Month: June 2024

  • Azərbaycan Prezidenti: “Azad edilmiş torpaqlarda türk dünyasının birliyini əyani şəkildə görürük”

    “Azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə bildirib.

    Şuşaya yeni çəkilən avtomagistralda 7 tunelin, 9 viadukun, bir çox körpülərin inşa edildiyini və podratçıların əksəriyyəti Türkiyə şirkətləri olduğunu söyləyən dövlətimizin başçısı qeyd edib: “Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir. Yəni, biz azad edilmiş torpaqlarda türk dünyasının birliyini əyani şəkildə görürük”.

  • Türkiyədə zəlzələ oldu

    Türkiyənin Adıyaman şəhərinin Çelikhan sahillərində 4,3 maqnitudalı zəlzələ olub.

    Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

    Təbiət hadisəsi yerli vaxtla 13:47-də qeydə alınıb.

    Yeraltı təkanların episentri 11,24 km dərinlikdə olub.

  • Kərim Vəliyevin Özbəkistana rəsmi səfəri davam edir

    Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Özbəkistan Respublikasına rəsmi səfəri davam edir.
     
    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
     
    Səfər çərçivəsində Daşkənd şəhərindəki “Qələbə parkı” abidə kompleksi ziyarət olunub, “İlhaq” abidəsinin önünə əklil qoyularaq ehtiram nümayiş etdirilib.
     
    Azərbaycan nümayəndə heyəti “Çimqan” Dağ hazırlığı üzrə təlim-tədris mərkəzinə gələrək buranın infrastrukturu və tədris-maddi bazası ilə tanış olub.
     
    Daha sonra Özbəkistan Respublikası Silahlı Qüvvələrinin Akademiyası ziyarət olunub. General-polkovnik K.Vəliyev akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.
     
    Azərbaycan nümayəndə heyətinə akademiyanın fəaliyyəti barədə ətraflı məlumat verildikdən sonra qonaqlar burada yaradılan şəraitlə tanış olublar.

  • Ermənistanda mitinqə gedənləri işdən çıxarmaqla hədələdilər

    Ermənistanda “Vətən Uğrunda Tavuş” hərəkatının məhvindən xəbər verən hakimiyyət dünən Vardenis ziyarətinin və mitinqin qarşısını almaq üçün bütün imkanlarından istifadə edib.

    Məlumata görə, Qeğarkunik vilayətinin qubernatoru Karen Sarkisyan qubernatorluğun tabeliyində olan qurumların işçilərinə mitinqdə iştirak etməyi qəti qadağan edib, əks halda onların işlərini itirəcəkləri ilə hədələyib.

    Mənbə: hraparak.am

  • Gürcüstan-Rusiya sərhədində “Dəryal” keçid məntəqəsi bağlanıb: İşçilər təcili təxliyə olunub

    Gürcüstan-Rusiya sərhədindəki “Dəryal” keçid məntəqəsi müvəqqəti olaraq bağlanıb.

    Bu barədə ölkənin Fövqəladə Hallar Xidməti məlumat yayıb.

    Qeyd olunur ki, bu gün detektorlar saat 08:36-da Devdoraki çayında suyun səviyyəsinin artdığını qeydə alıblar. Ərazidə xidmət aparan bütün əməkdaşlar təcili təxliyə ediliblər. Sərhəd polisinin helikopteri əraziyə baxış keçirmək üçün qalxıb.

    Məlumata görə, Qveleti kəndi yaxınlığında da hər iki istiqamətdə yol bağlanıb.

  • Nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşdi

    Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələrində dəyişiklik edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu təsdiqləyib.

    Dəyişikliyə əsasən, məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə (qeydiyyat “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən şəhadətnamənin verilməsinə) alınmasına görə (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə birinci müraciət etmiş tərəfdən) 15 dollar dövlət rüsumu ödəniləcək.

  • Həbsdə olan polkovnik haqqında yeni qərar

    Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (NMR SHXÇDX) sabiq rəisi polkovnik Mirzə Cəlilovun həbsdə saxlama müddəti uzadılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Bakı Hərbi Məhkəməsi qərar qəbul edib.

    Qərara əsasən, polkovnik Cəlilovun həbs müddəti 3 ay 15 gün uzadılıb.

    Qeyd edək ki, Mirzə Cəlilov Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə NMR SHXÇDX-nin rəisi vəzifəsində işlədiyi müddətdə ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət almaqda ittiham edilir.

