Month: İyun 2024

  • Mədəniyyət Nazirliyi “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq

    Prezident İlham Əliyev “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

    Fərmanla Azərbaycan Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə” ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi də “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşula biləcək.

    Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

  • Məşhur aparıcı efirdən ayrıldı – VİDEO

    Məşhur aparıcı efirdən ayrılıb.

    İctimai Televiziyanın “Xəbərlər” proqramının aparıcısı Nərmin Salmanova bu barədə canlı yayım zamanı məlumat verib.

    O, efirdən bir müddətlik uzaqlaşdığını və tezliklə geri dönəcəyini söyləyib.

  • Nazirlər Kabinetindən torpaq qiymətləriylə bağlı VACİB QƏRAR

    Nazirlər Kabineti 27 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, Abşeron rayonunda torpaq sahələrinin normativ qiyməti ayrıca müəyyən ediləcək. Bu baxından rayon 3 zonaya bölünüb.

    Bundan başqa, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslərin inşa etdiyi müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələrinin texniki pasportlarında göstərilmiş bina və əsaslı tikililərin altında yerləşən torpaq sahələrinə (1) və bu kateqoriyaya aid edilməyən torpaq sahələrinə (2) bölünməsi ilə bağlı müddəa əsasnamədən çıxarılıb.

  • İranda keçirilən prezident seçkisindən antirekord

    İranda keçirilən 14-cü prezident seçkilərində seçici fəallığı 40 faiz olub.

    Bununla bağlı İran Daxili İşlər Nazirliyinin Seçki Mərkəzinin sözçüsü Muhsin İslami məlumat verib.

    İslami nazirlik binasındakı seçki mərkəzində keçirdiyi mətbuat konfransında seçkidə iştirak nisbətini açıqlayıb.

    Onun sözlərinə görə, ölkə üzrə təxminən 62 milyon seçici üçün 59 min mərkəzdə qurulan seçki qutularında cəmi 24 milyon 535 min 185 səsdən istifadə edilib və bununla da iştirak nisbəti 40 faiz təşkil edib.

    Buna baxmayaraq, Daxili İşlər Nazirliyinin açıqlamasına görə, Tehran və Qumda son prezident seçkisi ilə müqayisədə iştirak nisbətlərində artım müşahidə olunub.

    Xatırladaq ki, 2021-ci il iyunun 18-də ölkədə keçirilən seçki həmin tarixə qədər ən az seçici fəallığının müşahidə olunduğu prezident seçkisi olub və iştirak səviyyəsi 48,8 faiz təşkil edib.

    Mənbə: Haber Global

  • Bəzi şəxslərin pensiyasına əlavələr yeni qaydada hesablanacaq

    Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq deputatlar, Mərkəzi Seçki Komissiyasının (MSK) və Naxçıvan Muxtar Respublikası MSK-nın üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan MSK və Naxçıvan MSK-nın üzvləri, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) və Naxçıvan Ombudsmanı kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Ombudsman və Naxçıvan Ombudsmanı və Hesablama Palatasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Hesablama Palatasının üzvləri üçün qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydası dəyişib.

    APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

    İndiyə qədər qüvvədə olan qanuna görə, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq deputat səlahiyyət müddəti ərzində Milli Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komitə və komissiya sədri və ya sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komissiya sədri və ya komissiya sədrinin müavini vəzifəsinə seçilmişdirsə, onun əmək pensiyasına Azərbaycan Respublikası Milli Məclisinin sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komitə və komissiya sədrinin və ya sədrinin müavininin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komissiya sədrinin və ya komissiya sədrinin müavininin əməkhaqqının 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilib. Yeni qanuna əsasən, 2024-cü il iyulun 1-dən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq deputat səlahiyyət müddəti ərzində müvafiq vəzifə üzrə aldığı əməkhaqqının orta aylıq məbləğinin (pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla) 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin ediləcək.

