Month: March 2024

  • Belçika paytaxtında terror aktının qarşısı alınıb

    Belçikanın paytaxtı Brüsseldə konsert zalında terror aktı planlaşdıran 4 silahlı həbs edilib.

    “Report”un məlumatına görə, bu barədə krallığın prokurorluğu məlumat yayıb.

    “Belçika polisinin Brüsseldə keçən həftəsonu həbs etdiyi dörd şübhəli konsert zalında terror aktı törətməyi planlaşdırırdı. Polisin fəaliyyəti sayəsində terror aktının qarşısı alınıb. Hücumun bir neçə həftə ərzində baş verəcəyi gözlənilirdi”, – prokurorluğun bəyanatında deyilir.

  • İntihar edən 13 yaşlı qızla bağlı İDDİA: “Anasının hərəkətindən çox utanırdı”

    Ötən gün Bərdədə 13 yaşlı qız intihar edib. Hadisə rayonun Qarayusifli kəndində qeydə alınıb. 2011-ci il təvəllüdlü F.C.-nin meyiti tövlədə asılmış vəziyyətdə tapılıb.

    AzVision.az intihar hadisəsinin detalları haqqında məlumat əldə etmək üçün F.C-nın şagirdi olduğu Qarayusifli kənd tam orta məktəbinin direktoru Mayisə Quliyeva ilə əlaqə saxlayıb.

    Məktəb direktoru bildirib ki, 13 yaşlı qız əlaçı olmasa da, dərsə davamiyyəti yaxşı olub və tədbirlərdə aktiv iştirak edib.

    “Oxumasına görə orta səviyyədə olan şagird idi. Tədbirlərimizdə fəal çıxış edirdi. Psixoloji durumunda pozğunluq hiss etməmişdik. Sakit, başıaşağı qız idi. Ondan yaşca kiçik qardaşı da bizim şagirddir. Qızın dərsə davamiyyəti çox yaxşı idi. Bu yaxınlarda bircə dəfə dərsdən qalmışdı, evinə nümayəndə göndərmişdik. Bəlli olmuşdu ki, valideyn səhlənkarlığı ucbatından yatıb qalıblar. Həmin bacı-qardaşın dərsdən yayınmasına bir gün belə icazə verməmişəm. Qız məktəbin həyətində sakit-sakit gəzirdi, heç kimə qarışmırdı” .

    Direktorun sözlərinə görə, F. C.-nın anası evdar qadındır, atası isə əvvəllər kənddə qəssab işləyib, hazırda isə mal-heyvan təsərrüfatı ilə məşğul olur.

    “Valideynləri intiharla bağlı bir söz demirlər. Camaat danışır ki, qız üç gün bundan öncə deyirmiş ki, özünü öldürəcək. Hərə bir iddia səsləndirir”.

    Kənd sakinlərinin verdiyi məlumata görə, F.C.-nin ailəsində problemlər olub və tez-tez münaqişə edirmişlər. Son mübahisə də elə intihardan üç gün əvvəl olub.

    Hətta üç-dörd ay bundan öncə F.C.-nin anası yoxa çıxıbmış. Ailəsi uzun müddət onu axtarıb. Dekabrın 31-də atası tapıb, evlərinə geri qaytarıb. Bu müddət ərzində uşaqların qayğısına nənə qalırmış.

    Ailələrindəki söz-söhbət səbəbindən bacı-qardaşın məktəbdə bullinqə məruz qalmasının qarşısını almaq üçün tədris ocağının rəhbərliyi bütün siniflərdə şagirdlərlə söhbət aparıbmış.

    Adının çəkilməsini istəməyən kənd sakini: ”Görünür, qız anasının hərəkətindən çox utanırmış. Məktəbdə də tək gəzirmiş. Başını qaldırıb heç kimin gözünün içinə baxmırmış. Yaşından böyük yük çəkirmiş”.

