Month: June 2024

  • Prezident: “Ermənistanla 12,7 kilometr dövlət sərhədi, demək olar ki, razılaşdırıldı”

    “Hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyən etmək işində müəyyən uğurlara nail olublar, 12,7 kilometr dövlət sərhədi, demək olar ki, razılaşdırıldı”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə mətbuata bəyanatında bildirib.

    Dövlətimizin başçısı qeyd edib: “Azərbaycanın otuz ildən çox müddət ərzində işğal altında olmuş Qazax rayonunun dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmışdır və biz bunu müsbət hal kimi qiymətləndiririk”.

  • Prezident: “Azərbaycan və Misir beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir”

    “Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz (Misirlə – red.) üst-üstə düşür”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə mətbuata bəyanatında səsləndirib.

    Azərbaycan ilə Misirin beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışdıqlarını, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq etdiklərini söyləyən dövlətimizin başçısı deyib ki, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstəririk.

  • İlham Əliyev: “Misirlə siyasi dialoq müntəzəm xarakter daşıyır”

    “Bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük təkan verəcək”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə mətbuata bəyanatında deyib.

    Dövlətimizin başçısı bildirib: “Keçən il biz Prezident Sisini Azərbaycanda qəbul etmişdik, bu il mən səfər edirəm. Yəni, bu onu göstərir ki, siyasi dialoq müntəzəm xarakter daşıyır və biz razılaşdıq ki, bundan sonra da bu siyasi dialoq davam etdirilsin”.

  • Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlıları gecə vaxtı tapşırıqları icra ediblər – VİDEO

    Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı – 2024” təlimi davam edir.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Təlimin planına uyğun olaraq hər üç ölkənin xüsusi təyinatlıları gecə və məhdudgörmə şəraitində müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və onun zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

    Qeyd edək ki, “Qafqaz Qartalı – 2024” birgə təlimi iyunun 12-dək davam edəcək.

  • “Səbail” “Qarabağ”ın futbolçusunu heyətinə qatdı

    “Səbail” klubu heyətini iki yeni futbolçu ilə gücləndirib.
     
    Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
     
    “Dənizçilər” son olaraq “Kəpəz”də çıxış etmiş Vüsal Məsimov və “Qarabağ”ın üzvü Nihat Quliyevlə anlaşıb.
     
    Hər iki oyunçunun müqaviləsinin müddəti 1 illikdir.

  • Quyuda su tapa bilməyən 32 meymun tələf oldu

    Hindistanda isti hava şəraiti dözülməz həddə çatıb.

    Median.Az “Euronews”a istinadən xəbər verir ki, meşədə su axtaran meymunlar quyuda boğularaq tələf olublar.

    Onlar isti havadan sərin quyuya sığınmağa və orada su tapmağa çalışıblar. Lakin 32 meymun orada boğularaq ölüb.

    Hadisə Hindistanın şimal-şərqində Jharkhand əyalətindəki meşədə qeydə alınıb.

    Göllər və çaylar quruduğundan heyvanlar bu addımı atmağa məcbur olublar.

    Artıq yırtıcı heyvanlar kəndlərə hücum etməyə başlayıb. Buna səbə onların kifayət qədər su tapmamasıdır.

    Bir neçə gün əvvəl canavar sürüsü də su tapmaq istəyi ilə girdiyi quyuda boğularaq və tələf olub.

    Xatırladaq ki, Hindistanda aylardır 40 dərəcədən aşağı olmayan temperaturlar bütün canlılara mənfi təsir göstərir.

    Paytaxt Delhi və ətraf bölgələrdə havanın temperaturu 50 dərəcəyə qədər yüksəlib. 200-dən çox insanın istilikdən öldüyü qeyd edilib. 
    //Baku.ws

  • Azərbaycanda XƏBƏRDARLIQ – Yaxın günlərdə mobil telefonla…

    Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

    Müraciətdə deyilir:

    “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində, əsasən dağlıq və dağətəyi rayonlarda qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı gözlənilir.

    Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi xüsusilə dağlıq və dağətəyi ərazilərdə yaşayan, habelə həmin ərazilərə səfər edən vətəndaşlara müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

    Belə ki, intensiv yağıntılarla əlaqədar mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

    Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

    Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

    Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

    Təhlükə zamanı 112-yə zəng edin!”

  • Bulvarda dəhşətli İNTİHAR: qadın özünü dənizə atdı

    Bakıda intihar hadisəsi olub.
     