    Beləliklə, 2024-cü il iyulun 1-dən pensiyaya əlavələrin təyinatında pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla səlahiyyət müddəti ərzində müvafiq vəzifə üzrə aldığı əməkhaqqının orta aylıq məbləğinin 80 faizi miqdarı prinsipi əsas götürüləcək.

    Bu yanaşma yuxarıda qeyd olunan MSK, Ombudsman və Hesablama Palatasının üzvlərinə münasibətdə də şamil olunacaq.

    Bu şəxslər həmin maddələrdə nəzərdə tutulmuş sığorta stajını bu qanun qüvvəyə mindiyi tarixədək torladığı halda həmin şəxslərə “Əmək rensiyaları haqqında” qanunun 2024-cü il iyulun 1-dək qüvvədə olan normaları tətbiq ediləcək.

    Qeyd edək ki, indiyə qədər əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikası Hesablama Palatasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Azərbaycan Respublikası Hesablama Palatasının sabiq üzvlərinin qulluq stajına görə əmək pensiyasına əlavələr Azərbaycan Respublikası Hesablama Palatasının üzvünün orta aylıq əmək haqqı, onun son 12 ay ərzində müvafiq olaraq Azərbaycan Respublikasının Hesablama Palatasından aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərin cəminin 12-yə nisbəti yolu ilə müəyyən edilib. Bu müddəa da ləğv olunub.

  • İlham Əliyev Belarusla imzalanmış protokolu təsdiqlədi

    “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol” təsdiq edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb.

    Qeyd edək ki, sənəd 2024-cü il mayın 16-da Bakı şəhərində imzalanıb.

  • Sabah Bakıya yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda leysan olacaq

    İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
    Havanın temperaturu gecə 18-22° isti, gündüz 26-31° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.

  • Qarpızla dolu yük maşını dərəyə aşdı: Xəsarət alan var

    Şamaxıda qarpızla dolu yük maşını dərəyə aşıb.

    Qəza Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda baş verib.

    Hadisə zamanı sürücü İdris Həsənov yüngül xəsarət alıb.

    Qəza nəticəsində yük maşınında olan qarpızlar yola dağılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Putin Narışkini danladı: “İndi Ermənistan düşmənlərimizlə bir masa arxasında oturur”

    Rusiya Prezidenti Vladimir Putin ölkənin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkini Ermənistan ətrafında yaranmış vəziyyətlə bağlı 10 dəqiqəyə yaxın danlayıb.

    Xatırladaq ki, İrəvan iyulda baş tutacaq NATO sammiti ilə bağlı öz nümayəndə heyətini Vaşinqtona göndərəcəyini təsdiqləyib.

    Putin bununla bağlı hesab edir ki, Xarici Kəşfiyyat Xidməti Qafqazda qarşıya qoyulan vəzifələrin heç birinin öhdəsindən gəlmir. Və bunda, Putinin sözlərinə görə, Narışkinin öz günahı var.

    Xarici kəşfiyyat rəhbəri izah etməyə çalışıb ki, Şimali Atlantika Alyansının sammiti əhəmiyyətsiz bir hadisədir.

    “İndi Ermənistan bizim düşmənlərimizlə bir masa arxasında oturub. Faktiki olaraq, bu, bizim də düşmənimizdir”, – deyə Putin buna cavab olaraq bildirib.

    Xatırladaq k, daha əvvəl İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq planlarını açıqlamışdı.

    Mənbə: “Kremlevskaya tabakerka” “Telegram”

  • Peru sahillərində güclü zəlzələ baş verib

    Peru sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Məlumata görə, yeraltı təkanların episentri 4400 nəfərin yaşadığı Akari şəhərindən 93 km cənub-şərqdə yerləşib. Mənbə 58 km dərinlikdə yerləşirdi.

    Ölənlər və dağıntılar barədə məlumat yoxdur.

    Mənbə: TASS