Month: May 2024

  • İmişlidə qəza: Xəsarət alanlar var

    İmişli şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, VAZ-2103 markalı minik avtomobili və VAZ-2109 markalı avtomobil toqquşub.

    Hadisə nəticəsində beş nəfər xəsarət alıb. Onlar 1964-ci il təvəllüdlü Cavid Ağamalı oğlu Həmzəyev, 1983-cü il təvəllüdlü Rəşad İlham oğlu Cabarlı, 1981-ci il təvəllüdlü Ruhəngiz Xəlil qızı Musayeva, 2018-ci il təvəllüdlü İsmayıl Niyamədin oğlu Musayev və 1985-ci il təvəllüdlü Elçin Ağaxan oğlu Hüseynovdur.

    Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Qanunsuz avtomobil idxalına görə tutulan gömrük ekspertinə hökm oxunub

    Qanunsuz avtomobil idxalı müqabilində külli miqdarda rüşvət almaqda ittiham olunan Aslan Bayramovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

    Hökmə əsasən təqsirləndirilən Aslan Bayramov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinin eksperti vəzifəsində işləyən Aslan Bayramovun qeyd edilən vəzifədə işləyərkən ayrı-ayrı şəxslərdən rüşvət qismində aldığı 13 min 500 manat məbləğində pul vəsaiti müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 29.03.2023-cü il tarixli qərarının tələblərini pozmaqla vəzifə saxtakarlığı törətməsinə, yəni 2023-cü ilin may-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 45 avtomobilə aid sənədləri saxtalaşdıraraq qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.

    İş üzrə toplanmış sübutlar əsasında Aslan Bayramov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarilə həbs qətimkan tədbiri seçilib.

  • Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib

    İsrail Baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Entoni Blinkenə deyib ki, o, girov müqaviləsinin bir hissəsi kimi Qəzzada müharibənin dayandırılmasını qəbul etməyəcək.

    APA “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail rəsmisi bildirib.

    “O, Blinkenə dedi ki, biz razılığa gəlməkdə maraqlıyıq və eyni zamanda, HAMAS-ı devirməkdə qərarlıyıq”, rəsmi mənbə deyib.

    Baş nazirin Ofisi də yaydığı açıqlamada Netanyahunun HAMAS ilə girov razılaşmasının Rəfaha girməkdən vaz keçməklə heç bir əlaqəsi olmadığını Blinkenin diqqətinə çatdırdığı qeyd olunub: “Rəfah əməliyyatı heç nədən asılı deyil. Baş nazir Netanyahu bunu katib Blinkenə açıqlayıb”, – açıqlamada qeyd olunub.

    Dövlət Departamentinin sözçüsü Metyu Miller isə görüşə dair bəyanatında vurğulayıb ki, Blinken “ABŞ-ın Rəfahla bağlı dəqiq mövqeyini bir daha təkrarlayıb”.

    Lakin ABŞ-ın mövqeyinin nədən ibarət olması barədə izah verilməyib.

    Qeyd edək ki, Bayden administrasiyası mülki insanları təxliyə etmək üçün etibarlı bir planı olmayan Rəfah əməliyyatına qəti şəkildə qarşı çıxıb, hətta Qəzzanın cənubundakı bu şəhərin işğalını “qırmızı xətt” adlandırıb.

  • Keniyada son bir ayda daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb

    Keniyada aprel ayında güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 179 nəfər ölüb, daha 90 nəfər itkin düşüb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə hökumət nümayəndəsi İsaak Maiqua Mvaura bildirib.

    “Dünən daha 10 nəfərin ölümü qeydə alınıb, 20 nəfər itkin düşüb, bununla da ölkə üzrə itkin düşənlərin ümumi sayı 90-a çatıb”, – o, sosial şəbəkədə X yazıb.

    Ümumilikdə 185 min keniyalı evlərini tərk edərək təhlükəsiz yerlərə sığınmaq məcburiyyətində qalıb.

  • Hər gün duş qəbul etsək nə olar?

    Dəri və bədən gigiyenasını qorumaq üçün gündəlik duş qəbul etmək vacibdir.

    Hər kəsin dəri tipi və həyat tərzi fərqli olduğu üçün gündəlik duş ehtiyacı da fərqli ola bilər.
    Quru dəriniz varsa və ya dəriniz duşdan sonra qurumağa meyllidirsə, hər gün duş qəbul etmək dərini daha da quruda və həssaslaşdıra bilər.

    Bu zaman suyun temperaturunu və duşun müddətini azaltmaq daha yaxşı ola bilər.

    Faydaları:

    Gigiyena:

    Hər gün duş qəbul etmək dəridə yığılmış kir, yağ və təri çıxarmağa, onu təmiz və sağlam saxlamağa kömək edir.

    Təravət və rahatlıq:

    Duş qəbul etmək günün yorğunluğunu atmağa və özünüzü təravətləndirməyə kömək edir. İsti su əzələləri rahatlaşdırır və stressi aradan qaldırır.

