Month: April 2024

  • Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı

    Aparıcı Azər Axşam yenidən ATV kanalında işə başlayıb.

    Axşam.az xəbər verir ki, o, “Bişir qazan” adlı proqramla efirə qayıdıb. Mətbəx və yarışma mövzusunda olan proqram həftədə bir dəfə yayımlanır.

    Qeyd edək ki, A.Axşam bir müddət əvvəl işsiz qaldığını, ATV-nin onunla çalışmaq istəmədiyini söyləmişdi.

    “İşim yoxdur. Ancaq serialdayam, veriliş yoxdur. ATV kanalından uzaqlaşdım, mənimlə işləmək istəmədilər”, – deyə o, açıqlamasında demişdi.

  • Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?

    Frensis Krik İnstitutu, ABŞ Milli Sağlamlıq İnstitutunun (NIH) Milli Xərçəng İnstitutu (NCI) və Danimarkadakı Aalborq Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma D vitamininin siçanlarda bağırsaq bakteriyalarının tərkibini dəyişdirərək xərçəng toxunulmazlığına əhəmiyyətli təsir göstərdiyini müəyyən edib.

    Qaynarinfo xəbər verir ki, Science jurnalında dərc olunan bu tapıntılar xərçəngin qarşısının alınması və müalicəsi üçün yeni perspektivlər aça bilər.

    Tədqiqatçılar D vitamini ilə zəngin bir pəhriz istehlak edən siçanların eksperimental olaraq köçürülmüş şişlərə qarşı daha yaxşı immun müqavimət göstərdiyini və immunoterapiyaya daha təsirli cavab verdiyini aşkar edib. Bu təsir qanda D vitaminini bağlayan və toxumalarda saxlayan zülal çıxarıldıqdan sonra da davam edib.
    D vitamininin bağırsaq epiteliya hüceyrələrinə təsir göstərdiyi, müəyyən növ bakteriyaların, o cümlədən Bacteroides fragilis-in böyüməsini stimullaşdırdığı sübut edilib. Bu mikrob xərçəngə qarşı toxunulmazlığı artırır, şişlərin böyüməsinə mane olur.

    Bakteriyaların xərçəng toxunulmazlığına təsirini yoxlamaq üçün müntəzəm qidalanan siçanlara Bacteroides fragilis verilib. Bu, həm də şiş böyüməsinə qarşı müdafiənin yaxşılaşmasına səbəb olub, lakin D vitamini çatışmazlığında təsir hiss olunmayıb.

    Danimarkada 1,5 milyon insan haqqında məlumatların təhlili aşağı D vitamini səviyyəsi ilə xərçəng riskinin artması arasında əlaqəni təsdiqləyib. D vitamini səviyyəsi yüksək olan insanlar, immun əsaslı xərçəng müalicələrinə daha yaxşı cavab verirlər.

    Bacteroides fragilis də insan mikrobiomunda tapılsa da, D vitamininin bu mexanizm vasitəsilə xərçəng toxunulmazlığını yaxşılaşdıra biləcəyini müəyyən etmək üçün daha çox araşdırma tələb olunur.

    Francis Crick İnstitutundan Cayetano Reis e Souza qeyd edib ki, D vitamini bağırsaq mikrobiomunu tənzimləyir, xərçəngə qarşı daha yaxşı toxunulmazlıq təmin edən bakteriyaların əmələ gəlməsini təşviq edir. Bununla belə, bu prosesin mexanizmlərini başa düşmək üçün daha çox iş tələb olunur.

    İngiltərənin Mançester Xərçəng Tədqiqatının Xərçəng İmmunnəzarət Qrupunun direktoru Evangelos Giampasolias yeni xərçəng müalicəsi üsullarını inkişaf etdirmək üçün D vitamininin bağırsaq mikrobiomuna faydalı təsirlərinin arxasında duran amillərin müəyyən edilməsinin vacibliyini vurğulayıb.

    NCI-dən Romina Qoldşmid deyib ki, bu tapıntılar mikrobiotanın xərçəng toxunulmazlığında rolu haqqında anlayışı gücləndirir və müalicənin nəticələrini yaxşılaşdırmaq üçün pəhriz müdaxilələrinin potensialını göstərir. Əlavə tədqiqat fəaliyyət mexanizmlərini daha dəqiq müəyyən etməyə və fərdi müalicə strategiyalarını inkişaf etdirməyə kömək edəcək.

    Böyük Britaniya Xərçəng Araşdırmasından Dr Nisharnti Duqqan bu günə qədər sübutların əsasən siçan araşdırmalarına və əhaliyə aid məlumatlara əsaslansa da, D vitamininin immunitet sistemi üçün əhəmiyyətini və xərçəngin qarşısının alınması və müalicəsində potensial istifadəsini təsdiqlədiyini söyləyib.

  • Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

    “Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.

    Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla sağlamlıq haqqında arayışların elektronlaşdırılması ilə bağlı qərardan danışarkən deyib.

