Month: June 2024

  • “Tetris”in 40 yaşı tamam olub

    Məşhur “Tetris” oyununun 40 yaşı tamam olub.

    1984-cü ildə sovet proqramçısı Aleksey Pajitnov “Tetris”i “Электроника-60” sovet kompüterindən istifadə etməklə yaradıb.

    Sonra o, dost-tanışları ilə oyunun kodunu bölüşüb, onlar da proqramı IBM kompyuterində saxlamaq üçün adaptasiya ediblər. Nəticədə oyun çox qısa bir vaxt ərzində bütün keçmiş SSRİ və Şərqi Avropa ölkələrinə yayılaraq böyük məşhurluq qazanıb.

    1986-cı ildə “Tetris” Qərbdə yayılmağa başlayıb. Burada yerli proqramçılar “Apple II” və “Commodore 64” kompüterləri üçün oyunun versiyalarını yaradıblar. 

  • İşçiləri fermada məcbur saxlamağa görə 7 il 6 ay həbs verilmişdi – Bəraət aldı

    Pirşağı qəsəbəsində yerləşən fermasında işçiləri məcburi əməyə təhrik etməkdə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Fazil İsmayılov yenidən mühakimə edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmənin qanun pozuntuları aşkar etdiyi işi Bakı Apellyasiya Məhkəməsi yenidən araşdırıb.

    Məlumat üçün deyək ki, F.İsmayılov iki ildən çoxdur, həbs edilib. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. İttihamda deyilirdi ki, F.İsmayılov fermada çalışan işçiləri zorla orada saxlayıb, hərəkət azadlıqlarını məhdudlaşdırıb, antisanitariya vəziyyətində yaşamağa məcbur edib. İsmayılov fermanın qapısını bağlayıb işçiləri qul kimi işlətməklə yanaşı, onların uşaqlarına qarşı zorakılıqda da təqsirləndirilirdi.

    Məhkəmə istintaqı dövründə ferma sahibi özünü təqsirli bilmədiyini, vəzifəli şəxsin 50 baş inəyini fermada saxlamaqdan imtina etdiyi üçün ona tələ qurulduğunu deyib.

    Buna baxmayaraq, məhkəmə onu təqsirli hesab edib. Hakim Azər Paşayevin hökmü ilə F.İsmayılov Cinayət Məcəlləsinin 144-2 (məcburi əmək) və digər maddələri ilə təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilib. Hökm Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə qüvvədə saxlanılıb.

    Qərardan verilmiş kassasiya şikayətini Ali Məhkəmə təmin edib.

    Cinayət işi bu dəfə Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə araşdırılıb.

    Məhkəmə müdafiə tərəfini və zərərçəkmişləri yenidən dindirib. Dəlil və sübutlar təkrar tədqiq olunub.

    Prokuror hökmün dəyişdirilmədən saxlanılmasını tələb etsə də, məhkəmə ittiham tərəfinin tələbini qəbul etməyib.

    Qərara əsasən, F.İsmayılovun təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib. O, məhkəmə zalından dərhal azadlığa buraxılıb.

  • Ceyhun Bayramov isveçrəli həmkarı ilə COP29 çərçivəsində görülən işləri müzakirə edib

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kassis arasında telefon danışığı aparılıb.

    Bu barədə “Report”a Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri, Avropada geosiyasi vəziyyət və İsveçrə tərəfindən göstərilən səylər, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın prezidentliyi çərçivəsində görülən işlər müzakirə edilib.

    Telefon danışığında həmçinin qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Azərbaycanda tükürpədən hadisə: Evdən qurd düşmüş meyit tapıldı – VİDEO

    Balakəndə evdən meyit tapılıb.

    Hadisə rayonun Katex kəndində qeydə alınıb. Kənd sakini, 38 yaşlı Elşad Mehdi oğlu Babayevin qurdlamış meyiti tək yaşadığı evdə tapılıb.

    E.Babayevin həyətyanı sahəsində ot biçməyə gələn fəhlələr onu evdə tapmayanda axtarmağa başlayıblar. Bu zaman ot biçən şəxslər həyətdəki köməkçi tikilidə qaz sobasının yanında E.Babayevin üzü qaralmış və qurdlamış meyitini görüblər

    Faktla bağlı araşdırma aparılıb.

    Ətraflı APA TV-nin süjetini təqdim edirik:

  • Elektron siqaretlərlə bağlı TV və radiolara XƏBƏRDARLIQ

    Audiovizual Şura elektron siqaretlər haqqında məlumatın yayımlanması ilə bağlı açıqlama yayıb.

