Month: March 2024

  • Çin avtomobilləri Türkiyə bazarını “işğal” edir

    Türkiyənin minik avtomobili bazarında Çin avtomobillərinin payı sürətlə artır.

    Median.Az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyədə yanvar və fevral ayları ərzində 185 min 691 ədəd minik avtomobili satılıb.Satılan avtomobillər arasında Çin mənşəli 10 markaya aid olan avtomobillər də var.

    Agentliyin məlumatına görə, Türkiyədə hələ də fransız və alman brendləri üstünlük təşkil etsə də son illərdə Çin brendlərinin də payı artır. Çin avtomobil şirkətləri yanvar-fevral ayları ərzində 12 min 781 ədəd minik avtomobili satıb. Satışda ciddi artım qeydə alınıb və çinlilərin Türkiyədə bazar payı 6,88 faizə çatıb.

    Maraqlı fakt odur ki, Çin avtomobillərinin bazar payında artım 2024-cü ildən daha böyük sürlətlə gedir. 2023-cü ilin fevral ayında çinlilər Türkiyədə 1000 avtomobil satdığı halda bu il satış sayı bir neçə dəfə artıb.

    Türkiyəli ekspertlər hesab edir ki, Çin Türkiyəni Avropaya açılan qapı kimi görür. Buna görə də ekspertlər düşünür ki, son illərdə Çin avtomobillərinə Avropada da maraq artdığından Çin mənşəli avtomobillərin Türkiyədə istehsalı həyata keçirilə bilər.
    //sfera.az

  • Kirkorov sosial şəbəkələrdən Puqaçova ilə bağlı yazıları silib – FOTO

    Filipp Kirkorov keçmiş həyat yoldaşı Alla Puqaçova ilə bağlı bütün yazdıqlarını sosial şəbəkələrdən silib. Qeyd edək ki, Kirkorov Alla Rusiya Federasiyasını tərk etdikdən və əri Maksim Qalkinlə birlikdə İsrailə köçdükdən sonra da ona sevgisini elan edən yazılar paylaşmağa davam edir.
     
    Nastya İvleevanın çılpaq gecəsindən sonra Kirkorov demək olar ki, öz imicini bərpa etmək və səhnəyə qayıtmaq üçün hər şeyi edir.
     
    Əvvəllər o, Putinin mətbuat katibi Dmitri Peskova gecə üçün bəhanələr gətirmiş, iki dəfə açıq şəkildə üzr istəmiş və hətta Rusiya Federasiyasının müvəqqəti işğal etdiyi Qorlovkaya gedib oradakı xəstəxanada çıxış etmişdi.

    Bundan sonra Kirkorov televiziyaya qayıdıb. Lakin bütün bu qalmaqallar fonunda Kirkorov keçmiş həyat yoldaşı Alla Puqaçovaya həsr olunmuş yazıları bütün sosial şəbəkələrdən də silməli olub.
     
    Xatırladaq ki, rusiyalı müğənni indiki həyat yoldaşı Maksim Qalkinlə birlikdə Rusiya Federasiyasının hərbi təcavüzünə qarşı açıq şəkildə çıxış edib və etiraz əlaməti olaraq ölkəni tərk edib.
     
    Öz növbəsində, Kirkorov bu yaxınlarda Allanın “Məndən narahat olmayın” adlı yeni kompozisiyasına həsr olunmuş yazı və birgə ifasının videosunu paylaşıb. 
     
    Kirkorov: “Oxu, Alla! Mən səni sevirəm” deyə Puqaçovaya müraciət etsə də, tezliklə etirafını bütün sosial şəbəkələrdən silib. 
     
    Xatırladaq ki, Alla Puqaçova və Filipp Kirkorov 1994-2005-ci illərdə evli olublar. Kirkorov Divanın dördüncü həyat yoldaşı olub.


    //sfera.az

  • 32 ildən sonra Laçında toy oldu – FOTOLAR

    32 ildən sonra ilk dəfə olaraq Laçın rayonun Zabux kəndində toy olub.

