Month: July 2024

  • Ukraynada sabiq nazir vətənə xəyanətdə ittiham olunur

    Ukraynanın Dövlət Təhqiqat Bürosu keçmiş daxili işlər naziri Vitali Zaxarçenkoya qiyabi olaraq (vəzifəli şəxsləri dövlətə xəyanətə təhrik etmək maddəsi ilə) ittiham irəli sürüb.

    Bu barədə qurum öz “Telegram” kanalında məlumat verib.

    Bildirilir ki, 2022-ci ildə Zaxarçenko Ukrayna rəsmilərinə zəng edərək onları Ukrayna ərazilərinin Rusiyaya təslim edilməsi barədə müqavilə imzalamağa inandırmağa çalışıb.

    Qurum həmçinin keçmiş naziri ictimai çıxışlarında Rusiya Silahlı Qüvvələrinin nümayəndələri haqqında müsbət fikirlər söyləməkdə ittiham edib.

    Bundan başqa Zaxarçenkonun cəmiyyətdə hökumət əleyhinə əhvali-ruhiyyə formalaşdırmaq üçün bir sıra videoların yaradılmasında və nəşrində iştirak etdiyi vurğulanıb.

    Qeyd edək ki, Vitali Zaxarçenko sabiq prezident Viktor Yanukoviçin hakimiyyəti dövründə, 2011-2014-cü illərdə daxili işlər naziri vəzifəsini tutub.

  • Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi

    İyulun 17-də Hərbi Prokurorluqda cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində 2024-cü ilin birinci yarısında görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

    Respublika Hərbi Prokurorluğundan bildirilib ki, kollegiya iclasından əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

    İclasda hesabat məruzəsi ilə çıxış edən hərbi prokuror vəzifəsini müvəqqəti icra edən hərbi prokurorun müavini ədliyyə general-mayoru Şəfahət İmranov Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini zamanın tələbləri ilə uzlaşdıraraq yüksək məharətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildən artıq müddət ərzində ölkəmizdə əldə olunmuş böyük uğurlardan, o cümlədən tarixi torpaqlarımızın işğaldan azad edilməsindən, həmin ərazilərdə həyata keçirilən abadlıq-quruculuq işlərindən bəhs edib. Əldə olunan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

    Məruzədə qeyd edilib ki, ötən dövrlərdə olduğu kimi, bu ilin birinci yarısında da Hərbi Prokurorluq orqanlarının fəaliyyəti uğurlu olmaqla Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığına, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına yönəldilib. Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin ümumilikdə 98,6 faizi, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100 faizinin üstünün açılması təmin edilib.

    İnsan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, nizam-intizamın və qanunçuluğun möhkəmləndirilməsi, eləcə də cinayətkarlığa qarşı mübarizə sahəsində əldə olunan müsbət nəticələrdə Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranmış əlaqələrin çox böyük əhəmiyyəti olduğu bildirilib.

    Bütün bunların nəticəsində də hesabat dövründə qeydə alınmış cinayətlər ötən ilin birinci yarımili ilə müqayisədə ümumilikdə 28,2, hərbi xidmət əleyhinə olan cinayətlər 25,2, qeyri-hərbi cinayətlər isə 31,2 faiz azalıb.

    İclasda qeyd olunub ki, ötən ilin birinci yarısı ilə müqayisədə bu ilin birinci yarısında qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 75, özünü öldürmə həddinə çatdırma cinayətləri 80, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 3,2, tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkət cinayətləri 23,2, hərbi xidmətdən yayınma cinayətləri 31,4, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 90,9, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 33,3 və rüşvət alma (passiv rüşvətxorluq) və rüşvət vermə (aktiv rüşvətxorluq) cinayətləri 58,6 faiz azalıb.

    Məruzə ətrafında çıxış edənlər hesabat dövründə görülmüş işlərdən danışıb, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

    Kollegiya iclasında, hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunmaqla, onların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi və işin səmərəliliyinin daim artırılması tələb edilib.

