Month: June 2024

  • Azərbaycanda casusluq edən əcnəbi saxlanıldı


    Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla Azərbaycanda casusluq edən əcnəbi vətəndaş tutulub.

    Median.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Sohrabi Akbar Ghesmat Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi və strateji obyektlərlə bağlı məxfi sənədlərdə olan məlumatların ələ keçirilməsi istiqamətində fəaliyyət göstərib.

    DTX İstintaq Baş İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.

    Akbar Sohrabi barəsində olan cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Milli Parkın ərazisində brokonyerlik edən şəxs saxlanıb

    Milli Parkın ərazisində brokonyerliklə məşğul olan şəxs saxlanılıb.

    Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının əməkdaşları ilə birgə həyata keçirdikləri tədbirlərlə Qızılağac Milli Parkının Kiçik Körfəz su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan Ə.Allahverdiyev saxlanılıb.

    Həmin şəxsdən qanunsuz ovladığı balıqlar və balıqovlama ləvazimatları aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Prezidentin yüksək vəzifə verdiyi şəxs kimdir? – DOSYE

    Elçin Əli oğlu Məmmədov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunun rektoru təyin edilib.

    Median.Az yeni təyin olunan rektorun dosyesini təqdim edir:

    Əslən Cəbrayıl rayonundan olan Elçin Məmmədov Azərbaycan Prezidentinin sərəncamına əsasən 11 mart 2023-cü ildə “Vətən uğrunda” medalı ilə təltif edilib.

    Daxili Qoşunların Qəbələ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin komandiri olub.

    30 avqust 2023-cü ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məкtəbinin rəisi vəzifəsinə təyin edilib.

    Azərbaycan Prezidenti İlham Əliyevin 11 mart 2024-cü il tarixli sərəncamı ilə isə Elçin Məmmədova “general-mayor” ali hərbi rütbəsi verilib.

  • İlham Əliyev filippinli həmkarını təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Filippin Respublikasının Prezidenti Ferdinand Romualdez Markosa təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Filippin Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

    İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Filippin əlaqələrinin inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

    Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Filippin xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

  • İlham Əliyevdən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” ilə bağlı FƏRMAN

    Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısının təsdiq edilməsi haqqında Fərman imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Fərmanla “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı” təsdiq edilib.

    Bundan başqa, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı” da təsdiq edilib.

  • Bakıda sifarişlə quldurluq: 61 500 manatı ələ keçirən şəxslər həbs edildilər – (FOTO / VİDEO)

    Paytaxtın Nərimanov rayonunda quldurluq hadisəsi törədilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakı şəhər sakini olan bir nəfər yaşadığı binadan həyətə düşən zaman qara maskalı naməlum şəxs ona hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və zərərçəkmişin əlindəki içərisində 61 500 manat olan sellofan paketi götürərək hadisə yerindən uzaqlaşıb.

    Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Cavad Allahverdiyev saxlanılıb. Həmin şəxs ifadəsində cinayəti tanışı, əvvəllər məhkum olunmuş, 1955-ci il təvəllüdlü Rəfael Tağızadənin sifarişi ilə törətdiyini bildirib. Əlavə əməliyyat tədbirləri nəticəsində qeyd olunan şəxsin də saxlanılması təmin edilib. Onlardan cinayət yolu ilə əldə etdikləri 32 500 manat aşkarlanaraq maddi sübut kimi götürülüb. Araşdırmalarla müəyyən edilib ki, Rəfael Tağızadə zərərçəkmişlə cəzaçəkmə müəssisəsində olan zaman tanış olub və onda külli miqdarda pul olacağını əvvəlcədən bilib. Bundan sonra o, tanışı Cavad Allahverdiyevə həmin cinayəti törətməyi sifariş edib.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Cavad Allahverdiyev və Rəfael Tağızadənin barəsində məhkəmənin qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

  • Prezident rektor təyin etdi

    Prezident İlham Əliyev Elçin Əli oğlu Məmmədovun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunun rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

  • Restoran sahibləri üçün 13 min manatlıq cərimələr gəlir

    Yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər 13 min manat cərimələnə bilərlər.

    “Report”un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 189-2-ci maddə (Yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsi) əlavə edilir.

    Yeni maddəyə əsasən, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə fiziki şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, vəzifəli şəxslər 3 000 manatdan 4 000 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 9 000 manatadək məbləğdə cərimə ediləcəklər.

    Məcəllənin 189-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 2 000 manatdan 2 500 manatadək məbləğdə, vəzifəli şəxslər 5 000 manatdan 6 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 13 000 manatadək məbləğdə cərimə olunacaqlar.

  • Tanınmış şirkətin işi üzrə daha 5 nəfər həbs edilib – FOTO / VİDEO

    “Zamin Əmlak Agentliyi”nin direktoru Oqtay Zərbalıyev və həmin agentliyin satış menecerləri Ramin Nağdəliyev, Orxan Əliyev və Natiq Şahmuradovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

    “Qafqazinfo”nun məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Məlum olub ki, istintaqın gedişində daha 5 nəfər – Valeh Rüstəmov, Ədib Kazımov, Qalib Bayramov, İlqar Məmmədov və Bəxtiyar Məhərrəmov həbs edilib. Həmçinin onların əməllərindən zərər çəkənlərin də sayı artaraq 117 nəfərə çatıb. Zərərçəkmişlərə dəymiş ziyan isə 2 milyon manata yaxındır.

    Agentlik rəhbəri digərləri ilə birgə zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər veriblər.

    Bu iş üzrə ilk məhkəmə iclası keçirilib. Zərərçəkmiş şəxslərin çoxu iclas başlamazdan əvvəl məhkəmənin qarşısına toplaşıblar.

    Hakim Fərid Namazovun sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsinə başlanılıb. İşdə tərəflərin sayı çox olduğundan proses təxirə salınıb.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. İstintaq orqanının vəsatəti, prokurorun təqdimatı ilə 9 nəfərin hər biri haqda həbs qərarı verilib.


  • Azərbaycanda qan qohumlarının nikaha daxil olması qadağan edilir

    Azərbaycanda qan qohumlarının nikaha daxil olması qadağan edilir.

    Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur.

    Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır. Belə ki, məcəlləyə aşağıdakı hallar əlavə edilir.

    – qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;

    – bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;

    Layihədə aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər də irəli sürülüb. Belə ki, bu problemdən əziyyət çəkən dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.

    Qeyd edək ki, hazırki qanunvericiliyə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:

    – yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);

    – övladlığa götürənlər və övladlığa götürülənlər;

    – ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;

    – bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;

    – ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
     
    ///report