Month: May 2024

  • Albert Aqarunovun qardaşı Şuşada yaşamaq istəyir – AÇIQLAMA

    “Mənim İsraildən Bakıya gəlişimin səbəbi qardaşım Albert Aqarunovun ad günüdür. Demək olar ki, Bakıya tez-tez baş çəkirəm, Azərbaycan bizim də Vətənimizdir. Bir müddət əvvəl Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin köməyi ilə qardaşımın döyüşdüyü Şuşa şəhərində oldum. Bu mənim üçün olduqca çətin və duyğulu anlar idi”.

    Bu fikirləri Modern.az-a Birinci Qarabağ savaşının şəhidi, milliyətcə dağ yəhudisi olan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunov deyib.

    O bundan sonra tarixi Şuşada yaşamaq istədiyini bildirib:

    “Məmnuniyyətlə Şuşada yaşamaq üçün müraciət etmək istəyərəm. Mən çox istərdim ki, işğaldan azad olunmuş bütün rayonları ziyarət edim, düşünürəm ki, arzum tezliklə gerçəkləşəcək.

    Bilirəm ki, Azərbaycan xalqı Albertə çox dəyər verir. Buna görə də bütün Azərbaycan xalqına dərin təşəkkürümüzü bildiririk. Azərbaycana və Şuşaya səfəri təşkil etdiyinə görə Dövlət Komitəsinə, başda sədr Fuad Muradova dərin təşəkkürümüzü bildiririk”, – deyə o vurğulayıb.

    Qeyd edək ki, Albert Aqarunov 25 aprel 1969-cu il Bakının Əmircan qəsəbəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib, 1987-ci ildə isə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox digər texnikasını məhv edib. Buna görə döyüş yoldaşları tərəfindən “yəhudi buterbrodu” adını alıb.

    A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.

    Ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb.

  • Toni Kroos “Real Madrid”dən ayrıla bilər

    Almaniyalı futbolçunun “Real Madrid” klubundakı gələcəyi hələ də sual altındadır.

    Məlumata görə, Toni Kroos “Bavariya” ilə görüş başa çatdıqdan sonra komanda yoldaşları ilə geyinib-soyunma otağına yollanmayıb.

    Azarkeşsiz olan stadionda təkbaşına qalan Toni Kroosun daha sonra ağlamağa başladığı ilə bağlı xəbərlər yayılıb. İspaniya mediası təcrübəli yarımmüdafiəçinin karyerasını bitirmək barədə düşündüyünü deyiblər.

    Qeyd edək ki, Toni Kroos 2014-cü ildən bu yana “Real Madrid” klubunun şərəfini qoruyur.

    Mənbə: Marca.com

  • “Qaqarin” körpüsü sökülür? – VİDEO

    Bakının Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyov küçələrini birləşdirən, xalq arasında “Qaqarin” körpüsü kimi tanınan “Cavanşir” yolötürücüsü hazırda təhlükə mənbəyinə çevrilib.

    Median.Az “Report”a istibadla xəbər verir ki, 1962-ci ildə istismara verilən körpünün tikintisinə zərurət yaxınlıqda yerləşən limana və limandan yükləri daşıyan dəmir yolunun çəkilməsi ilə bağlı olub.

    Körpü tikilərkən, onun konstruksiyası həmin dövrdə mövcud olan nəqliyyat axınına hesablanıb. Zamanla nəqliyyatın intensivliyinin dəfələrlə artması körpünün konstruksiyasında müəyyən problemlər yaradıb.

    Yol hərəkəti üzrə ekspert Eldar Bəşirovun sözlərinə görə, körpünün istismar müddəti bitdiyindən yenidən təmir olunsa belə onu sadəcə 10 % bərpa etmək mümkündür: “Bu baxımdan körpünün sökülməsi daha məqsədəuyğundur. Əgər yerində yeni körpü salınarsa bu isə müasir standartlara cavab verməlidir”.
    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli isə bildirib ki, körpünün sökülüb- sökülməməsi ilə bağlı hazırda hansısa bir qərar olmasa da 2 dəfə xaricdən dəvət olunmuş ekspertlərin iştirakı ilə körpüyə baxış keçirilib: “Baxış zamanı körpünün ümumilikdə nəqliyyatın hazırkı intensivliyinə uyğun gəlmədiyi və riskli olduğu bəlli olub. Testin nəticəsinə uyğun olaraq isə belə qərara gəlinib ki, körpü təhlükəsizliklə əlaqədar artıq sökülməlidir”.

