Month: February 2024

  • ABŞ dövlət katibi Navalnının ölümünə görə Rusiyanı günahlandırdı

    “Rusiyalı müxalifət lideri Aleksey Navalnının həbsxanada ölümünə görə Rusiya hakimiyyəti məsuliyyət daşıyır”.

    Bu sözləri ABŞ dövlət katibi Antoni Blinken Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində deyib.

    “Onun Rusiya həbsxanasında ölümü hakimiyyət sisteminin zəifliyini və çürüdüyünü göstərir”, – deyə Blinken bildirib.

    “Biz Aleksey Navalnı ilə bağlı vəziyyətə görə narahatlıq keçirən bir çox başqa ölkələrlə danışıqlar aparacağıq”, – deyə ABŞ dövlət katibi qeyd edib.

    “Əgər bu xəbərlər doğrudursa, onun həyat yoldaşına və ailəsinə başsağlığı veririk”, – deyə o, əlavə edib.

    Qeyd edək ki, 19 il müddətinə azadlıqdan məhrum edilən və Yamalo-Nenetsk Muxtar Dairəsinin Karp qəsəbəsində yerləşən cəzaçəkmə koloniyasında həbs həyatı yaşayan rusiyalı müxalifətçi Aleksey Navalnı vəfat edib.

    Mənbə: Qolos Ameriki

  • Nizami rayonunda qanunsuz obyekt tikilir: Sakinlər şikayətçidirlər – VİDEO

    Ərazidə qanunsuz tikinti işlərinin aparıldığı iddia edilir.

    Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın Nizami rayonu Qara Qarayev pr. 229 ünvanındandır.

    Şikayətçilərin sözlərinə görə, buradakı oboy satışı ilə məşğul olan sahibkar bir neçə ay öncə obyekti genişləndirmək məqsədilə ərazidə söküntü işlərinə başlayıb. Hətta bir neçə gün əvvəl sakinlərin daimi istifadə etdiyi pilləkənləri də sökməyə çalışıblar.

    Məsələni sakinlər də təsdiqlədilər.

    Sözügedən obyektin sahiblərindən biri olduğunu deyən Etibar Qəhrəmanov iddialara cavab olaraq bildirib ki, onların bütün lazımi sənədləri mövcuddur. Artırılma məsələsinə gəldikdə isə bu iddiaların yalan olduğunu, heç bir qanunsuz artırmadan söhbət getmədiyini deyib.

    Məsələyə Nizami Rayon İcra Hakimiyyətindən münasibət bildirilib.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Qayınatasını bıçaqlayan kişi ailəsindən pul alıb keçmiş arvadını öldürdü – VİDEO

    Kişi boşandığı həyat yoldaşını işlədiyi gözəllik salonunda qətlə yetirib.

    Belə ki, Ayşə Mahirlə (Adlar şərtidir) boşandıqdan sonra Bakıya gələrək gözəllik salonlarından birində işləməyə başlayır. Mahir isə davamlı olaraq Ayşəyə zəng edib bir gün ayrıldıqlarına görə cavab verəcəyini deyir.

    Mahir Ayşənin iş yerinə gələrək onunla danışmaq istəyir. Ayşə isə Mahirə boşandıqlarını xatırladaraq onu bir də narahat etməməsini söyləyir.

    Şəhər kənarındakı hostellərin birində qalan Mahir bir gün sonra Ayşəni yenidən görmək üçün onun işdən çıxma vaxtının çatmasını gözləyir.

    Ayşə işdən çıxan kimi boşandıqdan sonra tanış olduğu Ruslan adlı oğlanla görüşüb restorana gedir. Burada söhbət edərkən Mahir onları izləyir. Ağlına müxtəlif fikirlər gələn Mahir Ruslanla Ayşə barədə düşünərək psixoloji vəziyyətinə nəzarət edə bilmir.

    Səhər saatlarında Mahir Ayşənin yaşadığı evə yollanaraq işə gedərkən yenidən onu izləməyə başlayır. Daha sonra Ruslanla Ayşənin görüşdüyünü, qucaqlaşdığını görür. Onlara yaxınlaşmaq istəsə də, buna cəsarət etmir.

    Sonra Mahir gözəllik salonuna girərək bıçaqla Ayşənin üstünə doğru gəlir. Ayşə qaçmağa çalışsa da, bu, mümkün olmur. Mahir çoxlu bıçaq zərbələri endirərək onu qətlə yetirir.

  • Günəşdə güclü partlayış baş verdi

    Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

    Median.Az oxu.az-a istinadən bildirir ki, bu barədə məlumatı Rusiyanın Tətbiqi Geofizika İnstitutunun heliogeofiziki xidməti verib.

