Month: May 2024

  • Fransada futbol meydançasında məşqçini ildırım vurub öldürüb

    Fransanın şimalında yerli komandanın məşq zamanı futbol meydançasına ildırım düşüb, bir nəfər ölüb, ən azı iki nəfər yaralanıb.

    Bu barədə “La Voix du Nord” qəzeti yazıb.

    Hadisə Kurye kommunasında (Pa-de-Kale departamenti) axşam saatlarında baş verib. Hadisə yerinə gələn xilasedicilər 33 yaşlı məşqçinin öldüyünü təsdiqləyib.

    Xəstəxanaya yerləşdirilən yaralılardan biri ayağında yanıqdan, ikincisi isə döş qəfəsində ağrılardan şikayətlənib.

    Hadisə zamanı stadionda 33 nəfər olub. Yerli prefekturadan verilən məlumata görə, onlar şok vəziyyətindədirlər, lakin özlərini yaxşı hiss edirlər.

    Nəşrin qeyd edib ki, yanğınsöndürmə və xilasetmə xidmətinin əməkdaşları və polis hazırda hadisə yerində işləyir.

  • Bakıda 24 dərəcə isti olub, rayonlara yağış yağıb – FAKTİKİ HAVA

    Mayın 24-ü saat 19:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Altıağac, Xınalıq, Qusar (Laza), Xaltan, İsmayıllı, Qrız, Naftalan, Ağcabədi, Ağdam, Tərtər, Mingəçevirdə arabir yağış, Şahdağda isə sulu qar yağır.

    Qrız, Şahdağ, Daşkəsən, Göygöl, Qax, Şəki, İsmayıllı, Lerikdə duman müşahidə olunub.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 20-25, Aran rayonlarında 22-25, dağlıq rayonlarda 9-11, yüksək dağlıq ərazilərdə isə 2 dərəcəyədək isti olub.

  • Azərbaycan güləşçisi qızıl medal qazanıb

    Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

    İdmançımız həlledici görüşdə Türkiyə təmsilçisi Elvira Kamaloğluna qalib gələrək fəxri kürüsünün ən yüksək pilləsinə qalxıb.

    Qeyd edək ki, bu gün həmçinin digər güləşçilərimizdən Elnurə Məmmədova (53 kq) yarışı gümüş medalla başa vurub.

  • İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu itkin düşdü – VİDEO

    Mərhum Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxan Nadirov itkin düşüb.

    Bu barədə aparıcı Xoşqədəm Hidayətqızı bildirib.

    Orxan pandemiya vaxtı Ukraynaya gedərək bir müddət orada yaşayıb. Ötən ilin iyununda isə Türkiyəyə gedib. Daha sonra itkin düşüb.

    Veriliş zamanı Orxanın Moskvada itdiyi bildirilib.

  • Ermənistan MDB Oyunlarının ev sahibliyindən imtina etdi

    “Ermənistan 2027-ci ildə MDB Oyunlarına ev sahibliyi etməyə hazır deyil”.

    Bu barədə Ermənistanın təhsil, mədəniyyət və idman nazirinin müavini Karen Qiloyan bildirib.

    İttifaq ölkələrinin Bədən Tərbiyəsi və İdman Şurasının Gümrüdə keçirilən forumunda o bildirib ki, bu müddət ərzində ölkədə artıq bir sıra iri idman tədbirlərinin – gimnastika üzrə Avropa çempionatının, ağır atletika üzrə dünya çempionatının, ümumerməni oyunlarının və s. keçirilməsi nəzərdə tutulub.

    //TASS

  • Xavinin “Barselona”dan ayrılacağı dəqiqləşib

    La Liqa təmsilçilərindən “Barselona” mövsümün sonunda baş məşqçisi Xavi Hernandezlə yollarını ayıracaq.

    Bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

    Klub prezidenti Xuan Laporta 2024/2025 mövsümündə Xavinin əsas komandanın baş məşqçisi olmayacağını bildirib.

    Xatırladaq ki, 44 yaşlı ispan 2021-ci ilin noyabr ayından etibarən İspaniya nəhəngini çalışdırır.

    Qeyd edək ki, Xavi mayın 26-da “Sevilya” ilə səfər matçından sonra postunu tərk edəcək.

