Month: March 2024

  • Böyük Britaniya Ukraynaya on min dron tədarük edəcək

    Böyük Britaniya hökuməti Ukraynaya on min dron tədarük etməyə hazırlaşır.

    Bunu krallığın müdafiə naziri Qrant Şapps martın 8-də Ukraynada səfərdə olarkən bildirib.

    Onun sözlərinə görə, bununla da Böyük Britaniya pilotsuz uçuş aparatları (PUA) ilə bağlı Ukraynaya verəcək 200 milyon funt məbləğində mövcud öhdəliyi 325 milyon funtadək artırır.

    Qrant Şapps bildirib ki, krallıq əsasən FPV adlanan dronları birinci əldən təchiz etməyə çalışır. Belə PUA-lar Ukrayna hərbçiləri tərəfindən cəbhədəki hədəfləri vurmaq üçün uğurla istifadə olunur: “Habelə, təhvil verilən silahlar arasında minə yaxın kamikadze, həmçinin kəşfiyyat və dəniz dronları da olacaq”.
    //report

  • Şamaxı sakini intihar edib

    Şamaxı rayonunda intihar hadisəsi baş verib.

    Hadisə rayon ərazisində qeydə alınıb.

    Belə ki, Şamaxı sakini, 1977-ci il təvəllüdlü Dəmirov Ramin Vaqif oğlu özünü kəndirlə asaraq intihar edib. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.

    Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə aparılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Dodge” şirkəti ilk seriya elektromobilini təqdim edib

    Yeni Charger ikimühərrikli güc qurğusuna, 100,5 kilovat-saatlıq batareyaya və buraxılış sisteminin səsinin simulyasiya edən xüsusi sistemə malikdir. Ən yüksək səviyyəli Charger Daytona Scat Pack modeli 679 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən güc qurğusu ilə təchiz olunur. Elektrik kupesi 100 mil/saata 3,3 saniyəyə sürətlənir. Kupedə ayrıca drift rejimi, eləcə də müxtəlif yarış növləri üçün batareyanın termotənzimləmə sisteminin işini tənzimləyən xüsusi strategiyaları var.

    Yeni Charger, 2022-ci ildə keçirilmiş Monterey Avtomobil Həftəsində nümayiş etdirilən Dodge Charger Daytona SRT konseptinin seriya təcəssümüdür. O, istehsaldan çıxarılmış Charger sedanını və Challenger kupesini əvəz edəcək, elektrik və yanacaqla işləyən güc qurğuları ilə təklif olunacaq. Ümumilikdə, yeni Charger dörd modifikasiyaya malik olacaq: Charger Daytona Scat Pack, Daytona R/T, Sixpack H.O. və Sixpack S.O. Üstəlik, yeni model iki kuzov növü – kupe və liftbək formatında təklif ediləcək.

    Əzələ avtomobilinin əsasını çoxqollu asqıları və brake-by-wire əyləcləri olan yeni STLA Large platforması təşkil edəcək. Track paketi olan Daytona Scat Pack versiyasının opsiyalar siyahısına iki klapanlı elektronidarələnən amortizatorlar və Brembo əyləc mexanizmləri (Dodge brendinin tarixindəki ən böyük mexanizmlər) daxil edilib. Təkər disklərinin diametri 20 düymdür. Charger Daytona modelinin xarici atributları – ön tərəfdəki firma R-Wing spoyleri və 1962-1975-ci illərdə Dodge avtomobillərində istifadə olunan üçbucaqlı Fratzog nişanlarıdır.

    Bundan əlavə, yeni Charger modelinin elektrik versiyaları patentləşdirilmiş Fratzonic Chambered Exhaust sistemi ilə təchiz edilir. Yeni sistemin səsi dramatizminə görə, Hellcat V8 mühərrikinin işlənmiş qazlarının çıxmasından heç də geri qalmır. Üstəlik, bu adi xarici dinamik deyil, ikiqat passiv yayıcıları olan xüsusi kanallardan keçən hava axını tərəfindən yaranan səsdir. Lazım gələrsə, Fratzonic sistemini söndürmək və tam səssizlik şəraitində hərəkətdən həzz almaq olar.