    Professorun fikirincə, səhiyyə bir sistemə keçdikdən, bütün respublika üzrə vahid sistem kimi fəaliyyət göstərdikdən, ailə-həkim institutu formalaşdıqdan, xəstələrin bütün sənədləri həmin proqramda öz əksini tapdıqdan sonra əlbəttə arayış vermək asan olacaq:

    “Bir də ki, başqa dövlət orqanları bu cür arayışları da əldə edə biləcəklər. Amma bunun üçün xeyli iş görmək lazımdır. Hər bir kəsin xəstəlik tarixcəsi olmalıdır. Çünki sağlamlıq arayışları çox vacibdir. Həmin arayışı alan şəxsin ictimai iaşə müəssisəsində işləmək məsələsi ortaya çıxa bilər. Yəni, təlabatlar çox vaxt belə yerlərdən olur”.

    Adil Qeybulla bu arayışların verilməsində hər kəsi diqqətli olmağa səsləyib:

    “Dürüst olsunlar, vətəndaşın real durumunu əks etdirsinlər. Bu baxımdan da xeyli iş görülməlidir. Vətəndaşların sağlamlıq parametrləri dəqiq olaraq proqrama yerləşdirilməlidir”.

    Qeyd edək ki, tibbi arayışların verilməsi elektronlaşdırılıb. Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov məlumat verib. O, “Ən çox tələb olunan tibbi arayışlar elektronlaşdırılıb. Bu, kağız üzərində olan arayışlara bərabər olacaq. Mayın 1-dən etibarən sağlamlıq haqqında arayış və sürücülüyə yararlı olmaq barədə tibbi arayışları elektron formada tibb müəssisələrində rahat və operativ şəkildə əldə etmək mümkün olacaq”-deyə, bildirib.

  • “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib

    Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib.

    SOCAR-dan “Report”a verilən məlumata görə, mərasimdə öncə yeni kolleksiya ilə bağlı təqdimat edilib.

    Tədbirdə çıxış edən “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov 3 xalçadan ibarət “Xarıbülbül” kolleksiyasının “Azərxalça” ASC ilə SOCAR arasındakı əməkdaşlığın nəticəsində ərsəyə gəldiyini bildirib, birgə layihələrin gələcəkdə də davam etdiriləcəyinə inamını ifadə edib.

    İdarə Heyətinin sədri yeni kolleksiyada Vətən müharibəsində parlaq Zəfərin rəmzi olan Xarıbülbülün milli xalça əlifbasına uyğun olaraq xalça dilində, xalça çeşnisi kimi toxunub cəmiyyətə təqdim olunduğunu, xalçaların üzərində möhtəşəm Qələbəmizlə bağlı detalların əksini tapdığını diqqətə çatdırıb.

    SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli ordumuzun şücaəti nəticəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin xalqımızın və dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdiyini, Qələbəmizin simvolu olan “Xarıbülbül” elementli xalça nümunələrinin hazırlanması layihəsində iştirakın böyük məmnunluq doğurduğunu diqqətə çatdırıb.

    Vitse-prezident xalçaçılıq sahəsinin inkişafının regionlarda məşğulluq səviyyəsinin yüksəldilməsi və qadınların əmək bazarına inteqrasiyası ilə yanaşı, xalqın milli dəyərlərinin, maddi və mənəvi irsinin qorunub saxlanılmasına da əhəmiyyətli töhfələr verdiyini bildirib.

    Xalqın milli təfəkkürünə əsaslanan və istedadının məhsulu olan Azərbaycan xalçalarının hər zaman müxtəlif ölkələrdə də böyük diqqət və marağa səbəb olduğunu söyləyən SOCAR-ın kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova Azərbaycanda xalça sənətinin qorunması və inkişaf etdirilməsinin daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb. İcraçı direktor Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bölgələrə səfərləri zamanı “Azərxalça” ASC-nin filiallarının açılışlarında şəxsən iştirak etmələrinin, xalçaçılarla səmimi görüşlərinin bu qədim sənət növünə, xalçaçıların əməyinə verilən yüksək dəyərin təzahürü olduğunu qeyd edib.

    Kolleksiyanın yaranma səbəbləri və xalçalarda əks olunan elementlər haqqında məlumat verən kolleksiyanın ideya müəllifi, Əməkdar rəssam Rəşad Ələkbərov xalçalarda ümumi böyükölçülü Xarıbülbülün xüsusi elementlər formasında, xalça dilində təqdim olunduğunu diqqətə çatdırıb. Əməkdar rəssam məhz bu kolleksiya daxilində Azərbaycanda ilk dəfə sıfırdan Qarabağ qrupuna aid xalça çeşnisinin yaradıldığını bildirib.

    Kolleksiyanın hazırlanmasında iştirak edən xalçaçı Zemfira Məmmədova ölkədə bu qədim sənət növünə, onun inkişafına göstərilən dövlət qayğısından, peşəkar xalçaçıların hazırlanması istiqamətində görülən işlərdən, eyni zamanda, peşəsinə olan böyük sevgisindən bəhs edib.

    Daha sonra xalçaların kəsim mərasimi keçirilib.

