Month: June 2024

  • Dörd yaşlı uşağı maşın vurdu

    Biləsuvarda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Unikal”ın məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

    Belə ki, rayon sakini, 2020-ci il təvəllüdlü İ.Rəhmətlini avtomobil vurub.

    Yaralı müxtəlif bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Qəzada 2-si həkim olmaqla 4 nəfər həyatını itirdi

    Türkiyədə 2 avtomobilin toqquşması nəticəsində baş verən yol qəzasında 2-si həkim olmaqla 4 nəfər ölüb, 2 nəfər yaralanıb.
     
    Hadisə Türkiyənin Sinop bölgəsində baş verib.
     
    Qəza, yerli saatla 09.00 radələrində Sinop-Boyabat yolu üzərində meydana gəlib.
     
    Əldə edilən məlumata görə, qarşı tərəfdən gələn Ender Çoraklının idarə etdiyi avtomobil ilə Səlahəddin Bulutun idarə etdiyi avtomobil toqquşub. Qəzada Dr. Mehmet Turan Yazlak və Ender Çoraklı adlı şəxslər hadisə yerində həyatını itirib.
     
    Dr. Beyza Nur Çətin isə yaralanıb.
     
    //azxeber.com

  • Meşədə gənc oğlanın asılmış meyiti tapıldı

     Lənkəranda meşə ərazisində 22 yaşlı oğlanın asılmış vəziyyətdə meyiti tapılıb.

    APA-nın cənub bürosunun verdiyi məlumata görə, bu gün günorta saatlarında Lənkəran rayonunun Diryan kəndinin meşəlik ərazisində həmin kəndin sakini 2002-ci il təvəllüdlü Tərlan Əfqan oğlu Kəlbiyevin meyiti asılmış vəziyyətdə aşkarlanıb.

    Məlumata görə, Tərlan Kəlbiyevin külli miqdarda borcu var idi.

    Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

    Fakt üzrə araşdırma aparılır.

  • Dürdanə Əliyevanın şikayəti ilə bağlı QƏRAR

    Bakı Slavyan Universitetinin (BSU) korrupsiya cinayətlərində təqsirli bilinərək azadlıqdan məhrum edilmiş sabiq şöbə müdiri Dürdanə Əliyevanın şikayəti üzrə məhkəmə baxışı yekunlaşıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu iclasda qərar elan edilib.

    Cavid Hüseynin sədrlik etdiyi məhkəmə heyəti birinci instansiya məhkəməsinin qərarında hər hansı qanun pozuntusu olmadığı qənaətinə gəlib.

    Qərara əsasən həm D.Əliyeva həm Bakı Slavyan Universitetinin şikayəti rədd edilib.

    Təqsirləndirilən şəxsin vəkili Rövşən Mərəndskiy qərardan narazı qaldıqlarını, tezliklə kassasiya şikayəti verəcəklərini bildirib.

    Qeyd edək ki, D.Əliyeva Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. İttihama görə, o, BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri olduğu 2018-2021-ci illərdə mənimsəmə və rüşvət alma yolu ilə 226 min manat ələ keçirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliyeva 6 il azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib.

  • Dünyanın ən ağıllı itləri – Parlaq zəka ilə seçilən 10 cins

    Əgər evinizdə it saxlamağı düşünürsünüzsə, 200-dən çox cins arasından çətin seçimlə qarşılaşarsınız. Öyrənilməsi asan və öyrədilə bilən ağıllı bir it istəyirsinizsə, ideal olan müəyyən cinslər var.

    Median.Az “Scotsman” portalı it mütəxəssislərinin sorğusu əsasında 10 ən ağıllı it cinsinin adını açıqlayıb.

    1. Border Collie zəkaya gəldikdə ən yaxşı itdir. Onlar adətən qoyun otarmaq üçün istifadə olunur, lakin bu, aysberqin yalnız görünən hissəsidir. Bundan əlavə, onlar çoxlu sayda söz və əmrləri öyrənə, geniş çeşidli iş və tapşırıqları yerinə yetirə bilərlər.

    2. Kaniş. Bu it cinsinin iti zehni var və bu baxımdan Border Colliedən sonra ikincidir. Kiçik ölçülərinə baxmayaraq, onlar son dərəcə ağıllıdırlar və onları əla xidmət itləri edir.

    3. Alman Çobanı. Bu it tez-tez narkotik və partlayıcı maddələri aşkar etməyə kömək edir və o, yeni əmri yalnız beş təkrardan sonra başa düşür və ən azı 95% əmrə əməl edir.

    4. Golden Retriever. Onlar dünyanın ən mehriban və ən ağıllı itlərindən biridir. Golden Retriever axtarış və xilasetmə işləri üçün idealdır və itaətkarlığı və fədakarlığı ilə tanınır.

    5. Doberman potensial təhlükələri qiymətləndirmək üçün xüsusi istedada malikdir və onu əla gözətçi itinə çevirir.

    İkinci beşliyə daxil olan ekspertlərin seçimi isə belədir:

    1. Əfqan iti

    2. Basenji

    3. Borzoi

    4. Chow-chow

    5. Bulldoq
    //baku.ws

  • Makron prezident postundan istefasını şərh etdi

    Fransa Prezidenti Emmanuel Makron növbədənkənar parlament seçkilərinin nəticəsindən asılı olmayaraq, vəzifəsindən istefa verməyi nəzərdə tutmur.

    Bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

    “‘Milli Birlik’ partiyası konstitusiya yazmır və bu, onun ruhuna uyğun deyil. Qanunverici institutların yeri müəyyən olunub, seçkilərin nəticəsi nə olursa olsun, prezidentin yeri də müəyyən olunub. Bu mənim üçün toxunulmazdır,” – deyə Fransa lideri bildirib.

    Beləliklə, o, Avropa Parlamentinə (AP) seçkiləri şərh edib. AP-nin funksiyalarına Avropa Komissiyasının (AK) qanunvericilik təşəbbüslərini nəzərdən keçirmək daxildir. Fransada səsvermənin nəticələrinə görə, təxminən 32 faiz səsi lideri Marin Le Pen olan “Milli Birlik” partiyası toplayıb.

    Seçkilərin nəticələrinə cavab olaraq, Makron parlamenti buraxıb və növbədənkənar seçkilər təyin edib. Birinci tur 30 iyunda, ikinci tur isə 7 iyulda keçiriləcək. O, həmçinin, baş nazir Qabriel Attalın rəhbərlik etdiyi öz partiyası “Yenidənqurma” hökumətinin istefasını qəbul edib.

    BUna qədər “Europe1” radiostansiyası Avropa Parlamenti sağ qüvvələrin qələbəsi ilə nəticələnən seçkilərin nəticələrinə görə Makronun istefa vermə ehtimalını nəzərdən keçirdiyini açıqlamışdı.

  • “Azərbaycanfilm” ölüm yatağındadır” – Xalq artisti istefalardan DANIŞDI

    “Bu məlumatı eşidən gündən mənim ürəyim ağrıyır, çox ağır xəbər oldu”.

    Bunu “Qaynarinfo”ya açıqlamasında Xalq artisti Ənvər Həsənov Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rəhbər şəxslərin istefasından danışarkən deyib.

    Aktyor istefaların səbəbini qurumun fəaliyyətsizliyi ilə əlaqələndirib:

    “Mənə məlumat verdilər ki, kinostudiyanın direktoru Nazim Hüseynov, müavini Aydın Hüseynov işdən çıxıblar. 1276 nəfərlik idarə bu gün fəaliyyətsiz qalıb. O boyda binanın taleyinə bax da. “Azərbaycanfilm” ölüm yatağındadır. Bunun sonu necə olacaq? Bizim kimi sənət adamları ortalıqda qaldı. Onları qınamıram, nə qədər işsiz qalmaq olar”.

    Xalq artisti Rasim Balayev bu məsələnin ona aid olmadığını vurğulayıb:

    “Mədəniyyət Nazirliyi eyni zamanda “Azərbaycanfilm” kinostudiyasının rəhbəridir. Mən axı haradan bilim? Biz ictimai təşkilatıq, bizim heç bir səlahiyyətimiz yoxdur. Mən də sizin kimi uzaqdan eşidənin biriyəm. Onları işə təyin edən mədəniyyət naziridir. Bunun cavabını da nazirlik desin, biz belə şeyləri bilmərik”.

    Xalq artisti Xalidə Quliyeva kino sahəsinin dirçəlməsinin vacibliyini vurğulayıb:

    “Kinostudiya dirçəlməlidir və yaşamalıdır. Bu, bizim tariximiz, eyni zamanda kino sənətinin ocağıdır”.

    Qeyd edək ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının rəhbər şəxsləri istefa verib. Onların arasında direktor Nazim Hüseynov, onun müavini, prodüser Emil Nəcəfov və aparat rəhbəri Aydın Hüseynovun öz ərizələri əsasında vəzifələrindən ayrılıb.

  • Naxçıvanda DƏHŞƏT: Qardaşının evində özünü öldürdü

    Naxçıvan şəhərində 40 yaşlı kişi qonaq getdiyi evdə intihar edib.

    Lent.az xəbər verir ki, hadisə şəhərin Əliabad qəsəbəsi, döngə 24, ev 1 ünvanında baş verib.

    Kəngərli rayon, Çalxanqala kənd sakini 40 yaşlı İbrahimov Ayaz Nurəddin oğlu qardaşı İbrahimov Əfqan Nurəddin oğlunun evində özünü asıb.

    Qeyd edək ki, A.İbrahimov evli olub, 2 övladı var.

    Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

  • “TikTok”da qeyri-etik paylaşımlar edən şəxs həbs olunub – FOTO

    “TikTok” sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən görülən tədbirlərlə bu əməllərə yol verən 1996-cı il təvəllüdlü Müşfiq Sərhəngov saxlanılıb.

    Müvafiq qərarla M.Sərhəngov inzibati qaydada həbs edilib.

  • Binədə 26 yaşlı qız itkin düşüb

    Lerik rayonunda anadan olmuş, hazırda Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi sakini olan 1998-ci il təvəllüdlü İlahə Teymur qızı Muxtarova iyunun 7-də saat 5:45-də yaşadığı Südçülük sovxozu ərazisindəki evindən çıxıb və indiyədək geri qayıtmayıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, İ.Muxtarovanın əlamətləri bunlardır: boyu 156 sm, arıq bədən quruluşlu, saçları qara, gözləri qəhvəyi rəngdədir. Üzünün sağ hissəsində kəsilmiş yara izi var.

    Onun barəsində məlumatı olanlardan Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə, “102” Xidməti Zəng Mərkəzinə, (012) 590-72-03 və (051) 571-03-11, (055) 233-22-34 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.