    Qeyd edək ki, sözügedən yolötürücüsünün yükgötürmə qabiliyyəti XX əsrin 60-cı illərində qüvvədə olan hesabi yüklərə uyğun olaraq layihələndirilib. Keçirilmiş müayinələr zamanı yolötürücüsünün aşırım qurğularının tirlərində, rigellərdə, dayaqlarda korroziya meydana gəlməsi, qopmaların, dağılmaların olması, bəzi yerlərdə armaturların üzə çıxaraq dəmir-beton konstruksiyaların bütövlüyünün pozulması halları və polad dayaq yastıqlarında korroziya ilə yanaşı yerdəyişmələrin də olduğu müəyyən edilib.

    Xatırladaq ki, “Cavanşir” körpüsü 1962-ci ildə inşa olunub. 12 aşırımlı körpünün ümumi uzunluğu 203 metr, eni isə 17 metrdir. Əvvəllər körpünün altından qatarlar, üstündən isə avtomobillər hərəkət edib. Hazırda isə ərazidən keçən dəmir yolu xətləri sökülüb.

    Ətraflı süjeti təqdim edirik:

  • Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? – Professordan AÇIQLAMA

    Son vaxtlar elektron siqaretdən istifadə edənlərin sayı artıb. Əvvəllər mağaza piştaxtalarında az görünən bu tip siqaretlərə indi qəzet köşklərində, market və hətta aksesuar satılan dükanlarda belə rast gəlinir.

    Lakin bəzi ölkələr elektron siqaretlərin idxalını və satışını qadağan edib. Azərbaycanda da ötən ay qanunverici orqanda bu məsələ müzakirə olunub, deputatlar elektron siqaretlərin ölkədə istifadəsinin qadağan edilməsinin tərəfdarı olduqlarını bildiriblər.

    Bəzi deputatlar isə adi siqaretin elektron siqaretdən daha çox zərər verdiyini bildiriblər.

    Bəs elektron siqaretlər haqqında deyilənlərin hansı doğrudur? Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir?

    Mövzu ilə bağlı Bizim.media-ya danışan professor Adil Qeybulla deyib ki, elektron siqaret insanı tütün asılılığından azad eləmir:

    “Elektron siqaret ideyası keçən əsrin 70-ci illərində ortaya çıxdı. Uzun müddət müzakirə mövzusu oldu, yalnız keçən əsrin sonunda kütləvi istehsala buraxıldı. Elektron siqaretlərdə istifadə olunan nikotinin miqdarı ilə adi siqaretdəki nikotinin miqdarı, demək olar ki, bir-birinə bərabərdir.

    Siqaret asılılığını yaradan nikotindir. Ona görə də elektron siqaret qətiyyən siqaret asılılığını həll etmir. Elektron siqaretdə istifadə olunan aromatik maddələrə gəldikdə isə həmin maddələrin özlərinin də kanserogen təsiri var. Yəni elektron siqaretlər faktiki olaraq adi siqaretlərdən öz zərərinə görə elə də geri qalmırlar”.

    Həkim hesab edir ki, insanları maarifləndirmə ilə bundan çəkindirmək mümkündür:

    “Elektron siqaretlərin bu gün kifayət qədər geniş yayılması, onun insan orqanizminə zərəri ilə bağlı maarifləndirici tədbirlər aparılmalıdır. Hansısa administrativ tədbirlər nəticə vermir, insanlar onda gizli yolla bunu əldə edirlər. Ancaq siqaretlərin üzərində aparılan tədqiqatların nəticələrini əhaliyə elan etdikcə, maarifləndirmə apardıqca onlar ona daha çox diqqət edib, nəticə çıxararlar”

  • Azərbaycan hərbçilərinin Türkiyədəki təlimindən görüntülər – VİDEO

    Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, təlimin növbəti günündə iştirakçılara təhlükəsizlik qaydaları, yerinə yetiriləcək tapşırıqlar və onların icra ardıcıllığı, axtarış-xilasetmə tədbirinin görüləcəyi ərazinin relyefi, quruluşu və iqlimi ilə bağlı zəruri məlumatları əks etdirən brifinq təqdim edilib.

    Təlimin planına əsasən, ərazinin vizual müşahidəsi aparılmaqla şərti düşmən obyekti qiymətləndirilib, daha sonra onun avtomobil kolonu pusquya salınıb və terror qruplaşmasının üzvləri ələ keçirilib.

    Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və aviasiya vasitələrinin də iştirak etdiyi təlimin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən iştirakçı ölkələrin hərbi qulluqçuları arasında qarşılıqlı uzlaşma və təcrübə mübadiləsinin təmin edilməsidir.

  • “Bavariya”nın idman direktoru finalda “Borussiya”ya azarkeşlik edəcək

    “Bavariya”nın idman direktoru Maksimilian Eberl Çempionlar Liqasının yarımfinalında “Real Madrid”ə qarşı keçirilən oyunda hakimlikdən kəskin danışıb və turnirin finalında “Borussiya Dortmund”a niyə köklənəcəyini açıqlayıb.

    Qaynarinfo xəbər verir ki, onun sözlərindən “Sky Sports” sitat gətirir.

