Month: May 2024

  • ATƏT sədri Bakıya gələcək

    ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borq Azərbaycana səfər edəcək.

    Bu barədə ATƏT sədri Ermənistanda xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.

    O bildirib ki, Cənubi Qafqaz regionuna səfəri çərçivəsində mayın 14-də Bakıda görüşlər keçirəcək.

    Borq həmçinin bildirib ki, ATƏT Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesini alqışlayır.

    “Biz Ermənistanla Azərbaycan arasında delimitasiya prosesini dəstəkləyirik. Danışıqlar prosesi etimad mühitində olmalı, bərabər tərəflər arasında danışıqlar aparılmalıdır”, – deyə o, vurğulayıb.

    Mənbə: TASS

  • Əməkdar artist vəfat etdi

    Azərbaycanın Əməkdar artisti Faiq Sadıqov xəstəxanada 76 yaşında dünyasını dəyişib.

    Manset.az xəbər verir ki, bu barədə onun qızı Əminə Sadıqova məlumat verib.

    Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqov müalicə aldığı xəstəxanada vəfat edib.

    Qeyd edək ki, F.Sadıqov bir müddət əvvəl paytaxtdakı özəl klinikaya yerləşdirilmişdi.

  • 11-ci sinif şagirdi faciəvi şəkildə öldü

    Sumqayıtda məktəblinin ölümü ilə nəticələnən yol qəzası baş verib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhərin Nəriman Nərimanov küçəsində minik avtomobili 2006-cı il təvəllüdlü Aydan Həbibovanı vurub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qızın həyatını xilas etmək mümkün olmayıb.

    Bildirilib ki, Aydan Həbibova Sumqayıt şəhəri Anar Şükürov adına 25 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olub. O, ötən ay keçirilən buraxılış imtahanında 227 bal toplayıbmış.

    Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

  • Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu

    Qəbələ Rayon Məhkəməsində Qəbələ Rayon Mərkəzi Xəstəxanasının həkim anestezioloq-reanimatoloqu Vahid Babayevə hökm oxunub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, V.Babayev İsmayıllı sakini, 1990-cı il təvəllüdlü Murad Süleymanlının əməliyyat vaxtı ölməsinə görə təqsirli bilinib.

    Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirləndirilən həkim məhkəmədə bildirib ki, hadisənin baş verdiyi gün rəsmi iş günü olmayıb. O, əməliyyatda anestezioloq kimi Telman və Azər adlı həkimlərin iştirak etdiyini, daha sonra ondan kömək istənildiyini deyib. Həkim yoldaşlarına kömək etmək məqsədilə əməliyyat otağına daxil olan 69 yaşlı Vahid Babayev kritik durumda olan xəstəyə kömək üçün ona əlavə narkoz verdiyini, həyatda qalması üçün əlindən gələni etdiyini bildirib.

    Murad Süleymanlının qardaşı Orxan Süleymanlı isə qardaşının ölümünə Telman və Azər adlı anestezioloqlarla yanaşı, onu əməliyyata götürən Elşad adlı cərrahın da səbəb olduğunu deyib. O, Vahid Babayevin yaşı ilə əlaqədar önə verildiyini, əsl günahkarın digər həkimlər olduğunu iddia edib:

    “Qardaşım vəfatından bir gün əvvəl Elşad həkimin qəbulunda olub, qasıq yırtığı və ödündə olan daşla əlaqədar əməliyyat olunmaq istədiyini bildirib. Bununla bağlı analizlər verib. 13 yanvar 2023-cü il tarixində saat 16:00-a qədər Qəbələ rayonunda olduq. Sonra Elşad qardaşımı çağıraraq bir gün sonra, yanvarın 14-ü əməliyyat olunacağını bildirib. Səhəri gün qardaşım anam və atamla birgə xəstəxanaya gedib. Həkim dərhal qardaşımı əməliyyat otağına göndərib. Elşad həkim əməliyyat zamanı orada olmayıb. Yalandan yazıblar ki, guya əməliyyat vaxtı orada olub. Guya qardaşımın ölümünə səbəb kimi onun kök olması və boynunun daralması göstərilib, lakin elə bir hal olmayıb.