    İclasın yekununda ədliyyə general-mayoru Şəfahət İmranov bildirib ki, Hərbi Prokurorluğun kollektivi Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi sahəsindəki fəaliyyətin səmərəliliyini daim artıracaq, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, cinayətkarlığa və digər qanun pozuntularına qarşı mübarizədə üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcək.

  • Sabah Bakının bir rayonunda qaz olmayacaq

    Sabah Bakının Suraxanı rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilib ki, iyulun 18-də saat 10:00-dan etibarən Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən orta təzyiqli qaz kəmərində aparılacaq təmir-quraşdırma işləri ilə bağlı yüksək təzyiqli magistral qaz kəməri üzərində quraşdırılmış “Qaraçuxur əhali” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

    Qaz təchizatı dayandırılan müddətdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə-Qorqud, Bahar yaşayış massivləri, MİDA yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Sentyabrda bu verilişlər bağlanacaq

    “10 ildir ki televiziyalardakı o verilişlərə görə dava aparıram. Yeni ortaya çıxan yalançı ziyalılar eşidiblər ki, “yuxarıda” bu işlərlə maraqlanırlar və başlayıblar televiziyaları tənqid edirlər. Televiziyalar yaranandan onsuz da bu millətin əleyhinə gedirlər”.

    Bunu Bakupost.az -a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov televizilardakı ucuz şou proqramları haqqında danışarkən deyib.

    Onun sözlərinə görə, yeni mövsümdə televiziyaların sosial verilişləri ilə bağlı tədbir görüləcək:

    “Məndə olan məlumata görə, sentyabr ayında o verilişlər dayandırılacaq. Amma əvəzində nə olacaq, bilinmir. Azərbaycanda televiziya mədəniyyəti, ideologiya, təbliğat aparacaq elə bir ziyalımız yoxdur. Yenə gəlib növbəti bir şou düzəldəcəklər. Yəni toplananların yerini dəyişməklə cəm dəyişmir”.

    Kinorejissor televiziyalardakı dəyişikliklərin müvafiq qurumlarla razılaşdırılmasını təklif edib:

    “Yeni proqramlar, ictimaiyyətlə, ziyalılarla, Mili Elmlər Akademiyası, Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi ilə razılaşdırılmalıdır ki, yenə Zaurlər, Xoşqədəmlər gəlib orda bu cür işlərlə məşğul olmasınlar”.

    Şeyx Əbdül aparıcılar arasında da seçim edilməsinin vacib olduğunu bildirib:

    “Stomatoloji fakültəni bitirib, özünü yapona oxşadır, gündə sinəsini, baldırını açır, sonra da iki saat efirdə hırıldayır və bir şey başa düşmürsən. Adını çəkməyəcəm, bir qız aparıcı var, bir dəfə efirdə sözümü kəsdiyinə görə verilişi tərk etdim və daha o verilişə getmirəm. Bu gün Azərbaycan televiziyalarında ancaq qeybət qırırlar. Onların xalqa söz deməyə səlahiyyətləri, mənəvi haqları, bunun üçün intellektləri yoxdur”.

  • Müğənni deputatlığa namizəd oldu

    Müğənni, pedaqoq Aslanova Humay Tofiq qızı hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi olub.

    Median.Az bakupost.az-a istinadən xəbər verir ki, Humay Aslanovanın namizədliyi 107 saylı Tovuz – Qazax – Ağstafa dairəsindən irəli sürüləcək.

