Month: May 2024

  • Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək – RƏSMİ

    “Yaxın günlərdə Xocalı şəhərinə 50 ailənin köçürülməsi nəzərdə tutulur”.

    Bunu “Report”un sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev deyib.

    Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır.

    “Böyük Qayıdışa dair birinci Dövlət Proqramının icrası çərçivəsində Xocalı şəhəri yenidən salınır. Yaxın günlərdə şəhərdə bərpa edilmiş və yenidən tikilmiş fərdi yaşayış evlərinə 50 ailənin köçürülməsi nəzərdə tutulur”, – İ.Mirzəyev qeyd edib.

  • Mariya Stadnikə ağır itki

    Azərbaycanın qadın güləşçisi Mariya Stadnikin atası Vasili Stadnik vəfat edib.

    Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

    Bildirilib ki, Vasili Stadnik uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

  • Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb

    Sumqayıt şəhəri Corat qəsəbəsində 10 aylıq körpə qız uşağı ölüb.

    APA xəbər verir ki, 2023-cü ilin iyul ayında anadan olan Zenfira Seyfi qızı Məmmədovanın yatdığı yerdə boğularaq öldüyü bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • В Центробанке Азербайджана произведено новое назначение

    Мехрибан Мамедова назначена директором Департамента правового обеспечения финансовых рынков Центрального банка Азербайджана (ЦБА).

    Как сообщает Report, председатель ЦБА Талех Кязымов подписал соответствующий приказ.

    До этого назначения М.Мамедова работала на различных должностях в Центробанке.

  • Mərkəzi Bankda YENİ TƏYİNAT

    Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə bazarlarının hüquqi təminatı Departamentinə direktor təyin edilib.

    “Report” xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov əmr imzalayıb.

    Əmrə əsasən, sözügedən vəzifə Mehriban Məmmədovaya həvalə olunub.

    Son illər ərzində M.Məmmədova Mərkəzi Bankda müxtəlif vəzifələrdə çalışıb.

  • “Nərmin işi”: İlkin Süleymanovdan xəbər var

    Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən və 18 il müddətinə azadlıqdan məhrum edilən İlkin Süleymanovdan xəbər var.

    Vəkil Əlibaba Rzayev Qaynarinfo-ya açıqlamasında İlkin Süleymanovun saxlandığı yerindən narazı olmadığını vurğulayıb.

    “5 ildir həbsxanadadır, heç bir sübut olamadan həbsdə saxlanılır. İlkinin gələcəyə inamı var, deyir gec-tez bu iş üzrə bəraət alacam. Hansısa mərhələdə ona bəraət verilməlidir”, deyə vəkil bildirib.

    Vəkil cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsində prosesin davam etdiyini diqqətə çatdırıb:

    “Bir neçə gün öncə İlkin Süleymanovun işi üzrə məhkəmə iclası keçirilib. Biz orada məhkəmə tərkibinə etriaz verdik, bu iş üzrə məhkəmənin obyektiv araşdırma aparmadığını dedik. İlkin hazırda Gəncə 2 saylı istintaq təcridxanasında saxlanılır. Gəncə Apellyasiya Məhkəməsində iş üzrə proses davam edir”.

    Vəkil növbəti məhkəmə iclasının mayın 22-ə təyin olunduğunu bildirib.

    Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

  • İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

    İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib.

    Bu barədə “El Pais” qəzetində yazı dərc olunub.

    Nəşrin yazdığına görə, “Rocahepevirus ratti” (RHEV) virusu ilk dəfə 2010-cu ildə Almaniyada aşkar edilib, lakin indiyə qədər hesab olunurdu ki, insanlar bu virusa yoluxa bilməzlər. Lakin 2018-ci ildə siçovul hepatiti E virusuna yoluxmuş ilk şəxs barədə məlum olub.

    “Yeni xəstələr İspaniyanın Əndəlüs, Qalisiya, Navarra və Kataloniya kimi bir-birindən uzaq ayrı-ayrı bölgələrindəndir. Bu, virusun ölkə ərazisində böyük bir hissədə mövcud olduğunu göstərir. Bu 40 yoluxma halı 10 xəstəxanada 250-dən çox xəstədən götürülmüş nümunələrin təhlili əsasında müəyyən edilib”, – deyə Kordobanın Maymonida (Imibic) Biotibbi Tədqiqat İnstitutunda hepatit üzrə ixtisaslaşmış tədqiqatçı Antonio Rivero Xuares bildirib.

    Virusun gəmiricilərdən insanlara necə keçdiyi hələlik müəyyən edilməyib. Bir fərziyyəyə əsasən, insanlar bu virusa daşıyıcı siçovulların nəcisi və ya sidiyi ilə çirklənmiş maddələrlə təmasda olduqdan sonra yoluxa bilərlər.

  • Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi

    “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İnfranstruktur departamentinin keçmiş rəisi Mehman Əhmədov məhkəməyə verilib.

    Qaynarinfo xəbər verir ki, iddiaçı “MKT İstehsalat Kommersiya” MMC-dir.

    Şirkətin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. İş hakim Kənan Hüseynovun icraatındadır. Məhkəmə çəkişməsi alqı-satqı müqaviləsinə dair mübahisələrlə bağlıdır.

    Mehman Əhmədov bir müddət əvvəl ailə üzvlərini qətlə yetirən Əhməd Əhmədovun atası kimi gündəmə gəlmişdi. Lakin sonradan məlum oldu ki, Mehman Əhmədovla Əhməd Əhmədovun atasının sadəcə adı, ata adı və soyadları üst-üstə düşüb.

    “MKT İstehsalat Kommersiya” MMC-yə gəlincə, şirkətin adına fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes qurumlarının mediada tirajlanan siyahısında rast gəlinir.

  • Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb


    Rusiyanın Sankt-Peterburq şəhərində avtobusun çaya aşdığı hadisə ilə bağlı yeni detallar üzə çıxıb.

    Median.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Taksi” adlı daşıyıcı şirkətin rəhbəri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsi (“Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər göstərmə”) ilə ittiham olunub.

    İstintaq onun barəsində həbs-qətimkan tədbirinin seçilməsini xahiş edir.

    İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin müstəntiqlərə Vasileostrovski rayonunun sakinlərinin müraciəti əsasında ictimai nəqliyyat marşrutlarında fəaliyyət göstərən daşıyıcılarda yoxlama aparmağı tapşırıb. Potseluev körpüsündən Moyka çayına düşən avtobusla bağlı fövqəladə hadisədən sonra onlar Bastrykinə şikayət yazıblar.

    Qeyd edək ki, hadisə mayın 10-da baş verib. İlkin məlumata görə, avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtobus sərnişinləri ilə birgə çaya düşüb.

    Mayın 12-də Sankt-Peterburqda məhkəmə “Moyka”ya düşən avtobusun sürücüsünü istintaq təcridxanasına göndərib. Daha sonra ona qarşı miqrantların saxta qeydiyyatına görə daha bir cinayət işi açılıb.
    //Baku.ws

  • Bəzi qadınların maaşı artırıla bilər

    Elmi dərəcəsi olan işləyən qadınların maaşları artırıla, onlara əlavə məzuniyyət günü verilə bilər.

    “Report”un əldə etdiyi məlumata görə, bu, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda öz əksini tapıb.

    Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il sentyabrın 1-dək elmi dərəcəsi olan işləyən qadınların maaşlarına artım və ya əlavə məzuniyyət gününün verilməsi imkanlarının beynəlxalq təcrübədə araşdırılması və müvafiq təkliflərin hazırlanaraq Komissiyaya (Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya – red.) təqdim edilməsi tapşırılıb.