Month: June 2024

  • Sahibkarların milyonlarla manatını mənimsəyən şəxs hakim qarşısında – VİDEO

    Bakıda vətəndaşlara qarşı milyonlarla manatlıq dələduzluq etməkdə təqsirləndirilən Cahangir Qənbərovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri – Şaiq Mirzəyev və Rəşad Abdıyev məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi ilə bağlı vəsatət qaldıraraq bildiriblər ki, Cahangir Qənbərovun göndərdiyi bütün pullar banklar vasitəsilə köçürmə yolu ilə olub.

    Vəkillər fərdi sahibkar olan və işdə əsas zərərçəkmiş kimi tanınan Əhməd Mütəllimovun külli miqdarda milli valyutanın qanunsuz ölkədən çıxarılmasında birbaşa vasitəçi olduğunu vurğulayaraq buna görə də Cahangir Qənbərovun özünün zərərçəkən kimi tanınması ilə bağlı da məhkəməyə vəsatət təqdim ediblər.

    Məhkəmə qısa müşavirədən sonra təqsirləndirilən şəxsin vəkillərinin vəsatətlərini əsassız hesab edərək təmin etməyib. Daha sonra prokuror Ziya Mansurov ittiham aktını elan edib. Təqsirləndirilən şəxs ona qarşı elan edilən ittihamla özünü təqsirli bilməyib.

    Qeyd edək ki, ittihamda bildirilir ki, Cahangir Qənbərov müxtəlif vaxtlarda paytaxt sakinləri, fərdi sahibkarlıqla məşğul olan – Əhməd Mütəllimov, Tamerlan Rəşidov, Hacıbala Məlikov və Liliya Muxiyevanın etibarından sui-istifadə edərək şərti biznes qurmaq adı ilə aldadaraq onların 2 milyon manatadək pulunu mənimsəyib. Bununla yanaşı, təqsirləndirilən şəxsin ümümilikdə 10 milyon manatadək vəsaiti mənimsədiyi iddia olunur. Onun barəsində Cinayət Məcəlləsinin dələduzluq (xüsüsilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

    Daha ətraflı Baku TV-nin materialında:

  • Monitorinqlərin nəticələri AÇIQLANDI – Hansı çimərliklərdən istifadə etmək olmaz?

    Çimərliklərdə dəniz suyunun monitorinqi aparılıb.

    Bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə 2024-cü ilin yay mövsümünə hazırlıqla əlaqədar olaraq, Bakı və Sumqayıt şəhərləri, respublikanın Lənkəran, Xaçmaz, Astara rayonları ərazisində yerləşən çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin laborator tədqiqatının aparılması məqsədilə monitorinqlər keçirilib.

    Laboratoriya müayinələrinin nəticələrinə əsasən, Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Görədil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəriciləri norma səviyyəsində olduğu aşkarlanıb.

    Bununla yanaşı, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, habelə Sumqayıt şəhərinin çimərliklərinin sanitariya-mühafizə zonalarında, eyni zamanda respublikanın sahil zolağının şimal bölgəsinin Yalama, Nabran, İstisu, Seyidli kəndi, cənub bölgəsinin Lənkəran və Astara çimərliklərinin qumsallıqlarında rekreasiya əhəmiyyətli monitorinqlər keçirilib.

    Qeyd edilib ki, aparılan monitorinqlər zamanı həmin ərazilərdən götürülən dəniz suyu nümunələrinin laborator təhlillərinə əsasən, dəniz suyunun tullantı çirkab suları ilə intensiv çirklənmə hallarının hələ də davam etdiyi və çimərliklərdə dəniz suyunda bakterioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi müəyyən edilib.

    2024-cü ilin çimərlik mövsümündə dəniz suyunun yüksək bakterioloji çirklənmə göstəricilərinin əhalinin sağlamlığı üçün təhlükə yarada biləcəyini nəzərə alaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Sumqayıt şəhəri, şimal bölgəsinin (Yalama, Nabran, İstisu, Seyidli kəndi), cənub bölgəsinin Lənkəran və Astara çimərliklərindən istifadənin müvəqqəti olaraq tövsiyə olunmadığı barədə qərar qəbul edilib.

    Qeyd edək ki, dəniz suyunun laboratoriya müayinələri zamanı sanitariya-kimyəvi (suyun rəngi, qoxusu, üzən qarışıqlar, asılı maddələr, biokimyəvi oksigen tələbatı, neft məhsulları, fenol) və bakterioloji (bağırsaq çöpləri) göstəricilər araşdırılır.

