Month: İyun 2024

  • Tofiq Yaqublunun həbs müddəti uzadıldı

    Milli Şura üzvü Tofiq Yaqublu barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

    APA xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin olunub.

    Qərara əsasən, Tofiq Yaqublu barəsində 20 gün müddətinə həbs qətimkan tədbiri uzadılıb.

    Qeyd edək ki, ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

  • Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək, leysan və sulu qar yağacaq

    Azərbaycan ərazisində iyunun 2-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, gecə yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

    Havanın temperaturu gecə 15-20, gündüz 22-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 15-20, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 9-13, gündüz 13-18 dərəcə isti olacaq.

  • Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir – FOTO

    Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaing Prezident İlham Əliyevə təbrik məktubu ümvanlayıb.

    President.az-ın xəbərinə görə, məktubda deyilir:

    “Myanma İttifaqı Respublikası xalqı adından və şəxsən öz adımdan ölkənizin Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

    Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri gələcək illərdə daha da möhkəmlənəcək.

    Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı, rifah, Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram.

    Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

    Uruqvay Şərq Respublikasının Prezidenti Luis Lakalye Pou da Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    President.az-ın xəbərinə görə, məktubda deyilir:

    “Uruqvay xalqı və hökuməti adından və şəxsən öz adımdan Azərbaycanın Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi, əziz xalqınıza sülh və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm.

    Ölkələrimiz arasında çox yaxşı ikitərəfli münasibətlər yaranıb və tam əminəm ki, bu münasibətlər mədəni, siyasi əməkdaşlıq zəminində möhkəmlənəcəkdir.

    Cənab Prezident, fürsətdən istifadə edərək Sizə bir daha ən yüksək ehtiramımı ifadə edirəm”.

    * * * * * *

    Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Prezident.az-ın xəbərinə görə, məktubda deyilir:

    “Zati-aliləri, icazə verin, Vyetnam dövləti və xalqı adından Sizə və bütün Azərbaycan xalqına milli bayramınız – Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırım.

    Dost Azərbaycanın Sizin rəhbərliyinizlə ölkə həyatının bütün sahələrində və beynəlxalq arenada əldə etdiyi uğurları diqqətlə izləyir və buna çox sevinirik.

    Qürur hissi ilə qeyd edirəm ki, ölkələrimiz arasında ənənəvi dostluq və əməkdaşlıq uzun illər ərzində möhkəmlənir və inkişaf edir. Qəti əminəm ki, tarixi münasibətlərə əsaslanan Vyetnam-Azərbaycan əlaqələri ölkələrimizin və xalqlarımızın tərəqqisi, bütün dünyada sülh və inkişaf naminə gələcəkdə də genişlənəcək.

    Azərbaycana daha sürətli inkişaf, xalqınıza isə xoşbəxtlik arzulayıram.

    Cənab Prezident, Sizə möhkəm cansağlığı, səadət və ali dövləti fəaliyyətinizdə böyük uğurlar diləyirəm”.

  • Günəşdə yeni güclü partlayış baş verib

    İyunun 1-də Günəşdə ən yüksək dərəcəli partlayış baş verib.

    Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

    “İyunun 1-də Moskva vaxtı ilə saat 01:03-də (Bakı vaxtı ilə 02:03 – red.) 17 dəqiqə davam edən “X1.1″ partlayışı qeydə alınıb”, – deyə institutdan bildirilib.

    Qeyd edək ki, mayın 29-da da “X1.4/2B” partlayışı qeydə alınıb və o, 87 dəqiqə davam edib. Bundan sonra elm adamları 31 may – 1 iyun tarixlərində Yer kürəsində maqnit qasırğasının başlaya biləcəyini, lakin onun ifrat xarakter daşımayacağını proqnozlaşdırmışdılar.

  • Biləsuvarda narkokuryer saxlandı: Külli miqdarda narkotik vasitələr aşkarlandı – FOTO

    Biləsuvarda saxlanılan narkokuryerdən külli miqdarda narkotik vasitələr aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti tədbirlər nəticəsində Bəhmən Əhmədov saxlanılıb.