    APA-nın Qarabağ bürosu xəbər verir ki, Laçında illər sonra ilk toy Zabux kəndində olub. Zabux kənd sakinləri Nurlan Əlizadə və Gülnar Cəfərovanın toy mərasimi Zabux kəndində qeyd olunub.

    Toy mərasimi kənddə qurulmuş mağarda keçirilib. Toy məclisində gənclərin ailə üzvləri, qohum-əqrabaları, kənd sakinləri ilə bərabər Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov və digər rəsmi şəxslər də iştirak edib. Toy mərasimində öncə Dövlət Himni səsləndirilib, ehtiram əlaməti olaraq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Çıxış edənlər bəylə gəlinə xeyir-dua veriblər və toy şənliyi keçirilib.

    Qeyd edək ki, Zabux kəndində 211 ailə olmaqla 808 nəfərin daimi məskunlaşması təmin edilib. Köçürülən ailələrin yeni tikilən evlərdə yaşaması üçün hər cür şərait yaradılıb.






  • Yeni Günəşlinin Yayla ərazisində həyət evlərini gözləyən təhlükə (VİDEO)

    Divar uçub dağılıb, tavan aralanıb, döşəmə çöküb, digər divarlar çat verib. Amma burda nə zəlzələ, nə də partlayış baş verməyib. İllərdir çat verən mənzilin divarı uçub.

    Ev sakinləri bildirir ki, 4 il ərzində aidiyyatı qurumlara müraciət etsələr də, heç bir nəticə olmayıb.

    Sakinlər bildirir ki, Yeni Günəşli, döngə 1, dalan 5 də yerləşən 17 evdə oxşar vəziyyət hökm sürür.

    Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirilib ki, həmin ərazidə FHN-nin mütəxəssisləri tərəfindən verilmiş müvafiq arayışlara əsasən, qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evləri ilə bağlı aidiyyatı qurumlara müraciət olunub. Həmin sakinlərin Zığ qəsəbəsində yeni inşa edilən çoxmənzilli yaşayış binalarında yerləşdirilməsi nəzərdə tutulub.

    Hazırda sözügedən qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evinin ailəsinin yerləşdirilməsi istiqamətində işlər aparılır.

  • Təkər xidməti ilə məşğul olan 3 xanımın iş həyatı hekayəsi – VİDEO

    Ülviyyə, Ləman və Esmira xanım. Biri təkər təmir edir, dəyişir, biri satır, digəri isə hesab-kitab işlərini görür.

    Bu 3 xanım 3 il öncə təkər təmiri və satışı ilə məşğul olmaq üçün mağaza açıblar. “Müştərilərimizin 90 faizi təəccüblə qarşılayır. Xanım və təkər işi”, – deyən Ülviyyə xanım atasını uşaq yaşlarında itirib.

    İllər öncə həm də qaydasız döyüş növü üzrə idmanla da məşğul olan Ülviyyə xanım deyir ki, 9 bacı-qardaş olan başçısız ailənin ehtiyaclarını qarşılamaq üçün yeniyetmə yaşlarından işləməyə məcbur olub.

    16 yaşından başlayaraq ustaların yanında bu işin sirlərini öyrənməyə başlayıb.

  • Putin 52 qadını əfv etdi

    Rusiya prezidenti Vladimir Putin məhkum olunmuş 52 qadının əfv edilməsi haqqında fərman imzalayıb.

    Qaynarinfo zxəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.

    “Rusiya Federasiyasının Prezidenti Vladimir Putin məhkum olunmuş 52 qadının əfv edilməsi haqqında fərman imzalayıb. Dövlət başçısı əfv haqqında qərar qəbul edərkən humanizm prinsiplərini rəhbər tutub”, deyə məlumatda bildirilir.

    Həmçinin qeyd olunur ki, azyaşlı uşaqları olan qadınlar, hamilə qadınlar, o cümlədən qohumları müharibədə iştirak edən qadınlar əfv edilib.