    Qeyd edək ki, faktla bağlı Bərdə rayon prokurorluğu araşdırma aparır.

  • Azərbaycanda meyit donordan orqan götürülməsi mümkün olacaq? – VİDEO

    Azərbaycanda ürək və ağciyər transplantasiyası əməliyyatlarının bu günə qədər icra oluna bilməməsinin səbəbi odur ki, meyit donordan orqan götürülməsi mümkün deyil. Əvvəl bu qanunla tənzimlənmədiyindən mümkün olmurdu, hazırda isə qanun icazə versə də, insanlar bu məsələyə isti yanaşmır.

    Median.Az Xəzər TV-yə istinadən bildirir ki, Səhiyyə Nazirliyinin yanında Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib ki, qaraciyər çatışmazlığından əziyyət çəkən xəstələrin sayı da olduqca çoxdur.

    Onun sözlərinə görə, bir xəstənin bir illik dializ müalicəsi  təqribən 16 min manatdır.

    Xəstəyə böyrək köçürülməsi də eyni məbləğdir. Bu səbəbdən orqan köçürülməsinin tez baş tutması həm xəstənin ağrıdan qurtulmasına, həm də rəsmi qurumların iqtisadi cəhətdən xərclərinin azalmasına gətirib çıxaracaq.

    Meyitin donor olması üçün isə beyin ölümü gerçəkləşməlidir. Əsas problem də elə budur. Ölkədə həkimlərin çoxu tərəfindən beyin ölümü gerçəkləşmiş xəstələrə “beyin ölümü” diaqnozu qoyulmur.

    Koordinasiya Mərkəzi bir ildir fəaliyyət göstərsə də bu müddət ərzində könüllü donor olmaq üçün sadəcə 30-a yaxın adam müraciət edib.

    Ətraflı süjetdə:

  • Gömrük Akademiyasının iki əməkdaşını vuraraq öldürən sürücüyə hökm oxundu

    Bakıda yük avtomobili ilə Dövlət Gömrük Akademiyasının əməkdaşını və tələbəsini vuraraq öldürməkdə təqsirləndirilən Firdovsi Eyvazova hökm oxunub.

    “Report”un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

    Hökmə əsasən, F.Eyvazov səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə 2022-ci ilin sentyabrında paytaxtın Zabrat-Maştağa yolunda baş verib.

    Belə ki, Firdovsi Eyvazov idarə etdiyi “KamAZ” markalı yük avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən 2000-ci il təvəllüdlü Sevgi Rəsulova və Bakı sakini, 2004-cü il təvəllüdlü Elvin Əzizlini vurub. Onlar aldıqları xəsarətlər nəticəsində hadisə yerində keçiniblər.

    Xatırladaq ki, S.Rəsulova Dövlət Gömrük Akademiyasının işçisi, Elvin Əzizli isə həmin təhsil müəssisəsinin II kurs tələbəsi olub.

  • Aİ gələn ildən Ukrayna qazının tranzitindən imtina edəcək

    Avropa İttifaqı 2025-ci ildən Ukrayna qazının tranzitindən imtina edəcək.

    Median.Az xəbər verir ki, bu barədə Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson bildirib.

    Hazırda qurum qaz ehtiyatlarının saxlanması üçün Ukrayna anbarlarından istifadə imkanlarını öyrənir.

  • Suraxanıda “Azərsu” əməkdaşı borca görə su borusunu kəsib? – AÇIQLAMA + VİDEO

    Suraxanı rayonunda su borcuna görə borunun kəsildiyi iddia edilir.

    Median.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

    Vətəndaş iddia edir ki, Suraxanı rayonu Yeni Günəşli, D massivi, blok 6-da yaşayan sakinlərdən birinin borcuna görə, bütün binaya gələn əsas su xəttini kəsiblər:

    “Səhər saat 11:00-dan bu vəziyyətlə bağlı “Azərsu” ASC-yə zəng etmişik. Telefonlarına isə düşmək mümkün deyil. Gördüyünüz kimi blokun içini su aparır”.