    “Moskva vaxtı ilə saat 09:53-də (Bakı vaxtı ilə 10:53) 2 674 km/saat sürəti ilə rentgen diapazonunda II spektral tipli radio emissiyasının yayılması və qısa dalğalı radio rabitəsinin pozulması ilə müşayiət olunan və 16 dəqiqə davam edən X2.5 (S16W85) partlayışı qeydə alınıb”, – deyə məlumatda bildirilib.

    Partlayışdan sonra Günəş rentgen şüalarının Yerin ionosferinə təsiri mümkün beş səviyyədən üçüncüdə qərarlaşıb ki, bu da yüksək göstəricidir. İndi o, R1 (zəif) səviyyəsinə enib.

    Bundan başqa, bu gün saat 05:51-də (Bakı vaxtı ilə 06:51) 3576 (S13W88) günəş ləkələri qrupunda rentgen diapazonunda daha bir M1.5 sinifli alışma qeydə alınıb və 18 dəqiqə davam edib.

    “X” sinfinə aid partlayış mümkün beş səviyyədən ən güclüsüdür (A, B, C, M və X). O, əksər hallarda Günəşdə plazma emissiyalarına səbəb olur ki, bu da Yerdə maqnit qasırğasına səbəb ola bilər.

  • Azərbaycanda saxlanılan Vladislav Qolubev ölkəsinə təhvil verildi

    Azərbaycanda saxlanılan Rusiya vətəndaşı öz ölkəsinə ekstradisiyası edilib.

    Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

    Bildirilib ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 196-cı maddəsi (Qəsdən müflisləşmə) ilə təqsirləndirilərək, həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən dövlətlərarası axtarışa verilmiş 1966-cı il təvəllüdlü Rusiya vətəndaşı Qolubev Vladislav Vladimiroviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Rusiya Federasiyası Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

    Qeyd olunub ki, V.V.Qolubev ötən il noyabrın 11-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

    “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə bu gün Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil verilib.

  • Jerar Depardye yenidən cinsi təcavüzdə ittiham olundu

    Fransada məşhur aktyor Jerar Depardyeyə qarşı yenidən cinsi təcavüzə dair şikayət edilib.

    Median.Az oxu.az-a istinadən bildirir ki, bu barədə sənətçinin vəkili məlumat yayıb.

    Qeyd olunub ki, adının açıqlanmasını istəməyən rejissor Jan-Pyer Mokinin keçmiş köməkçisi yanvarın 8-də şikayət edib. Qadın 2014-cü ildə “Le magicien et les siamois” filminin çəkilişləri zamanı aktyor tərəfindən təzyiqlərə məruz qaldığını bildirib. Onun sözlərinə görə, Depardye ona şəhvətlə toxunub və nalayiq ifadələr işlədib.

    Xatırladaq ki, Jerar Depardye artıq əvvəllər də zorlama və ya cinsi təcavüzdə ittiham olunub. 2018-ci ildə aktrisa Şarlotta Arno aktyorun Parisdəki evində ona iki dəfə təcavüz etdiyini deyib.

    Şarlotta Arno Jerar Depardyeni cinsi təcavüzdə ittiham edən 13 qadından biri olub. 2023-cü ilin aprelində Fransanın “Mediapart” portalı onların ifadələri əsasında araşdırma dərc edib. Portalın məlumatına görə, bütün hadisələr 2004-2022-ci illər arasında baş verib.

  • Naxçıvan əhalisinin sayı AÇIQLANDI

    Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi muxtar respublikada əhalinin sayını açıqlayıb. 2024-cü il yanvarın 1-nə olan proqnoza əsasən ötən illə müqayisədə əhalinin sayı 0,6 faiz çoxdur.

    Naxçıvan MR Dövlət Statistika Komitəsinin əməkdaşı Elvin Quliyev bildirib ki, 1 yanvar 2024-cü il tarixə muxtar respublikada əhalinin sayı 468 566 nəfər olub ki, bu da 1 il öncəki göstəricidən 0,6 faiz çoxdur. Ümumi əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edib. Əhalinin 35,5 faizi şəhər, 64,5 faizi isə kənd yerlərində yaşayır. Muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı isə 85 nəfərdir.

    Statistikaya əsasən, ümumi əhalinin 97,2 min nəfəri Naxçıvan şəhərində, 113 min nəfəri Şərur, 77,8 min nəfəri Babək, 50,7 min nəfəri Ordubad, 48 min nəfəri Culfa, 33,5 min nəfəri Kəngərli, 25,4 min nəfəri Şahbuz, 23 min nəfəri isə Sədərək rayonunda qeydə alınıb.

    Qeyd edək ki, 2023-cü ildən başlayaraq Naxçıvanda ev təsərrüfatlarının uçotunun aparılmasına başlanılıb. Bununla bağlı hazırlanmış Tədbirlər Planına uyğun olaraq yerlərdə icra hakimiyyətləri başçılarının rəhbərliyi ilə 8 yerli qərargah təşkil edilib və statistik məlumatlar dürüstləşdirilərək mərkəzi elektron sistemə yerləşdirib.