    Şuradan verilən xəbərə görə, son zamanlar, bir sıra yayımçılara ödənişli əsasda bir məlumatın yayımlanması barədə təkliflər daxil olur. Həmin məlumatda bır sıra xarici xəbər agentliklərinə istinadla son zamanlar daha çox amerikalı siqaret aludəçilərinin alternativ nikotin məhsullarına keçmələri haqqında məlumatlar öz əksini tapıb və iddia olunur ki, alternativ nikotin məhsulları ABŞ bazarının müəyyən faizini təşkil edir:

    “Həmçinin, sözü gedən informasiyalarda mütəxəssislərin daha çox insanın siqareti tərgitməsi və zərərli kimyəvi maddələrin təsiri guya az olan daha yaxşı məhsullara keçməsi tendensiyasına müsbət yanaşmaları iddia olunur.

    Audiovizual media subyektləri tərəfindən Audiovizual Şuraya daxil olan sorğulara cavab olaraq və məsələnin ciddiliyini nəzərə alaraq, Azərbaycan Respublikası Audiovizual Şurası bildirir ki, belə məzmunlu məlumatların televiziya və ya radio kanallarında yayımlanması “elektron siqaret”lərin təbliği hesab olunduğundan ölkə qanunvericiliyinin pozulmasıdır.

    Nəzərə alınmalıdır ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanununa əsasən bütün növ qəlyanlar və elektron siqaretlər tütün məmulatları hesab olunur. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən tütün məmulatlarının satışının və istifadəsinin stimullaşdırılmasına xidmət edən hər bir addım tütün məmulatları sponsorluğudur. Sözügedən Qanunun 9.1.4-cü maddəsinə uyğun olaraq, tütündən istifadənin azaldılması məqsədilə tütün satışının bilavasitə və ya dolayı reklamının və təşviqinin, habelə tütün məmulatları sponsorluğunun reklamının və stimullaşdırılmasının bütün növləri qadağan edilir.

    Eyni zamanda, “Reklam haqqında” Qanunun 28-ci maddəsinə əsasən tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır.

    Audiovizual Şura bir daha bildirir ki, yuxarıda qeyd olunan məzmunda məlumatların televiziya və ya radio kanallarında yayımlanması Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması hesab olunaraq, həmin məlumatların yayımlanması halında audiovizual media subyektinə qarşı inzibatı sanksiya tətbiq olunacaq”.

  • Ötən gün həlak olan hərbçimiz dəfn edildi

    İyunun 5-də keçirilən təlimlər zamanı bədbəxt hadisə nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Sənan Nurəddin oğlu Əhmədovla Şəmkir şəhərində vida mərasimi keçirilib.

    Mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin və hərbçimizin xidmət etdiyi “N” saylı hərbi hissənin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti iştirak ediblər.

    Sənan Əhmədov rayon qəbiristanlığında dəfn olunub.

    Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Sənan Nurəddin oğlu Əhmədov iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.

  • “Qadınların pensiya yaşı 63 olsun”

    “Əmək Pensiyaları haqqında” Qanuna 2017-ci ildə edilən dəyişikliklərə əsasən, qadınların pensiya yaşı gələn aydan daha 6 ay
    uzadılacaq”.
    Median.Az 
    qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

    Deputat qeyd edib ki, pensiya yaşı ilə bağlı diferensial yaş mexanizmi tətbiq olunmalıdır: “Həmçinin kişilərlə xanımların pensiya yaşı arasında fərqin müəyyənləşdirilməsini təklif edirik. Bir sıra inkişaf etmiş dövlələrdə, o cümlədən Mərkəzi və Şərqi Avropa ölkələrində olduğu kimi xanımların daha tez pensiyaya çıxması məqsədəuyğundur.

    Əvvəlla, xanımların pensiya yaşının kişilərlə müqayisədə daha az olması onların sosial təminatı baxımından vacibdir. Bu baxımdan daha öncə, xanımların pensiya yaşının 63-də saxlanılmasını təklif edirdik. Belə ki, xanımların xüsusən yaşlı dövrlərində sosial təminata daha çox ehtiyacları var.
    Digər tərəfdən, kişilərin rəsmi əməkhaqqısı xanımlarla müqayisədə təxminən 2 dəfə çoxdur. Bu o deməkdir ki, xanımların sosial kapital yığımları nisbətən azdır. Ona görə də xanım vətəndaşlarımız üçün pensiya yaşı tamam olan zaman kapitalın xüsusi əmsala vurulmasını təklif edirik. Əgər xanım vətəndaşımızın pensiya kapitalı 40 min manatdırsa, həmin vəsait 1,5 əmsalına vurula bilər. Bu zaman kapital avtomatik olaraq 60 min manat olur. Bu da imkan verə bilər ki, xanım vətəndaşımız pensiya yaşı tamam olan zaman daha çox pensiya alsın.

    Düşünürük ki, pensiya islahatların növbəti mərhələsində gender aspektindən diferensial yanaşmanın tətbiq edilməsi sosial təminat baxımdan arzuolunan olardı”.

  • DİN-dən Daşkəsəndə baş vermiş insidentlə bağlı AÇIQLAMA

    Daxili İşlər Nazirliyi (DİN) Daşkəsən rayonunda baş vermiş insidentə aydınlıq gətirib.

    DİN-dən APA-ya bildirilib ki, aprelin 26-da Daşkəsən rayonu Quşçu kəndi ərazisində qayda pozuntuları ilə idarə edilən, insanların həyat və sağlamlığına real təhlükə yaradan VAZ 2106 markalı avtomobil DYP (Dövlət Yol Polisi) əməkdaşları tərəfindən saxlanılıb.

    Müəyyən edilib ki, 10-FA-497 dövlət qeydiyyat nişanlı, Q.Həsənova məxsus avtomobil sürücülük hüququ və etibarnamə olmadan, Vətən müharibəsi iştirakçısı, 1996-cı il təvəllüdlü Ədalət Fərman oğlu İsmayılov tərəfindən idarə edilir. Ə.İsmayılova qanunvericiliyə uyğun olaraq izahlar verilməsinə və onun intizama dəvət edilməsinə baxmayaraq, qanunsuz hərəkətlərini davam etdirib, istədiyi kimi avtomobil idarə edəcəyini bildirərək ictimai qaydanı kobud şəkildə pozmaqla polis əməkdaşlarına tabesizlik nümayiş etdirib.

    Əməlində xırda xuliqanlığın tərkib əlamətləri olduğuna görə Ə.İsmayılov barəsində məhkəmə qərarı ilə 60 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib. Onun inzibati məsuliyyətə cəlb edilməsinin əsassızlığı ilə bağlı müraciətləri aidiyyəti üzrə araşdırılıb və təsdiqini tapmadığından qərar qüvvədə saxlanılıb.

    Ə.İsmayılovla çoxsaylı izahedici söhbətlər aparılmasına baxmayaraq, onun qeydiyyatda olduğu Daşkəsən rayonunda və yaşadığı Gəncə şəhərində özünə aid olmayan nəqliyyat vasitələri ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq hərəkətlər etməsi ilə bağlı dəfələrlə tədbirlər görülüb.

    Qeyd edək ki, Ədalət İsmayılov bu gün Daşkəsəndə üzərinə benzin tökərək özünə od vurub. Yaxınlıqdakı şəxslər tərəfindən yanğın söndürülüb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan Ə. İsmayılov xəstəxanaya yerləşdirilib.

  • Qambiya prezidenti İlham Əliyevə məktub göndərdi

    Qambiya Respublikasının Prezidenti Adama Barrou Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırıram. Xalqınızın şücaətini, qətiyyətini və gücünü təcəssüm etdirən bu əlamətdar gün ölkənizin tarixində önəmli bir mərhələdir.

    Azərbaycanın keçdiyi müstəqillik yolunu xatırlayarkən, dünya bu illər ərzində əldə etdiyiniz nailiyyətləri və irəliləyişləri yüksək qiymətləndirir.

    Xalqlarımız arasında münasibətlər qarşılıqlı hörmət, əməkdaşlıq və ortaq dəyərlər əsasında qurulub.

    Biz Azərbaycanın regionda və onun hüdudlarından kənarda sülhün, sabitliyin və rifahın təşviqi istiqamətində göstərdiyi səyləri təqdir edirik.

    Bu əlamətdar günü qeyd edərkən, Azərbaycanı onun bütün vətəndaşları üçün daha parlaq və firavan gələcəyə aparan fəaliyyətinizdə müstəqillik ruhunun Sizi həmişə ilhamlandırmasını arzulayıram.

    Sizi bir daha bu bayram münasibətilə təbrik edirəm.

    Qarşıdan gələn illərdə Sizə və Azərbaycan xalqına sevinc dolu bayramlar və davamlı uğurlar diləyirəm.

    Zati-aliləri, Sizə ən yüksək qardaşlıq ehtiramlarımı çatdırıram”.

  • Maşın bazarının qarşısında təhlükə: Yük maşınının təkəri yerindən çıxdı – VİDEO

    Bakı-Sumqayıt yolunda yük maşınının təkəri yerindən çıxaraq təhlükə yaradıb.

    Avtosfer.az xəbər verir ki, hadisə iyunun 5-də Sumqayıtdakı maşın bazarının qarşısında qeydə alınıb.

    İddialara görə, yük maşınının arxa təkərlərindən biri qəfildən çıxıb. Belə ki, təkər yol boyu hərəkət edərək qəza riski yaradıb. Bu zaman yük maşınının sürücüsü sola manevr edib və baş verə biləcək təhlükənin qarşısını alıb. Daha sonra təkər yolun qırağına istiqamətlənib.