  • Bakı-Quba yolunun ödənişli hissəsində xüsusi çip yerləşdirilmiş kartlardan istifadəyə başlanılır

    Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda sürətli keçid zolağı sürücülərə ödəniş məntəqələrində sürəti endirmədən və dayanmadan keçməyə imkan verir. Bunun üçün sürücüdə öncədən əldə edilən TEQ (xüsusi çipli kart) və yetərli ödəniş balansının olması kifayətdir. Dayanmadan keçidi təmin edən zolaqlarda ən son texnoloji standartlara uyğun xüsusi nömrəoxuma kameraları, təhlükəsizlik kameraları, avtomobilləri klassifikasiya etməyə imkan verən avadanlıqlar və digər innovativ texnoloji avadanlıqlar quraşdırılıb.

    Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Analitik İnformasiya Mərkəzinin İnformasiya Texnologiyaları üzrə şöbə rəisi Rizvan Mansurov bildirib.

    Onun sözlərinə görə, dayanmadan keçid zolaqları ödənişli yolun yalnız başlanğıc və son nöqtəsində, yəni Yaşma və Xaçmaz (SDK) məntəqələrində mövcuddur.

    “Yolun Giləzi, Siyəzən, Gəndov və Xaçmaz yaşayış məntəqələrinə birləşən yolların girişində inşa edilmiş məntəqələrdə isə yalnız hibrid keçid zolaqları qurulub ki, bu keçid formasından istifadə üçün qeyd edilən satış nöqtələrindən TEQ əldə etmək lazımdır. Yaxın gələcəkdə “MilliÖn” ödəniş terminallarından ödəniş forması da əlçatan olacaq. Qeyd edilən ödəniş üçün keçid məntəqələri “MilliÖn” terminalları ilə təchiz edilib. Eyni zamanda, bəhs olunan ödəniş forması həm yerli, həm də əcnəbi vətəndaşların istifadəsi üçün əlçatandır”, – deyə şöbə rəisi vurğulayıb.

    Rizvan Mansurov bildirib ki, ödənişli yoldan istifadə tarifləri yeni müəyyən olunduğu üçün həmin tariflərin ödəniş sistemində inteqrasiyası həyata keçirilir:

    “Hazırda yoldan istifadə üçün keçid məntəqələrinə yaxınlaşaraq nağdsız şəkildə (yalnız bank kartları ilə) ödəniş edərək yoldan istifadə etmək mümkündür. İnteqrasiya yekunlaşdıqdan sonra ödəniş sisteminin proqram təminatı test ediləcək. Sınaqlar başa çatdıqdan sonra yol ümumi istifadəyə veriləcək. Qeyd olunan işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Gediş üçün ödənişin məbləği nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi, eyni zamanda avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müəyyənləşdirilib. Bütün məntəqələrdə qabaqcıl texnoloji qurğular və təhlükəsizliyi təmin etmək üçün xüsusi nəzarət kameraları quraşdırılıb. Həmçinin, çəkiyə nəzarət və yolun dayanıqlılığını təmin etmək məqsədilə elektron tərəzi sistemi də mövcuddur”.

    Rizvan Mansurovun sözlərinə görə, müasir avadanlıqlarla təchiz olunmuş ödənişli yol sistemi, istifadəçilərin rahatlıq, güvənlilik və vaxta qənaət baxımından üstünlüyü ilə seçilən bir yol sistemidir.

    “TEQ balansının artırılması üçün ödənişlər nağdsız formada yola aid www.tollroad.az saytı və ya TEQ satış nöqtələrində (Bakı, Sumqayıt 2 saylı, Quba “ASAN xidmət” mərkəzləri, Bakı-Quba Rusiya magistralında 45-ci km, SDK keçid məntəqəsi) həyata keçirilə bilər. Eyni zamanda, yeniliklər barədə ödənişli yolun rəsmi saytı olan www.tollroad.az-a daxil olaraq daha ətraflı məlumat almaq olar”, – deyə Rizvan Mansurov söyləyib.

    Ödənişli yolda artıq vətəndaşlara xidmət üçün evakuator xidməti də fəaliyyət göstərir.