    Fotoda: Murad Süleymanlı

    Bir müddət sonra Elşad həkim valideynlərimi çağıraraq qardaşımın ölümü barədə xəbər verib. Yalnız Vahid həkimin təqsirkar kimi göstərilməsindən narazıyıq. Necə olur ki, Telman həkim narkoz vuran kimi səhhəti pisləşib və əməliyyatı tərk edib? Dəhlizdə olan kameraların çəkdikləri də üzə çıxmayıb. Biz Elşad həkimdən şikayətçiyik. Atam əməliyyatdan əvvəl Elşad həkimdən əməliyyatın necə keçəcəyini soruşub, o da çox asan olacağını bildirsə də, 1 saatdan sonra ölüm xəbərini verib. Vahid doktorun yaşı çoxdur deyə onu təqsirli biliblər. Əməliyyatda iştirak edən həkimlərin işdən çıxarılmasını, qardaşımın ölümünə səbəb olanların hamısının cəzalandırılmasını tələb edirik”.

    Şahid kimi ifadə verən cərrah Elşad Salihovun Murad Süleymanlının ölümündən sonra Qəbələdə xəstəxanadakı işini tərk etməsi və Bakıda cərrah kimi çalışması məlum olub. O, ifadəsində bildirib ki, həmin əməliyyat otağına daha daxil ola bilmədiyi üçün Qəbələdəki iş yerini tərk edib. Bundan başqa, əməliyyat zamanı Elşad Salihovun Rusiyada həkim kimi çalışan oğlunun da əməliyyat otağında olması məlum olub.

    Qəbələ Rayon Məhkəməsi Murad Süleymanlının ölümünə görə həkim anestezioloq Vahid Babayevi təqsirli bilərək ona 3 il azadlıqdan məhrumetmə cəzası verib. Həkimin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcəyi qeyd edilib.

    Xatırladaq ki, ailəli olan Murad Süleymanlının 2 uşağı var. O, biznes fəaliyyəti ilə məşğul olurmuş.

  • Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

    İkisi azyaşlı olmaqla beş nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun psixoloji vəziyyəti ilə bağlı yekun ekspertiza rəyi açıqlanıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, prokurorluğun etirazı əsasında keçirilən budəfəki ekspertiza rəyi də Əhməd Əhmədovun anlaqsız olduğu qənaətinə gəlib.

    Rəydə qeyd olunur ki, təqsirləndirilən şəxs hadisəni törədərkən anlaqsız vəziyyətdə olub.

    Məlumat üçün deyək ki, bundan əvvəlki ekspertiza rəyi də hazırkı ilə eyni olmuşdu.

    Bundan sonrakı mərhələdə Ə.Əhmədova yekun ittiham elan ediləcək, cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək.

    Məhkəmə də təqsirləndirlən şəxsin hadisəni anlaqsız vəziyyətdə törətdiyi qənaətinə gəlsə, Əhməd Əhmədov cəzadan azad ediləcək. Lakin o, azadlığa buraxılmayacaq, barəsində ixtisaslaşmış tibb müəssisəsində məcburi müalicə təyin ediləcək.

    Qeyd edək ki, fevral ayının 13-də 5 nəfər ailə üzvünün qəsdən öldürülməsinə dair Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 4 aprel 2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Ə.Əhmədovun cinayətin törədildiyi anda psixi vəziyyətinin yenidən müayinə olunması üçün 5 aprel 2024-cü il tarixdə təkrar komission məhkəmə-psixiatrik ekspertizası təyin olunub və o, məhkəmənin qərarı ilə tibb müəssisəsinə yerləşdirilib.

    Xatırladaq ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası – 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası – 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

  • Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? – DOSYE (FOTO)

    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə general-mayor Müşfiq Məmmədov Xıdır oğlu Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsinə təyin olunub.

    Median.Az yeni təyin olunan rəisin dosyesini təqdim edir:

    Müşfiq Məmmədov Hərbi Akademiyanın məzunudur.

    Əslən Laçın rayonundan olan M.Məmmədov həm də Azərbaycanın Bolqarıstanda akkreditə olunmuş hərbi attaşesi vəzifəsini icra edib.

