Month: May 2024

  • Ağdamda sərxoş piyada əlindəki içki şüşəsini maşınlara vurdu – VİDEO

    Ağdam rayonu Quzanlı kəndində sürücülərə təhlükə yaradan piyada görüntülənib.

    Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb.

    Piyada yolun hərəkət hissəsində dayanaraq avtomobillərə qəza riski yaradıb. Belə ki, o, xoşagəlməz hərəkətlər edərək əlindəki içki şüşəsini nəqliyyat vasitələrinə vurmağa çalışıb. Piyadanı görən sürücülər ehtiyatlı davranaraq yaranmış təhlükəni dəf ediblər.

    Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri piyadanın mütəmadi olaraq içki qəbul etdiyi bildiriblər.

    Məsələylə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır və ətraflı məlumat veriləcək.

  • Cəlilabadda ayağında şiş yaranan 31 yaşlı kişi xəstəxanada ölüb

    Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, rayon sakini, 1993-cü il təvəllüdlü Nuriyev Vahid Sübhan oğlu ayağında şiş yarandığı üçün xəstəxanaya müraciət edib.

    Yaxınlarının sözlərinə görə, xəstəxanada ona sistem köçürülüb, bundan sonra şoka düşüb və ölüb.

    Hadisə ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından “Report”a bildirilib ki, sözügedən şəxs bu gün xəstəxanaya müraciət edib.

    “Xəstəyə ilkin tibbi yardım göstərilən zaman onun halı pisləşib. Daha sonra o, reanimasiya şöbəsinə yerləşdirilib. Lakin aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstə vəfat edib”, – xəstəxanadan bildirilib.

    Qeyd edək ki, mərhum iki uşaq atasıdır.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda kişi saxta sürücülük vəsiqəsini verib əslini aldı

    Azərbaycanda sürücülük vəsiqəsi əldə etmək üçün saxta sənəd təqdim edən saxlanılıb.

    58 yaşlı Gürcüstan vətəndaşı Şamil Cəlilov (ad və soyad şərti) həmin ölkənin Rustavi şəhərində pul müqabilində saxta sürücülük vəsiqəsi alıb. Onun 2022-ci ilin avqust ayında “Dato” adlı şəxsdən aldığı “C” kateqoriyalı vəsiqəsi Türkiyə Respublikasına aid olub. Blankları mətbəə çap üsulu ilə deyil, printerlə hazırlanıb.

    Ş.Cəlilov bir ay sonra, sentyabrda Azərbaycana məxsus orijinal sürücülük vəsiqəsi əldə etmək üçün Sumqayıtda yerləşən 2 saylı “ASAN xidmət” Mərkəzinə gəlib. Müvafiq şöbəyə yaxınlaşaraq, həmin saxta vəsiqəni təqdim edib. Nəticədə əsl vəsiqəni ala bilib.

    Hətta o, aldığı əsl vəsiqənin 1 illik etibarlılıq müddəti bitdiyi üçün həmin saxta sürücülük vəsiqəsi ilə yenidən eyni “ASAN Xidmət” Mərkəzinin müvafiq şöbəsinə üz tutub. Və bu dəfə də istəyinə nail olaraq, orijinal Azərbaycan sürücülük vəsiqəsinin etibarlılıq müddətini artıra bilib.

    Onun barəsində Cinayət Məcəlləsinin 320.2-ci (saxta sənədlərdən istifadə etmə) maddəsilə cinayət işi açılıb və başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.

    Hazırda Sumqayıt Şəhər Məhkəməsində istintaq davam edir.
    //report

  • Ölkədə havanın temperaturu yüksələcək – Bu tarixdən 40 dərəcəyədək…

    Gələn həftədən etibarən ölkə ərazisində havanın temperaturu yüksələcək.

    Bunu “Report”a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

    Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də yay ərzində isti dövrlərin müşahidə olunması gözlənilir.

    “Bu, Azərbaycanın iqliminə xas olan xüsusiyyətdir. 40 dərəcədən yüksək temperatur adətən respublikanın Aran rayonlarında, Naxçıvan MR-da demək olar ki hər il qeydə alınır. Abşeron yarımadasında da son illər bir necə gün ərzində havanın temperaturu 40 dərəcə ətrafında olub, bu Abşeron yarımadası üçün xarakterikdir. 2022-2023-cü illərdə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41, Naxçıvan MR və Aran rayonlarında isə 43 dərəcəyədək isti qeydə alınıb”, – G.Məmmədova qeyd edib.
    O bildirib ki, hazırda davam edən qeyri-sabit havaların gələn həftədən etibarən, daha mülayim və sabit olacağı, temperaturun tədricən artacağı gözlənilir:

    “Hava şəraiti ilə bağlı məlumatlar hər gün meteo.az saytında yerləşdirilir”.

  • Azərbaycan qadınlarının 90 faizi oxuma-yazma bilmir? – MM-də deputatlar arasında MÜBAHİSƏ

    “Xüsusən rayon və kəndlərdə hüquqi savadsızlıq tüğyan edir”.
     
    Bu fikirləri deputat Razi Nurullayev Milli Məclisin bugünkü plenar iclasında deyib.
     
    Deputat qeyd edib ki, əhalinin az qala 90 faizi ərizə yaza bilmir, nəinki adi hüquqi prosedurları bilsin: “Onun üçün də Komitəyə bu vəzifəni həyata keçirmək üçün əlavə vəsait nəzərdə tutulmalıdır”.

    Deputat Hikmət Babaoğlu isə cavab olaraq bildirib ki, deyilən fikirlə razı deyil: 
     
    “Mən belə şeyləri mən qəbul etmirəm. Qeyd edildi ki, Azərbaycan qadınlarının 90 %-i heç ərizə yaza bilmir. Azərbaycan qadınları folklorun bütün janrlarında qoşma gəraylı, şeir və s. hansı formada deyirsiniz nümunələr yaradıb. Necə yəni 90 % yazı yaza bilmir?! Azərbaycanda yazıb oxumaq 100 %-dir. Maşallah bütün qadınlarımız yazmağı da, oxumağı da bilirlər”.
    //sfera.az

  • Azərbaycanın Xalq artisti vəfat edib

    Azərbaycanın Xalq artisti Tofiq Mövləvi vəfat edib

    Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru, Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü, aktyor-rejissor Tofiq Mövləvi bu gün vəfat edib.

  • Prezidentə Qazaxın kəndləri barədə məruzə edən Sultanov kimdir?

    Dövlət Sərhəd Xidməti (DSX) Qazaxın nəzarətə götürülən kəndləri ilə bağlı Ali Baş Komandan İlham Əliyevə məruzə edib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərində Azərbaycan bayrağının ucaldılması barədə məruzəni Prezidentə DSX-nin Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi general-mayor Vüsal Sultanov edib. Vətən müharibəsi iştirakçısı olan V.Sultanov, həm də Vətən Müharibəsi Qəhrəmanıdır.

    Bildirilir ki, Vüsal Sultanov Vətən müharibəsindəki ən çətin döyüşlərdən biri olan Əmirvarlı döyüşlərinə rəhbərlik edib. Həmin vaxt polkovnik rütbəsində olan V.Sultanov oktyabr ayının 8-dən başlayaraq Əmirvarlı səddinin yarılması üçün gedən əməliyyatlarda iştirak edib. Belə ki, Ermənistan ordusunun müdafiə xəttinin birinci və ikinci eşalonundan geri çəkilmiş qüvvələri son ümid kimi bu səddə cəmləşdiyindən səddi yarmaq çətin olub. DSX-nin Çevik Hərəkat Bölmələri Əmirvarlıda 8 gün fasiləsiz döyüşlər aparıb. Son döyüşündə ağır yaralanan Vüsal Sultanov daha sonra DSX -nin Çevik Hərəkat Dəstəsinin komandanının müavini vəzifəsinə irəli çəkilib. Bir müddət əvvəl isə o, DSX-nin Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

  • Qusarda qadın ərini döyüb

    Qusar rayonunda 1976-cı il təvəllüdlü Tamara ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Tehrana (adlar şərti verilib – red.) xəsarət yetirib.

