Month: İyun 2024

  • Azərbaycanda dəhşətli hadisə: Mübahisə etdiyi şəxsləri benzinlə yandırdı

    Gəncə şəhər sakinləri M.Namazov, E.Zeynalov və N.Kazımov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

    Onların mübahisə nəticəsində başqa bir şəxsin içərisində benzin olan plastik qabı yandıraraq üzərlərinə atılması nəticəsində xəsarət alıblar.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, araşdırmalar zamanı məlum olub ki, iyunun 29-da gecə saat bir radələrində Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Pərviz Kazımov münaqişə zəminində içərisində benzin olan plastik qabı yandıraraq həmyerlisi, 1997-ci il təvəllüdü Muraz Namazovun üzərinə atıb.

    Hadisə nəticəsində M.Namazov, tanışları, 1993-cü il təvəllüdü Eltəkin Zeynalov və 2004-cü il təvəllüdlü Niyaməddin Kazımov müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

    Araşdırmalar davam etdirilir.
    //oxu.az

  • Bakıda iki avtomobil toqquşdu: Xəsarət alan var

    Bakıda 17 yaşlı gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, Xətai rayonunda iki avtomobilin toqquşması nəticəsində 2007-ci il təvəllüdlü Rza Elşən oğlu Əliyev xəsarət alıb.

    Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Şəmkirdə 24 yaşlı söyüşə görə həmkəndlisini bıçaqladı

    Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

    Bildirilib ki, hadisə rayonun Çaparlı kəndində qeydə alınıb. 1993-cü il təvəllüdlü kənd sakini K.Zamanov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

    Yaralı dərhal əməliyyat edilib. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

    E.Qasımovun sözlərinə görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, Çaparlı kənd sakini 2000-ci il təvəllüdlü Fərrux Məmmədov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, tərəflər arasında uzun müddətdir ədavət olub. Bir neçə gün əvvəl ot biçimi zamanı K.Zamanov F.Məmmədovu söyüb.

    Bu gün də tərəflər arasında mübahisə düşüb. Bu zaman F.Məmmədov söyüşə görə K.Zamanova bıçaq xəsarəti yetirib.

  • Bu gündən deputatlığa namizədliklər irəli sürülə bilər

    Milli Məclisinə növbədənkənar seçki ilə əlaqədar bu gündən passiv seçki hüququ olan vətəndaşlar öz təşəbbüsləri ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsinə başlaya bilər.

    APA-nın xəbərinə görə, Seçki Məcəlləsinin 8.1, 146.1 və 146.4-cü maddələrinə əsasən, seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı rəsmi dərc olunduqdan sonra passiv seçki hüququ olan vətəndaşlar öz təşəbbüsləri ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsinə başlaya bilər.

    Seçki Məcəlləsinin 53.6 və 54.9-cu maddələrinə əsasən, namizədliyin irəli sürülməsini təsdiq edən qərar qəbul edildiyi gündən başlayaraq dairə seçki komissiyaları namizədə və ya onun səlahiyyətli nümayəndəsinə, habelə siyasi partiyanın və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə imza vərəqələri verir. Seçki Məcəlləsinin 56, 57 və 147-ci maddələrinə görə, Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququna malik vətəndaşı, namizəd, siyasi partiya, siyasi partiyaların bloku dairə seçki komissiyasının deputatlığa namizədliyin irəli sürülməsini təsdiq edən qərarından sonra namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanmasına başlayır.

    Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 28-də “Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkinin təyin edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Məclisə növbədənkənar seçki 2024-cü il sentyabrın 1-nə təyin edilib.

  • Superkompüter AVRO-2024-ün qalibini açıqladı

    Superkompüter İngiltərə yığmasının AVRO-2024-də qələbəyə əsas namizəd (20%) olduğunu bildirib.

    İngilislərin 1/8 finalda Slovakiyaya qalib gəlmə ehtimalı 81,6%, 1/4 finalda qələbə qazanma ehtimalı isə 55,7% qiymətləndirilir.

    Yığmanın Avropa çempionatının finalına yüksəlmə ehtimalı 38,1% təşkil edir.

    Mənbə: championat.com

  • Bölgə çimərliklərində qiymət və keyfiyyət hansı səviyyədədir? – VİDEO

    İsti yay aylarında sərinlənmək üçün ən optimal variant çimərliyə üz tutmaqdır.

    Paytaxtda belə ərazilər kifayət qədərdir.

    Bəs bölgələrdə necə? Regionlarda sakinlər üçün çimərliklər varmı? Qiyməti və keyfiyyəti hansı səviyyədədir?