    Median.Az
    lent.az-a istinadən xəbər verir ki, hadisə Dənizkarı Milli Park ərazisində, saat qülləsinin yaxınlığında baş verib. A. Mirişova qeyd olunan ərazidə estakadadan özünü Xəzər dənizinə ataraq, həyatına son qoyub.
     
    İntiharın səbəbləri məlum deyil.
    Faktla bağlı araşdırma aparılır.

  • Transmilli mütəşəkkil cinayətkar dəstələrin narkotik vasitələrini Azərbaycana daşıdıqları marşrutlar – Siyahı

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində transmilli mütəşəkkil cinayətkar dəstələrin qaçaq yolla külli miqdarda narkotik vasitələrini Azərbaycana daşıdıqları marşrutları açıqlayıb.

    “Report” xəbər verir ki, bu barədə DTX-nin yaydığı məlumatda qeyd olunub.

    Transmilli mütəşəkkil cinayətkar dəstələrin narkotik vasitələrini Azərbaycana daşıdıqları əsas marşrutların bunlar olduğu qeyd edilib:

    İran İslam Respublikası – Azərbaycan Respublikası – Rusiya Federasiyası;

    İran İslam Respublikası – Azərbaycan Respublikası – Türkiyə Respublikası – Rusiya Federasiyası;

    İran İslam Respublikası – Azərbaycan Respublikası – Qazaxıstan – Rusiya Federasiyası – Qərbi Avropa;

    İran İslam Respublikası – Azərbaycan Respublikası – Gürcüstan – Ukrayna – Qərbi Avropa (Rusiya – Ukrayna müharibəsinə qədər);

    İran İslam Respublikası – Azərbaycan Respublikası – Rusiya Federasiyası – Yaponiya (Rusiya – Ukrayna müharibəsinə qədər).

    Məlumata görə, narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan İran vətəndaşları dövlət sərhədi boyu yerləşən yaşayış məntəqələrində yaşayan və əsasən sosial təminatı aşağı olan Azərbaycan vətəndaşlarını narkotik ticarəti ilə bağlı cinayətkar fəaliyyətə cəlb olunurlar:

    “Başqa bir qisim vətəndaşlarımız isə hər hansı digər vəziyyət və şərtlər daxilində (tibbi yoxlanışlar üçün İrana səfər edərkən, habelə Azərbaycan ərazisində məhkumluq həyatı yaşayan İran vətəndaşlarının Azərbaycan vətəndaşları ilə yaratdıqları kontaktlar vasitəsilə və ya sosial şəbəkələr üzərindən təxmini tanışlıqlar quraraq) ələ alındıqdan sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün cinayətkar fəaliyyətə sövq edilirlər”.

    Məlumatda qeyd olunub ki, bununla da narkotik vasitələri Azərbaycana göndərmək niyyətində olan cinayətkar qrup və ya şəxslər “tələyə düşmüş” Azərbaycan vətəndaşlarını aldadaraq onlara gördükləri iş müqabilində müəyyən miqdarda pul vəsaiti ödəməklə özlərinin daha çox qazanc götürmələrini təmin edirlər.

    “Həmçinin həmin şəxsləri özlərindən asılı vəziyyətdə saxlamaq üçün “qurbanlarına” mütəmadi olaraq az miqdarda müxtəlif növ narkotik vasitələr “hədiyyə” edərək onları narkotik vasitələrin aludəçisinə çevirir, eyni zamanda “gördükləri işin” müqabilində həmin şəxslərə ödənəcək pul vəsaitini onlara hissə-hissə çatdırırlar. Qeyd olunan “ödəmə prinsipi” kuryer rolunda çıxış edən insanların narkotik vasitələrin mütəmadi olaraq daşınmasına sövq edilməsi üçün münbit şərait yaradır. Həmçinin bu şəxslərə müxtəlif vədlər verilərək qısa müddət ərzində maddi çətinliklərdən xilas olacaqları fikri aşılanır,” – məlumatda bildirilib.

  • Azərbaycan nefti ucuzlaşdı

    Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,22 ABŞ dolları, yaxud 0,27 % azalaraq 80,69 ABŞ dolları təşkil edib.

    Bu barədə “Report”a neft bazarındakı mənbə məlumat verib.

    Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 79,62 ABŞ dolları təşkil edib.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
    Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.