    Suraxanı Rayon Su Kanal İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ünvanda abonentin içməli su və kanalizasiya xidmətlərinə görə borcu olub:

    “Abonentə xəbərdarlıq olunmasına baxmayaraq borc ödənilməyib. Rayon Su Kanal İdarəsinin müvafiq borc qrupu tərəfindən xətt kəsilib. Bloka axan su evin içərisindəki su çənindən geri axan sudur. Bu gün 15:00-da həmin xətt bərpa edilib və axan suyun qarşısı alınıb”.

  • Bakının bəzi ərazilərində qazın verilişində məhdudiyyətlər olacaq

    Xətai rayonu, Cavanşir küçəsində yeraltı d325 millimetrlik qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

    Bu barədə “Report”a “Azəriqaz” İstehsal Birliyindən bildirilib.

    Məlumata görə, təmir işləri aparılan müddətdə Xətai rayonunun Cavanşir, Qədir Məmmədov, Ramiz Quliyev küçələrinin və Zığ yolu ərazisindəki yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Oğuzda iki avtomobil toqquşub, xəsarət alan var

    Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib

    “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Oğuz şəhərinin giriş hissəsində qeydə alınıb.

    Hərəkətdə olan “Daevoo” markalı avtomobillə “VAZ-21015” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

    Nəticədə avtomobildə olan sərnişin, rayonun Yaqublu kənd sakini 29 yaşlı Nurəhməd Mövlamov müxtəlif dərəcəli xəsarət alıb. N.Mövlamovun vəziyyəti nəzərə alınaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bayden Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb

    ABŞ Prezidenti Cozef Bayden Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini bir il uzadıb.

    Median.Az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı sənədlərdə deyilir.

    Söhbət 21 fevral 2022-ci ildə hazırkı administrasiya, 20 sentyabr 2018-ci ildə Donald Tramp administrasiyası və 6 mart, 16 mart tarixlərində ABŞ-nin 44-cü prezidenti Barak Obama administrasiyasının Rusiya Federasiyasına qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərdən gedir.

    Sənədə əsasən bu sanksiyalar 6 mart 2024-cü ildən sonra daha bir il qüvvədə qalacaq.

  • Miqrantların Aİ ölkələrindən deportasiyası artıb

    2022-ci illə müqayisədə Avropa İttifaqı ölkələri 2023-cü ildə daha çox miqrantı deportasiya edib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının daxili işlər üzrə komissarı İlva Yohansson Aİ ölkələrinin daxili işlər nazirlərinin Brüsseldə keçirilən iclasından əvvəl deyib.

    O bildirib ki, Aİ ölkələrindən deportasiya olunanların sayı 15 faiz artıb.

    “Səbəb üzv dövlətlər arasında əməkdaşlığın daha yaxşı olmasıdır. Aİ ölkələri 2023-cü ildə öz ölkələrinə əvvəlki ilə nisbətən xeyli çox miqrant deportasiya edib. Deportasiyaların sayı 15 faiz artıb. Dövlətlər öz deportasiya qərarlarını daha tez-tez Şengen İnformasiya Sisteminə daxil edirlər”, – Aİ komissarı deyib.

    Qeyd edək ki, Şengen İnformasiya Sisteminin məqsədi deportasiyanın bütün üzv dövlətlərdə tətbiq edilməsini təmin etməkdir. Sığınacaq axtaran şəxs Almaniyada rədd edilsə, lakin Fransada tapılarsa, o, oradan birbaşa gəldiyi ölkəyə də göndərilə bilər. Şengen İnformasiya Sistemi 2023-cü ilin mart ayından istifadə olunur.

    Xatırladaq ki, Aİ statistikasına görə, 2022-ci ildə təxminən 96 800 nəfər Aİ-dən kənar ölkələrə geri göndərilib.