Month: April 2024

  • Azərbaycan şahmatçısı Avropa çempionu olub

    Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanda keçirilən Avropa çempionatının qalibi olub.

    Qrosmeyster bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.

    Azərbaycan yarışda 10 şahmatçı ilə təmsil edilib.

  • Anar Məmmədli saxlanılıb

    Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumat verib.

    O bildirib ki, A.Məmmədli barəsində araşdırma aparılır.

  • Lənkəranda kollecdə 17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi həbs edildi

    Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinin gözətçisi, 2000-ci il təvəllüdlü Mehdi Quluzadə həbs edilib.

    Publika.az-ın əldə etdiyi məlumata görə, barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılan Mehdi bir neçə gün əvvəl həbs edilib.

    Araşdırmalar zamanı məlum olub ki, Mehdi ötən il aylıq 409 manat əmək haqqı ilə mühafizəçi vəzifəsinə işə qəbul edilib. Bundan sonrakı günlərdə o, Lənkəran şəhəri ərazisində Masallı rayon sakini, yetkinlik yaşına çatmamış Aysu (şərti adlı) ilə tanış olub. Masallıda yaşadığı evdən qaçan yeniyetmə qız Lənkəranda Mehdi ilə tanış olub və aralarında münasibət yaranıb. Bundan sonra Mehdi həmin qızı kollecin arxa qapısından içəri keçirib və bir müddət burada saxlayıb. O, bu vaxt ərzində yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olub.

    İtkin düşmüş qız barədə hüquq-mühafizə orqanlarının apardığı araşdırmalardan sonra onun kollecin gözətçisi ilə münasibəti üzə çıxıb və kollecə aid tikilidə gecələməsi müəyyənləşib.

    Faktla bağlı cinayət işi açılıb və aprelin 16-da Lənkəran Rayon Məhkəməsinin çıxardığı hökmlə Mehdi Quluzadə 1 il 9 ay müddətinə həbs cəzasına məhkum edilib.

    O, məhkəmə zalındaca həbs edilib.

  • Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək

    Mayın 4-5-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” ASC-nin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə İçərişəhərdə Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək.

    Bu barədə “Azərxalça” ASC məlumat yayıb.

    Məlumata görə, iki gün davam edəcək festivalda İçərişəhər ərazisində xalçaçılıq sənətinə həsr edilən bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bura qədim, müasir, eləcə də müəllif xalçalarından ibarət eksklüziv sərgilərin nümayişi, xalçatoxuma sənəti ilə bağlı böyüklər və uşaqlar üçün ustad dərsləri, maarifləndirici seminarlar, interaktiv teatr tamaşası, yarmarka, muğam axşamı və konsert proqramı daxildir. Milli Xalça Festivalı günlərində İçərişəhərin küçələri xalçalar və xalça ornamentli xüsusi dekorasiyalar ilə bəzədilərək xalçaların rəngarəng və sehirli gözəlliyinə bürünəcək.

    Xalçatoxuma sənəti ilə maraqlanan hər kəs xalçanın ərsəyə gəlməsinin bütün mərhələləri, xüsusən, ipliyin boyanması, çeşnilərin və naxışların vurulması, xalçanın toxunması, emalı, yandırılması, yuyulması prosesi ilə yaxından tanış ola biləcəklər. Ustad dərsləri zamanı “Azərxalça”nın ölkənin 14 regionundan gəlmiş toxucu və emal komandası qonaqlara xalça dəzgahı üzərində dərslər təqdim ediləcək. Həmçinin Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi Milli Xalça Festivalında öz stendləri ilə təmsil olunacaqlar.

    UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhərin ev sahibliyi edəcəyi Milli Xalça Festivalı Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsis edilmiş “Xalçaçı günü” peşə bayramına həsr edilir və UNESCO-nun Qeyri-maddi mədəni irs nümunələri siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənətinin təşviqi və yaşadılması missiyasını daşıyır.

  • Jerar Depardye polis idarəsinə çağırıldı: Həbs oluna bilər

    Fransalı aktyor Jerar Depardye cinsi qısnama iddiası ilə bağlı sorğu-sual olunmaq üçün Parisdə polis idarəsinə çağırılıb.

    Bu barədə BFMTV kanalı məlumat yayıb.

    Kanal Depardyenin həbs oluna biləcəyinə də aydınlıq gətirib. Aktyor iki qadın tərəfindən cinsi təcavüzdə ittiham olunub.

    Dindirilmə zamanı müzakirə olunan hadisələrin 2014-cü ildə Jan-Pyer Mokinin “Sehrbaz və Siamlılar” filminin və 2021-ci ildə Jan Bekkerin “Yaşıl Panjurlar” filminin çəkiliş meydançasında baş verdiyi bildirilib.

    Jerar Depardye ittihamları rədd edir.

  • “Air Astana” Almatıdan Bakıya uçuşların sayını artırıb

    Qazaxıstanın ən böyük aviaşirkəti “Air Astana” Almatıdan Bakıya uçuşların sayını artırıb.

    Bu barədə aviaşirkətin mətbuat xidməti xəbər yayıb.

    Bildirilir ki, 2024-cü il üçün beynəlxalq uçuşların yay cədvəlində Almatıdan Bakıya uçuşların sayı həftədə iki dəfədən üç dəfəyə qədər artırılıb.

  • Azərbaycanda nazirə iki yeni müavin təyin edilib

    Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Elmin Məmmədov və Şahin Babayev rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri təyin olunublar.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

    E.Məmmədov 1987-ci ildə anadan olub, 2005-2009-cu illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2009-2010-cu illərdə Almaniyanın Saarland Universitetində Avropa hüququ üzrə magistr təhsili alıb. O, 2011-2013-cü illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsində, 2013-2015-ci illərdə Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsində, 2015-2021-ci illərdə Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışıb, 2021-ci ildən bu təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində işləyib.

    Ş.Babayev 1988-ci ildə anadan olub, 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil alıb, Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür. O, əmək fəaliyyətinə 2011-ci ildə “Sumqayıt Texnologiyalar Parkı” MMC-də başlayıb. 2012-ci ildən “Azərkosmos”da çalışıb, 2021-ci ilə qədər qurumun Maliyyə departamentinin rəhbəri vəzifəsində işləyib, bu təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olub.

  • Bakıda 30 dərəcə isti olacaq – HAVA PROQNOZU

    Aprelin 30-na gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 14-17° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60%, gündüz 30-40% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
    Havanın temperaturu gecə 12-17° isti, gündüz 27-32° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.

  • Yeni təyin olunan icra başçısı kimdir? – DOSYE

    Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ovni Muradov Naxçıvan Muxtar Respublikasının (MR) Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

    Median.Az yeni təyin olunan icra başçısının dosyesini təqdim edir:

    Ovni Muradov bu təyinatadək Naxçıvan MR-in təhsil nazirinin müavini vəzifəsini tutub.

    Bir müddət təhsil naziri vəzifəsi vakant olduğundan o, həmin vəzifəni də icra edib.

    Bundan əvvəl isə O.Muradov Babək rayon E.Əliyev adına Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbinin direktoru, Babək Rayon Təhsil Şöbəsinin müdiri olub. İxtisasca tarixçi olan Ovni Murad həm də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (hazırkı Dövlət İmtahan Mərkəzi – red.) məktəblilər üçün Tarix testlər toplusunun müəlliflərindən biridir.

  • “Crocus” işi üzrə təqsirləndirilən şəxslə bağlı YENİ DETALLAR

    “Crocus City Hall”da baş verən terror aktının iştirakçısı Cumoxon Kurbonov və onun qardaşı Suxrob Moskvada tikintidə işləyiblər.

    Bu barədə “RİA Novosti”yə qardaşların yaşadığı hostelin əməkdaşı məlumat verib.

    Moskvanın Basmannı məhkəməsi terror aktı ilə bağlı aparılan istintaq çərçivəsində əslən tacikistandan olan 20 yaşlı Cumoxon Kurbonovun həbs müddətini mayın 22-dək uzadıb.

    İstintaqın məlumatına görə, o, şəriklərini rabitə vasitələri və xərcləri ödəmək üçün pulla təmin edib.

    Cinayət işi üzrə həbs olunmazdan əvvəl Cumoxon qardaşı Suxrob ilə xuliqanlığa görə 15 sutka inzibati həbs edilib.

    Suxrobun cinayət işinin bir hissəsi kimi tutulması ilə bağlı heç bir məlumat yoxdur.

    Qeyd edək ki, “Crocus”da törədilən terror aktı ilə bağlı indiyə qədər 12 nəfərin saxlanıldığı məlum olub.

    Xatırladaq ki, martın 22-də Moskva yaxınlığındakı Krasnoqorskdakı “Crocus City Hall” konsert zalında terror aktı baş verib.

    Silahlı şəxslər zala girərək tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb.

    Rusiya İstintaq Komitəsi “terror aktı” maddəsi ilə bağlı cinayət işi açıb.

    Hadisə nəticəsində 551 nəfər yaralanıb, 145 nəfər (altısı uşaq) həlak olub.
    //Baku.ws