Month: March 2024

  • Azərbaycanda vəzifəli şəxs cinayət başında yaxalandı – VİDEO

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam Rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi Valeh Abdullayevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Əməliyyat-istintaq tədbirləri ilə Valeh Abdullayevin müxtəlif şəxslərin işlə təmin olunması, təqaüd yaşına çatanların işdən çıxarılmaması, faktiki olaraq işə gəlməyən şəxslərə əməkhaqqı verilməsinə şərait yaradılması, təmsil etdiyi qurumun balansında olan mənzillərin başqa şəxslərin istifadəsinə verilməsi və digər bu kimi qanunsuzluqlar müqabilində onlardan təkrarən rüşvət istəməsinə əsaslı şübhələr müəyyən edilib. Valeh Abdullayev tələb etdiyi pul vəsaitlərini vətəndaşlardan alarkən cinayət başında yaxalanıb.

    Sadalanan qanunsuz əməllər əməliyyat-axtarış tədbirləri zamanı qeydə alınan videogörüntülər, Valeh Abdullayevin xidməti otağına keçirilmiş baxış nəticəsində götürülmüş sənədlər və digər sübutlarla təsdiqini tapıb.

    İlkin sübutlar əsasında Valeh Abdullayev Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddələri ilə şübhəli şəxs qismində tutulmaqla ona həmin maddələrlə ittiham elan edilib, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.

    Hazırda qeyd edilən qanunsuz əməllərin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və digər halların yoxlanılması istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

  • Qarabağ və Şərqi Zəngəzurda yeni hidroloji metod tətbiq olunub

    “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində su balansının və çayların su ehtiyatlarının qiymətləndirilməsində yeni hidroloji metoddan – Kompleks Su Balansı Metodundan (KSBM) istifadə edilib”.

    “Report” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Hidrologiya və Su Ehtiyatları Şöbəsinin müdiri Rza Mahmudov Bakı Su Həftəsi Konfransında (“Baku Water Week Conference”) bildirib.

    Onun sözlərinə görə, KSBM operativ-interaktiv və yüksək dəqiqliyə malik metoddur. Onun vasitəsilə tədqiqat prosesi, axının qiymətləndirilməsi əraziyə fiziki təmassız, zaman-məkan məhdudiyyətlərindən asılı olmadan həyata keçirilə bilər.

    “2022-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzurda KSBM metodu ilə hesablanmış su ehtiyatlarının həcmi 1,81 milyard kubmetr təşkil edib. Bunun da 0,36 milyard kubmetri Qarabağ, 1,45 milyard kubmetri isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb. O cümlədən, Qarabağın su balansında atmosfer yağıntılarının 11,6%-i yerüstü axına, 12,7%-i çayların yeraltı qidalanmasına, 75,7%-i isə buxarlanmaya gedib”, – deyə R.Mahmudov əlavə edib.

    Bundan başqa, o deyib ki, 2022-ci ildə Qarabağda su ehtiyatlarının həcmi 1998-ci illə müqayisədə 15,1% azalıb:

    “2050-ci ilə qədər bölgədə iqlim-landşaft dəyişmələri əsasında çoxsaylı ssenarilər üzrə proqnozlaşdırılan su ehtiyatlarının həcminin 2022-ci illə müqayisədə 17,4 – 43,2% azalacağı gözlənilir”.

  • Azərbaycandakı narkoman qadınların sayı AÇIQLANIB

    Azərbaycanda narkoloji dispanserdə qeydiyyatda olan 36 659 nəfərdən 802-ni qadınlar təşkil edib.

    “Report” xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü il üzrə hesabatında qeyd olunub.

    Bildirilib ki, həmin qadınlardan 390 nəfəri eyni vaxtda bir neçə narkotik vasitədən istifadə edənlər olub.

  • Bakıda kiloqramı 600 manata alça satılır

    Bakıda satılan alçanın qiyməti müzakirələrə səbəb olub.