    “Hakim bunun onun səhvi olduğunu dedi. Biz buna əhəmiyyət vermirik. De Liqt həmçinin Marçinyakın səhvini etiraf etdiyini və Mazrauyi və “Real Madrid” müdafiəçisi Antonio Rüdigerin bir-birinə nə qədər yaxın olduğunu görmədiyini də izah edib. Sonra da deyib: Bağışla, mən bunu görmədim. Buna görə də finalda “Borussiya”ya azarkeşlik edəcəyəm”, deyə Ebrel bildirib.

    Qeyd edək ki, “Real Madrid”lə “Bavaraiya” Çempionlar Liqasının yarımfinalında qarşılaşıb. İlk oyun 2:1 hesabı ilə başa çatıb. Ötən axşam Madriddə keçirilən cavab qarşılaşmasında meydan sahibləri 2:1 hesabı ilə qalib gələrək, finala çıxıblar. “Bavariya”nın müdafiəçisi Mattis de Liqt son dəqiqələrdə qol vursa da, ofsayd qeydə alıb.

    Onu da qeyd edək ki, “Real Madrid” finalda digər Almaniya təmsilçisi “Borussiya Dortmund”la qarşılaşacaq. Oyun iyunun 1-də Londondakı “Uembli” stadionunda keçiriləcək.

  • “AbzasMedia” işi çərçivəsində saxlanılan üç nəfərlə bağlı qərar verildi

    Məhkəmə “AbzasMedia” işi çərçivəsində saxlanılan Ülvi Həsənli, Sevinc Vaqifqızı və İmran Əliyev barədə qərar verib.

    Xətai Rayon Məhkəməsində onların ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətlərə baxılıb və təmin edilməyib.

    Qeyd edək ki, ötən il noyabrın 20-də Ü.Həsənli barədə 4 aylıq, Sevinc Vaqifqızı barəsində isə 3 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçilmişdi. İmran Əliyev isə ötən ay hava limanında saxlanılıb. Onun barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 2 ay 1 günlük həbs qətimkan tədbiri seçilib.

    Onların hər biri Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçalmalçılıq) maddəsi ilə təqsirli bilinirlər.

  • Türkiyənin bu bölgələrində güclü zəlzələ ola bilər – alimdən XƏBƏRDARLIQ

    Türkiyənin bir neçə bölgəsində 7 bal gücündə zəlzələ gözlənilir.

    Median.Az metbuat.az-a istinadən bildirir ki, bunu professor Ahmet Ercan deyib. O, bu ərazilərin riskli olduğunu qeyd edib:

    “Afyon, Germencik, Nazilli, Aydın, Dənizli, Buharkent, Salihli, Bursa, Balıkəsir, Simav, Dikili, Gümüldür, Ərzincan, Ərzurum, Ladik və Boluda zəlzələ ehtimalı yüksəkdir”.

  • Ermənistanda sərhədin delimitasiyasına etiraz edənlərə qarşı cinayət təqibi başladıldı

    Ermənistanın İstintaq Komitəsi aprelin 20-dən Azərbaycanla sərhədin delimitasiyasına etiraz aksiyalarında iştirak edən 16 nəfərə qarşı cinayət təqibi başladıb.

    Bu haqda “Sputnik Armenia” məlumat yayıb.

    Bildirilib ki, aksiya iştirakçılarının cinayət əməlləri ilə bağlı 11 cinayət işi başlanıb.

    Qeyd olunur ki, yolları bağlayarkən avtoxuliqanlıq, qəsdənəmlaka zərər vurma, fiziki güc tətbiq etmə, polis əməkdaşlarının qanuni fəaliyyətinə mane olma, yol hərəkəti qaydalarını pozma faktları ilə bağlı 7 iş başlanıb.

    Qalan 4 iş təkərlərin zədələnməsi, etiraz aksiyaları zamanı zorakılığa çağırışlar, həmçinin silahların əldə edilməsi və saxlanması ilə bağlıdır.
    Təqsirləndirilən 9 nəfər həbs edilib, biri ev dustaqlığındadır.

    Daha 3 nəfərə ölkəni tərk etməmək qadağası qoyulub, 1 nəfər inzibati nəzarət, 1 nəfər isə tərbiyəvi nəzarət altındadır.
    Bu hallarla bağlı istintaq davam edir.

  • Dövlət qurumunun iki idarəsi birləşir

    Dövlət Su Ehtiyatlar Agentliyinin (ADSEA) tabeliyindəki “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə məxsus iki idarə birləşir.

    “Report” xəbər verir ki, bununla bağlı ADSEA-nın sədri Zaur Mikayılov əmr imzalayıb.

    Əmrə əsasən, Lənkəran Melioservis İdarəsi Lənkəran Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsinə birləşir.