Month: March 2024

  • Naxçıvan MR-in keçmiş vəzifəli şəxslərinin işi məhkəmə icraatındadır

    Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Əliyev Rafael Rza oğlu və Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Əsgərov Mənsur Turan oğlunun barəsində ibtidai araşdırması yekunlaşmış cinayət işi Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində məhkəmə icraatındadır.

    Qeyd olunan şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda vəsaitlərin mənimsənilməsi) maddəsi ilə nəzərdə tutuımuş əməlləri törətməkdə təqsirləndirililir.

    Qeyd edək ki, Rafael Əliyev və Mənsur Əsgərov 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən araşdırma tədbirləri nəticəsində cinayət məsuliyyətinə cəlb edilmişdirlər.
    //Report

  • Azərbaycan 2 aya meyvə-tərəvəz ixracından 100 mln. dollara yaxın gəlir əldə edib

    2024-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycandan 99 milyon 481 min ABŞ dolları dəyərində 87 min 71 ton meyvə-tərəvəz ixrac edilib.

    “APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 24.6% və ya 19.6 milyon ABŞ dolları, həcmi isə 28% və ya 19 min ton artıb. 2023-ci ilin ilk 2 ayında Azərbaycan 79 milyon 851 min ABŞ dolları dəyərində 68 min ton meyvə-tərəvəz ixrac edib.

    Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 30 milyon dollar dəyərində tomat (21.7 min ton) , 26.4 milyon dollar dəyərində xurma (33.3 min ton), 22,9 milyon dollar dəyərində meşə fındığı (3.8 min ton), 12.1 milyon dollar dəyərində alma (18.3 min ton ), 2,5 milyon dollar dəyərində nar (2.8 min ton), 198 min dollar dəyərində kartof (625 ton) olub.

    Əlavə edək ki, cari ilin yanvar-fevral aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2.08%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 21.86%-ə bərabər olub.

  • Bakıda mənzildə meyit tapılıb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

    Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

  • KİV: NATO hərbçiləri artıq Ukraynadadır

    NATO qüvvələri Qərbin göndərdiyi silahlara nəzarət, müşahidə əməliyyatları və təlimlər məqsədilə Ukrayna ərazisindədir.

    Bu barədə İspaniya qəzeti “El Pais” öz mənbələrinə istinadən məlumat yayıb. Məlumatda alyansın hərbi qüvvələrinin Ukraynadakı döyüş əməliyyatlarında birbaşa iştirak etmədikləri qeyd olunub. Qəzet ötən iki həftə ərzində bir sıra ukraynalı və avropalı hərbi mənbələrdən müsahibələr aldığını bildirilib.

    Məqalədə qeyd olunub ki, NATO ölkələrinin cəbhə xəttində vəziyyət, tədarük edilən silahların səmərəliliyi və onların istifadəsi ilə bağlı potensial problemlər, həmçinin hərbi yardımlarla əlaqəli mümkün korrupsiya hallarına dair yerli informatorları var.

    Qeyd olunub ki, Ukrayna tərəfindən vuruşan təqaüddə olan xarici döyüşçülər də həmin informatorlar arasındadır.

    Bundan başqa, iki mənbə qəzetə xüsusilə də Vaşinqtonun öz yardımlarını fəal şəkildə nəzarət etdiyini qeyd edib.
    //APA

  • Ramazanın doqquzuncu gününün duası – İmsak və iftar vaxtı

    Sabah Ramazan ayının doqquzuncu günüdür.

    Sabah imsak vaxtı saat 05:20-də, iftar vaxtı isə 19:06-dadır.
    İmsak duası:

    “Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl- müştaqin”.

    Tərcüməsi:

    İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!

    İftar duası:

    “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

    Tərcüməsi:

    “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

    Allah orucunuzu qəbul eləsin!

  • Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

    Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Novruz bayramı ilə əlaqədar Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir.

    Bu barədə Müdafiə Nazirlyindən bildirilib.

    Tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunur.

    Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq hərbi hissələrdə keçiriləcək silsilə tədbirlərdə hərbi qulluqçuların ailə üzvləri və yaxınlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı məhdudlaşdırılıb.

    Nazirlik ictimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına xüsusi diqqət yetirilməsi, şəxsi heyətin respirator virus infeksiyalara yoluxma hallarının qarşısını alınması məqsədilə görülən tədbirləri anlayışla qarşılamağı və bayram tədbirlərinə gəlməməyi xahiş edir.

  • Goranboyda mağazadan oğurluq olub

    Goranboy rayonunun Qaraçinar kəndində yerləşən mağazalardan birindən oğurluq edilib.

    Naməlum şəxs və ya şəxslər tərəfindən mağazadan tütün məmulatları, kontur kartları və pul aparatı oğurlanıb.

    Oğurluq faktını törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin tapılması üçün Goranboy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

  • Gəncədə iki nəfər mübahisə zəminində bıçaqlanıb

    Gəncə şəhərində iki nəfər mübahisə zəminində bıçaqlanıb.

    1995-ci il təvəllüdlü E.Əsgərov və 1985-ci il təvəllüdlü S.Məsimov mübahisə zəminində bıçaq xəsarətləri alıb.

    Hər iki şəxs xəstəxanaya aparılıb.

    Onların kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələ məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Ciddi əlavə təsirləri aşkarlanan dərmanlar haqqında bildirişlərin göndərilmə vaxtı uzadılır

    Tibb və əczaçılıq işçiləri dərman vasitəsinin satışda olduğu digər ölkələrdən əldə etdiyi dərman vasitəsinin istifadə təlimatında əks edilən məlumatlara uyğun olmayan ciddi əlavə təsirlər haqqında bildirişləri həmin məlumatı aldıqdan sonra 15 (on beş) təqvim günü müddətində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə göndərəcək.

    Bu, Baş nazir Əli Əsədovun imzaladığı “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik haqqında qərarda əksini tapıb.

    Yeni dəyişikliyə qədər dərman vasitəsinin satışda olduğu digər ölkələrdən əldə etdiyi bildirişlər dərman vasitəsinin fayda-risk nisbətini dəyişdirirsə, həmin məlumatı aldıqdan dərhal sonra Quruma göndərirdi.

    Təsiredici maddəsi Avropa Dərman Agentliyinin rəsmi internet saytında göstərilən “Dərman vasitələrinin Avropa İttifaqında (Aİ) qeydiyyat tarixləri və dövri olaraq yenilənən təhlükəsizlik hesabatının təqdim edilmə müddətləri siyahısı”na (List of EURDs and frequency of submission of PSURs) daxil edilən dərman vasitələrinə (təsiredici maddə əsas götürülməklə) münasibətdə dövri olaraq yenilənən təhlükəsizlik hesabatını dərman vasitəsinin qeydiyyat tarixinə uyğun olaraq həmin siyahı ilə müəyyən olunmuş müddətdə və dövrilikdə Quruma təqdim edəcək. İndiyədək dövri olaraq yenilənən təhlükəsizlik hesabatlarını dərman vasitəsi Azərbaycan Respublikasında dövlət qeydiyyatına alındıqdan sonra ilk 2 (iki) il müddətində altı aydan bir, növbəti 2 (iki) il müddətində ildə bir dəfə, həmçinin dərman vasitəsi yenidən dövlət qeydiyyatına alındıqdan sonra üç ildən bir hazırlayır və Quruma təqdim edirdi.

    Qərara görə, təsiredici maddəsi bu Qaydada qeyd olunan siyahıya daxil edilməyən dərman vasitələrinə (təsiredici maddə əsas götürülməklə) münasibətdə dövri olaraq yenilənən təhlükəsizlik hesabatını həmin dərman vasitələrinin ilk dövlət qeydiyyatı Azərbaycan Respublikasında olduğu halda onların qeydiyyata alındığı tarixdən və ya dərman vasitəsinin beynəlxalq qeydiyyat tarixindən etibarən ilk 2 (iki) il ərzində hər altı aydan bir, sonrakı 2 (iki) il ərzində ildə bir dəfə, sonrakı dövr ərzində – hər 3 (üç) ildən bir Quruma təqdim edəcək. Dövri olaraq yenilənən təhlükəsizlik hesabatını məlumat kilid tarixindən etibarən 90 (doxsan) təqvim günündən gec olmayaraq Quruma təqdim edəcək.

  • AFFA 4 nəfəri danışılmış oyunlarda iştiraka görə ömürlük futboldan uzaqlaşdırıb

    AFFA İntizam Komitəsi 4 nəfəri danışılmış oyunlarda iştiraka görə ömürlük futboldan uzaqlaşdırıb.

    Onlardan ikisi I Liqa təmsilçisi “İrəvan”ın oyunçuları Ege Atlam və Fəhmin Muradbəylidir.

    Bundan başqa, “Azərbaycan Qartalları” uşaq futbol klubunda məşqçi işləyən Rüfət Həsənov və Yusif Rüstəmov da danışılmış oyunlarda iştirak səbəbindən ömürlük futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.

    Həmçinin 4 nəfər danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 illik futboldan uzaqlaşdırılıb. Bunlar I Liqanın “İrəvan” klubundan Ramin Məhərrəmov, Kamal Mirzəyev, II Liqada çıxış edən “Baku Sportinq”in üzvü Vüqar Rəhimov və “Lerik”in oyunçusu Xətai Ramazanlıdır. Onların hər birinə 1 illik sınaq müddəti verilib.

    II Liqada mübarizə aparan “Qusar”ın vitse-prezidenti Elvin Xudadatov isə mərc oyunlarında iştirak səbəbindən 1200 manat cərimələnib, 2 illik futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.
    //report