    Baku TV bununla bağlı sujet hazırlayıb. Bildirilib ki, bazarda alçanın 1 kiloqramı 600 manata satılır.

    1000, 800 manata olan alça olduğu da əlavə edilib. Bazarda hətta 150 manata alçaya da rast gəlinib. 8 ədədinin yer aldığı qab isə 7 manata satışa çıxarılıb.

    Qeyd edilib ki, ötən il alçanın 1 ədədi 10 manata satılırdı.

  • Jan Kavan: “Yaxın Şərqdə və Ukraynada biz sülhə təşviq üçün addımlar atmalıyıq”

    ABŞ bir tərəfdən fələstinlilərə ərzaq yardımı göstərir, digər tərəfdən İsrailə silah satılır.

    “Report” xəbər verir ki, bunu BMT Baş Assambleyasının 57-ci sessiyasının prezidenti Jan Kavan XI Qlobal Bakı Forumunda “Müharibə və sülh haqqında: “Realpolitik”in qayıdışı” mövzusunda keçirilən panel iclasında deyib.

    “Münaqişələr bir-biri ilə əlaqəlidirlər. Böyük güclər sanki bu münaqişələrə odlayırlar və BMT bu güclərə dözə bilmir”,- o əlavə edib.

    Jan Kavan vurğulayıb ki, BMT silahlı münaqişələrə qarşı mübarizə aparır.

    “BMT-nin silahlı münaqişələrin qarşısının alınması istiqamətində rolunu gücləndirmək qərarına gəldik və bu da BMT Baş Assambleyasının rolunu artırır. BMT-nin bu istiqamətdəki fəaliyyəti silahlı münaqişələrin həllinə yönəlib”, – J.Kavan qeyd edib.

    Onun sözlərinə görə, bu gün hər kəs Rusiya-Ukrayna arasında müharibəyə, o cümlədən Qəzza və Sudandakı münaqişələrə şahidlik edir:

    “Biz beynəlxalq səviyyədə olan gərginliklərin aradan qaldırılması istiqamətində yeni mexanizmlərdən istifadə etməliyik. Bu gün ABŞ bir tərəfdən fələstinlilərə ərzaq yardımı göstərir, digər tərəfdən İsrailə silah satılır. Bu paradoksdan qurtulmaq lazımdır. Yaxın Şərqdə və Ukraynada biz sülhə təşviq üçün addımlar atmalıyıq”.

  • Əli Əsədov Albaniya prezidenti ilə görüşüb

    Baş naziri Əli Əsədov martın 14-də Azərbaycanda səfərdə olan Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    Qeyd edilib ki, görüşdə XI Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb, Albaniya Prezidentinin tədbirdə iştirakı yüksək qiymətləndirilib. İki ölkə arasında münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə olunub. Azərbaycan və Albaniyanın beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq etdiyi vurğulanıb.

    Bildirilib ki, Azərbaycanın Albaniyada, Albaniyanın isə Azərbaycanda səfirliyinin açılması ilə bağlı verilən qərarlar ikitərəfli əlaqələrin yüksək səviyyəsinin təzahürü kimi dəyərləndirilib. Cari ayın əvvəlində Albaniya baş nazirinin Azərbaycana səfəri çərçivəsində imzalanmış iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Sazişin ticarət-iqtisadi və investisiyaların təşviqi sahələrində əlaqələrin inkişafına təkan verəcəyinə ümidvarlıq ifadə olunub.

    Vurğulanıb ki, enerji sahəsində əməkdaşlığın müsbət nəticələri və bu kontekstdə TAP layihəsinin əhəmiyyəti xüsusi vurğulanıb, Azərbaycan qazının Avropaya təchizatında Albaniyanın tranzit ölkə kimi rolu yüksək qiymətləndirilib. Turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi qeyd olunub.

    Görüşdə iki ölkə arasında əlaqələrin qarşılıqlı maraq doğuran sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

  • Nazir Neftçala və Oğuz rayonuna polis rəisi TƏYİN ETDİ

    Neftçala və Oğuz Rayon Polis Şöbəsinə rəis təyin edilib.

    “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, Sabunçu RPİ-nin 42-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Emil Cavadov Neftçala Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

    Nazirin digər əmri ilə, Nəsimi RPİ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Fərid Fətəliyev Oğuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

    Qeyd edək ki, Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vüsal Şəbəndəyev işdən çıxarılıb.

  • Bakıda pul müqabilində narkokuryerlik edən daha bir nəfər saxlanıldı – VİDEO

    Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Şöbəsinin (PŞ) əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı narkotik vasitələrin daşınması və satışını həyata keçirən, əvvəllər müxtəlif cinayətlər etdiyi üçün məhkum olunmuş Hüseyn Soltanov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, ondan 1 kiloqram narkotik maddə olan heroin aşkar olunaraq götürülüb.

    Araşdırma zamanı müəyyən edilib ki, H.Soltanov İran vətəndaşları ilə sosial şəbəkə vasitəsi ilə əlaqə yaradaraq öz istifadəsi, eləcə də satış üçün narkotik vasitələr əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata keçirdiyini bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, H.Soltanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilən son əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 25 nəfər tutularaq barələrində cinayət işi başlanılıb. Ümumilikdə qanunsuz dövriyyədən 5 kiloqram narkotik vasitə çıxarılıb.

  • Şagirdə qarşı qeyri-etik hərəkət etdiyi iddia olunan müəllim və direktor işdən çıxarıldı – YENİLƏNİB

    Xaçmaz rayonu Qusarçay kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Təbriz Adgözəlovun məktəbin 8-ci sinif şagirdinə qarşı uyğunsuz hərəkətləri ilə bağlı yayılmış informasiya barədə araşdırma aparılıb.

    Bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsi açıqlama yayıb.

    Araşdırmanın nəticəsində məlum olub ki, bu barədə məlumatı əldə edən kimi direktor və sosial psixoloq tərəfindən həmin şagirdlə söhbət aparılıb və bundan sonra müvafiq olaraq hüquq-mühafizə orqanlarına məlumat verilib:

    “Sözügedən müəllim isə araşdırma başlanılan zaman öz ərizəsi ilə işdən azad olunmaq üçün müraciət edib və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Həmçinin, məktəbin direktoru səlahiyyətlərini icra edən direktor müavini də işdən azad edilməsi üçün ərizəsini təqdim edib.

    Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”.

    * * * * *

    Xaçmaz rayonunun Qusarçay kənd tam orta məktəbində müəllimin şagirdə qarşı davranışı ilə bağlı polisə müraciət olunub.

    APA-nın Şimal bürosu xəbər verir ki, məktəbin idman müəlliminin dərs zamanı 8-ci sinif şagirdi olan qıza qarşı qeyri-etik hərəkətlər etdiyi iddia edilir. Şagird məktəb rəhbərliyinə müraciət edərək bildirib ki, müəllim qiymət yazmaq qarşılığında ona qarşı qeyri-etik hərəkət edib.

    Məsələ ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə müraciət olunub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şimal regional qrupunun rəhbəri Xəyal Talıbov polisə belə bir müraciət olduğunu təsdiqləyib. Hazırda faktla bağlı polis tərəfindən araşdırma aparıldığını qeyd edib.

  • Azərbaycanda dördüncü sinif şagirdini maşın vurdu

    Şirvan şəhərində orta məktəb şagirdini maşın vurub.

    Metbuat.az xəbər verir ki, hadisə səhər saatlarında Şirvan şəhər 10 saylı tam orta məktəbin qarşısında baş verib.

    Həmin məktəbin 4-cü sinif şagirdi, 2015-ci il təvəllüdlü S.P.-ni dərsdən çıxan zaman yolu keçərkən maşın vurub.

    Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan azyaşlı xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.