Month: March 2024

  • Bakının bir qəsəbəsində kanalizasiya problemini həll etmək üçün bəzi tikililər sökülməlidir – VİDEO

    Paytaxtın Suraxanı rayonu Günəşli qəsəbəsinin bir qrup sakini kanalizasiya problemindən əziyyət çəkir.

    Belə ki, sakinlərdən birinin evinin altından keçən kanalizasiya borusu partlayıb. Bu da ətrafı üfunətin bürüməsinə və evlərdə çatların əmələ gəlməsinə səbəb olub.

    “Qonşunun həyətindən keçən boru partlayıb. Amma problemi aradan qaldırmaq üçün mənim evimin həyətini qazdılar. Daha sonra işi yarımçıq qoyub getdilər”, – şikayətçi Şəmsiyə Əliyeva bildirib.

    “Azərsu” ASC-nin sözçüsü Anar Cəbrayıllı məsələ ilə bağlı bildirib ki, problemlə əlaqədar aidiyyəti qurumlara məlumat verilib:

    “Həmin xətti təmir etmək üçün bəzi vətəndaşların hasarları, yardımçı tikililəri sökülməlidir. Bir neçə dəfə qəza briqadamız ərazidə olub. Lakin indiki şəraitdə orada təmir işləri aparmaq mümkün deyil”.

    Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

  • İsrailin müdafiə nazirinin Vaşinqtona səfəri ləğv edilib

    İsrail hökuməti ölkənin müdafiə naziri Yoav Qallantın Vaşinqtona səfərini ləğv edib.

    Qərar ABŞ-nin BMT Təhlükəsizlik Şurasında Qəzzada atəşkəs çağırışı edən qətnaməni veto etməməsindən sonra qəbul edilib.

    İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ni bu davranışı ilə əvvəlki siyasətindən imtinada ittiham edib.

    Mənbə: BBC

  • Cəlilabadda çay kənarında sürüşmə fəallaşıb: Evlər təhlükə altındadır

    Cəlilabad rayonu, Göytəpə şəhərində Göytəpəçayın kənarında torpaq sürüşməsi fəallaşıb.

    Sakinlərin “Report”a verdiyi məlumata görə, bir neçə ev və obyekt üçün təhlükəli vəziyyət yaranıb.

    Onların sözlərinə görə, bir neçə gün ərzində yağan intensiv yağışlar nəticəsində fəallığı daha da artırıb. Artıq fərdi yaşayış evlərinin divarlarında iri çatlar meydana gəlib.

    Sakinlər problemdən çıxış yolu kimi çay kənarında sahilbərkitmə işlərinin aparılmasını görürlər.

    Qeyd edək ki, sürüşmə zonasına Fövqəladə Hallar Nazirliyi (FHN) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən baxış keçirilib.

  • Dünyada kakao paxlasının qiyməti rekord qırıb

    Kakao paxlasının dünya qiymətləri tarixdə ilk dəfə olaraq bir ton üçün 10 min dollar həddini keçərək əvvəlki qiymətdən bir neçə gün sonra yeni rekorda imza atıb.

    Median.Az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “ICE Futures” birjasının məlumatlarında göstərilir.

    Qeyd olunub ki, çərşənbə axşamı hərracda kakao paxlasının may fyuçersləri hər ton üçün 10,070 dollara yüksəlib.

    İlin əvvəlindən kotirovkalar artıq 2,4 dəfə, son beş sessiyada isə 20%-dən çox artıb.

    Belə ki, Kot-d’İvuarda El Nino fenomeninin yaratdığı anomal isti hava qiymətləri yüksəldir. Ölkə dünyanın ən böyük kakao tədarükçüsüdür. Bu arada, məhsula tələbat yüksək olaraq qalmaqda davam edir.

  • Azərbaycan DİN qırğız vətəndaşlarla bağlı məlumat yaydı

    Azərbaycanda saxlanılan Qırğız Respublikasının dörd vətəndaşı ölkələrinə təhvil verilib.

    Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

    Belə ki, Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində beş nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib.

    DİN-nin Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərərək araşdırmalarla həmin şəxslər barəsində toplanmış məlumatı Qırğız tərəfinə təqdim edib. Araşdırmalar nəticəsində şübhəli şəxs qismində saxlanılan həmin şəxslərdən birinin Rusiya, digərinin isə Azərbaycan ərazisində əvvəllər cinayət törədərək məhkum olduğu müəyyən edilib.

    Həmçinin, Qırğız Respublikası hüquq-mühafizə orqanlarının müraciəti əsasında haqqında bəhs olunan şəxslərlə əlaqələrinin olmasında şübhəli bilinən dörd nəfər Qırğız Respublikası vətəndaşının Azərbaycan ərazisində yeri müəyyən edilib və onlar Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil veriliblər.

    Qeyd edilən məsələnin təfərrüatlarının tam və ətraflı araşdırılması üçün Qırğız Respublikasının hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində birgə tədbirlər davam etdirilir.

  • Rusiya kəşfiyyatının rəhbəri: “İlkin məlumatlar “Crocus”da Ukrayna izini təsdiqləyir”

    Rusiya Federal Xidmətinin rəhbəri Aleksandr Bortnikov Moskva yaxınlığındakı “Crocus City Hall”da baş vermiş terror aktında Ukrayna izinin olmasını açıqlayıb.

    Onun sözlərinə görə, bu cür məlumatlar terror aktı ilə bağlı cinayət işinin istintaqı çərçivəsində saxlanılan şəxslərdən alınıb.

    Bortnikov qeyd edib ki, Rusiya xüsusi xidmət orqanlarının ölkədə seçki günlərində terror aktının hazırlanması barədə məlumatı olub.

    Mənbə: RİA Novosti

  • Amerikanın hava hücumu nəticəsində SEPAH-ın hərbi müşaviri ölüb

    Suriyada Amerikanın hava hücumu nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) hərbi müşaviri ölüb.

    Bu barədə İranın Suriyadakı səfirliyi “X” səhifəsində məlumat yayıb.

    Qeyd olunub ki, Suriyanın şərqində yerləşən Deyr əz-Zor əyalətinin bombalanması zamanı Bəhruz Vahidi ölüb.

    Qeyd edək ki, martın 26-na keçən gecə ABŞ Hərbi Hava Qüvvələri Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki hədəflərə bir sıra hava zərbələri endirib.

    “Əl-Hadat” kanalının məlumatına görə, hava zərbələri nəticəsində 2-si komandir olmaqla azı 9 döyüşçü öldürülüb, ən azı 20 nəfər yaralanaraq xəstəxanaya çatdırılıb.
    //report

  • Alternativ enerji istehsalı artır: Elektrik qiymətləri enəcək?

    2024-cü ilin ilk 2 ayında Azərbaycanda günəş enerjisi istehsalı kəskin artıb. Belə ki, bu dövrdə günəşdən alınan enerji 6 dəfə artaraq 50,7 milyon kVt·st olub. Ötən ilin ilk 2 ayında cəmi 8,4 milyon kVt·st günəş enerjisi istehsal olunmuşdu.

    Bu ilin yanvar-ferval aylarında külək elektrik stansiyalarında 9,5 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 41,7 milyon kVt·st elektrik enerjisi istehsal edilib. Ötən ilin ilk 2 ayında külək elektrik stansiyalarında 9,1 milyon kVt·st, digər mənbədə isə 39,0 milyon kVt·st elektrik enerjisi istehsal edilmişdi.

    Bərpa olunan enerji istehsalındakı artımlar elektrik enerjisinin qiymətlərini azalda bilərmi?