  • Bu uşaqlar 120 manat müavinət almalıdır

    “Sosial müavinətlər haqqında” Qanuna son dövrlər edilən dəyişikliklərdən biri də müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların uşaqlarına müavinətin verilməsidir. Belə ki, həmin qanunun 4-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına aylıq müavinətin verilməsi həyata keçirilir. Hazırda aylıq müavinətin məbləği 120 manatdır.

    Bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.

    O bildirib ki, bu müavinət hərbi qulluqçuların həqiqi hərbi xidmətdə olduğu müddətdə ödənilir:

    “Bu müavinət hərbi qulluqçuların ailə üzvlərinin sosial dəstəklənməsi baxımından vacib olsa da, aparılan monitorinqlər göstərir ki, həmin ödənişlər barədə ictimai məlumatlandırma yüksək deyildir.

    Müraciət etmə qaydalarına gəldikdə isə bu müavinəti almaq üçün yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, DOST mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri”nə müraciət edilməlidir. Müavinət yalnız Azərbaycan vətəndaşlarına şamil edilmir. Eyni zamanda, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, ölkəmizdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər də müraciət etmək hüququna malikdirlər”.

    Millət vəkili vurğulayıb ki, müraciət üçün tələb edilən sənədlərin sayı da çox deyildir:

    “Müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, uşağın şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsi, həmin vətəndaşımızın müddətli həqiqi hərbi xidmətdə olmasına dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı ilə müraciət etməsi mümkündür. Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan məhkəməyə şikayət etmək hüququ var.

    Bir mühim məqam da ondan ibarətdir ki, əgər hərbçimiz bu müavinət barədə gec məlumat əldə edibsə, o zaman ona müraciət edildiyi tarixdən əvvəlki üç il üçün də vəsait ödənilir. Yəni, bu müvinətin verilməsindən gec xəbər tutan və vəsaiti almaq hüququ olan vətəndaşlarımız əvvəlki 3 il üçün hesablanmış pulu da almaq hüququna malikdirlər”.

  • “Formula 1” pilotu səhhətinə görə Səudiyyə Ərəbistanı Qran-prisini buraxacaq

    “Ferrari” komandasının pilotu Karlos Sayns “Formula 1” üzrə Səudiyyə Ərəbistanı Qran-prisini səhhətində problem yarandığı üçün buraxacaq.

    Həkimlər tərəfindən appendisit diaqnozu qoyulan 29 yaşlı pilotu 19 yaşlı ehtiyat sürücü Oliver Birman əvəz edəcək.

    Saynsın son iki gündə sınaq yarışları zamanı vəziyyəti pisləşib. O, tezliklə əməliyyat olunacaq.

    Qeyd edək ki, Səudiyyə Ərəbistanı Qran-prisi martın 9-da, saat 21:00-da Ciddə şəhərində keçiriləcək.
    //report

  • Yağış intensivləşəcək, külək əsəcək – XƏBƏRDARLIQ

    Sabahdan ölkə ərazisində yağış intensivləşəcək, güclü külək əsəcək.

    Bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında martın 9-u gündüzdən 11-dək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Martın 10-da ayrı-ayrı yerlərdə yağıntının intensivləşəyi ehtimalı var.

    Azərbaycanın rayonlarında da martın 9-u axşamdan 11-i səhərədək bəzi yerlərdə arabir yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Həmçinin martın 10-da ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi aran, Dağlıq Şirvan, Naxçıvan MR, Lənkəran-Astara) yağıntıların intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

    Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

  • Cəlilabadda yaşayış evlərindən qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıblar

    Cəlilabad rayonunda yaşayış evlərindən qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıblar.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad şəhəri ərazisindəki evlərdən birindən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakinləri Səxavətli Teymur və Seydanov Şəhadət müəyyən edilərək saxlanılıblar.

    Həyata keçirilən əlavə tədbirlərlə həmin şəxslərin Cəlilabad şəhəri ərazisindəki müxtəlif vaxtlarda daha üç evdən pul və qızıl-zinət əşyaları oğurladıqları müəyyən edilib.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.