    “Hazırda çimərliklərdə dəniz suyunun laborator tədqiqat üsullarından istifadə etməklə nəzarət tədbirləri davam etdirilir. Monitorinqlərin nəticələri barədə ərazi üzrə Bakı şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Baş Polis İdarəsi, Fövqəladə Hallar Nazirliyi, respublikanın ərazi üzrə rayon İcra hakimiyyətlərinə və polis idarələrinə rəsmi məlumatlar göndərilir”, – deyə məlumatda vurğulanıb.

  • Süni intellekt indi də “WhatsApp”da – Özü cavab verəcək

    “WhatsApp” messenceri biznes hesablarının idarə edilməsi üçün süni intellektə əsaslanan köməkçi təqdim edəcək.

    Bu barədə “Meta”nın təsisçisi Mark Zukerberq “TechCrunch” portalına bildirib.

    Onun sözlərinə görə, messencer müxtəlif tapşırıqlar, o cümlədən biznes üçün bir neçə süni intellekt sistemini işə salacaq. Neyroşəbəkə müştərilərlə danışan, müşayiət edən və kommersiya fəaliyyəti quran vasitəçi kimi çıxış edəcək.

    Belə ki, biznes istifadəçiləri “Facebook” və “Instagram” sosial şəbəkələrində hədəfli reklam üçün süni intellekt sistemlərindən istifadə edə biləcəklər və bu reklamlar müştəriləri WhatsApp çatına yönləndirəcək. Süni İntellekt həmçinin daxil olan suallara avtomatik cavab verə biləcək.

  • Bazar günü imtahan verəcək şagirdlərin nəzərinə!

    İyunun 9-da I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan keçiriləcək.

    Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

    Bildirilib ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda təşkil olunacaq.

    İştirakçılar mayın 30-dan etibarən Dövlət İmtahan Mərkəzinin saytında “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilirlər.

    “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

    Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat 10:00-da başlanır.

    İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
    İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

    Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

    – İmtahana buraxılış vərəqəsi;

    – Şəxsiyyəti təsdiq edən sənədin əsli.

    a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

    b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

    – Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

    İnformatika fənni üzrə imtahanda 11804, coğrafiya fənni üzrə imtahanda isə 6636 nəfərin iştirakı nəzərdə tutulur.

    İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 78 imtahan binası, 1375 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 78 ümumi imtahan rəhbəri, 224 imtahan rəhbəri, 1719 nəzarətçi, 240 buraxılış rejimi əməkdaşı, 78 bina nümayəndəsi cəlb olunub.

    İmtahanda 26 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

    Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə iyunun 8-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

    Qeyd: I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən, lakin 26 may və 2 iyunda keçirilən əsas imtahanda iştirak etməyən abituriyentlərin 9 iyunda keçiriləcək informatika və ya coğrafiya fənləri üzrə əlavə imtahanda iştirak etmələrinin hüquqi əhəmiyyəti yoxdur.

  • Rusiya vətandaşı Zaqatalada bədbəxt hadisə nəticəsində öldü

    Zaqatalada 56 yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

    APA-nın məlumatına görə, hadisə səhər saatlarında rayonun Mamrux kəndində baş verib.

    İlkin məlumata görə, Rusiya vətəndaşı, Murmansk vilayətində yaşayan, əslən Zaqatala rayonu Mamrux kəndindən olan 1968-ci il təvəllüdlü Akif Muradəli oğlu Qurbanov ehtiyatsızlıqdan maye qaz daşıyan yük maşınının təkəri altında qalıb.

    Hadisə zamanı ağır xəsarətlər alan A.Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda dünyasını dəyişib. A.Qurbanovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala Rayon Şöbəsinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Dövlət qurumu kartdan-karta köçürmələrə dair xəbərdarlıq ETDİ

    Son dövrlərdə pərakəndə ticarət və iaşə obyektlərində bəzi hallarda nağdsız ödənişlərin POS-terminal deyil, plastik kartlar vasitəsilə kartdan-karta köçürmə əməliyyatları tətbiq olunmaqla həyata keçirildiyi müşahidə edilməkdədir.