    Ondan ümumilikdə yeddi kiloqramdan artıq heroin, tiryək, həşiş qatranı və marixuana, əlavə olaraq 118 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

    Araşdırmalarla B.Əhmədovun İranda yaşayan narkotacir tərəfindən kuryerliyə cəlb edildiyi və maddi qazanc qarşılığında narkotik vasitələri deyiləcək yerlərə çatdırmağa razılaşdığı müəyyən edilib.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Ərdoğan Azərbaycan-Türkiyə hökumətlərarası iki sazişi təsdiqləyib

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi ilə Azərbaycan arasında imzalanan daha iki sazişi təsdiqləyib.

    Bununla bağlı fərman “Resmi Qazete”də dərc olunub.

    Fərmanla 2022-ci il dekabrın 22-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol” qüvvəyə minib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən isə sənəd 2023-cü il martın 18-də təsdiq edilib.

    Məlumata görə, Rəcəb Tayyib Ərdoğan 2023-cü il noyabrın 13-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”i də təsdiqləyib.

    Sənəddə mədəni irs, kino, teatr, incəsənət, muzeylər, kitabxanaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

    Saziş, həmçinin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyası kontekstində iki ölkə arasında qarşılıqlı fəaliyyəti gücləndirmək məqsədi daşıyır.

  • Xankəndi, Xocalı və Xocavənd ərazisində xeyli sayda silah-sursat aşkarlanıb

    Son bir həftə ərzində Xankəndi, Xocalı və Xocavənddə külli miqdarda silah-sursat aşkar edilib.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 25-31 may tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisində 41 avtomat silahı, 6 tapança, 8 tüfəng, 45 qumbara, 5 mərmi, 60 alışdırıcı, 125 patron darağı, 16323 ədəd müxtəlif çaplı patron, 29 ədəd süngü-bıçaq, 4 rabitə vasitəsi və digər sursatlar aşkarlayıb.

    Xocalı və Xocavənd rayonları ərazisindən isə ümumilikdə 2 avtomat silahı, 57 qumbara, 9 mərmi, 22 alışdırıcı, 56 patron darağı, 9560 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT

    Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 31 may 2024-cü il tarixli sərəncama əsasən Malik Qadir oğlu Rzayev Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini təyin edilib.

    Müvafiq sərəncamla Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini Malik Rzayevə həvalə olunub.

  • Ay ərzində dövlət sərhədini pоzan yüzdən çox şəxs saxlanılıb

    Dövlət Sərhəd Xidməti tərəfindən 2024-cü ilin may ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 126 nəfər saxlanılıb, оnların 83-ü Azərbaycan, 30-u Pakistan, 5-i İraq, 3-ü İran, 3-ü Əfqanıstan, 1-i Nepal və 1-i Rusiya vətəndaşı оlub.

    Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri çərçivəsində 16 nəfər saxta tarix möhürü, saxtalaşdırılmış pasport, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb.

    Qeyd edilib ki, sərhəd rеjim qaydalarını pоzduqlarına görə 809 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

    Vurğulanıb ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 316 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan olunan 419 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 23 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb.

    “Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 178 kiloqram 146 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 225 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb. Qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 2 milyon 16 min 964 manat оlan qaçaqmal, о cümlədən dərman preparatları, spirtli içki və tütün məmulatları saxlanılıb. Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir”, – məlumatda qeyd olunub.

  • Göygöl və Daşkəsənə dolu düşüb – FAKTİKİ HAVA

    İyunun 1-i saat 11:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, mayın 31-də ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin günün ikinci yarısından hava dəyişmiş, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

    Düşən yağıntının miqdarı Şahdağ, Tovuzda 5 mm, Daşkəsən, Şəkidə 4 mm, Gəncə, Xınalıq, Qrız, Göygöl, Sədərəkdə 3 mm, Gədəbəy, Qəbələ, Şəmkir, Oğuz, Zaqatala, Qax, Balakən, Quba, Qusar, Xaçmaz, Mingəçevir, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Şirvan, Ağcabədi, Cəfərxanda 2 mm-dək olub.

    Mayın 31-də Göygöl rayonunda saat 23:00-23:03 radələrində diametri 6 mm olan, Daşkəsən rayonu Aşıqlı və Çaylı kəndlərinə isə xırda dənəli dolu düşüb.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30-35, Naxçıvan MR-da 32-37, Aran rayonlarında 31-36, dağlıq rayonlarda 18-23 dərəcə isti olub.