  • В Мюнхене состоялась встреча Президента Ильхама Алиева с президентом ЕБРР – ФОТО

    16 февраля в Мюнхене состоялась встреча Президента Азербайджанской Республики Ильхама Алиева с президентом Европейского банка реконструкции и развития (ЕБРР) Одиль Рено-Бассо по обращению противоположной стороны.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Münhendə İlham Əliyev ilə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin görüşü olub – YENİLƏNİB + FOTO

    Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Bassonun görüşü olub.

    AZƏRTAC xəbər verir ki, Odil Reno-Basso dövlətimizin başçısına prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırdı.

    Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.

    Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin həm Xəzər dənizində, həm də Qara dənizdə gəmi donanmasının artırılması layihələrində iştirakından məmnunluğunu ifadə etdi. Həmçinin AYİB-in Orta Dəhliz layihəsinə böyük əhəmiyyət göstərdiyini və bu çərçivədə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edərək, bu kimi layihələrdə iştirak etməyə hazır olduğunu bildirdi.

    Odil Reno-Basso vurğuladı ki, AYİB, eyni zamanda, su resurslarının idarə edilməsi sahəsində də Azərbaycanın tərəfdaşı rolunda çıxış edir və bu istiqamətdə hökumətin həyata keçirdiyi layihələrə dəstək verməyə hazırdır. O, həmçinin COP29 çərçivəsində də AYİB–lə Azərbaycan arasında əməkdaşlıq məsələlərinin, bu xüsusda ölkəmizin bərpaolunan enerji layihələri və yaşıl keçid istiqamətində siyasətinin də AYİB tərəfindən təqdir edildiyini və dəstəkləndiyini diqqətə çatdırdı.

    Dövlətimizin başçısı Azərbaycanla AYİB arasında əməkdaşlıqdan məmnunluğunu bildirdi. Prezident İlham Əliyev Xəzər Dəniz Gəmiçiliyi ilə, həmçinin Orta Dəhliz və su resurslarının idarə edilməsi sahələrində əməkdaşlığın mühüm əhəmiyyətini qeyd edərək, Azərbaycanda yaşıl keçid və bərpaolunan enerji resurslarının inkişaf etdirilməsi layihələrinə böyük əhəmiyyət verildiyini, artıq ölkəmizin yaxın dövrlərdə bərpaolunan enerji resurslarının ixracatçısı qismində çıxış edəcəyini vurğuladı.

    Görüşdə iqlim dəyişikliyinin artıq Cənubi Qafqaz regionuna da öz təsirlərini göstərdiyi, bu xüsusda Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi, Azərbaycanda, həmçinin çaylarda suyun həcminin azalması və digər fəsadların hiss olunduğu qeyd edildi. Söhbət zamanı Xəzər dənizinin suyunun şirinləşdirilməsi layihələrində də AYİB ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə toxunuldu.

    17:58

    Fevralın 16-da Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Bassonun görüşü olub.

    Bu barədə President.az xəbər verir.

  • Naxçıvan Nazirlər Kabinetinin bir sıra qərarları LƏĞV EDİLDİ

    Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən fevral ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edilib, sərəncamlar imzalanıb.

    “Report”un məlumatına görə, Nazirlər Kabineti tərəfindən fevralın 2-də Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcə layihəsinin, muxtar respublikanın iqtisadi və sosial proqnoz göstəricilərinin hazırlanması haqqında sərəncam imzalanıb.

    Sərəncamda qeyd edilib ki, “Büdcə sistemi haqqında” qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi 2025-ci il və sonrakı üç il üçün büdcənin layihəsini, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi isə növbəti büdcə ili və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini 2024-cü il iyun ayının 20-dək Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə təqdim etsinlər.

    Nazirlər Kabinetinin 2 fevral 2024-cü il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında inzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyesterinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edilib, “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında”, “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə qərarları ləğv edilib.

    Həmçinin Nazirlər Kabinetinin 2020-ci il 29 iyun tarixli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilmişdir. Dəyişikliyə görə Dövlət ekoloji ekspertizasının keçirilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar sifarişçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.

    Bundan başqa, “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin ləğv edilməsi barədə” Ali Məclis Sədrinin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin fevralın 6-dakı Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının Media Reyestri şəhadətnaməsinin forması”nın təsdiq edilməsi haqqında” və “Jurnalist vəsiqəsinin forması”nın təsdiq edilməsi haqqında” qərarları ləğv edilib.

    Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin yerli orqanlarının ştat sayı”nda dəyişiklik edilib.

    Nazirlər Kabinetinin fevralın 15-də “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Qərarında edilmiş dəyişikliyə əsasən “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” sözləri çıxarılıb, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sözləri “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” sözləri ilə əvəz edilib.

    Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Valideyinlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Qərarında dəyişiklik edilib.