Month: May 2024

  • Rusiya son vaxtlar niyə atəşkəs istəyir? – ISW izah edir

    Rusiya Ukraynada gələcək hücum əməliyyatlarına hazırlaşmaq üçün istənilən atəşkəsdən istifadə edəcək.

    Bu barədə Müharibə Tədqiqat İnstitutunun (ISW) hesabatında deyilir.

    Hərbi analitiklər Rusiyanın 2014-cü ildə Krıma və Donbasa hərbi müdaxiləsinin Rusiyanın suverenliyə hörmətlə bağlı çoxsaylı beynəlxalq öhdəliklərini, həmçinin Ukraynanın ərazi bütövlüyü, o cümlədən 1991-ci ildə Rusiyanın Ukraynanı müstəqil dövlət kimi tanıması və Rusiyanın xüsusi olaraq Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmamağa söz verdiyi 1994-cü il Budapeşt Memorandumunu pozduğunu vurğulayıblar.

    Kremlin Rusiyanı Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmamağa məcbur edən istənilən yeni sazişə hörmətlə yanaşacağını düşünməyə əsas yoxdur. Atəşkəs Rusiyaya deqradasiyaya uğramış qüvvələri bərpa etmək, insan resurslarını Ukraynada döyüşməkdənsə, genişmiqyaslı ekspansiya və islahatlara yönəltmək və Rusiyaya Ukraynada təcili əməliyyat ehtiyacları olmadan öz müdafiə sənayesi bazasını səfərbər etməyə imkan verəcək.

    Rusiya atəşkəsdən rejimin dəyişdirilməsi, demilitarizasiyası və Ukraynanın zəbt edilməsinə yönəlmiş növbəti hücum əməliyyatlarını həyata keçirmək üçün daha uyğun qüvvələr hazırlamaq üçün istifadə edə bilər.

    Atəşkəs, şübhəsiz ki, Ukraynaya da hərbi birləşmə və müdafiə sənayesinin inkişafı məsələlərini həll etmək üçün imkanlar verərdi, lakin Kreml əsassız olaraq dondurulmuş cəbhənin Ukraynaya Qərbin dəstəyinin aktuallığının çox azalacağını və vacibliyini itirəcəyini gözləyir, həmçinin hesab edir ki, hərbi əməliyyatların bərpasına hazırlıqda Ukraynanı qabaqlaya biləcək.

  • Tanınmış idmançıların ilkin istintaqı bitdi

    MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri – Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayev, Mehman Məmmədovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq təqsirləndirilən şəxslərin vəkilləri istintaq materialları ilə tanış olublar. Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndəriləcək.

    Bu gün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həbsdə olan idmançılar barəsində seçilmiş qətimkan tədbiri müddətinin dəyişdirilmədən 20 gün (məhkəmənin hazırlıq iclasına kimi) uzadılması ilə bağlı təqdimat verib.

    Təqdimata Xətai Rayon Məhkəməsində baxılacaq.

    Qeyd edək ki, hadisə Səbail rayonu ərazisində baş vermişdi. İttihama görə, təqsirləndirilən idmançılar “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Mübahisə zamanı idmançı Həsən Əzizov döyülüb.

    Ruslan Əfəndiyev və onun tələbələri – Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində həbsdədir. T.Musayev və M.Məmmədov barəsində isə istintaq dövrü müddəti üçün həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Bir neçə gün əvvəl təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib.

  • “Eurolux”un rəhbəri və qardaşı oğlu niyə bıçaqlanıb? – 500 minlik oğurluq işi…

    Bakı Ağır Cinayətlər Məhkəməsində “Eurolux” şirkətinin baş direktoru və onun qardaşı oğlunu öldürməyə cəhddə təqsirləndirilən Taryel Vəliyevə hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, hadisə 18 aprel 2022-ci il tarixdə, saat 16:20 radələrində Qaradağ rayonu, Salyan şossesinin 14-cü km-də yerləşən “Eurolux” şirkətinə məxsus anbarın həyətində yerləşən ofisdə baş verib.

    Belə ki, Taryel Vəliyev 2021-ci ilin iyul ayında şirkətin rəhbəri, 1968-ci il təvəllüdlü Əmrah Kərimovu və onun qardaşı oğlu, 1988-ci il təvəllüdlü Orxan Kərimovun şikayəti əsasında saxlanılıb.