    Ətraflı “Xəzər Xəbər”in materialında:

  • DİQQƏT: Bakının mərkəzində yeni park salınır – Bəzi evlər SÖKÜLÜR (VİDEO)

    Paytaxt ərazisində yeni istirahət zonası salınacaq.

    Xezerxeber.az xəbər verir ki, artıq bununla bağlı işlərə start verilib. Ərazidə qəzalı vəziyyətdə olan bir neçə ev sökülüb.

    Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, abadlıq-quruculuq işləri çərçivəsində Xətai rayonunda da müxtəlif tədbirlər görülür.

    Onun sözlərinə görə, sözügedən ərazidəki tikililər paytaxtın estetik görkəminə xələl gətirirdi.

    Qurum rəsmisi qeyd edib ki, Kamandar Əhmədov və Həmid Abbasbəyli küçələrindəki qəzalı vəziyyətdə olan evlər də sökülür.

    Daha ətraflı videomaterialı təqdim edirik:

  • Qadın sürücü üç azyaşlını ölümlə üz-üzə qoydu – VİDEO

    Sürücü azyaşlılara təhlükəli anlar yaşadıb.

    Patrul.az xəbər verir ki, iyunun 21-i saat 20:26-da Masazır ərazisində lentə alınan bu görüntülərdə 90-GF-496 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün əməli diqqət çəkib. Xanım olduğu deyilən sürücü maşının yük üçün nəzərdə tutulmuş hissəsində üç azyaşlı uşağı aparıb.

    Əyləncə məqsədli və ya məcburiyyətdən olsa belə, hər iki halda azyaşlıların həyatı üçün təhlükə kəsb edən əməllərdən uzaq durmaq lazımdır. Ümidvarıq, aidiyyəti qurumlar bu halın təkrar baş verməməsi üçün lazımi tədbirləri görəcəklər.

  • Azərbaycanda qəribə olay: Oğru sahibkarı ələ verdi – FOTO

    Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində müxtəlif vaxtlarda paytaxtın Sabunçu, Yasamal və Qaradağ rayonlarında oğurluqlar etdiyi üçün axtarışda olan əvvəllər məhkum olunmuş Nəriman Vəliyev saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, onun üzərindən “Makarov” tapançası, patron darağı və 15 ədəd patron aşkarlanıb. Dindirmə zamanı N.Vəliyev qanunsuz olaraq üzərində daşıdığı odlu silah-sursatı Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən fermadan oğurladığını bildirib.

    Davam etdirilən tədbirlərlə həmin fermanın sahibi Azər Hacıyev də saxlanılıb. Ondan əlavə olaraq müvafiq sənədləri olmayan ov tüfəngi və 30 ədəd patron aşkar edilib. A.Hacıyev odlu silah-sursatı bir müddət əvvəl tapdığını, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

    Faktla bağlı Suraxanı RPİ-nin 32-ci Polis Bölməsində araşdırmalar davam etdirilir.


  • Qazidən “şirinlik” istəyən həkim işdən çıxarıldı – RƏSMİ (VİDEO)

    Bir müddət əvvəl sosial şəbəkələrdə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində qazidən rüşvət tələb edən həkim barədə videogörüntülər yayılmışdı. Məsələ ilə bağlı həkimdən izahat alındığı və araşdırmanın davam etdiyi deyilmişdi. Sözügedən faktla bağlı aparılan araşdırma yekunlaşıb.

    TƏBİB-dən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bir müddət öncə sosial mediada yayılan görüntülərdə əks olunan hadisə ilə bağlı qurum tərəfindən geniş araşdırma aparılaraq müvafiq inzibati tədbirlər görülüb.

    Araşdırmanın yekun nəticələrinə əsasən Lökbatan Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 4 nömrəli Doğum evinin Doğum şöbəsinin həkim-mama-ginekoloqu Sevinc Malik qızı Məmmədovanın əmək müqaviləsinə 27.06.2024-cü il tarixində xitam verilib.

    TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin rəhbər şəxslərinin iştirakı ilə keçirilən geniştərkibli müşavirədə sözügedən müəssisə rəhbərinə neqativ hallarla mübarizə ilə bağlı ciddi tapşırıqlar verilib.

    Xatırladaq ki, 19.06.2024-cü il tarixində saat 11:05-də 2005-ci il təvəllüdlü şəxs doğuş icrası üçün 4 saylı Doğum evinə müraciət edib və Doğum şöbəsinin həkimi mama-ginekoloq Sevinc Məmmədovanın iştirakı ilə saat 13:30 radələrində pasiyentin qız övladı dünyaya gəlib.

    Bundan sonra S.Məmmədova körpənin atası, Vətən müharibəsi qazisindən “şirinlik” tələb edib.