    Charger Daytona modeli, gücün artırılmasını təmin edən Direct Connection Stage paketi ilə təchiz olunmuş ikimühərrikli güc aqreqatına malikdir. R/T versiyasında onun hasilatı 503 at qüvvəsi və 548 Nm fırlanma anı, Scat Pack versiyasında isə, 679 at qüvvəsi və 850 Nm təşkil edir. Pik göstəricilər yalnız PowerShot funksiyası aktivləşdirildikdə 15 saniyə ərzində əlçatandır. Daytona R/T sıfırdan 60 mil/saata (97 km/saat) 4,7 saniyəyə, Scat Pack isə, 3,3 saniyəyə sürətlənir. Hər iki versiya 400 volt işləmə gərginliyi olan nikel-kobalt-alüminium batareyası ilə təchiz edilir. 100,5 kilovat-saat tutumu olan batareya 418-510 kilometr arasında yürüş ehtiyatını təmin edir.

    Öz növbəsində, Charger modelinin istehsalına 2025-ci ilin birinci rübündə başlanacaq yanacaqlı versiyası 3,0-litrlik altısilindrli Hurricane biturbomühərrikini alacaq. Charger Sixpack S.O. liftbəkinin mühərrikinin hasilatı 426 at qüvvəsi və 635 Nm, Charger Sixpack H.O. kupesinin isə, 558 at qüvvəsi və 720 Nm olacaq. Hər iki avtomobil standart olaraq tam ötürmə sistemi və səkkiz pilləli avtomatik transmissiya ilə təchiz ediləcək.

    Yeni Chargerı üçün “yarış opsiyalarının” geniş siyahısı nəzərdə tutulub. Məsələn, Donut (trəkşn-kontrolun müdaxiləsi olmadan ön təkərlərin ətrafında fırlanma) və Drift hərəkət rejimləri, lonç-kontrol, habelə arxa təkərlərin qızdırılmasını asanlaşdıran Line Lock funksiyası əlçatan olacaq. Ən maraqlı opsiyalardan biri, batareyanı dreq-reysinq və ya trek yarışlrına hazırlamaq üçün nəzərdə tutulmuş xüsusi strategiyalardır. Əzələ avtomobilinin elektrik versiyasının istehsalına bu ilin ortalarında başlanmalıdır. Amerikalı jurnalistlər Charger modelinin başlanğıc qiymətinin 50 min dollar olacağını ehtimal edilər.

    autograph

  • Nə üçün təyyarə enərkən oturacaqlar dik vəziyyətdə olmalıdır?

    Təyyarə ilə səyahət edənlər bu elanı dəfələrlə eşidiblər: “Eniş zamanı oturacağı dik vəziyyətə gətirin, kəmərləri taxın”. Bəs səbəb nədir?

    Sərnişinlərin çoxu bunun kəskin eniş zamanı sərnişinin başının zərbə almaması üçün edildiyini düşünür. Burada müəyyən həqiqət payı olsa da, qayda bununla bağlı deyil.

    Oturacağın dik vəziyyətdə olması ilk növbədə mümkün təxliyə ilə bağlıdır. Qəza zamanı açılmış vəziyyətdə olan oturacaq arxa sıradakı sərnişinin təyyarəni tərk etməsini çətinləşdirir. Belə bir təcrübə 60-cı illərdə dəfələrlə baş verdiyi üçün hava gəmilərində eniş və qalxma zamanı oturacağın dik vəziyyətdə olması beynəlxalq tələb kimi qoyulub.
    (avtosfer.az)

  • Milyonlar qazanan donuz öldü – VİDEO

    Milyonlar qazanan donuz dünən 8 yaşında ölüb, onun ölüm səbəbi isə revmatoid artrit müəyyən edilib.

