Month: May 2024

  • ABŞ prezidenti İlham Əliyevi təbrik etdi

    Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Amerika xalqı adından Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.

    Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərinə dəyər verir. Diplomatik əlaqələrimizin 30 ildən artıq bir dövründə biz enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorçuluqla mübarizə də daxil olmaqla birgə maraqlara söykənən tərəfdaşlıq qurmuşuq. Hər iki ölkəmiz Əfqanıstanda çiyin-çiyinə döyüşmüş və birlikdə Cənub Qaz Dəhlizini inkişaf etdirməklə regional enerji təhlükəsizliyi ilə bağlı çağırışlara sinə gərmişdir. Biz həmçinin Rusiyanın davam edən qəddar müharibəsi fonunda Azərbaycanın Ukraynaya göstərdiyi həyat əhəmiyyətli humanitar yardımı da yüksək qiymətləndiririk.

    Prezidentliyinizin beşinci müddətinin başladığı bir vaxtda, Amerika Birləşmiş Ştatları regional və qlobal məsələlərdə, o cümlədən iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid sahəsində qarşılıqlı əməkdaşlığımızı dərinləşdirməyə səy göstərəcəkdir. Biz Azərbaycanı demokratik idarəetməni gücləndirilməsi və bütün azərbaycanlıların insan hüquqları və fundamental azadlıqlarının qorunması üçün əsaslı addımlar atmağa dəvət edirik. Biz noyabrda Bakıda keçiriləcək COP29 çərçivəsində iqlimlə bağlı birgə məqsədlərimizin irəlilədilməsini arzulayırıq və tədbirin uğurla keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq.

    Azərbaycanın müstəqilliyinin qeyd edildiyi bu bayramda Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təsdiq edir. Biz Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayırıq və bu səyləri dəstəkləməyə hazırıq. Ən əsası isə, biz Azərbaycan xalqı ilə tərəfdaşlığımızı inkişaf etdirməyi və əlaqələri möhkəmləndirməyi arzulayırıq.

    Sizə və Azərbaycan xalqına ən xoş arzularımı yetirirəm”.

  • Azərbaycan borclanma limitini artırır

    Azərbaycanın 2024-cü il üzrə daxili dövlət borclanmasının yuxarı həddinin (limiti) 2,3 milyard manatdan 2,7 milyard manata çatdırılması, xarici dövlət borclanmasının yuxarı həddinin (limiti) isə 1,7 milyard manat saxlanılması nəzərdə tutulur.

    Report bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Bundan başqa, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddinin (limiti) 0,7 milyard manatdan 1,1 milyard manata çatdırılması planlaşdırılır.

  • Azərbaycan parlamenti Çexiyaya etiraz məktubu göndərib

    Mayın 24-də Milli Məclisin Çexiya ilə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev qrupun üzvləri adından Çex Respublikası parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvlərinə etiraz məktubu ünvanlayıb.

    Median.Az xəbər verir ki, məktubda Çexiya parlamentinin Deputatlar Palatasının sədr müavini Yan Bartosekin Ermənistanın səfiri Aşot Hovakimyanla görüşdə səsləndirdiyi fikirlər Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin dərin təəssüfünə səbəb olduğu bildirilib.

    Qeyd olunub ki, Yan Bartosekin səsləndirdiyi birtərəfli şərhlər həqiqəti əks etdirməməklə yanaşı, həm də Azərbaycan və Çexiya parlamentləri arasında son illər ərzində yaranmış və özünü doğrultmuş dostluq və əməkdaşlıq ruhuna ziddir. Həmçinin belə görünür ki, cənab Bartosek keçmiş münaqişənin tarixinin əsil səbəbləri, habelə ötən 3 il ərzində regionda yaranmış yeni reallıqlardan və Ermənistan və Azərbaycan arasında sülh gündəliyi barədə məlumatsızdır. Dost ölkə parlamentinin Deputatlar Palatasının sədr müavini cənab Bartosek tərəfindən söylənən fikirlər ölkələrimiz arasında mövcud olan sağlam əməkdaşlığa və dostluq münasibətlərinə xələl gətirir.

    “Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu cənab Bartosekin nəzərinə çatdırır ki, Azərbaycan Respublikasının 20% ərazisi 30 il ərzində Ermənistanın işğalı altında qalıb. Bu dövr ərzində Ermənistan azərbaycanlılara məxsus yaşayış məntəqələrini talan edib və dağıdıb, tarixi və memarlıq abidələrini məhv edib və saxtalaşdırıb, həmçinin Azərbaycana məxsus dini abidələri təhqir edib. Bütün dünya, o cümlədən Ermənistanın özü və cənab Bartosekin ölkəsi olan Çex Respublikası da bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Belə olan halda, sədr müavininin məsələ ilə bağlı öz dövlətinin rəsmi mövqeyinə açıq şəkildə məhəl qoymaması və ya faktları bilərəkdən təhrif etməsi bizdə dərin təəccüb və təəssüf doğurur”, – deyə məktubun mətnində qeyd olunub.