    Demokrat.az xəbər verir ki, hadisə Qusar rayonunun kəndlərindən birində baş verib. Tamara yaşadığı evdə əri Tehranın kürəyinə ağac parçası ilə bir neçə dəfə zərbə vurub. Daha sonra arxadan itələyərək ona qəsdən xəsarət yetirib.

    Hadisəni törədən Tamaranın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tamara ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü, saat 13 radələrində yaşadığı evə sərxoş vəziyyətdə gəlmiş əri Tehran ilə aralarında yaranmış mübahisə zamanı ağac parçası ilə bir neçə dəfə sonuncunun kürək nahiyəsinə vurub:

    “Daha sonra arxadan onu itələdikdə sol qaşüstü nahiyəsi şüşəbəndin qapı çərçivəsinə dəyməsi nəticəsində xəsarət aldı. Hazırda törətdiyim əməlindən səmimi peşmançılıq hissi keçirmişəm”.

    Bu cinayət işinə Qusar Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

    Bu səbəbdən Tamaranın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

  • 18 yaşa çatmamış nişanlanma qadağan edilsin – TƏKLİF

    “İl ərzində dünyada 10 milyondan çox erkən nikah qeydə alınır”.

    APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar İskəndərov deyib.

    Deputat bildirib ki, Azərbaycanda nikahda 18 yaşla bağlı istisna məsələsi gələcəkdə aradan qaldırılmalıdır:

    “18 yaşdan erkən nişanlanmanın qarşısının alınmasının da qanunda nəzərdə tutulmasını təklif edirəm. Biz bununla erkən nikahların qarşısını da almış olacağıq”.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu məsələnin ciddi müzakirə olunduğunu söyləyib:

    “Erkən yaşda nişanlanma bizim tərəfimizdən ailələr arasında sövdələşmə kimi qəbul edilir. Biz “nişanlanma” sözünü qanunvericiliyə sala bilmirik. Amma biz bunun qanunvericilikdə əksini tapması üçün işləyirik”.

  • Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Laçına səfəri başa çatıb

    Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri – səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların təmsilçilərinin mayın 24-də Laçın İqlim Fəaliyyəti Dialoqu çərçivəsində şəhərə səfəri başa çatıb.

    “Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Zerti Aqro-Sənaye Parkında olublar.

    Diplomatlara Zerti Aqro-Sənaye Parkındakı heyvanlar, yem istehsalı, həmçinin göyərti və pomidor becərilməsi üçün konteyner tipli təsərrüfatlar barədə məlumatlar verilib.

    Qeyd edilib ki, burada fəaliyyət göstərən bütün müəssisələr ən müasir texnologiyalarla təchiz olunub. Laçınlılar xaricdən dəvət edilmiş mütəxəssislərdən dərs alaraq həm işlə təmin olunur, həm də peşəkar vərdişlərə yiyələnirlər.

    Sonra diplomatik korpusun nümayəndələri “Hoçazfilm” studiyasına gəliblər. Məlumat verilib ki, çoxşaxəli yaradıcılıq məkanı olan “Hoçazfilm”in fəaliyyət istiqamətləri çox genişdir. Bu istiqamətlərə Qarabağ regionunun genişmiqyaslı təbliğatı ilə bağlı layihələrin həyata keçirilməsi, bölgədə keçiriləcək mədəni-kütləvi tədbirlərin işıqlandırılması, Laçında yenidənqurma işlərinin, regionun milli brendlərinin və yerli məhsulların təşviqi, kinoteatr və yaradıcı ittifaqla əməkdaşlıq, gənclər üçün yay məktəbləri, yaradıcılıq atelyeləri, kinematoqrafiya, rəsm kursları və müsabiqələrinin təşkili daxildir.

    Diplomatlar Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına töhfə vermək məqsədilə Həkəri çayının Laçın rayonu ərazisindən keçən hissəsinə balıqların buraxılması prosesini də izləyiblər.

    Sonra 28 May – Müstəqillik Gününə həsr olunan “Xalça belə yarandı” sərgisinin açılışı olub. Sərgidə milli xalçalarla yanaşı, müxtəlif dizaynlarda hazırlanmış sənət nümunələri də nümayiş etdirilib.

    Azərbaycanda akkreditə olunan diplomatik korpus təmsilçilərinin Laçına səfəri başa çatıb.