    “Pikasso” adlandırılan donuzun çəkdiyi rəsmlər orta hesabla 25 min dollara satılıb.

    Donuzun əsərləri bütün dünyada yüksək qiymətləndirilib. Belə ki, rəsmlər Corc Kluni və Rafael Nadal kimi məşhurların kolleksiyalarında yer alıb. “Rəssam” həmçinin “Swatch” və “Nissan” brendləri ilə də “əməkdaşlıq edib”.

    Satışlardan əldə edilən gəlir isə yem alınmasına, işçilərin maaşlarına və baytarlıq xidmətlərinin ödənilməsinə xərclənib.

  • Görün şərab ürək-damar xəstələrinə nə edirmiş

    Bəzi spirtli içkilər, xüsusən də şərab ürək-damar sisteminə faydalı təsir göstərə bilər. Çünki yüksək keyfiyyətli içkinin tərkibində antioksidantlar var.

    Bu barədə tibb elmləri namizədi Denis Sokolov bildirib.

    O, şərabın tərkibindəki resvertanolun ürəyi və qan damarlarını zədələnmədən qorumaq qabiliyyətinə malik olduğunu, həmçinin qan dövranını yaxşılaşdıra biləcəyini qeyd edib. Həkimin sözlərinə görə, spirtli içkilərin normada qəbul edilməsi xolesterinin səviyyəsini artıra və qan laxtalanma riskini azalda bilər.

    Sokolov vurğulayıb ki, spirtli içkilərin həddindən artıq istehlakı qaraciyər və mədəaltı vəzi xəstəliklərinə tutulma riskini artırır. Eyni zamanda qan təzyiqinin artmasına, ürək ritminin pozulmasına səbəb olur.

    Mütəxəssis xatırladıb ki, spirt yüksək kalorili məhsuldur və çəki artımına və piylənmənin inkişafına kömək edə bilər.

    “Kişilərə hər həftə 3,5 litr pivə və ya 560 millilitr güclü spirtli içki içmək olar. Qadınlar üçün isə 2,5 litrə qədər pivə və 400 millilitr güclü spirtli içki qəbul etmək olar”, – həkim əlavə edib. (Publika.az)

  • Amerikalı bloqer Mayk Taysonla döyüşəcək

    Məşhur amerikalı bloqer və boksçu Ceyk Pol növbəti döyüşünü əfsanəvi Mayk Taysona qarşı keçirəcək.

    Pol bu barədə “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) məlumat verib.

    Mayk Taysonun döyüş üçün müqavilələri artıq imzaladığı da açıqlanıb.

    Döyüş boks qaydalarına əsasən keçiriləcək və iyulun 20-də baş tutacaq.

    Xatırladaq ki, Mayk Tayson sonuncu dəfə rinqə 28 noyabr 2020-ci ildə çıxıb. Onun rəqibi kiçik Roy Cons olub. Döyüş hər biri iki dəqiqə olmaqla səkkiz raund davam edib və heç-heçə başa çatıb. Ceyk Pol, öz növbəsində, sonuncu dəfə 2024-cü il martın 3-də Rayan Bourland ilə döyüşüb. Döyüş Ceykin ilk raundda nokautla qalib gəlməsi ilə başa çatıb. Onun aktivində doqquz qələbə və bir məğlubiyyət var.//Oxu.az

  • 92 yaşlı milyarder 6-cı dəfə nişanlandı

    Amerikalı media maqnatı Ruper Merdok 92 yaşında nişanlanıb.
     
    Dünyanın ən zəngin insanlarından olan Merdok bu ilin iyun ayında 67 yaşlı Yelena Jukova ilə evlənəcək.
     