    Bildirilib ki, Azərbaycan-Çexiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri cənab Bartosekin bəyanatını pisləyir və onun buraxdığı siyasi səhvi düzəldəcəyinə ümid edir.

    Sonda İşçi qrupunun mövqeyi barədə Çexiya parlamentinin Deputatlar Palatasının rəhbərliyinə məlumat verilməsi xahiş olunur.

  • Azərbaycanda işğaldan azad olunmuş ərazilərə xərcləmələr 1 milyard manatdan çox artırılır

    Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərclərinin 3 825 milyon manatdan 4 855,8 milyon manata çatdırılması nəzərdə tutulub.

    Report bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Beləliklə, işğaldan azad olunmuş ərazilərə xərcləmələr 1 milyard manatdan çox artırılır.

  • Sabah intensiv yağış yağacaq

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Səhər yarımadanın bəzi yerlərində qısamüddətə intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-55 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 17-22° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-10° isti olacaq

  • Lukaşenko İran Prezidenti Rəisinin ölümündə ABŞ-ni günahlandırıb

    Belarus Prezidenti Aleksandr Lukaşenko İran Prezidenti İbrahim Rəisinin ölümündə ABŞ-ni günahlandırıb.

    Bu barədə “BELTA” məlumat yayıb.

    Lukaşenko vurğulayıb ki, bu, onun dövlət başçısı kimi deyil, bir şəxs kimi mövqeyidir.

    “ABŞ-nin iyrənc siyasəti buna gətirib çıxardı. İlk növbədə, sanksiyalar. Bu yaramazlar adam daşıyan təyyarələrə qarşı sanksiya tətbiq etməyə haqqı yox idi. Bu da onların günahıdır. Onlar bu helikopterə xidmət göstərməyi qadağan ediblər. Bu dəqiqdir”, – Lukaşenko vurğulayıb.

  • Rusiya Yaponiya ilə nüvə silahına dair müqaviləni ləğv edib

    Rusiya Xarici İşlər Nazirliyi Yaponiya ilə nüvə silahlarının azaldılması sahəsində sazişə xitam verildiyini açıqlayıb.

    APA Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə hüquqi aktların rəsmi nəşri portalında deyilir.

    “2024-cü il mayın 21-də Rusiya Federasiyası hökuməti ilə Yaponiya hökuməti arasında Rusiya Federasiyasında ixtisar edilməli olan nüvə silahlarının ləğv edilməsinə köməklik göstərilməsi və bu məqsədlər üçün əməkdaşlıq komitəsinin yaradılması üzrə əməkdaşlıq haqqında sazişə xitam verildi”, – sənəddə deyilir.

    Müvafiq saziş 1993-cü il oktyabrın 13-də Tokioda imzalanıb.

    Sənəd nüvə silahlarının azaldılması sahəsində əməkdaşlıq komitəsinin yaradılmasının zəruriliyini nəzərdə tutub.

    Bu razılaşmanın bir hissəsi olaraq Tokio və Moskva nüvə silahlarının ləğvi ilə bağlı məlumat və tədqiqat nəticələri mübadiləsi aparıblar.

  • Azərbaycanda istifadə edilməyən peyvəndlərin aqibəti necə olub?

    Yoluxucu xəstəlik və viruslardan qorunmağın ən təcrübi yolu peyvəndlənmədir. Bir çox epidemiya və pandemiyaların qarşısı elmin bu ixtirası sayəsində alınıb.

    Yaxın keçmişdə dünyanı bürüyən koronavirus pandemiyası zamanı da tezliklə infeksiyaya qarşı peyvənd kəşf edildi və dünya ölkələri xəstəliyə qarşı vaksinləşmə prosesinə qoşuldu.

    Tərkibi eyni olan kütləvi şəkildə istehsal olunan peyvəndlərdən pandemiyanın aktiv fazası zamanı geniş istifadə olunurdu. Hazırda pandemiya rəsmi şəkildə bitib və dünya əhalisinin çox hissəsi vaksinasiya prosesinə cəlb edilib.

    Bəzi ölkələrdə az sayda yoluxma faktı qeydə alınır ki, bu da pandemiya təhlükəsi yaratmır. Belə olduqda bəzi ölkələr hazırda istifadəsiz qalan peyvəndlər haqqında tədbir görürlər. Yaponiya hökuməti pandemiyanın aktiv fazası zamanı alınmış, ümumi dəyəri təxminən 1,93 milyard dollar olan, istifadə olunmamış koronavirus peyvəndinin təxminən 77%-ni məhv etməyi planlaşdırır.

    Buna oxşar faktlar digər ölkələrdə də qeydə alınıb.

    Bəs Azərbaycanda durum necədir? Hazırda Azərbaycanda istifadə olunmamış nə qədər, hansı dəyərdə koronavirus əleyhinə peyvənd var və onların yararlılıq müddəti nəzərə alınaraq aqibətləri necə olacaq?

