Month: İyun 2024

  • Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları başlayıb

    Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarına start verilib.

    Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, imtahanlar Bakıda, Bülbül adına orta ixtisas musiqi məktəbində keçirilir.

    Bu gün İnstrumental ifaçılıq (18, 19, 20, 22-ci komissiyalar), Vokal sənəti (24-cü komissiya), Dirijorluq (27-ci komissiya), Musiqişünaslıq (30‑cu komissiya) ixtisasları üzrə qeydiyyatdan keçən 120 abituriyentin imtahanda iştirakı nəzərdə tutulur.

    İmtahanlar iki növbədə təşkil olunur və iyulun 5-dək davam edəcək.

  • Xocalıda minlərlə çətənə bitkisi məhv edildi

    Xocalıda yabanı halda bitən 3 958 kq çətənə bitkisi məhv edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat verib.

    Bildirilib ki, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaşxaş-2024” planına uyğun olaraq keçirdikləri tədbirlərlə rayonun Daşbulaq kəndi ərazisində yabanı halda bitən 6616 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.

  • İranda prezident seçkisi: Qalib ikinci turda müəyyən ediləcək (Yenilənib)

    İranda bütün səsvermə bülletenlərinin sayılmasının nəticələrinə əsasən, prezident seçkisinin birinci turunda islahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili öndədirlər.

    Bu barədə İran Seçki Qərargahının nümayəndəsi Mohsen Eslami “IRIB” telekanalının efirində bildirib.

    Onun sözlərinə görə, bütün 58,6 min seçki məntəqəsində 24,5 milyon səs hesablandıqdan sonra Pezeşkian 10,4 milyon, İranın mənəvi liderinin respublikanın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Cəlili isə 9,5 milyon səs toplayıb.

    Namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün Pezeşkian və Cəlili iyulun 5-də keçiriləcək ikinci turda görüşəcəklər.

    * * * * *

    İranda keçirilən növbədənkənar prezident seçkisində 47,6 min seçki məntəqəsinin nəticələrinə əsasən, islahatçı qanaddan olan keçmiş səhiyyə naziri Məsud Pezeşkiyan liderdir.

    Bu barədə İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.

    Onun IRIB telekanalında qeyd etdiyi kimi, 19 milyon səsin (ümumilikdə 61 milyon seçici) hesablanmasından sonra Pezeşkiyan 8,302 milyon, İranın mənəvi lideri Səid Cəlilinin Respublika Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi 7,189 milyon səs toplayıb.

    Qeyd edək ki, ötən gün keçirilən seçkilərdə 58,6 min seçki məntəqəsi fəaliyyət göstərib və seçkidə iştirak edənlərin sayı hələ ki, məlum deyil.

    İranın “Farhikhtegan” qəzetinin qeyd etdiyi kimi, ikinci turun keçirilməsi gözlənilir.

    * *  * * *

    İranda keçirilən növbədənkənar prezident seçkisində 12 milyon səs (ümumilikdə 61 milyon seçici) hesablandıqdan sonra islahatçı qanaddan olan keçmiş səhiyyə naziri Məsud Pezeşkian mühafizəkar Səid Cəlilini qabaqlayıb.

    Bu barədə İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.

    O, IRIB telekanalında bildirib ki, 58 min seçki məntəqəsindən 32 200-də bülletenlər baxıldıqdan sonra Pezeşkian 5 milyon, İranın ruhani liderinin Respublika Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Cəlili isə 4 milyon 875 min səs toplayıb.

    Qeyd edək ki, namizəd qalib gəlmək üçün 50%-dən çox səs toplamalıdır. Əks halda, iyulun 5-də birinci turda ən çox səs toplayan iki namizədin mübarizə aparacağı ikinci tur keçiriləcək.

