Month: April 2024

  • Ana 3 yaşlı qızını caduya görə öldürdü

    ABŞ-da floridalı qadın bir qızını öldürüb, digərini isə şikəst etməkdə ittiham olunur.

    Lent.az xarici mediaya istinadla xəbər verir ki, 36 yaşlı Joan Zefir 2022-ci ilin mayında həbs edilib. Qadın Painsian kəndindəki kilsənin yanında avtomobilində huşsuz vəziyyətdə tapılıb. Onun səkkiz yaşlı qızı yolun kənarında, maşının yanında aşkar edilib. Arxa oturacaqda isə üç yaşında olan ikinci qızı ağır vəziyyətdə tapılıb.

    Üç yaşlı qız xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər. Dindirilmə zamanı qadın hadisədə “cadunu” günahlandırıb. Məlum olub ki, o, qızlarını ağardıcı içməyə məcbur edib, sonra isə ən kiçiyini boğub. Bundan bir müddət əvvəl o, ərinə bıçaqla hücum edib.

    Fevral ayında qadın üç ağır cinayət maddəsi ilə ittiham olunub. Dövlət ittihamçıları ona ölüm cəzası istəyiblər.

  • Bakının bu rayonunda bu gecədən qaz kəsiləcək

    Bu gün saat 23:00-dan etibarən Bakının Nəsimi rayonunun Abbasqulu ağa Bakıxanov küçəsi ilə Ağadadaş Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədilə qaz təchizatı dayandırılacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Məlumata görə, təmir-bərpa işləri aparılan müddətdə rayonun Cəlil Məmmədquluzadə, Nəsib bəy Yusifbəyli, Abbasqulu ağa Bakıxanov, Nəcəf bəy Vəzirov, Hüseynqulu Sarabski, Mərdanov Qardaşları, Hənifə Ələsgərov, Allahyar Nəsibov küçələri üzrə abonentlərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • İmişli-Biləsuvar yolunda “Prado” aşıb, ölənlər və xəsarət alanlar var

    İmişli-Biləsuvar avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

    “Report”un məlumatına görə, hadisə İmişli-Biləsuvar avtomobil yolunun 6-cı kilometrliyində, yolun İmişlidən keçən hissəsində qeydə alınıb.

    “Toyota Prado” markalı avtomobilin aşması nəticəsində Ramil Vəliyev və Adil Sadıqov dünyasını dəyişib.

    Avtomobildə olan sərnişinlər Fatma Şərifova, Abdullah Ramil, Muhəmməd Vüsal müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Elektron siqaretlərlə bağlı xəbərdarlıq – “Xərçəngə səbəb olur”

    Xəbər verdiyimiz kimi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycanda elektron siqaretin istifadəsinin qadağan olunmasını təklif edib. O bildirib ki, dünyanın bir çox ölkələrində bu siqaret növü getdikcə qadağan edilir.

    Tahir Mirkişili apardığı araşdırmaya görə, elektron siqaret gənclər arasında geniş yayılan, dəb, moda halını alan amma gələcəkdə çox ciddi şəkildə fəsadlara yol açacaq siqaret çəkmək növüdür:

    “Azərbaycanda buna qadağa yoxdur və il ərzində təxminin 3 milyona yaxın birdəfəlik elektron siqaret ölkəyə idxal olunur”.

    Məsələyə tanınmış həkim Abbas Bağırovun da münasibətini öyrəndik. Bizim.Media ilə söhbətində o bildirdi ki, bəzi adamlar əhali arasında “elektron siqaretlər zərərsizdir” kimi fikir formalaşdırır:

    “Lakin vəziyyət heç də belə deyil. Elektron siqaretlərin tərkibində bir sıra kimyəvi birləşmələr vardır ki, onlar bilavasitə ağciyər xərçənginin, ürək infarktının və bir sıra sağalmaz xəstəliklərin yaranmasına səbəb olur. Bu fikir Amerika alimlərinin canlılar üzərində aparılan elmi tədqiqatları nəticəsində öz təsdiqini tapıb və ABŞ da elektron siqaretlərin istifadəsinə qanunla qadağa qoyulub. Hər il siqaret çəkməyin orqanizmdə yaratdığı fəsadların təsirindən yer kürəsində yaşayan insanların səkkiz milyonu tələf olur. Statistik göstəricilər elektron siqaretlərin istifadəçiləri arasında da ölüm faizinin eyni templə artdığını təsdiqləyir”.