    O iddia edib ki, Taryel Vəliyev şirkətdə çalışmış Maarif, Fərahim, İlkin və Cavid adlı şəxslərlə birgə “Eurolux”a məxsus anbardan müxtəlif vaxtlarda 500.000 manat dəyərində məişət avadanlıqları oğurlayıblar.

    Sözügedən şəxslər saxlanılsa da, Taryel Vəliyevin üç övladığı olduğu üçün istintaq dövrü yekunlaşanadək ev dustaqlığına buraxılıb. O, tutulacağından ehtiyat etdiyi üçün Əmrah Kərimova zəng edərək şikayətini geri götürməsini tələb edib. Oğruluq törətmədiyinə görə üzərinə şər atdıqlarını əsas gətirərək onları öldürəcəyi ilə hədələyib.

    Təqsirləndirilən şəxs telefon zəngindən 12 dəqiqə sonra Əmrah Kərimov və Orxan Kərimovun oturduğu kabinetə daxil olub. Onlardan yenidən şikayətlərini geri götürməyi tələb edib. Taryel Vəliyev iddia edib ki, həmin vaxt Əmrah və Orxan onun ailəsini  təhqir edib, ofisdən çölə çıxmasını tələb etdikdən sonra hər iki şəxsin bədənlərinin müxtəlif nahiyələrinə bıçaq zərbəsi endirib. Ofisin 5 işçisinin dəstəyi ilə bıçaq əlindən alınıb və Taryel Vəliyev polisə təhvil verilib.

    Məhkəmənin qərarı ilə Taryel Vəliyev Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 12 il müddətinə azadlıqdan məhrum edilib.

  • Əhaliyə xəbərdarlıq – Bu günlərdə telefonla danışmayın

    Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində qeyri-sabit hava şəraitinin yaxın günlər ərzində davam edərək ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

    Belə ki, qeyd olunanları, habelə intensiv yağışların bəzi dağ çaylarında yarada biləcəyi sel və daşqın təhlükəsini nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi həmin bölgələrdə yaşayan, habelə istirahət edən vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

    Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
    Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

  • Deputata sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: Fazil Mustafaya sui-qəsd üçün 30 min dolların az olduğunu dedi

    Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Fazil Mustafa nümayəndəsi vasitəsilə məhkəməyə müraciət ünvanlayıb.

    O, müraciətdə uzun illərdir siyasətlə məşğul olduğunu, baş verən terrorun onun siyasi fəaliyyəti ilə bağlı olduğunu deyib:

    “Dövlətimizin müstəqilliyini qazanmasında müstəsna rol oynamışam. 2003-cü ildən Böyük Quruluş Partiyasının sədriyəm. Bundan başqa 2005-ci ildən millət vəkiliyəm. Fəlsəfə üzrə fəlsəfə doktoruyam. Özüm də dini inancları olan biriyəm. Baş verən terror aktının mənim siyasi fəaliyyətimlə və dünya görüşümlə bağlı olduğunu düşünürəm. İş üzrə dindirilmişəm. Mənə qarşı terror edən şəxsləri tanımıram. Ölkəmizdə terorçuluq fəaliyyəti həyata keçirmək istəyən erməni-iran terrorçularına qarşı çıxışlarım olub”, – millət vəkili deyib.

    Deputat qeyd edib ki, ötən il Azərbaycanın İrandakı səfirliyinə terror aktı törədilmişdi. O, vurğulayıb ki, bütün bu olanların əsas məqsədi ölkədə din pərdəsi altında əmin-amanlığı, sabitliyi pozmaqdır.

    Fazil Mustafanın müraciətindən sonra Rəşad Əhmədovun istintaqa verdiyi ifadə elan edilib. O, deyib ki, silahı digər təqsirləndirilən şəxs Azər Sərıcanovdan alıb. Müttəhimin sözlərinə görə, Azər Səricanovu bir ildir tanıyır. Azər onlara gələndə Fazil Mustafadan şikayət edib. Onun çıxışlarının dinə qarşı qərəzli olduğunu deyib.

    “Bir gün Azərlə söhbət edərkən mənə dedi ki, silah verəcəm bunu saxlayarsan. Sonra çöldən idman çantası gətirdi. Çantada 7 güllə və patron var idi. Həmin axşam idman çantasını alıb evə qayıtdım. Azərgildə olanda otaqda ikimizdən başqa heç kim yox idi. Çantanı evə gətirib gizlətdim. Bir dəfə birlikdə çay içəndə ondan silahı nə vaxt məndən alacağını soruşdum, dedi ki narahat olma götürəcəm. Azər deyirdi ki, Fazil Mustafa dini tənqid edir, ona görə onu öldürəcək. Mənə onun haqda məlumat toplamağı tapşırdı. Bir dəfə birlikdə çay içəndə ondan silahı nə vaxt məndən alacağını soruşdum, dedi ki, narahat olma götürəcəm. Bu söhbətdən sonra başa düşdüm ki, mənə verdiyi silahla Fazil Mustafanı vurmaq istəyir”, – müttəhim deyib.