    SOCAR tərəfindən “Azərxalça” ASC-yə milli enerji strategiyamızın banisi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan poçt markaları hədiyyə olunub.

    Qeyd edək ki, ənənələri özündə qoruyan, müasir üsulda toxunan “Xarıbülbül” xalçalarının hazırlanmasında Azərbaycanda ilk dəfə həm yun, həm də ipək saplardan istifadə olunub.

  • Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

    Şimali Koreya yeni hərbi zavodda istehsal edilmiş 240 millimetrlik yaylım atəşli reaktiv sistemi sınaqdan çıxarıb.

    Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

    Sınaq atışlarında ölkənin rəhbəri Kim Çen In da iştirak edib.

  • Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək

    Ukraynada hərbi xidmətə məhdud yararlı şəxslər ordu sıralarına cəlb olunacaq.

    APA-nın yerli “24-й Канал”a istinadən xəbərinə görə, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, dörd kateqoriyaya bölünəcək belə çağırışçıların bir qismi döyüş mövqelərinə, ikinci və üçüncü kateqoriyalara aid olanlar isə hərbi məktəblərə və komissarlıqlara göndəriləcək.

    Yerdə qalan iki kateqoriyaya daxil olan çağırış yaşlı, amma xidmətə məhdud yararlı olanlar isə daha çox spesifik tapşırıqların icrasına cəlb olunacaq.

  • Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var

    Salyanda avtomobil traktorla toquşub.

    Bakı sakini, 1992-ci il təvəllüdlü Əhmədov Rəvan Mahmud oğlu idarə etdiyi “Tayota Prius” markalı avtomobili traktora çırpıb.

    Nəticədə ağır xəsarət alan sürücü Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.
    //APA

  • “Dərinsulu Günəşli” platformasından hasilat müvəqqəti dayandırılıb

    BP Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin əməliyyatçısı kimi məlumat verir ki, AÇG-nin illik iş proqramının bir hissəsi olaraq Dərinsulu Günəşli platformasında planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirilir.

    BP-dən “APA-Economics”ə verilən məlumata görə, plana əsasən “Dərinsulu Günəşli” platformasından hasilat aprel ayının 25-dən başlayaraq 15 gün müddətinə dayandırılıb ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparılsın.

    Bu proqram çərçivəsində müxtəlif layihələr, o cümlədən ventillərin dəyişdirilməsi, radioizotop mənbələrin dəyişdirilməsi və vacib təmir işləri həyata keçiriləcək.

    Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə həyata keçirilir. Bu proqramın planlaşdırılması işlərinə 2023-cü ildən başlanmışdır və proqram üzrə həyata keçirilən işlər 2024-cü ilin illik iş proqramı və büdcəsinə daxil edilmişdir. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilmişdir.

    AÇG-nin digər platformalarından, həmçinin Şahdəniz yatağının platformalarından hasilat, Səngəçal terminalında əməliyyatlar, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri (CQBK və CQBKG) vasitəsilə ixrac əməliyyatları normal davam edir.

    Bu planlaşdırılmış proqram obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının vacib bir hissəsidir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarətdir ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.

  • Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb

    Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzadan 38 il ötür. 1986-cı ilin 26 aprelində baş vermiş həmin dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması işlərində Azərbaycandan da xeyli sayda insan iştirak edərək öz töhfəsini verib.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, Prezident İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısı digər əlilliyi olan şəxslər kimi, Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin də sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm addımların atılmasına imkan verib. Əlilliklərinin səbəblərinə görə həmin şəxslər Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər (2047 nəfər) və Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxslər (1824 nəfər) olmaqla iki qrup üzrə müəyyən ediliblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərin mənzillə və avtomobillə təminatı həyata keçirilir.

    Həmçinin bu kateqoriyadan olan şəxslərə Prezidentin aylıq təqaüdü (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 500 manat, 61-80 faiz pozulmasına görə (II dərəcə) 400 manat, 31-60 faiz pozulmasına görə (III dərəcə) 330 manat) ödənilir.

    Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslər də Prezidentin aylıq təqaüdü (200 manat, I dərəcə gözdən əlilliyi olanlar 300 manat) ilə təmin olunur.

    Hər iki qrupdan olan əlilliyi olan şəxslər əlilliyə görə pensiya, bir qismi isə əlilliyə görə aylıq müavinət (əlillik dərəcələri üzrə müvafiq olaraq 270 manat, 220 manat, 150 manat), bütün I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü (100 manat) ödənilir.

    Qeyd edək ki, aparılan islahatlar nəticəsində son 5 ildə pensiyaların orta aylıq məbləği 2 dəfədən çox, müavinət və təqaüd ödənişləri isə 5 dəfə artıb.

    Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, həmçinin Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına aylıq sosial müavinət də verilir.

    Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin hər il birdəfəlik müavinətlə, həmçinin tibbi-sosial reabilitasiya xidmətləri, sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı da həyata keçirilir.

  • Füzulidə 3 otaqlı ev yanıb

    Füzuli rayonunun Alxanlı kəndində ümumi sahəsi 42 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 24 m² sahədə yanıb.

    Median.Az FHN-ə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.