    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

    Qurum bəyan edib ki, pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin kartdan-karta köçürmə əməliyyatları ilə həyata keçirilməsi istehlakçıların hüquqlarının pozulmasıdır:

    “Belə hallarda istehlakçılara POS-terminaldan çıxarış və nəzarət-kassa aparatı çeki təqdim olunmur ki, bu da gələcəkdə istehlakçıların öz hüquqlarını tələb etmək imkanını məhdudlaşdırır. Eyni zamanda, belə hallar mal, iş və xidmətlər əlavə dəyər vergisi ödəyicilərindən alınarkən istehlakçıların “ƏDV geri al” hüququndan məhrum olması ilə nəticələnir. Bu qanun pozuntusu vergidənyayınma məqsədi daşıyır və belə əməliyyatlara yol verən vergi ödəyicilərinə vergi orqanı tərəfindən əlavə vergilər, faizlər hesablana və maliyyə sanksiyaları tətbiq oluna bilər”.

    “Dövlət Vergi Xidməti vətəndaşları mal, iş və xidmətlər alarkən nağdsız ödənişləri kardan karta köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə çağırır. Sahibkarlara isə Vergi Məcəlləsində nəzərdə tutulan əlavə maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödənişləri qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur”, – deyə açıqlamada qeyd olunub.

  • İnterpol xətti ilə tutulan şəxsə Azərbaycanda hökm oxundu

    İnterpol xətti ilə tutularaq Azərbaycana təhvil verilən Həbib Kaltayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

    “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

    Hökmə əsasən, H.Kaltayev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, H.Kaltayevin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılıb. O, Cinayət Məcəlləsinin 283-1-ci (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma) maddəsi ilə ittiham olunub.

    Kaltayev 2015-ci ildə idarə etdiyi VAZ-2104 markalı avtomobillə ağır qəza törədib, həmin qəzada iki nəfər həyatını itirib. Bu hadisəyə görə ona yeddi il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

    Həbsdən azad edildikdən sonra H.Kaltayev ölkədən çıxaraq Suriyadakı silahlı birləşmələrə qoşulub. H.Kaltayevin dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında Azərbaycanın hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə, eləcə də bu məqsədlə keçirilən döyüş təlimlərində iştirak etməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan gizləndiyinə görə beynəlxalq axtarışa verilmişdi.

  • AXCP sədr müavini Şirvanda oğurluğa görə saxlanıldı – FOTO

    AXCP-nin (Azərbaycan Xalq Cəbhəsi Partiyası) İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmovun Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 6-da saat 23 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Şirvan şəhərində evlərin birinə oğurluq məqsədilə naməlum şəxsin daxil olması və bunun yaşayış sahəsində mövcud olan kameraya düşməsi ilə bağlı müraciəti daxil olub.

    Polis əməkdaşları tərəfindən çağırış üzrə həmin ünvanda olan şəxs saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə gətirilib. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunan, 1982-ci il təvəllüdlü Ayaz Həbib oğlu Məhərrəmov olması müəyyən edilib.

    Fakt üzrə araşdırma aparılır.

  • Utair в июне запустит рейсы из Москвы в Лянкяран

    Российская авиакомпания Utair с 22 июня запускает рейсы из Москвы в азербайджанский город Лянкяран.

    Об этом сообщает пресс-служба компании.

    Полеты будут выполняться раз в неделю – по субботам. Время в пути – 3 часа 40 минут.

    Это новое направление для Utair.

    В летнем расписании зарубежную маршрутную сеть компании составят рейсы в Баку, Анталью (Турция), Ереван (Армения), Самарканд (Узбекистан) и др.

  • Moskvadan Lənkərana uçuşlar başlayacaq

    İyunun 22-dən Rusiyanın “Utair” aviaşirkəti Moskvadan Lənkəran şəhərinə uçuşlara başlayacaq.

    Məlumata görə, aviareyslər həftədə bir dəfə – şənbə günləri həyata keçiriləcək. Uçuş müddəti 3 saat 40 dəqiqədir.

    Qeyd edək ki, bu, “Utair” üçün yeni istiqamətdir. Aviaşirkət bu ay xarici marşrutlar şəbəkəsinə Bakı (Azərbaycan), Antalya (Türkiyə), Səmərqənd (Özbəkistan), İrəvan (Ermənistan) və digər istiqamətləri də əlavə etməyi planlaşdırır.

    Mənbə: TASS