    Abbas Bağırov elektron siqaretlərin tərkibində olan qliserin və propilenqlikol kimi kimyəvi maddələr onun istifadəsi zamanı qızaraq tüstü əmələ gətirdiyini deyib:

    “Əgər elektron siqaretin tərkibində nikotin varsa, həmin nikotin doymuş hala keçərək daha zərərli xarakter alır, yoxdursa göstərdiyimiz digər birləşmələr aromatizatorlarla kimyəvi reaksiyaya girərək yeni zəhərli kimyəvi birləşmə əməl gətirir. Həmin birləşmələr isə öldürücü təsirə malikdirlər. Eyni zamanda, elektron siqaret istifadəçilərinin ağız boşluğu selikli qişasında, dişlərində, yuxarı və aşağı tənəffüs yollarında qaraciyər və mədə- bağırsaqlarında, oynaq və endokrin sistemlərində ciddi fəsadların ortaya çıxmasının dəfələrlə şahidi oluruq. Sinir sistemlərində isə müxtəlif psixi, nevroloji, psixo-nevroloji pozulmalar baş verir”.

  • Əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

    Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi rabitə xidmətlərinin göstərilməsi üçün müqavilələr bağlayarkən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bir sıra tələbləri nəzərdə tutan qanun layihəsi hazırlayıb.

    Median.Az “Azərtac”a istinadla xəbər verir ki, əcnəbilər sim-kartı yalnız biometriyadan istifadə etməklə əldə edə biləcəklər və artıq bağlanmış müqavilələri yeni qaydalara uyğun olaraq yenidən rəsmiləşdirilməli olacaqlar.

    Nazirliyin mətbuat xidməti qeyd edir ki, əcnəbilər müvafiq müqaviləni yalnız Vahid Biometrik Sistemdə qeydiyyatdan keçdikdən sonra bağlaya biləcəklər. Üstəlik, internet vasitəsilə sim-kart almaq qadağan ediləcək və bu, yalnız rəsmi rabitə mağazalarında və ya satış nöqtələrində həyata keçirilə bilər.

    Müqavilədə, həmçinin IMEI, yəni sim-kartın quraşdırılacağı mobil cihazın eyniləşdirmə kodu göstəriləcək. Sim-kartın başqa cihaza köçürülməsi halında operatorların rabitə əlaqəsini kəsəcəyi vurğulanır. Belə olan halda, istifadəçi cihazı dəyişdirmək istəsə, mobil operatorun ofisində müqaviləyə dəyişiklik edə biləcək. Həmçinin, əcnəbi 10-dan çox nömrəni qeydiyyatdan keçirə bilməyəcək.

    Rusiya operatorları 2025-ci il fevralın 1-dək bütün əcnəbilərə qaydalardakı dəyişiklik barədə məlumat verməlidir, gələn il martın 1-dək qədər sənədlər yenidən təqdim edilməlidir.

    Bundan əlavə, yeni qanun layihəsi sayəsində ruslar pasport məlumatları ilə qeydiyyata alınan bütün nömrələr haqqında Dövlət Xidmətləri haqqında məlumatları görə biləcəklər. Onların şəxsi hesablarında istifadə olunmayan nömrələri söndürə bilmək imkanı da olacaq.

    Yeni qaydalar qanun layihəsinin imzalandığı gündən qüvvəyə minəcək. Tələblərin pozulmasına görə inzibati məsuliyyət müəyyən ediləcək.

  • Pilləkənlərlə qalxmaq ömrü uzadır

    Şərqi İngiltərə və Norfolk Universitetindən olan Britaniya alimləri müəyyən ediblər ki, mütəmadi olaraq pilləkənlərlə qalxmaq ömrü əhəmiyyətli dərəcədə uzada bilər. “Azərtac” xəbər verir ki, tədqiqatın nəticələri Avropa Kardioloqlar Cəmiyyətinin (ECS) rəsmi saytında dərc edilib.

    Hesabatın müəllifləri bu mövzu ilə bağlı əlçatan elmi sübutlar toplayıb və metaanaliz aparıblar. Tədqiqatların hamısı pilləkənlərin sayından və yuxarı qalxma sürətindən asılı olmayaraq icmala daxil edilib.

    Yekun təhlildə ümumilikdə 480 479 iştirakçını əhatə edən doqquz tədqiqat yer alıb.

    Tədqiq olunan populyasiyanın tərkibinə həm sağlam insanlar, həm də ürək böhranı və ya periferik arteriya xəstəsi olanlar daxil edilib. Yaş həddi 35-84 arası dəyişib, respondentlərin 53 faizini qadınlar təşkil edib.

    Müəyyən olunub ki, pilləkənlərlə yuxarı qalxmaq istənilən səbəbdən ölüm riskinin 24 faiz azalması ilə əlaqəli olub, eləcə də pilləkənlərdən istifadə etməyənlərlə müqayisədə ürək-damar xəstəliklərindən ölüm ehtimalını 39 faiz azaldır. Alimlər qeyd edir ki, piyada gəzmək də ürək böhranı, ürək çatışmazlığı və insultdan qoruyur.

  • Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir? – AÇIQLAMA

    Böyük şəhərlərdə 24 saat işləyən növbətçi apteklər olur. Bakıda fəaliyyət göstərən bəzi apteklərin girişində 7 gün 24 saat işlədiyi yazılsa da axşam müəyyən saatdan sonra onların fəaliyyəti gözə dəymir. Gecə saatlarında dərmana ehtiyacı olanlar isə paytaxt küçələrində açıq aptek axtarışına çıxırlar.

    Bölgələrdə də durum eynidir.

    “Dərman vasitələri haqqında” Qanuna görə, aptek təşkilatlarına dair tələblər müvafiq icra orqanları tərəfindən müəyyən edilir.

    Bəs apteklərin iş rejimi necə tənzimlənməlidir?

    Mövzu ilə bağlı Bizim.Media-ya danışan farmakoloq Aydın Əliyev deyib ki, aptek rəhbərlərinin sərbəst qanunları var:

    “Apteklərin çoxu özəldir, yəni sahibkarındı. Ona görə də onların öz qanunları var. Amma insan hüquqları məsələsi önəmlidir. Əgər aptekin 24 saat işlədiyi yazılıbsa, işləməlidir. Həmin vətəndaşın ixtiyarı var ki, bu məsələni qaldırsın. İnsanlar etiraz edərək hətta həmin obyektin bağlanmasına da nail ola bilərlər. Hansı apteklər insanları o cür aldadırsa, siyahını müvafiq qurumlara vermək lazımdır”.

    O, dövlətə aid olan apteklərdə rejimin bir qaydada olduğunu bildirib:

    “Dövlətə aid olan apteklərdə rejim necədirsə, o cür də işləyirlər. Əczaxanalar gecə işləyəndə növbəli iş rejimi olmalıdır. Gecə işləyən işçiyə də əməkhaqqı verilməlidir. Bu gün biznes maraqları insan maraqlarından üstün tutulur”.

  • Avtobusların arxasında “gizlənən” sürücülər – VİDEO

    Avtobusların hərəkəti üçün ayrılmış xüsusi zolaqda minik avtomobilləri də hərəkət edir .

    Bəzi sürücülər yolun kamera nəzarəti olmayan hissələrindən yola daxil olaraq növbəti kameralı hissəyə qədər bu zolaqla gedir.

    Adətən səhər və axşam pik saatlarda bu hal yaşandığından avtobusların vaxtında öz məntəqəsinə çatmasına maneə yaranır.

    Məsələ ilə bağlı Baş DYP İdarəsinin inspektoru Elvin Hacıyev bildirdi ki, qeyd olunmuş yol istiqamətində kameralardan gizlənərək xüsusi zolaqlara daxil olan sürücülər ərazidə xidmət aparan polislər tərəfindən müəyyən olunur .

    Elvin Hacıyev bir daha avtobus zolaqlarına daxil olan sürücülərə xəbərdarlıq edib. DYP rəsmisinin sözlərinə görə, nəinki Bakı Sumqayıt şossesində olan avtobus zolağı, bütün paytaxt ərazisində yollar nəzarət altındadır.

    Qeyd edək ki, avtobuslar üçün nəzərdə tutulan zolağa daxil olan digər nəqliyyat vasitələrinin sürücülərini 40 manat məbləğində cərimə gözləyir.

    Ətraflı videomaterialda.

  • Moskva aeroportunda partlayış təhlükəsi elan edilib

    Moskvanın Vnukovo hava limanında partlayış təhlükəsi elan edilib.

    “Qafqazinfo” xəbər verir ki, təhlükə ilə əlaqədar aeroportun mərtəbələrindən birindən insanlar təxliyə edilib.

    Hazırda insidentlə bağlı araşdırma aparılır.

  • 40 azn rüsumu olan sağlamlıq arayışı mayın 1-dən kimlərə pulsuz veriləcək? – VİDEO

    İşə qəbul olmaq üçün tələb olunan sağlamlıq haqqında arayışı və sürücülüyə yararlı olmaq haqqında tibbi arayışları artıq elektron formada almaq mümkün olacaq.

    Sistem mayın 1-dən bütün tibb müəssisələrində aktivləşəcək.

    Tibbi arayışı elektron formada almaq üçün vətəndaşlar xəstəxanalarda quraşdırılacaq ödəniş terminalları vasitəsilə 40 azn rüsum ödəməli olacaqlar.

    Yalnız bundan sonra arayış müvafiq alt sistemlərdə görünəcək. Müəyyən şəxslərə isə tibbi arayışlar ödənişsiz əsaslarla veriləcək.

    Daha ətraflı videomaterialda.