, Zərdab, Lənkəran, Cəlilabad, Astara, Bərdə, Tərtər, Yevlax, Ağdərə (Talış kənd tam orta məktəbi), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabran rayonlarında, Çilov adasında yerləşən 131 nömrəli tam orta məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

    Bu barədə  Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
    Bildirilib ki, Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçiriləcək və imtahan saat 11:00-da başlanır.

    İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

    İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

    Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

    – İmtahana buraxılış vərəqəsi;

    – Şəxsiyyəti təsdiq edən sənədin əsli:

    a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

    b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

    – Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

    İmtahan iştirakçıları “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından fevralın 22-dən etibarən çap edib götürə bilirlər.

    Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 222 imtahan binası, 3941 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 222 ümumi imtahan rəhbəri, 610 imtahan rəhbəri, 4899 nəzarətçi, 676 buraxılışı rejimi əməkdaşı (mühafizə), 222 bina nümayəndəsi ayrılıb.

    Martın 3-də keçiriləcək imtahanda 52267 şagirdin iştirakı nəzərdə tutulur.

    İmtahanda 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

    Nəzərinizə çatdırırıq ki, martın 3-də Ağdərə rayonu, Talış kənd tam orta məktəbində də buraxılış imtahanı keçiriləcək. Bu Dövlət İmtahan Mərkəzinin işğaldan azad olunan Ağdərə rayonunda təşkil edəcəyi ilk imtahandır.

    Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

    Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

  • “Almaniyadan gətirdiyim “Land Rover”i 40 min dollara satdım” – 9 milyonluq mənimsəmə ilə bağlı məhkəmə

    Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti rəisi, polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ramin Səfərəliyev ifadə verib.

    Şahid maşın alqı-satqısı ilə məşğul olduğunu, Almaniyadan avtomobil gətirdiyini deyib: “Rəşadı əvvəldən tanıyıram. Bizim salondan bir neçə dəfə avtomobil alıb, münasibət yaranıb. Rəşad özü üçün əvvəl “Mercedes”, daha sonra isə “Land Rover Discover” markalı avtomobil almışdı. 2019-cu il idi, Rəşad mənə zəng elədi. Həmin vaxt mən Almaniyada idim. Artıq maşın alıb, Bakıya gəlirdim. Dedi ki, bizim rəisə maşın lazımdır. Dedim ki, yoldayam, “Land Rover” gətirirəm. Rəşad həmin maşını rəis üçün almaq istədiklərini bildirdilər. Bakıya çatandan sonra Müdafiə Nazirliyinin qarşısına gəldim. Nazirliyin qarşısında Rəşad, rəis dediyi şəxs və bir neçə adam avtomobilə baxdılar. Dizel mühərrikli avtomobil idi. 40 min dollara maşını razılaşdırdıq. Onsuz da mən Rəşada da demişdim ki, avtomobili 40 min dollardan aşağı verməyəcəm. Həmin vaxt onlar maşını gömrüyə apardılar. Çünki maşın gömrük rəsmləşməsindən keçməmişdi. Bunlar maşını götürüb getdi, rəsmləşdirdilər. Sonra rəisin köməkçisi dediyi şəxs pulu gətirib verdi”.

    Hakimin suallları cavablandıran şəxs avtomobili alan şəxsi tanımadığını deyib:
    “Mən orda bir Rəşadı tanıyıram. Maşını alan şəxs 50-55 yaşında idi. Üstündən çox vaxt keçib deyə, bir çox şeyi xatırlamıram. İstintaqa verdiyim ifadəni təsdiqləyirəm”.

    Ötən prosesdə Rəşad Məlikzadə Maliyyə və Büdcə İdarəsinin Təftiş Şöbəsinin rəisi, polkovnik Rafael Xələfova “Land Rover Discover” markalı avtomobil onun tərəfindən alındığını və 72 min manat pul verdiyini bildirib.

    Hakim qeyd edib ki, bu iş üzrə dindirilməyən 3 şahid qalıb. Onlar Maliyyə Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Təftiş Şöbəsinin sabiq rəisi Rafael Xələfovdur. Həmçinin şahidlər arasında hazırda xidmətdə olan vəzifəli şəxsin də olduğu qeyd olunub.
    Onlardan Nizami Məmmədov və Rafael Xələfov barəsində cinayət işi var.

    Hər üç şahid gələn prosesdə məhkəməyə çağırılacaq.

    Proses martın 13-də davam etdiriləcək.

    Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə DTX tərəfindən saxlanılıb və barəsində Bakı Hərbi məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

    Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

    R.Məlikzadə 9.369.411,09 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

  • İki rayonda qaz olmayacaq

    SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Ucar-Zərdab” yüksəktəzyiqli magistral qaz kəmərinin korroziyaya uğramış hissəsinin dəyişdirilməsi məqsədilə yeni çəkilmiş diametri 325 mm-lik yüksəktəzyiqli qaz kəmərinin qaz nəqli sisteminə birləşdirilməsi nəzərdə tutulub.

    “Azəriqaz”dan verilən məlumata görə, bununla əlaqədar 29.02.2024-cü il saat 09:00-dan işlər başa çatanadək “Lək 1-ci xətt”, “Zərdab”, “Ucar Pambıq emalı zavodu” və “Zərdab asfalt beton zavodu” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

    Həmçinin “Ucar” qaz ölçü qovşağından qidalanan Ucar şəhərini və rayonun 20 kəndini təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində müxtəlif diametrli qaz xətlərində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi və qaz tənzimləyici qurğuların baypas xətləri üzərində olan siyirtmələrinin təmiri ilə bağlı, 29.02.2024-cü il tarixdə saat 09:00-dan işlər başa çatanadək “Ucar” ölçü qovşağından qidalanan “Əhali” orta təzyiqli qaz kəmərindən qaz təchizatının dayandırılması planlaşdırılır.

    Təmir-quraşdırma işləri aparılan müddətdə Zərdab və Ucar rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.