  • В Азербайджане выплачены все пенсии за июль

    Государственный фонд социальной защиты при Министерстве труда и социальной защиты населения (МТСЗН) сегодня выплатил все пенсии за июль по республике.

    Об этом АПА сообщили в министерстве.

  • Ölkə üzrə iyul ayının pensiya ödənişi yekunlaşıb

    Azərbaycanda iyul ayının pensiya ödənişini yekunlaşıb.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, iyulun 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə Azərbaycanın bölgələrində yaşayan şəxslərin iyul ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

  • “Birləşdik – 2024” beynəlxalq təlimi başa çatdı – VİDEO

    Qazaxıstan Respublikasında keçirilən “Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimi başa çatıb.
     
    Bu barədə MN-dən bildirilib.
     
    Azərbaycan, Qazaxıstan, Qırğız, Özbəkistan və Tacikistan respublikalarının hərbi rəhbərliyi Xəzər dənizinin akvatoriyasının Tokmak burnuna gələrək təlimin sonuncu taktiki epizodunu izləyib.
     
    Təlim iştirakçıları Xəzər dənizinin sahilyanı sahəsinin akvatoriyasında qanunsuz silahlı dəstələrin məhv edilməsi üzrə fəaliyyətləri yerinə yetiriblər. “Birləşdik – 2024” təlimində qarşıya qoyulan tapşırıqlar müasir döyüş üsulları nəzərə alınmaqla bütün qoşun növləri üzrə təlimə cəlb edilən şəxsi heyət tərəfindən yüksək peşəkarlıq və dəqiqliklə icra edilib.
     
    Ssenariyə uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu qəzaya uğramış döyüş helikopterin şəxsi heyətinin döyüş sahəsindən təxliyəsini həyata keçirib. Təlimin taktiki epizodu başa çatdıqdan sonra beynəlxalq təlimə cəlb edilən döyüş texnikası və aviasiya vasitələrinin təntənəli keçidi olub.
     
    Daha sonra “Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin bağlanış mərasimi keçirilib. İştirakçı dövlətlərin hərbi rəhbərləri mərasimdə çıxış edərək ümumilikdə təlimin gedişatını, müasir döyüş texnikası və vasitələrindən təlim iştirakçılarının effektiv istifadə etmə bacarığını və hərbi qulluqçuların peşəkarlığını müsbət qiymətləndiriblər. 15 ölkənin hərbi ataşelik aparatının nümayəndələrinin də iştirak etdiyi təntənəli mərasimdə bir qrup hərbi qulluqçu medal və qiymətli hədiyyələrlə təltif edildikdən sonra şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.
     
    Sonda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi təlimdə ölkəmizi təmsil edən şəxsi heyətlə görüşüb, beynəlxalq təlimdə yüksək peşəkarlıq nümayiş etdirdiklərinə görə onları təbrik edib və gələcək xidmətlərində uğurlar arzulayıb. Qeyd edək ki, “Birləşdik – 2024” beynəlxalq təlimində ölkəmizi Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmiləri təmsil edib.

  • Kondisioneri yandırmayan avtobusda sürücü ilə sərnişinlər arasında GƏRGİNLİK: “Düşün yerə” – VİDEO

    Bakıda marşrut xətlərindən birində problem yaşanıb. Belə ki, Xırdalan şəhəri istiqamətində hərəkət edən 135 saylı marşrut avtobusunda sürücü kondisioneri yandırmayıb.

    Bu barədə baku.ws-in qaynar xəttinə məlumat və görüntülər daxil olub.

    Sərnişinlərin hər biri sürücüdən kondisioneri yandırmağı xahiş edib. Lakin sürücü buna məhəl qoymayıb.

    Sonda isə o, sərnişinlərə avtobusdan düşərək nəqliyyat vasitəsini tərk etmələrini bildirib.

    Sürücünün sözləri sərnişinlərin də əsəb və aqressiyasına səbəb olub.

    Sözügedən görüntüləri təqdim edirik: