Month: March 2024

  • Bakıda binanın blokunda qadın meyiti tapıldı

    Bakıda qadın binanın blokunda ölüb.

    Lent.az xəbər verir ki, hadisə Nizami rayonu ərazisində baş verib. 42 yaşlı T. Məmmədova yaşadığı binanın blokunda qəfil dünyasını dəyişib.

    Onun xəstəlik səbəbindən öldüyü bildirilir. Meyiti bina sakinləri tapıblar.

  • Dünyanın ilk süni intellekt proqram mühəndisi yaradıldı

    ABŞ-də yerləşən “Cognition AI” şirkəti tarixdə ilk süni intellekt proqram mühəndisi olan Devini təqdim edib.

    Yeni təsis olunan mühəndis Devin kodlaşdırma səhvlərini aradan qaldıra, kodu yaza, paylaya, mümkün səhvləri aşkarlaya və eyni zamanda, səhvlərindən öyrənə bilər.

    Süni intellekt həmçinin insan tərtibatçısına lazım olan kod redaktorları və kodlaşdırma mühitləri kimi avadanlıqlardan da istifadə edə bilər.

    Devin habelə sadə bir əmr götürmək və onu işləyən vebsayt və ya proqram proqramına çevirmək qabiliyyətinə malikdir.

    Uyğunlaşma və öyrənmə qabiliyyəti sayəsində Devin real vaxt rejimində istifadəçi ilə əməkdaşlıq edə və dizayn prosesinə fəal şəkildə töhfə verə bilər.

    Devinin edə biləcəyi digər şeylər arasında ən diqqətəlayiq şeylərdən biri də başdan-başa bir tətbiq inkişaf etdirmək bacarığıdır.

    Digər tərəfdən, “Cognition AI” hələlik dünyanın ilk süni intellekt proqram mühəndisi Devin haqqında çox məlumat açıqlamayıb.
    //azxeber

  • Xaricdə ali təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

    Xaricdə ali təhsil almaq istəyən tələbələr üçün müsahibələrin tarixi açıqlanıb.

    Bununla bağlı “2022-26-cı illər üçün Dövlət Proqramı”na müraciət qaydaları ilə əlaqədar yayımlanan canlı yayımda proqramın İdarəetmə Qrupunun rəhbəri Turan Poladova məlumat verib.

    O bildirib ki, müsahibələrə aprel ayının ilk günlərində start veriləcək.

  • Polşa 50-dən çox ölkədən öz səfirlərini geri çağırmağa başlayıb

    Polşa 50-dən çox ölkədə səfirlik missiyasını başa çatdırır.

    Bu barədə respublika Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

    Rəsmi versiyaya görə, bu addım bu gün Polşa xarici siyasətinin qarşısında duran mürəkkəb problemlərin daha yaxşı peşəkar həllinə kömək etməlidir.

    Polşa səfirlərinin geri çağırılması proseduruna artıq başlanılıb.

    Mənbə: Gazeta.ru

  • Prezident: “Qoşulmama Hərəkatına sədrliyimiz dövründə təşkilat daxilində çox səmimi ab-hava yaratdıq”

    “Biz dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etdik. Bununla biz həmin təşkilat daxilində çox səmimi ab-hava yaratdıq”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

    Azərbaycanın Avropa İttifaqının üzvləri ilə, eləcə də İslam Əməkdaşlıq Təşkilatında fəal əməkdaşlıq həyata keçirdiyini vurğulayan dövlətimizin başçısı deyib:

    “Beləliklə, biz müxtəlif ölkələri bir araya gətirə bilirik və bununla da iqlim dəyişikliyi məsələlərini həll etməyə çalışırıq”.

  • Azərbaycan Prezidenti: “Fransada Natəvanın heykəlinə qarşı vandalizm aktı ikili standartların nümayişidir”

    “Bir neçə ay sərf etməli olduq ki, həmin abidəni (Natəvanın vandalizm aktına məruz qalmış heykəli – red.) Eviandan götürüb Azərbaycanın Mədəniyyət Mərkəzinin həyətinə gətirib orada yerləşdirək. Hazırda Natəvanın abidəsi oradadır”.

    AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı söyləyib.

    Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Bu, əslində, onu göstərir ki, biz suverenliyimizi bərpa etdikdən sonra nə ilə üzləşmişik. Bu, əslində, ikili standartların nümayişidir”.

    Fransanın ərazi bütövlüyünü bərpa etməyə kömək olmaq üçün Ukraynaya hərbi qüvvələrini göndərməsi ilə bağlı bəyanata toxunan Prezident İlham Əliyev vurğulayıb ki, bizim ərazi bütövlüyümüzün bərpasına gəldikdə, onlar Azərbaycanı cəzalandırmağa çalışırlar.

  • İlham Əliyev Bakı Forumunun iştirakçılarını Fransanın ölkəmizə qarşı qərəzli mövqeyi barədə məlumatlandırıb

    “Fransanın mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə ziddir”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

    1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladan dövlətimizin başçısı Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu vurğulayıb.

    Azərbaycan Prezidenti forum iştirakçılarına, həmçinin beynəlxalq qurumlarda ölkəmizə sanksiya cəhdləri və Fransanın Evian-le-Ba şəhərində Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktları barədə də məlumat verib.

  • Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə bağlı QƏRAR

    “Abzas Media” saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barələrində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

    APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilən qərara əsasən, Ülvi Həsənli və Sevinc Abbasova (Vaqifqızı) barəsində həbs qətimkan tədbirinin müddəti daha 2 ay 29 gün uzadılıb.

    Qeyd edək ki, ötən il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də isə saytının əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı və yanvarın 13-də saytın əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

    Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barələrində həbs qətimkan qərarı verilib.

  • MN-dəki 9 milyonluq mənimsəmə: “Mənimsənilən pullarla bağlı sistem 1993-cü ildən belə idi”

    Müdafiə Nazirliyinin tabeliyindəki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    “Report” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov ifadə verib.

    O bildirib ki, yoxlama zamanı üzə çıxan neqativləri maliyyə xidmət rəisləri və təftişə gələnlər arasında həll ediblər:

    “Hərbi hissələrin illik maliyyə smetası müəyyən olunurdu. Bizə ayrılan illik maliyyə xərclərə kifayət edir, yekunda həmin pullardan artıq da qalırdı. Təftişə verilən və maliyyələşməyə qalan pulların faizləri köhnə qayda ilə müəyyən olunurdu. Bu sistem 1993-cü ildən belə idi”.

    Müttəhim Rəşad Məlikzadə bildirib ki, xüsusi tapşırıqlar əsasında müəyyən miqdarda vəsaitləri digər zabitlərə də verib. Bu tapşırıqları ona Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin təftiş şöbəsinin sabiq rəisi Rafael Xələfovdan alıb.

    “Təftiş vaxtı Rafael Xələfovu tapmaq olmurdu. O, 11 ayın sultanı kimi 12-ci ayda yoxa çıxırdı. Nizami Məmmədovdan hər hansı bir göstəriş almamışam”, – deyə R.Məlikzadə bildirib.

    Nizami Məmmədov əlavə edib ki, maliyyə və təftişə veriləcək pulların faizləri Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin əvvəlki rəisi Namiq Poladovun vaxtında da elə olub:

    “Mən vəzifəyə təyin olunanda maliyyələşmənin bu məsələdən kənarda qalmamasını və puldan 20 faiz verilməsini tapşırmışdım. Rəfail Xələfov Rəşad Məlikzadədən təftişə vermək adı ilə pul alıb, lakin sonra onun pulu təftişə vermədiyini müəyyən etmişik”.

    R.Məlikzadə istintaqda 1 milyon 615 min manat pulun xüsusi tapşırıqla mənimsənildiyini bildirib. Nizami Məmmədov məhkəmədə buna cavab olaraq bildirib ki, xüsusi tapşırıqları R.Məlikzadəyə özü verib və həmin pullar da ona çatıb. Xüsusi tapşırıqla mənimsənilən pulları büdcəyə qaytarıb.

    O, həmçinin əlavə edib ki, maliyyə xidmət rəislərinin Rafael Xələfovla problemləri olub. R.Xələfov pulu alıb, lakin maliyyə rəislərinə verməyib.

    Qeyd edək ki, R.Məlikzadəni 26 sentyabr 2022-ci ildə DTX saxlayıb və Bakı Hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    9 369 411 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq rəis Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

  • Rusiyada mədən işçilərini daşıyan helikopter sərt eniş edib: Ölən və yaralananlar var

    Rusiyanın Maqadan vilayətində mədən işçilərini daşıyan “Mi-8” helikopteri sərt eniş edib. Hadisə nəticəsində ölənlər və yaralananlar var.

    Bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artyom Korenyako məlumat verib.

    Onun sözlərinə görə, Kvartsevı mədənindən Omsukçana yollanan helikopterin göyərtəsində 20 nəfər olub.

    “Onlardan təəssüf ki, bir nəfər ölüb, ikisinin vəziyyəti ağırdır”, – deyə agentliyin nümayəndəsi bildirib.

    Qalanlarının taleyi barədə açıqlama verilməyib. Qəza yeri mədəndən təxminən 13-15 kilometr aralıda yerləşir.

    Xatırladaq ki, ötən ay Kareliyada da helikopter qəzası baş verib. Hadisə nəticəsində “Mi-8”in bütün ekipaj üzvləri həlak olub.

    Mənbə: rg.ru