    Xarici mətbuat yazır ki, R.Merdok bir neçə aydır ki, təqaüdçü rus bioloqla görüşürdü.Cütlük Merdokun keçmiş həyat yoldaşlarından biri, çinli sahibkar Vendi Denqin ev sahibliyi etdiyi ziyafətdə tanış olub.
     
    Media maqnatı sonuncu həyat yoldaşından ötən ilin aprelində boşanıb.Avstraliya əsilli media maqnatı keçən il “Fox and News Corp”un sədri vəzifəsindən istefa verib.

  • 25 milyon insan risk altındadır – Tarixin ən böyük aclıq böhranı

    Müharibə səbəbi ilə milyonlarla insanın didərgin düşdüyü Sudanda indi aclıq böhranı hökm sürür.
     
    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, Ümumdünya Ərzaq Proqramı vətəndaş müharibəsinin davam etdiyi ölkənin tarixin ən böyük aclıq böhranına səhnə ola biləcəyini bəyan edib. 
     
    Şərqi Sahel bölgəsində 25 milyon insan ərzaq çatışmazlığı risk altındadır. Ümumdünya Ərzaq Proqramı səlahiyyətliləri Sudandakı böhranın bölgənin sabitliyinə təsir edə biləcəyini deyib.Məlumata görə, son həftələrdə bölgədə orta hesabla hər 2 saatda bir uşaq aclıqdan ölür. Rəsmilər təhlükəsizlik təhdidləri səbəbindən ehtiyacı olan on minlərlə insana ərzaq çatdıra bilmədiyini bildirib.
     
    Qeyd edək ki, 2019-cu ildə Sudanda Ömər Əl-Bəşirin devrilməsindən sonra mərkəzi ordu ilə Çevik Dəstək Qüvvələri milis təşkilatı arasında münaqişə vətəndaş müharibəsinə çevrilib Münaqişə səbəbindən 1 milyon 600 min insan ölkəni tərk edib, 7 milyondan çox sudanlı ölkə daxilində didərgin düşüb.
     
    Müharibədən qaça bilənlər isə Cənubi Sudan və Çaddakı düşərgələrə sığınırlar.
    //sfera.az

  • Gül buketlərini solmaqdan necə qoruyaq?

    Bugün çox qadına 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə hədiyyə olaraq gül buketi verilib. Gül qadınları ən çox xoşbəxt edən hədiyyələrdən biri olsa da, solduğu zaman məyus edir.
     
    Bəs gül buketlərini necə uzun müddət solmaqdan qorumaq olar?
     
    Median.Az gül buketlerini uzun müddət solmaqdan qoruyan üsulları təqdim edir:
     
    Sirkə
     
    Çiçəklərinizi güldana qoymazdan əvvəl suyun içərisinə 2 xörək qaşığı sirkə və 2 xörək qaşığı şəkər tozu əlavə edib qarışdırın. Bununla da çiçəkləriniz daha uzun müddət canlı qalacaq.
     
    Limonad
     
    Güldana limonad suyu əlavə edin və qarışdırın. İçərisindəki şəkər çiçəklərin daha canlı qalmasını təmin edəcək.
     
    Aspirin
     
    Çiçəklərinizi güldanda daha uzun müddət canlı tuta bilmək üçün aspirini əzib suyun içərisinə əlavə edin və qarışdırın. Bu qədər asandır, beləcə çiçəkləriniz daha uzunömürlü olacaq. Uzun müddət canlı qalmalarını istəyirsinizsə, güldandakı suyu hər gün dəyişdirin və soyuq olmasına diqqət edin.
     
    Vazı ağızına qədər suyla doldurmayın, kiçik buketlərə 2 stəkan su yetərlidir. Suyun çox olması yarpaqların yumşalmasına səbəb olar və soldurar. Güldanı birbaşa günəş işığında, ya da küləkdən uzaq tutun. Çiçəklərin budaqlarını iki gündən bir iki santimetr kəsib çarpaz kəsiklər atın, suyu daha da içinə çəkəcəkdir.//sfera.az