Ağdamda 13 yaşlı qız itkin düşüb.
APA xəbər verir ki, Quzanlı qəsəbəsində yaşayan, 2011-ci il təvəllüdlü R.K. mayın 30-da yaşadığı evdən çıxaraq geri qayıtmayıb və itkin düşüb.
Faktla bağlı araşdırma aparılır.
Tovuz rayonunda intihar hadisəsi baş verib.
Hadisə rayonun Ağdam kəndində qeydə alınıb.
Daxili İşlər Nazirliyinin (DİN) Gəncə regional qrupundan verilən məlumata görə, 1984-cü il təvəllüdlü Ağdam kənd sakini Rauf Musayev əvvəlcə həyat yoldaşı ilə mübahisə edib, sonra isə özünü asıb.
Mübahisə zamanı Rauf Musayevin içkili olduğu bildirilir.
Şamaxı sakinini it dişləyib.
Lent.az xəbər verir ki, hadisə rayonun Quşçu kəndində qeydə alınıb.
Hadisə nəticəsində kənd sakini, 1988-ci il təvəllüdlü Balayar Qəniyevə it hücum edərək qulağı və baş nahiyəsindən xəsarət yetirib.
Rayon mərkəzi xəstəxanasına aparılan şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.
Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
APA xəbər verir, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində vəkillərinin iştirakı ilə müstəntiqə verdiyi ifadələrinin videoçəkilişi nümayiş olunub.
Təqsirləndirilən şəxs Elşad Əsgərov məhkəmədə həmin videoçəkiliş aparılarkən alınan ifadəsini təsdiq etdiyini deyib. O, vəkilinin iştirakı ilə ifadə verdiyini bildirib.
Daha sonra digər təqsirləndirilən Səbuhi Şirinovun ifadəsinin hadisə yerində çəkilmiş videosu nümayiş edilib.
Hakim Elnur Nuriyev bildirib ki, Səbuhi Şirinovun hadisə yerində aparılan videoçəkilişi protokola uyğundur.
Bundan sonra təqsirləndirilən Elşad Əsgərovun da hadisə yerində ifadəsinin yoxlanılması videoçəkilişi olduğu bildirilib.
Daha sonra prosesdə təqsirləndirilən Rəşad Əhmədovun üzərinə baxış keçirilən zaman aparılan videoçəkiliş nümayiş olunub.
Bundan sonra cinayət işində olan ekspertiza rəyləri elan edilib.
Növbəti məhkəmə prosesi iyunun 7-nə təyin edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil veriliblər.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
ABŞ prezidentliyinə namizəd və keçmiş dövlət başçısı Donald Tramp sənədləri saxtalaşdırmaqda təqsirli bilindikdən sonra onun seçkiqabağı kampaniyası təxminən 35 milyon dollar ianə toplayıb.
Məlumata görə, mühakimə prosesinin qərarı elan edildikdən bir neçə dəqiqə sonra rəqəmsal pultoplama sistemi güclü axın səbəbi ilə müvəqqəti problemlər yaşayıb. Lakin şəbəkədəki gecikmələrə baxmayaraq, kiçik ianələr hesabına 34,8 milyon dollar toplanıb.
Qeyd edilib ki, ötən gün kiçik ianələrin sayına görə rekord vurulub. Məsləhətçilər göstərdikləri dəstəyə görə bütün kampaniya iştirakçılarına təşəkkür edib və bildiriblər ki, noyabrın 5-də “amerikalılar əsl hökmü verəcəklər”.
Xatırladaq ki, cümə axşamı Tramp bütün 34 ittiham üzrə təqsirli bilinib. İndi məhkəmə ABŞ-nin keçmiş prezidentinin cəzasını müəyyən etməlidir.
Mənbə: İnterfaks
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2734) dünya reytinqində iki pillə irəliləyərək 16-cı yerə yüksəlib.
“Report” xəbər verir ki, o, FIDE-nin iyunun 1-nə olan reytinq cədvəlində ən yaxşı əmsala malik azərbaycanlı qrosmeysterdir.
Digər təmsilçilərimizdən Teymur Rəcəbov (2704) 30-cu, Rauf Məmmədov (2651) 82-ci pillədə qərarlaşıb.