  • İşğaldan azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ

    Mayın 27-si saat 11:00-dan etibarən işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reysləri üçün iyun ayı üzrə biletlər satışa çıxarılacaq.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumat yayıb.

    Bildirilib ki, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.

    Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

    Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günə qədər ümumilikdə 729 reys həyata keçirilib, 29 718 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

  • Büdcəyə gömrük xətti ilə yüzmilyonlarla manat vəsait daxil olub

    Bu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 milyard 980 milyon manat təşkil edib.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% azdır.

    2023-cü ilin yanvar-aprel aylarında bu rəqəm 2 milyard 46,7 milyon manat təşkil edib.

    Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 52,4% artaraq 757 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 22% azalaraq 1 milyard 146,7 milyon manat, aksizlər üzrə daxilolmalar 2% artaraq 63,6 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 25,4% azalaraq 12 milyon 703 min manat olub.

  • Taksi sürücüsü hoteldən götürdüyü xanımlardan 10 manat istədi – yeddiqat cərimələndi

    Hoteldən çıxıb Bakıya qayıtmaq istəyən xanımlar taksi sürücüsü barədə polisə şikayət ediblər.

    “Qaynarinfo”nun məlumatına görə, hadisə Quba rayonunda baş verib.

    Belə ki, Günel, Gülnar və Zəminə (şərti) paytaxtdan “Quba Retro Hotel”ə istirahətə gediblər. Bir gün sonra rəfiqələr Bakıya qayıtmaq üçün Qubada taksi sifariş veriblər. Onlar hotelin qarşısından götürmək şərti ilə sürücü ilə Bakıya 10 manat (hər biri üçün) gediş haqqına razılaşıblar.

    Daha sonra sürücü Quba şəhərinin mərkəzindən – “Köhnə Avtovağzal” adlanan ərazidən bir nəfər də sərnişin götürmək üçün onlara gözləməyi təklif edib. Bu səbəbdən qadınlar narazılıq edərək, başqa taksi ilə Bakıya gedəcəklərini bildiriblər. Sürücü isə onları hoteldən götürüb, Quba şəhərinə gətirdiyi üçün əlavə 10 manat pul tələb edib. Xanımlar bu təklifə etiraz etmək istəyəndə sürücü onları təhqir edib və nalayiq sözlər işlədib. Bu səbəbdən polisə şikayət edilib.

    1985-ci ildə Quba şəhərində anadan olmuş taksi sürücüsü Kənan (şərti) saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib.

    Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İXM-in həmin maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 70 manat cərimə edilib.

  • Eyni anda iki insanı sevmək mümkündürmü? – AÇIQLAMA

    İnsanların əksəriyyəti sevgi və eşq məfhumlarını qarışıdırırlar. Məhz bu baxımdan partnyorlarını sevdiklərini, yoxsa aşiq olduqlarını dərk edə bilmirlər.
     
    Bəs sevgi və eşqi necə ayırd edə bilərik?
     
    Mövzu ilə bağlı sfera.az-a danışan psixoloq Fərqanə Mehmanqızı bildirib ki, sevgi eşqdən daha uzumüddətlidir.
     
    “Bir insanı sevmək üçün uzun müddət zaman lazımdır. Eşq anlayışı isə sevgiyə nisbətən ötəridir, daha qısamüddətlidir. İnsan aşiq olduğu zaman orqanizmində testesteron, esterogen, dopamin, serotonin, oksitosin kimi maddələrin miqdarı artır. Bu maddələr sayəsində özümüzü daha gümrah və enerjili hiss edirik. Sevgi isə bir şəxsə qarşı duyulan diqqət və bağımlılıqdır. Bir insanı sevmək üçün onu tanımağa ehtiyac duyursan. Aşiq olan zaman tanımadan belə o insanı gözündə ilahiləşdirirsən”.
     
    Psixoloq qeyd edib ki, insan eyni anda birdən çox şəxsi sevə bilər, ancaq bir insana aşiq ola bilər.
     
    “Yəni eyni anda iki insana aşiq olmaq eşq hissinin mahiyyətinə görə mümkün deyil. Sevgi isə yalnız qarşı cinsə məxsus deyil. İnsan anasını, atasını və doğmalarını eyni anda sevə bilir”.