    Mənbə: TASS

  • Xankəndidə daha 26 avtomat və 3 pulemyot aşkarlandı

    Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, həyata keçirilən tədbirlərlə 22-28 iyun tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 26 avtomat silahı, 3 pulemyot, 1 tapança, 3 tüfəng, 27 qumbara, 2 qumbaraatan, 36 alışdırıcı, 13 mərmi, 5 süngü-bıçaq, 115 patron darağı, 4780 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Kəlbəcər rayonunun Vəngli kəndi ərazisindən 1 avtomat silahı, 7 patron darağı, 255 ədəd müxtəlif çaplı patron, Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisindən 4 avtomat silahı, 1 tapança, 1 qumbaraatan, 12 qumbara, 10 alışdırıcısı, 10 ədəd patron darağı və 278 ədəd müxtəlif çaplı patron, Laçın rayonu ərazisindən 2 avtomat silahı, 1 tapança, 1 tüfəng, 13 qumbara, 3 süngü-bıçaq, 16 patron darağı və 270 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

  • Fransada məhşər günü: Makron seçkidə uduzacaqmı? – VİDEO

    Fransa parlament seçkisi ərəfəsindədir. Ölkədə İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq sağçı hökumət seçkidə irəli keçə bilər. Belə bir halda ölkəni nələr gözləyir? Fransa Prezidenti Makron nələrlə üzləşə bilər? Seçkinin ilk turu bu bazar həyata keçəcək.

    Bu barədə Türkiyənin “Haber Global” kanalı süjet hazırlayıb.

    Sorğulara görə, sağçı Marin Le Penin “Milli Birlik” partiyası birinci turda səslərin 35%-ni toplaya bilər. Solçuların partiyası 29%, Fransa Prezidenti Makronun partiyasının 20% səs toplayacağı gözlənilir.

    Sağçı Le Penin ən çox səs toplayacağına və seçkidə qalib gələcəyinə inananlar daha çoxdur.

    Ətraflı süjetdə:

  • Astarada 16 yaşlı qız asılı vəziyyətdə tapıldı

    Astarada 16 yaşlı qız asılı vəziyyətdə tapılıb.

    APA-nın cənub bürosunun verdiyi məlumata görə, gecə saatlarında Astara rayonunun Şüvi kənd sakini 16 yaşlı B.Qurbanovanın meyiti yaşadığı evin yarımtikilisində asılı vəziyyətdə tapılıb. Yaxınlarının sözlərinə görə, o, ailədə sakit təbiətli, heç kimlə işi olmayan biri olub. Dünən gecə də hər kəslə sağollaşıb yatmağa gedib.

    Bir müddət sonra onun otağına girən ailə üzvləri B.Qurbanovanı asılmış vəziyyətdə tapıblar. Onun intihar etdiyi bildirilir.

    Yeniyetmənin hansı səbəbdən bu addımı atdığı məlum deyil.

    Qeyd edək ki, o, iki qardaşın bir bacısı olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Sabirabad polisindən ƏMƏLİYYAT: İki qardaş tutuldu

    Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Nurlan Əliyev və qardaşı Dilavər saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

    Bildirilib ki, onların yaşadıqları ünvanlara keçirilən baxış zamanı N.Əliyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən çəkisi 45 kiloqram olan 128 ədəd çətənə kolu və 100 qrama yaxın marixuana, D.Əliyevin həyətindən isə çəkisi 32 kiloqram olan 39 ədəd çətənə kolu və 4 kiloqram marixuana aşkarlanıb.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

  • Mirzoyan Azərbaycanla sülh müqaviləsinin bağlanmasının vacibliyini bildirib

    Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh müqaviləsinin Cənubi Qafqazda sabit sülh nöqteyi-nəzərindən əhəmiyyətini bəyan edib.

    Məlumata görə, Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri normallaşma prosesini Xorvatiyanın Dubrovnik şəhərində keçirilən forumda alban həmkarı İqli Hasaniyə təqdim edib.

    Görüşdə Ermənistan-Albaniya münasibətlərinin inkişaf perspektivləri də müzakirə olunub.

    Mənbə: Sputnik Ermənistan

  • FHN-dən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT

    Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində respublikanın bir sıra ərazilərində qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi, leysan xarakterli yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, qeyri-sabit hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

    “Bundan əlavə, sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

    Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir”, – müraciətdə vurğulanıb.

  • Yevlaxda silah-sursat saxlamaqda şübhəli bilinən şəxs həbs edildi (VİDEO)

    Yevlaxda qanunsuz olaraq silah-sursat əldə edən şəxslərin saxlanılması istiqamətində növbəti tədbir görülüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon sakini Məlik Abdullayev şübhəli şəxs kimi saxlanılıb. Ondan AKM modelli avtomat, 29 ədəd patron və patron darağı aşkarlanıb. O, bir müddət əvvəl silahı tapdığını və polisə təhvil verməyərək gizlətmək məqsədi ilə özündə saxladığını bildirib.

    Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə M.Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.