    Səhiyyə Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, ölkəyə idxal olunan vaksin preparatlarından humanitar məqsədlə bəzi ölkələrə yardım edilib:

    “Ölkədə koronavirus (COVID-19) xəstəliyinə qarşı ümumən 4 növ vaksin preparatından istifadə edilib. Bununla yanaşı, ölkəyə idxal edilən vaksin preparatlarından digər ölkələrə də (Bosniya və Herseqovina, Tacikistan, Özbəkistan, Qırğızıstan, Afrika ölkələri) humanitar məqsədlərlə yardım edilib. Hazırda tibb müəssisələrində mövcud olan CoronaVac vaksin preparatları vaksinasiya üçün müraciət əsasında istifadə olunur”.

  • Daha iki bank bağlana bilər

    Son zamanlar bankların maliyyə vəziyyəti pisləşməkdə davam edir.

    Bu səbəbdən də son illər 7 bankın lisenziyası ləğv edilib.

    Ehtimal edilir ki, maliyyə vəziyyəti kritik olan “Bank BTB” və “Premium” bankın lisensiyası ləğv ediləcək.

    Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında deyib ki əmanətlərin həcminin azalması banklar üçün xəbərdarlıq kimi qəbul edilməlidir. Bank aktivini artırmağa çalışmalıdır.

    Ekspert qeyd edib ki, hazırda maliyyə göstəricisi zəif olan “Bank BTB” heç vaxt yaxşı banklar siyahısında olmayıb. Bununla yanaşı, “Premium Bank”ın da göstəriciləri də yüksək deyil. Ancaq bu o demək deyil ki, həmin banklar mütləq qaydada bağlanacaq. Banklar aktivlərini artırmağa çalışmalıdır.

  • Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

    Azərbaycanda alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı icazə sistemi təkmilləşdirilir.

    Qaynarinfo xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında mazakirə edilən “Qida təhlükəsizliyi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

    Dəyişiklik layihəsində qeyd edilir ki, icazə sisteminin təkmilləşdirilməsi qeyd edilən sahədə fəaliyyət göstərən intizamlı və peşəkar sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə, daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına, istehsalın və dövriyyənin tənzimlənməsinə, vergidən yayınma hallarının və qeyri-qanuni istehsalın qarşısının alınmasına, mövcud sahədə rəqabətə dözümlü investisiya mühitinin formalaşmasına və istehsal olunmuş məhsulların ixrac potensialının artırılmasına xidmət edəcəkdir.

    İstehsal fəaliyyətinin həyata keçirildiyi qida obyektində ölçü cihazlarının quraşdırılması alkoqollu içki istehsalçılarının istehsal həcmlərinin gizlədilməsi hallarının qarşısının alınmasına və hazır məhsul dövriyyəsinin müəyyənləşdirilməsinə xidmət edir.

    Alkoqollu içki növü olan arağın idxalı ilə bağlı təchizatçı ilə müqavilənin, eləcə də istehsalda xammal qismində istifadə olunan spirtin alışına dair sənədlərin mövcudluğu şərtinin müəyyən edilməsi bu sahədə mənşəyi məlum olmayan və aşağı keyfiyyətli malların dövriyyəsini, eləcə də kölgə iqtisadiyyatının həcmini məhdudlaşdıracaqdır.

    Alkoqollu içki növü olan arağın istehsalına icazənin verilməsi üçün nəzərdə tutulan tələblərdən biri də illik minimum istehsal həddinin müəyyən edilməsidir. Layihədə illik minimum istehsal həcmi 100 min dekalitr olaraq müəyyən edilsə də, layihənin keçid müddəalarında illik minimum istehsal həcminin bu həddə 2032-ci il yanvarın 1-dək mərhələli şəkildə qaldırılması nəzərdə tutulur. Belə ki, 2024-2025-ci illər üzrə illik minimum istehsal həcmi 20 min dekalitr olaraq müəyyən edilmişdir.

    Aparılmış təhlillərə əsasən, son 3 illik dövr üzrə istehsal həcmi 20 min dekalitrdən çox olan vergi ödəyicilərinin araq üzrə istehsal həcmləri ümumilikdə 1.434 min dekalitr təşkil etmişdir ki, bu da ölkə üzrə ümumi araq istehsalının 86%-ni təşkil edir.

    Nəzərə alınmalıdır ki, illik minimum istehsal həcmi ilə bağlı oxşar təcrübə ölkə qanunvericiliyində əvvəllər də mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 mart tarixli 33 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının istehsalı üçün lisenziya verilməsi Qaydaları”nda (Nazirlər Kabinetinin 6 oktyabr 2016-cı il tarixli 385 nömrəli qərarı ilə ləğv edilmişdir) araq istehsalı ilə bağlı lisenziyanın illik istehsal həcmi 200 min dekalitrdən az olmamaq şərtilə verilməsi tələbi mövcud olub.

    Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.