  • Azərbaycanda miqrantlarla bağlı yeni proqram təsis edilir – SƏRƏNCAM

    Prezident İlham Əliyev yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə Yüksəkixtisaslı Miqrant Proqramı təsis edilir.

    Nazirlər Kabineti proqram çərçivəsində müraciətləri müsbət cavablandırılmış yüksəkixtisaslı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə (bundan sonra – yüksəkixtisaslı miqrant) və onların ailə üzvlərinə münasibətdə tətbiq ediləcək güzəştləri (ölkədə olmaq, yaşamaq və ya haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun əldə edilməsi üçün tələb olunan sənədlər və onların sayı, icazələrin müddəti, iş icazəsi tələbindən azad olunma, müraciətlərə baxılma müddəti və s.) müəyyən edən normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarlarını və qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli, bu Sərəncamın 3.1-ci bəndində nəzərdə tutulan portal haqqında əsasnaməni və həmin portala inteqrasiya olunacaq informasiya sistemlərinin siyahısını üç ay müddətində təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

    Dövlət Miqrasiya Xidməti proqram iştirakçılarının müraciətlərinin qəbulunu və cavablandırılmasını “bir pəncərə” prinsipi əsasında təmin edən portalın yaradılmasını iki ay müddətində təmin etməli, portala daxil olan müraciətlərə baxılmanı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemində yaradılan “Yüksəkixtisaslı miqrantlar” altsistemi vasitəsilə həyata keçirməli, portalda olan fərdi məlumatların və portal vasitəsilə aparılan əməliyyatların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə tədbirlər görməlidir.

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, portalın aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.

    Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə Proqramın təbliğ və təşviq olunmasını təmin etməlidir.

  • Azərbaycanda yumurta bahalaşdı

    Azərbaycanda yumurta yenidən bahalaşıb.

    “Qaynarinfo” xəbər verir ki, bir neçə gün bundan öncə 10-11 qəpiyə satılan kənd yumurtası bu gün 14 qəpiyə təklif edilir.

    Sakinlər bunun səbəbini mövsümlə əlaqələndirirlər:

    “Bu ayın sonuna qədər kənd yumurtasının qiyməti artmaqda davam edəcək. Amma iyul ayından sonra yenidən yumurtanın qiymətində azalma müşahidə olunacaq”.

  • Yol polisindən tur şirkətlərinə XƏBƏRDARLIQ

    Baş Dövlət Yol Polisi İdarəsi ölkədə tur səyahəti təşkil edənlərə xəbərdarlıq edib.

    İdarədən verilən xəbərə görə, müraciətdə deyilir:

    “Hazırda səyahət məqsədilə regionlara təşkil olunan turların sayı mövsümlə əlaqədar olaraq əhəmiyyətli dərəcədə artmaqdadır. Belə səfərlər zamanı adətən qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərin xidmətlərindən istifadə edilir. Lakin, təəssüf ki, əksər hallarda qeyri-müntəzəm daşımalar zamanı avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş və istirahət rejiminə nəzarət olunmur. Nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına, gedəcəyi ərazidəki meteoroloji şəraitə, sürücünün idarəetmə təcrübəsinə diqqət yetirilmir ki, bu da yollarda, xüsusilə də dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını dəfələrlə artırır.

    Baş verə biləcək ağır qəzaların qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi  məqsədilə, fərdi qaydada ekskursiyalar təşkil edən şəxslərdən belə səfərləri yalnız bu sahədə ixtisaslaşmış turizm şirkətləri vasitəsilə həyata keşirmələri xahiş olunur.

    Eyni zamanda, avtobus və mikroavtobus sahiblərinin, eləcə də onları idarə edən şəxslərin nəzərinə çatdırılır ki, respublikanın avtomobil yollarında ayrı-ayrı şəxslərin təşəbbüsü ilə respublikanın regionlarına qanunsuz daşımaların təşkil edilməsi hallarının aşkar ediləcəyi təqdirdə həmin nəqliyyat vasitələrinin hərəkəti qadağan edilməklə sürücüləri barədə inzibati tənbeh tədbirləri görülücək.

    Ümidvarıq ki, səyahətdən öncə sağlamlığını düşünən hər bir şəxs verilən tövsiyələrə biganə qalmayacaq, daha təhlükəsiz gəzintiyə üstünlük verəcək”.