    Qoxu:

    Müntəzəm olaraq duş qəbul etmək pis qoxuların qarşısını alır və bədəninizi təravətli saxlayır.

    Dəri sağlamlığı:

    Mütəmadi olaraq duş qəbul etmək dərinizi nəmləndirir və bakteriyaların çoxalmasının qarşısını alaraq dəri sağlamlığını dəstəkləyir.

    Zərərləri:

    Dərinin quruluğu:

    Tez-tez duş almaq dərini qurudur və qıcıqlanmaya səbəb ola bilər, xüsusən də isti su istifadə edildikdə.

    Təbii yağların məhv edilməsi:

    Tez-tez duş almaq dərinin təbii yağ balansını poza, quruluq və qıcıqlanmaya səbəb ola bilər.

    Ətraf mühitə təsir:

    Hər gün duş qəbul etmək su istehlakını artırır, nəticədə ətraf mühit resurslarından istifadənin artmasına səbəb olur.

    Enerji istehlakı:

    İsti suyun müntəzəm olaraq uzunmüddətli istifadəsi enerji istehlakını artıra bilər ki, bu da ətraf mühitə təsiri və enerji xərclərini artıra bilər.

    Nəticə olaraq hər gün duş almağın həm faydası, həm də zərəri var. Bunları nəzərə alaraq, şəxsi seçimlərinizə və dəri tipinizə görə optimal duş tezliyini təyin edə bilərsiniz.
    //Bakupost

  • 12 min manat aliment borcunu ödəmədi – Həbs edildi

    Şəkidə xeyli miqdarda aliment borcunu ödəməyən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

    Rayonun Aşağı Daşağıl kənd sakini 1988-ci il təvəllüdlü Murad Buludov (şərti) barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə açılmış iş məhkəməyə göndərilib.

    Məhkəmədə bildirilib ki, Murad Buludov 2019-cu ildə rəsmi nikaha daxil olub və Sabunçu Rayon Məhkəməsinin 2021-ci ildə qəbul etdiyi qətnamə ilə boşanıb.

    Həmin vaxt məhkəmə uşaqların anada qalmasına və Muradın 2 uşağa görə aylıq 340 manat aliment ödəməsinə qərar verib.

    Lakin geridə qalan müddətdə 36 yaşlı kişi aliment ödənişini verməyib və 11 800 manat borc yığılıb.

    Şəki Rayon Məhkəməsi təqsirləndirilən şəxsin borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli və qəsdən icra etməməsi, zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirməsi qərarına gəlib.

    Məhkəmənin 24 aprel tarixli hökmü ilə ona 1 il həbs cəzası verilib və məhkəmə zalında həbs edilib.

  • Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlandı

    Rusiya Federasiyasından idxal edilən toxumluq kartof məhsuluna fitosanitar baxış keçirilib və nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

    Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Qafqazinfo”ya verilən məlumata görə, aparılmış ekspertizanın nəticələrinə əsasən “Агрохмель” şirkətinə məxsus 23 məhsul partiyasında karantin tətbiq edilən zərərli orqanizm − kartof yumrularında halqavari bakterial çürümə xəstəliyi aşkarlanıb.

    Zərərli orqanizm aşkarlanmış toxumluq kartofun 10 partiyası fiziki şəxs Vəliyev Cümşüd Səbrulla oğlu, 13 partiyası isə Vəliyev Səbrulla Heybət oğlu tərəfindən idxal edilib.

    Bununla əlaqədar Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə məktubla bildirişlər (notifikasiyalar) göndərilib və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi bildirilib.

    Faktla bağlı qanunvericiliyə uyğun olaraq, bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınmasına, xəstəliklərin aradan qaldırılmasına, məhsul itkisinə yol verilməməsinə, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına yönəldilmiş bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi məqsədilə Rusiyanın “Агрохмель” ixracatçı şirkəti tərəfindən toxumluq kartof məhsulunun ölkəmizə idxalına bu il mayın 6-dan müvəqqəti qadağa tətbiq edilib.

    Qeyd edək ki, fitosanitar riski yüksək qiymətləndirilən toxumluq kartof yumrularında halqavari bakterial çürümə xəstəliyinin əsas sahib bitkisi kartof hesab edilir. Həmin zərərli orqanizm məhsulun iqtisadi dəyərinə əhəmiyyətli dərəcədə təsir edir və kartof istehsalında məhsul və keyfiyyət itkisinə səbəb olur. Əkin sahələrinə düşdüyü halda uzun müddət həyat qabiliyyətini saxlayır və həmin sahələrdə kartofun əkilməsini səmərəsiz edir.

  • Karantin cərimələri ləğv ediləcək? (AÇIQLAMA)

    “Karantin şərtlərini pozduqlarına görə tətbiq edilən cərimələr ancaq dövlət səviyyəsində ləvğ edilə bilər”.

    Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, bununla bağlı dövlət səviyyəsində qərar verilməlidir:

    “Yoxsa, bu cərimələr həmin insanların adında qalacaq və hara da getsələr onlarla bağlı araşdırma aparan zaman sistemdə görünəcək. Yaxud da ayrı-ayrı fərdlər müraciət edib hüquq-mühafizə orqanlarından xahiş edə bilərlər ki, adlarında olan cəriməni ləvğ etsinlər. Tələb edə bilməzlər, çünkü onlar üçün bu müddət bitib. Gərək həmin vaxtlar bununla bağlı məhkəməyə şikayət edəydilər. Onu da etməyiblər. Hazırda onların üzərində bu cərimələr varsa, qanun üçün fərqi yoxdur, yəni bu karantinə, yaxud maska taxmamağa görə olub ya yox”.

    Əkrəm Həsənov qeyd edib ki, cəriməni tətbiq edən qurumun onu ləvğ etməsi inandırıcı deyil:

    “Nəyə əsasən? Birini ləvğ edəcək, bəs o biriləri? Ona görə də bu dövlət səviyyəsində həll olunmalıdır”.

    Qeyd edək ki, Azərbaycanda 2020-ci ildən pandemiya ilə əlaqədar karantin qaydaları tətbiq edilib. Bu qaydalara əməl etməyənlərə hüquq-mühafizə orqanları tərəfindən müvafiq cərimələr tətbiq edilib.

  • Ukrayna əsgərləri Kremennaya yaxınlığında itirilmiş mövqelərini geri aldı – ISW

    Ukrayna hərbçiləri aprelin 30-da döyüşlər zamanı Kremennaya yaxınlığında itirilmiş mövqelərin bir qisminin nəzarətini bərpa ediblər. Müdafiə qüvvələri Kremennayanın qərbində yerləşən Yampolovkadan şərqə doğru irəliləyərək cəbhə boyunca mövqeləri geri alıb.

    Bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.

    Lakin Kupyansk-Svatovo-Kremennaya xəttində Rusiyanın Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarmaq cəhdləri davam edib, lakin bu ərazidə cəbhə xəttində təsdiqlənmiş dəyişikliklər olmayıb.

    Rus mənbəsi bildirib ki, ruslar guya Kislovkanın mərkəzi və cənub-şərq hissələrinə sıçrayış ediblər. ISW yalnız yaşayış məntəqəsinin şərq hissəsində təsdiqlənmiş hücumları qeyd edib.

    Aprelin 30-da Baxmutdan şimal-şərqdə Severski istiqamətində mövqe döyüşləri davam edib. Bu ərazidə cəbhə xəttində heç bir dəyişiklik qeydə alınmayıb.

    Ruslar Çasovoy Yar yaxınlığında irəlilədiklərini də elan edib. Aprelin 29-da yayımlanan geolokasiya görüntüləri göstərir ki, ruslar Çasovoy Yarın cənubundakı Donbasda Seversk-Donetsk kanalının şərq tərəfinə doğru irəliləyiblər. Burada kanal yerin altından keçir.

    Aprelin 30-da Donetskin qərbində və cənub-qərbində mövqe döyüşləri baş verib, lakin cəbhə xəttində heç bir dəyişiklik təsdiqini tapmayıb. Rusiyalı hərbi bloqçu iddia edib ki, rus qoşunları Krasnohorivkanın şimal-şərq kənarında (Donetskdən qərb) bir kilometr enində cəbhə boyu 450 metr irəliləyib, lakin ISW bu iddiaların əyani sübutlarını təsdiqləməyib.

    Aprelin 30-da rus qoşunları da Donetsk-Zaporojye bölgəsinin sərhədində irəliləyişlər elan ediblər, lakin orada cəbhə xəttində heç bir dəyişiklik qeydə alınmayıb.

    Rus qoşunları Robotinoda da hücum həyata keçirib. Aprelin 29-na aid geolokasiya görüntüləri göstərir ki, Rusiyanın 71-ci motoatıcı alayının qoşunları Robotinoya hücum edərək kəndin qərb hissəsində Rusiya bayrağı sancıb.

    Aprelin 30-da rus qoşunları Ukrayna qüvvələrini Xerson vilayətinin şərq sahilindəki mövqelərdən və Dneprdəki adalardan fəal şəkildə sıxışdırıb çıxarıblar. Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya qüvvələrinin Krınki yaxınlığındakı Ukrayna mövqelərinə hücum cəhdi uğursuz olub.
    //qaynar

  • Şəmkirdə tikinti materialları satışı mağazası yanıb, bir nəfər xəsarət alıb

    Şəmkirdə tikinti mağazası yanıb, bir nəfər xəsarət alıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

    Rayonun Düyərli kəndində bir-birinə bitişik tikilən müxtəlif təyinatlı obyektlərdən ümumi sahəsi 800 m² olan birmərtəbəli tikinti materialları satışı mağazasının yanar konstruksiyaları və dam örtüyü 480 m² sahədə, bitişik sahəsi 300 m² olan kafenin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

    Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

    Tikinti materialları satışı mağazasının və kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.