    Prezidentin “general-mayor” ali hərbi rütbəsinə layiq gördüyü Müşfiq Məmmədov Azərbaycanın Ankaradakı səfirliyinin hərbi attaşesi olub.

    O, 2020-ci ildə “Vətən uğrunda” medalı ilə təltif edilib.





  • Prezident İlham Əliyev qəbul keçirib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolaunu və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audleyi qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.



  • В Минобороны произведено назначение на высокую должность

    Генерал-майор Мушфиг Мамедов назначен начальником Главного управления по личному составу Минобороны Азербайджана, сообщает Report.

    Данную информацию подтвердили в оборонном ведомстве. Было отмечено, что генерал назначен на новую должность соответствующим распоряжением Президента Азербайджана Ильхама Алиева.

    Ранее это управление возглавлял Керим Велиев, который в настоящее время является начальником Генерального штаба азербайджанской армии. После назначения К.Велиева главой Генштаба обязанности начальника Главного управления по личному составу исполнял генерал-майор Эльчин Халилов.

    Отметим, что М.Мамедов до этого назначения был военным атташе Азербайджана в Турции. Он также исполнял обязанности военного атташе Азербайджана, аккредитованного в Болгарии.

  • Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT

    Azərbaycan Müdafiə Nazirliyində Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub.

    “Report” xəbər verir ki, bu vəzifə general-mayor Müşfiq Məmmədova həvalə olunub.

    Məlumatı Müdafiə Nazirliyi təsdiqləyib. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə general-mayor Müşfiq Məmmədov Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsinə təyin olunub.

    Xatırladaq ki, idarənin əvvəlki rəisi hazırda Azərbaycan Ordusunun Baş Qərargah rəisi olan Kərim Vəliyev idi. K.Vəliyev Baş Qərargah rəisi təyin olunduqdan sonra bu vəzifəni general-mayor Elçin Xəlilov icra edib.

    Qeyd edək ki, M.Məmmədov bu təyinata qədər Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub. O, eyni zamanda Azərbaycanın Bolqarıstanda akkreditə olunmuş hərbi attaşesi vəzifəsini də icra edib.

  • Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq

    Hindistan qarşıdakı on il ərzində İranla Çabahar limanının idarə edilməsinə dair saziş imzalamaq və onu Azərbaycanın mühüm nəqliyyat qovşağı olduğu Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə əlaqələndirmək niyyətindədir.

    Xəbəri yayan mənbə yazır ki, Hindistanın limanlar, gəmiçilik və su yolları naziri Sarbananda Sonoval sazişi imzalamaq üçün bazar ertəsi İrana səfər edəcək. Hindistan ilk dəfədir ki, xarici limanın idarəçiliyini öz üzərinə götürür.

    Yeni müqavilə 10 il müddətinə qüvvədə olacaq və avtomatik yenilənəcək. Gələcəkdə Hindistanın Çabahar vasitəsilə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinə qoşulması planlaşdırılır.

    Bu ticarət marşrutu Hindistan və Fars körfəzi ölkələrindən İran, Azərbaycan və Rusiya əraziləri vasitəsilə, o cümlədən bu üç ölkənin dəmir yollarını birləşdirərək Qərbi və Şimali Avropaya yüklərin daşınması üçün nəzərdə tutulub.

    Dəhlizin əsas üstünlüyü yüklərin çatdırılma müddətinin iki-üç dəfə azalmasıdır. Çabahar limanı İranın cənub-şərqində yerləşir. Hindistan və İran 2003-cü ildə limanın birgə inkişafı ilə bağlı razılığa gəliblər, lakin sonradan İrana qarşı beynəlxalq sanksiyalara görə layihə təxirə salınıb.

    2016-cı ildə Hindistanın baş naziri Narendra Modi Tehrana səfəri zamanı Nyu-Delhinin liman infrastrukturunun tikintisinə 500 milyon dollar sərmayə qoymaq niyyətini açıqlamışdı.

    2016-cı ilin mayında Hindistan limanda Şəhid Beheşti terminalının tikintisi üçün İran və Əfqanıstanla üçtərəfli saziş imzalayıb.

    Mənbə: The Economic Times