Month: May 2024

  • Nazirliyin keçmiş əməkdaşı yenidən məhkəməyə üz tutdu

    Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə işdən çıxarıldığı bildirilən qurumu əməkdaşı Afət Şeyx-zadə növbəti dəfə məhkəməyə müraciət edib.

    Qaynarinfo xəbər verir ki, onun iddiası bu dəfə də əmək münasibətləri ilə bağlıdır.

    İş hazırda apellyasiya mərhələsindədir. Şikayəti Afət Şeyx-zadənin verdiyi bildirilir.
    İşə Bakı Apellyasiya Məhkəməsində Mehriban Qarayevanın sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.

    Afət Şeyx-zadə bundan əvvəl də eyni iddia ilə məhkəməyə müraciət etmişdi. Görünür, məhkəmə instansiyalarının qərarları onu qane etməyib.

    Bundan başqa, Afət Şeyx-Zadə “X” hesabında nazirlikdə xəsarət aldığını yazıb.

    “Mənin əmək nazirliyində aldığım xəsarəti niyə gizlətdiniz? Prokurorluq təsdiqləməsəydi, yenə təhqiqatdan boyun qaçırardınız. Özünüz qanun pozuntusuna yol verirsiniz”, deyə o bildirib.

  • Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

    Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bir mənzildən ümumi dəyəri 2 383 manat olan qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Elşad İbrahimov saxlanılıb. Araşdırmalar zamanı şəxsin daha bir vətəndaşa məxsus yeddi baş xırdabuynuzlu heyvanı oğurlaması da məlum olub.

    2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə isə dəyəri 4 170 manat olan müxtəlif təyinatlı elektrik avadanlıqları oğurlayan Murad Qasımov və ümumilikdə 1 300 manat dəyərində müxtəlif məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Kənan Rüstəmov saxlanılıblar.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.

  • AAYDA ilə vətəndaş arasında torpaq qalmaqalı

    Azərbaycan Avtomobil Yolla Dövlət Agentliyi (AAYDA) ilə vətəndaş arasında torpaq qalmaqalı baş verib.

    Qaynarinfo-ya daxil olan xəbərə görə, Bakı sakini Bayramova Solmaz İsa qızı bu qalmaqaldan dolayı məhkəməyə müraciət edib.

    İddialara görə, birinci instansiya məhkəməsi vətəndaşın iddiasını təmin etməyib.

    Solmaz Bayramova qərardan apellyasiya şikayəti verib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

    İş hakim Xəyalə Cəmilovanın icraatındadır.

  • İranın qərbində qaz kəməri partlayıb, ölənlər var

    İranın qərbindəki Abdanan şəhərində qaz kəmərində partlayış baş verib.

    “Report” xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

    “Partlayış nəticəsində yaxınlıqdakı ev dağılıb. İki işçi ölüb, ikisi yaralanıb”, – şəhər administrasiyasının açıqlamasında bildirilir.

    İlkin məlumatlara görə, partlayış özəl telekommunikasiya şirkətlərindən birinin qazıntı işləri aparması və təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verib.

  • 30 yaşlı kişiyə ərə veriləcəyi deyilən doqquzuncu sinif şagirdi ilə bağlı RƏSMİ AÇIQLAMA

    Sosial şəbəkələrdə Masallı rayon Mahmudavar kənd ümumi orta məktəbin doqquzuncu sinif şagirdinin 30 yaşlı şəxslə evləndiriləcəyinə dair məlumatlar paylaşılmışdı. Sözügedən məsələ ictimailəşdikdən sonra aidiyyəti üzrə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu tərəfindən operativ reaksiya verildi.

    Masallı rayonu üzrə təhsil sektorundan oxu.az-a verilən məlumata görə, Mahmudavar kənd Q.Babayev adına ümumi orta məktəbin 2008-ci il təvəllüdlü doqquzuncu sinif şagirdinin nişanlanması və bu məqsədlə toy məclisinin planlaşdırılması barədə 24.05.2024-cü il tarixdə sosial şəbəkələrdə paylaşılan məlumatlarla bağlı profilaktik tədbirlər görülüb.

    Bildirilib ki, 24 may saat 17:02-də Masallı rayonu üzrə təhsil sektoruna məlumat daxil olan kimi, bu barədə yerli ərazi nümayəndəliyi və ərazi üzrə sahə müvəkkili məlumatlandırılıb, həmçinin valideynlərlə müvafiq söhbət aparılaraq mövcud qanunvericiliyin tələblərindən irəli gələn məsələlər onlara izah edilib:

    “Bununla yanaşı qeyd olunmuş məsələ ilə bağlı şagird və onun hər iki valideyni, nişanlandığı iddia olunan oğlan və onun atası Masallı Rayon Polis Şöbəsinə dəvət olunub. Masallı Rayon İcra Hakimiyyətinin, Masallı rayonu üzrə təhsil sektorunun və Masallı RPŞ-nin müvafiq əməkdaşlarının iştirakı ilə valideynlərlə profilaktik söhbətlər aparılıb və akt tərtib olunub.

    Həmçinin bildiririk ki, sözügedən şagird cari tədris ilində həmin məktəbin IX sinfində təhsil aldığı müddətdə müntəzəm olaraq dərslərə davam edib, davamiyyətində problem olmayıb, məktəbdə özünü intizamlı şagird kimi aparıb, eyni zamanda buraxılış imtahanında da iştirak edib”.

  • Ermənistan Azərbaycanla sərhəddə müşahidə məntəqələri tikir

    Ermənistan Azərbaycanla sərhədin Voskepar kəndi yaxınlığındakı delimitasiya olunmuş hissəsində sərhədçilər üçün müşahidə məntəqələrinin tikintisinə başlayıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyana onun Tavuş vilayətinin sərhəd kəndlərinə səfəri çərçivəsində Voskepar kəndindəki Müqəddəs Məryəm kilsəsini ziyarət etdiyi zaman Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının Baş Qərargah rəisi Edqar Unanyan məruzə edib.

    Onun sözlərinə görə, Ermənistan tərəfi artıq sərhədçilər üçün müşahidə məntəqələrinin tikintisinə başlayıb.

    “Biz altı müşahidə məntəqəsi quraşdırmışıq, Azərbaycan tərəfi isə hələ ki yollar çəkir, məntəqə quraşdırmayıb. Əldə olunan bütün razılaşmalar yerinə yetirilir”, – o bildirib.

  • Azərbaycan paraatleti: “Dördqat dünya çempionu olmaq mənim üçün qürurvericidir”

    “Dördqat dünya çempionu olmaq mənim üçün qürurverici hissdir”.

    Bunu Azərbaycan paraatleti Lamiyə Vəliyeva Milli Paralimpiya Komitəsinin Mətbuat Xidmətinə açıqlamasında deyib.

    Yaponiyanın Kobe şəhərində keçirilən yarışda “T13” kateqoriyasında 400 metr məsafəyə qaçışda qızıl medal əldə edən idmançı ona dəstəkləyənlərə minnətdar olduğunu bildirib:

    “Turnirə yaxşı hazırlaşırdım. Bu, son deyil. Parisdəki Yay Paralimpiya Oyunlarına güclü şəkildə hazırlaşacağam və öz Vətənimi layiqincə təmsil edəcəyəm”.

    Qeyd edək ki, bu, 22 yaşlı paralimpiya çempionunun ümumilikdə dördüncü dünya çempionluğudur. Lamiyə Vəliyeva Kobedəki yarışın ilk günündə 100 metr məsafəyə qaçışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, ötən il Fransanın paytaxtı Parisdə təşkil edilən dünya çempionatında da 100 və 400 metr məsafəyə qaçışda qızıl medala sahib çıxıb.

  • DİN-dən ƏMƏLİYYAT: Maşın oğrularının saxlanılma görüntüləri – FOTO/VİDEO

    Bakının Xəzər rayonu Binə qəsəbəsində paytaxt sakini olan bir nəfərə məxsus “Chevrolet” markalı avtomobil qaçırılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, polisin keçirdiyi tədbirlərlə avtomobilin paytaxt ərazisində idarə olunduğu və hərəkət trayektoriyası müəyyən edilib. Təqib olunan avtomobil polislərdən yayınmağa çalışsa da, hadisəni törədən Bakı şəhər sakini əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 2001-ci il təvəllüdlü Namiq İsmayilov və həmin vaxt yanında olan daha bir qadın saxlanılıblar. N.İsmayılovdan narkotik vasitə olan heroin də aşkarlanıb.

    Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsində araşdırmalar aparılır.



  • Nərgiz Absalamovanın həbs müddəti uzadıldı

    Nərgiz Absalamova barəsində olan həbs qətimkan tədbiri daha 22 gün uzadılıb.

    “Report” xəbər verir ki, qərar Xətai Rayon Məhkəməsində hakim Aynur Abdullayevanın sədrliyi ilə keçirilən iclasda elan olunub.

    Qeyd edək ki, ötən ilin dekabr ayının 1-də onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

    Daha öncə “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eləcə də saytın direktor müavini Məhəmməd Kekalov qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.

  • Azərbaycan manatının dövretmə sürəti azalıb

     Bu il mayın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,34 bənd təşkil edib.

    Median.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,04 bənd az, ilin əvvəlinə nisbətən 0,14 bənd az, illik müqayisədə isə 0,63 bənd azdır.

    AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.