    R.Əhmədov istintaqa ifadəsində onu da qeyd edib ki, İranda Valeh adında dostum yaşayır. Suriyada müharibə başlayanda ora döyüşməyə gedib və daha sonra Azərbaycana qayıtmayıb:
    “Valehlə əlaqəmiz hələ də qalırdı. O, suriyaya gedəndə mənə də təklif etsə də, mən getmədim. İrana gedəndə 4-5 dəfə onunla görüşmüşdüm. Sonuncu görüşümüzdə ona Azər barədə danışdım. Valeh bunu xoş qarşıladı. Dedi ki, Azər Fazili öldürsə, dəstək verəcək. O bildirdi ki, Azəri İranda yaşamağa kömək edəcək. Bu məqsədlə mənə 30 min dollar pul verdi. Bundan başqa Valeh məndən Səngəçalda və Qaradağda olan hərbi obyektlərin fotosunu çəkməyimi və İrana gedəndə ona verməyimi istədi. İrana getmək üçün xərcləri qarşılamağa görə iki min dollar da pul verdi”.

    Müttəhim vurğulayıb ki, Bakıya gələndə Azər Səricanovla görüşüb. Azərə Valehlə olan görüşündən danışıb, həmçinin görüş zamanı Azər ona Fazil Mustaya sui-qəsd üçün 30 min dollar pulun az olduğunu deyib.

    Qeyd edək ki, hadisə ötən il martın 28-də baş verib. Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

    Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

    Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.

  • “Qarabağ”ın futbolçusu Kamerunla oyun üçün milliyə çağırıldı


    “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde millisinə dəvət edilib.

    Median.Az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsində Kamerun və Liviyaya qarşı keçiriləcək oyunlar üçün yığmaya dəvət alıb.

    “Qarabağ”ın digər kabo-verdeli futbolçusu Leandro Andrade isə milliyə çağırılanlar sırasında yoxdur.

    Qeyd edək ki, Kamerunla oyun iyunun 8-də, Libiya ilə görüş is iyunun 11-də keçiriləcək.

  • Bakıda sotu bir milyon manata torpaq sahələri satılır (VİDEO)

    Bakıda bir sotu 400-500 min, hətta bir milyon manata satılan torpaq sahələri var.

    Belə torpaq sahələri elan saytlarında satışa çıxarılıb.

    Mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, sözügedən torpaq sahələrinin baha olmasının əsas səbəblərindən biri sənədlərinin qaydasında olması və mərkəzə yaxın yerləşməsidir.

    Ekspert bildirib ki, fantastik qiymətə təklif olunan bu torpaq sahələrinə maraq çox yüksəkdir.
    Qeyd edək ki, Bakıda ən bahalı torpaq sahələri Səbail və Nərimanov rayonlarındadır.

    Xezerxeber.az-ın mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:

  • İlhamə Quliyeva ilə bağlı ŞOK İDDİA – Oğlunu universitetdən və işlədiyi şirkətdən qovdurub – VİDEO

    Aparıcı Sərxan Kərəmoğlu açıqlaması ilə marağa səbəb olub.

    Median.Az xəbər verir ki, o “Səni axtarıram” verilişində mərhum Xalq artisti İlhamə Quliyevanın itkin düşən oğlu Orxandan danışıb.

    Sərxan qeyd edib ki, sənətçi sağlığında övladlığa götürdüyü Orxanın həyatını cəhənnəmə çevirib.

    Onu oxuduğu universitetdən və işlədiyi şirkətlərdən qovdurub ki, əli pula çatmasın. Belə olsa Orxan, İlhamə Quliyevanı tərk edəcək.

    Ətraflı videoda:

  • Əmlak kirayə verib və ya alarkən ehtiyatlı olun – Ekspertdən xəbərdarlıq

    “Bir müddətdir ki, müxtəlif sosial şəbəkələrdə mənzillərini və qeyri-yaşayış obyektlərini kirayə verən şəxslərin şikayətləri yayımlanır. Belə ki, vətəndaşlar öz əmlaklarını kirayə verir və sonra məlum olur ki, onların xəbəri olmadan əmlakları başqa şəxslərə satılıb”.

