Month: May 2024

  • Futbol matçında qorxunc anlar: Bütün komanda hakimə hücum etdi, stadiona ordu girdi – VİDEO

    Paraqvayda futbol matçında inanılmaz anlar yaşanıb.

    Hakimin qərarlarından narazı qalan komanda üzvləri birgə hakimə hücum etməyə çalışıb.

    Bütün futbolçuların ona tərəf getdiyini görən hakim baş verənlərə qəfil təəccüblənib və qaçmağa çalışıb.

    Hakimə doğru gedən futbolçulara ordu müdaxilə edib. Hətta bəzi əsgərlər futbolçuları qorxutmaq üçün atəş açıblar.
    //Baku.ws

  • Gürcüstan rus turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir

    İyunun 1-dən Gürcüstanda turistlər üçün yeni qaydalar qüvvəyə minəcək.

    Bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.

    Bildirilib ki, qeyd olunan tarixdən etibarən ölkəyə gələn bütün qonaqlardan qaldıqları bütün müddət ərzində tibbi sığorta tələb olunacaq.
    Yaydan başlayaraq Gürcüstana gələn hər bir turist ölkədə qaldığı bütün müddət ərzində tibbi sığortaya sahib olmalıdır. Bu tələbi pozanlar təxminən 110 ABŞ dolları məbləğində cərimə olunacaqlar.

    Səyahətlərini və uçuşlarını təkbaşına planlaşdıran səyahətçilər bu tələbə xüsusi diqqət yetirməlidirlər.

  • Stoltenberq: NATO Ukraynaya qoşun yeritmək fikrində deyil

    NATO Ukraynaya hərbi personal göndərmək niyyətində deyil.

    Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

    “NATO-nun Ukraynada qüvvələr yerləşdirmək planı yoxdur. Keçən həftə Ukrayna hökumət nümayəndələri ilə görüşəndə onlar da bunu istəmədilər”, – o deyib.

  • Ağdamda 12 yaşlı uşağı ilan sancıb

    Ağdamda 12 yaşlı uşağı ilan sancıb.

    APA xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində qeydə alınıb.

    Kənd sakini Canpolad Xasay oğlu Piriyev həyətdə oynayarkən ilan onu sol ayağından sancıb. C.Piriyev təcili yardım avtomobili ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, ilkin müayinə olunub və xəstəyə ilan zəhəri əleyhinə zərdab vurulub. Hazırda həyati təhlükəsi yoxdur.

  • Xınalığa sulu qar yağıb – FAKTİKİ HAVA

    Mayın 9-u saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub. Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb.

    Qar örtüyünün hündürlüyü Şahdağda 5 sm olub.

    Düşən yağıntının miqdarı Qəbələdə 31 mm, Kürdəmirdə 27 mm, Cəfərxanda 19 mm, Biləsuvar, İmişlidə 16 mm, Neftçala, Şamaxıda 14 mm, Qrız, Oğuzda 12 mm, Lənkəranda 11 mm, Yevlax, Göygöl, Ordubad, Qobustan, Xaltan, Şəki, Mingəçevir, Lerik, Naftalan, Qax, Tərtər, Gədəbəy, Şahbuz, Sabirabadda, Altıağac, Göyçay, Yardımlı, İsmayıllı, Astara, Naxçıvan, Sədərək, Qusar, Zərdab, Beyləqan, Gəncə, Balakən, Şərurda 8 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakıda 2 mm, Maştağa, Sumqayıt, Neft Daşları, Binədə 1 mm-dək olub.

    Naftalan, Gəncə, Şəmkir, Qrız, Biləsuvar, Lerikdə duman müşahidə olunub.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11-14, Naxçıvan MR-da 6-11, Aran rayonlarında 11-14, dağlıq rayonlarda 4-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 5 dərəcəyədək şaxta olub.

  • Sabah Bakıda bəzi küçələr bağlı olacaq – SİYAHI

    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək.

    Bununla bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

    Bildirilib ki, mayın 10-da səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq:

    “Hərəkətin məhdudlaşdırılması ulu öndər H.Əliyevin xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir. Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Fəxri xiyaban istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

    Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur”.

  • ADPU-nun dosenti vəfat etdi

    Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) dosenti Şahrza Ağayev vəfat edib.

    Bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, Ş.Ağayev ali təhsil ocağındakı ibtidai təhsilin pedaqogikası kafedrasında çalışıb.

  • Moskvada “9 May” qələbə günü münasibətilə hərbi parad keçirilib – CANLI YAYIM

    Moskvada Qırmızı Meydanda “9 May” qələbə günü münasibətilə hərbi parad keçirilib.

    Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, paradda doqquz mindən çox insan və 70 texnika iştirak edib.

    Rusiya Prezidenti Vladimir Putin paraddan əvvəl çıxış edib.

    Qeyd edək ki, “9 May” şərəfinə hərbi paradlar hərbi dairələrin, donanmaların və birləşmiş qoşunların qərargahlarının yerləşdiyi 25 şəhərdə keçiriləcək. Qələbə Gününün qeyd edilməsinə ümumilikdə 150 minə yaxın insan, 2 500-ə yaxın silah və hərbi texnikalar cəlb olunub.

  • Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır – VİDEO

    30 illik fasilədən sonra Şuşa şəhəri öz əzəli sakinlərini qarşılamağa hazırlaşır.

    Artıq keçmiş məcburi köçkünlərin Şuşaya qaytarılmasına start verilib və ilk köç karvanı yola hazırlaşır. Hazırda şuşalılar doğma yurd-yuvalarına köç həyəcanını yaşamaqdadırlar.

    Qeyd edək ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. Yeni yaşayış massivində 370 ailənin mənzillə təmin olunacağı bildirilib.

    Videonu təqdim edirik:

  • Ötən gün vətəndaşlardan dörd silah götürülüb

    Polis əməkdaşları ötən gün vətəndaşlardan dörd silah götürüblər.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, mayın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında bir avtomat silah, üç tüfəng, iki patron darağı və 39 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

    Həmçinin mayın 8-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan bir avtomat silahı, iki tüfəng, bir patron darağı və 30 ədəd patron aşkar edilərək götürülüb.