Reytinq cədvəlinə Maqnus Karlsen (Norveç, 2830) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2805) ikinci, Hikaru Nakamura (ABŞ, 2794) üçüncüdür.
Qadın şahmatçıların siyahısında milli üzvlərindən Günay Məmmədzadə (2444) 29-cu, Gövhər Beydullayeva (2417) 39-cu, Ülviyyə Fətəliyeva (2399) 49-cu, Xanım Balacayeva (2385) 63-cü, Gülnar Məmmədova (2348) 99-cu yerdə qərarlaşıb.
Burada siyahıya Hou İfan (Çin, 2632) başçılıq edir. Onun ən yaxın izləyiciləri həmyerliləri Szyuy Venszyun (2558) və Ley Tinszedir (2548).
Fövqəladə Hallar Nazirliyi tərəfindən ildırımın yaratdığı təhlükələr və bundan qorunmağın yolları barədə aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən mütəmadi olaraq əhaliyə edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, ötən gün ildırım vurması insan ölümü və xəsarətlə nəticələnib.
FHN-dən verilən məlumata görə, bu isə hər bir vətəndaş tərəfindən təhlükəli təbiət hadisələrindən olan ildırımla bağlı zəruri davranış qaydalarına ciddi riayət edilməsi zərurətini yaradır.
Qeyd olunanları, habelə xüsusilə yaz-yay fəsilləri üçün xarakterikliyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək ildırımla bağlı təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır:
“Belə ki, ildırım zamanı:
– qazı bağlayın, elektrik cihazlarını şəbəkədən ayırın;
– evin pəncərə və qapılarını örtün, pəncərənin qarşısında dayanmayın;
– telefonla danışmayın;
– elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmayın;
– daldalanmaq üçün hündür ağacların altında gizlənməyin;
– nəzərə alın ki, ildırım düşməsi ağacların hündürlüyü ilə düz mütənasibdir. Belə ki, məsələn, ağacın hündürlüyü dörd metrdirsə, həmin ağacdan, ən azı, dörd metr aralı dayanmaq lazımdır;
– düzəngahdasınızsa, yüksək nöqtə kimi ildırımı cəlb etməmək üçün çuxurda çöməlib dizlərinizi qucaqlayaraq oturun;
– yüksəklikdəsinizsə, çökək yerə enin;
– su hövzəsində çimirsinizsə və ya qayıqdasınızsa, dərhal sahilə çıxın;
– yadda saxlayın ki, metal əşya ilə təmas təhlükəlidir (o cümlədən, saat, sırğa, üzük, idman əşyaları və s.);
– avtomobildəsinizsə, hərəkəti dayandırın, onu tərk etmədən şüşələri qaldırıb ildırımın bitməyini gözləyin;
– bağlanan şüşələri olmayan nəqliyyat vasitəsindəsinizsə (bəzi kənd təsərrüfatı texnikası, motosiklet, velosiped və s.), dərhal düşün və ən azı 30 metr aralanın;
– qrup halındasınızsa, aranızda, ən azı 1,5 metr məsafə saxlayın.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”
Zaqatalada altıotaqlı fərdi yaşayış evini ildırım vurub.
APA-nın məlumatına görə, hadisə saat 3:53-də rayonun Yuxarı Tala kəndində baş verib.
Kənd sakini Maarif Hacımusa oğlu Aslanova məxsus, ümumi sahəsi 182 kv.m olan fərdi yaşayış evinə ildırım düşüb.
Daha sonra evdə yanğın başlayıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları 60 kv.m sahədə yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qadınlardan hədə-qorxu ilə pul tələb edən 35 yaşlı Samir Əmrahov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, saxlanılan şəxs sosial şəbəkədə tanış olduğu qadınlara özünü vəkil “Adil Həsənov” kimi təqdim edib, daha sonra onların şəkillərini fotomontaj vasitəsilə əxlaqsız formaya salaraq internet resurslarında yayacağı ilə hədələyib. Bu üsulla zərərçəkmişlərin müxtəlif məbləğlərdə maddi vəsaitini ələ keçirib.
Araşdırmalarla saxlanılan şəxsin Zərdab rayonunda da dələduzluq etdiyi məlum olub.
S.Əmrahov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Onun əməllərindən zərər görən başqa şəxslər olarsa, polisə müraciət edə bilərlər.