    Qaynarinfo xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, inkişaf etmiş ölkələrdə icmalar və ailələr bərpa olunan enerji mənbələrdən, o cümlədən külək və günəş şüalarından enerji istehsal edərək həm öz istehlaklarını ödəyirlər, həm də artıq hissəni dövlətə satırlar:

    “Oxşar praktikanın Azərbaycanda tətbiq olunması elektrik enerjisi istehsalını artırmaqla yanaşı vətəndaşların daha ucuz enerji almasına gətirib çıxara bilər. Bu enerji istehsalı və satışına yeni yanaşmanın tətbiqinə imkan yaratmaqla yanaşı enerji xəclərini azalda bilər. Bunun üçün icma əsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması da vacibdir”.

    Millət vəkili qeyd edir ki, Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27000 Mvt dəyərləndirilir: “Bunun 23000 Mvt-ı günəş, 3000 Mvt-I isə külək enerjisinin payına düşür. Günəş enerjisi üzrə, demək olar, bütün ölkə ərazisində istehsalın təşkili mümkündür. Külək enerjisi üçün isə Bakı şəhəri, Abşeron və Xızı rayonları daha əlverişli hesab olunurlar”.

  • NATO Ukrayna üzərində Rusiya raketlərini vurmağa başlaya bilər

    NATO Şimali Atlantika Alyansı ölkələrinin sərhədlərinə, xüsusən də Ukrayna üzərindən yaxınlaşarkən Rusiya raketlərinin vurulması imkanlarını öyrənir.

    Qaynarinfo xəbər verir ki, bunu Polşa Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Anjey Şeyna deyib.

    “NATO daxilində müxtəlif konsepsiyalar, o cümlədən NATO sərhədinə çox yaxın uçan bu cür raketlərin vurulması ideyası təhlil edilir” deyə Şeyna RMF24 radiostansiyasında bildirib.

    Bununla belə, Ukrayna ərazisi üzərində raketlərin məhv edilməsi vəziyyətində müvafiq qərar “yalnız Ukrayna tərəfinin razılığı ilə və onun beynəlxalq nəticələrini nəzərə almaqla” qəbul edilə bilər”, deyə Şeyna vurğulayıb.

    Onun sözlərinə görə, Rusiya qəsdən Polşa sərhədlərini yoxlayır, lakin eyni zamanda rus ordusu bilir ki, “raket Polşaya doğru irəliləsə, vurulacaq”. “Plan müdafiə gücünü və Polşa silahlı qüvvələrinin sayıqlığını yoxlamaq idi”, deyə diplomat bildirib.

    Qeyd edək ki, Polşa Silahlı Qüvvələrinin məlumatına görə, bazar günü, martın 24-nə keçən gecə Rusiyadan buraxılan qanadlı raket Ukrayna ilə sərhəddə Polşanın hava məkanını pozaraq 39 saniyə orada qalıb. Bu, Lüblin voyevodalığının Oserdov bölgəsində baş verib.

    Rusiya Müdafiə Nazirliyi Polşa mətbuatında yayılan xəbərləri və rəsmilərin bu barədə açıqlamalarını “vəziyyəti gərginləşdirmək üçün qəsdən törədilmiş təxribat” adlandırıb.

  • Bakıda yenidən qurulan parklanmada tariflər müəyyənləşdi – QİYMƏTLƏR

    Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında parkinq tarifləri müəyyənləşib.

    Qiymətlər parkinq müddəti ilə tənzimlənir.

    Belə ki, ilk 15 dəqiqə sürücülər üçün pulsuzdur.

    Digər qiymətlər isə belədir:

    15-30 dəqiqə – bir manat,

    30-60 dəqiqə – iki manat,

    1-2 saat – dörd manat,

    2-3 saat – altı manat,

    3-5 saat – 10 manat,
    5-7 saat – 14 manat,

    7-10 saat – 18 manat,

    10-15 saat – 22 manat,

    15-20 saat – 26 manat,

    20-24 saat – 30 manat.

    Hər növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur.

    Qeyd edək ki, tariflər martın 27-dən tətbiq ediləcək.

    //oxu.az