    Median.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. Ekspert qeyd edib ki, bunları törədən bir qrup cinayətkar dəstədir:

    “Onlar xüsusən Bakı şəhərində mənzilləri və qeyri-yaşayış obyektlərini uzunmüddətli kirayəyə götürür, bu zaman əmlak sahibi haqqında araşdırma aparır, barəsində məlumatlar toplayırlar”.

    Ekspert qeyd edib ki, cinayətkar dəstə öz qurbanlarını seçərkən daha çox subay, ailəsi olmayan şəxslərə üstünlük verirlər ki, bunun da səbəbi var:

    “Ona görə ki, planları baş tutduğu zaman həmin şəxsin həyat yoldaşının notariusda razılığına ehtiyac qalmasın, həmçinin mənzildə heç kəs qeydiyyatda olmasın.

    Beləliklə, vətəndaşlardan əmlaklarını uzunmüddətli kirayəyə götürür, kirayə müqaviləsini rəsmi notarial qaydada bağlayırlar. Təbii ki, müqavilələrdə həm əmlak, həm də əmlak sahibi haqqında müəyyən məlumatlar öz əksini tapır. Cinayətkar dəstə həmin əmlakın çıxarışının, həmçinin əmlak sahibinin şəxsiyyət vəsiqəsinin surətini götürür, daha sonra əmlak sahibinin adından əmlakın satılmasına görə Rusiyanın şəhərlərində notarial orqanlarda öz adamlarına etibarnamə verirlər. Daha sonra həmin etibarnamə ilə Azərbaycana gələrək, əmlakı öz ətrafında olan adamların adına keçirir və başqasına satırlar.

    Ona görə də əmlak alarkən mütləq şəkildə kiçik də olsa, araşdırma aparın. Məsələn, əgər alınacaq mənzil binada yerləşirsə, mütləq gedib həmin binanın komendantından, qonşulardan, sahə müvəkkilindən və yaxud mənzil istismar idarələrindən həmin əmlak bağlı məlumatlar alın, evin sahibi haqqında maraqlanın. Tam əmin olduqda ki, sizə mənzili satan şəxs mənzilin sahibidir, o zaman əmlakı alın. Əks halda siz də qurbanlardan birinə çevrilə bilərsiniz”.

  • Əlilliyi olan şəxslərə pulsuz verilən dərman preparatlarının sayı artırıldı

    Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nda dəyişiklik edib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, “Əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatlarının siyahısı”na “Loratadin” (tablet), “Ürək damar sistemi üçün dərman vasitələri” sırasına “Amlodipin+İndapamid+Perindopril” (tablet), “Ramipril” (tablet) daxil edilib.

    Eyni zamanda “Beyin və periferik qan dövranını yaxşılaşdıran dərman vasitələri” sırasına “Betahistin dihidroxlorid” (tablet), “Neostiqmin metilsulfat” (inyeksiya üçün məhlul), “Həzm sisteminə təsir edən dərman vasitələri” siyahısına “Bisakodil” (tablet), “Tənəffüs sisteminə təsir edən dərman vasitələri” siyahısına “Montelukast” (tablet), “Dornase alfa” (inhalyasiya üçün məhlul), “Hipertonik” (natrium xlorid məhlulu + natrium hialuronat inhalyasiya üçün məhlul), “Vitamin və minerallar” siyahısına “Maqnezium + Piridoksin HCl” (tablet), “Antimikrob dərman vasitələri” siyahısına “Metronidazol”, “Ofloksasin”, “Siprofloksasin” və “Ko-trimoksazol” tabletləri və “Tobramicin” (inhalyasiya üçün məhlul), “Epilepsiya əleyhinə dərman vasitələri” siyahısına “Preqabalin” (kapsul) daxil edilib.

    Nazirlər Kabinetindən bildirilib ki, qərara əsasən, əlilliyi olan şəxslərə pulsuz verilən dərman preparatlarının sayı artırılıb, 20 adda dərman siyahıya yeni əlavə olunub. Əlilliyi olan şəxslər pulsuz dərman vasitələri ilə Səhiyyə Nazirliyi və TƏBİB-in birgə müəyyən etdikləri tibb müəssisələrində təşkil edilmiş aptek məntəqələri vasitəsilə təmin olunurlar. Dərman preparatlarının dəyəri tibb müəssisələri tərəfindən bu məqsədlə İcbari Tibbi Sığorta Fondunda (İTS) nəzərdə tutulmuş vəsait hesabına ödənilir.