Month: İyul 2024

  • Maşını işə salmazdan əvvəl göstərici işıqlarının sönməsini gözləmək lazımdırmı?

    Avtomobil sürməzdən əvvəl alışdırma açarını çevirməyimiz, göstəricinin işıqlarının sönməsini gözləməyimiz və sonra maşını işə salmağımız tövsiyə olunur. Bəs bunun arxasındakı səbəb nədir?
    Bizimyol.info “webtekno”ya istinadən xəbər verir ki, əslində bunun arxasında olan tək bir səbəb deyil. Avtomobil bu müddət ərzində bir çox yoxlamalar həyata keçirir.

    Göstərici işıqlarının sönməsini gözləmək təhlükəsiz sürücülük üçün böyük əhəmiyyət kəsb edir. Gəlin bir az daha ətraflı danışaq.

    Mühərrikin idarəetmə bloku (ECU) avtomobil işə salındıqda müxtəlif sensorlardan gələn məlumatları yoxlayır.

    Bu proses zamanı hər hansı nasazlıq aşkar edilərsə, alət panelində həmin problemi göstərən nasazlıq lampası yanmağa davam edir. Bu proses zamanı avtomobilin hidravlik sistemləri də yoxlanılır. Əyləc və sükan kimi sistemlər avtomobil işə salındıqda hidravlik təzyiqə nəzarət edir.

    Daha müasir avtomobillər emissiyaları idarə etmək üçün müxtəlif sensorlar və sistemlərdən istifadə edir

    Bu sistemlərin düzgün işləməsini təmin etmək üçün ilkin yoxlama aparılır. Bu proses zamanı hava yastıqları və digər təhlükəsizlik sistemləri də sınaqdan keçirilir. Xülasə olaraq, istifadə etdiyimiz nəqliyyat vasitələrində bir çox hissə var və bu hissələrin işə düşmədən əvvəl nəqliyyat vasitəsinin beyni ilə əlaqə saxlaması lazımdır. Bu əməliyyatların ardıcıl olaraq həyata keçirilməsini gözləmək, vasitədəki problemləri əvvəlcədən aşkar etmək üçün böyük əhəmiyyət kəsb edir.

  • Bu sürücülər taksi fəaliyyətindən kənarlaşdırılır (RƏSMİ)

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.

    Bu barədə Nazirlikdən bildirilib.

    Məlumata görə, görüşdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, taksi minik avtomobilləri ilə sərnişindaşımalar sahəsində yeni dövlət siyasətinin formalaşdırılması və islahat mexanizmlərinin tətbiqində əsas məqsəd vətəndaşlara daha keyfiyyətli xidmət göstərilməsidir.

    Nazir müavini qeyd edib ki, yeni tələblərin tətbiqindən sonra sürücülərin ünvanlara fərqli avtomobillə gəlməsi, çatdırılma xidməti adı altında sərnişindaşımaların həyata keçirilməsi, icazəsi olmayan nəqliyyat vasitələrinə sifarişlərin ötürülməsi kimi hallar müşahidə edilir. Belə ki, vətəndaşlar tərəfindən daxil olan müraciətlər araşdırılır və qanunvericiliyin tələblərinə riayət etməyənlər daşımalardan kənarlaşdırılır.

    Taksi fəaliyyətinə cəlb olunan nəqliyyat vasitələrinə tələblər bir daha görüş iştirakçılarının diqqətinə çatdırılıb. İzah edilib ki, sərnişindaşımalar yalnız müvafiq icazəsi olan şəxslər tərəfindən yerinə yetirilə bilər.

    Taksi şirkətlərinin nümayəndələri də hazırda bu sahədə qarşılaşdıqları çətinliklər barədə məlumat verib, onların həlli istiqamətində təkliflərini səsləndiriblər.

    Görüşdə sadalanan çatışmazlıqların aradan qaldırılması, nəzarət mexanizminə dair tədbirlər barədə müzakirələr aparılıb. Qeyd olunub ki, sifarişə gələn nəqliyyat vasitələrinin eyni olub-olmaması ilə bağlı sərnişinə bildirişin getməsi üçün operatorların proqram təminatlarında funksionallığın aktivləşdirilməsi istiqamətində işlər aparılır.

    Sonda taksi şirkətlərinə qısa müddət ərzində qeyd olunan çatışmazlıqları aradan qaldırmaq və fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil etmək tövsiyə olunub.

  • “Şərurlu İsfəndiyar”ın şirkəti ətraf mühiti çirkləndirib – Külli miqdarda cərimə

    “Şərur” Mənzil-Tikinti Kooperativi (MTK) barəsində Ətraf Mühitin Mühafizəsi, Təbiətdən İstifadə və Ekoloji Təhlükəsizlik qaydaları əleyhinə olan (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması) inzibati xəta protokolu tərtib olunub.

    Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə irəli sürülüb.

    İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər 2500 manatdan 4000 manatadək, hüquqi şəxslər 10500 manatdan 12500 manatadək məbləğdə cərimə edilir.

    İşə Qaradağ Rayon Məhkəməsinin hakimi Rufan Mürsəlovun sədrliyi ilə baxılacaq.

    Xatırladaq ki, “Şərur” MTK 2001-ci ildə yaradılıb və iş adamı İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) məxsusdur.

  • AZTV-nin sədr müavini vəzifəsindən getdi – Başqa kanala rəhbər gətirilir

    AZTV-nin sədr müavini Rüfət Həmzəyev vəzifəsindən azad edilib.

    AZTV-nin mətbuat katibi Rüfət Seyidov faktı KONKRET.az-a təsdiqləyib.

    O bildirib ki, Rüfət Həmzəyev artıq AZTV-də çalışmır.

    Məlumata görə, Rüfət Həmzəyev ingilis dilli telekanala rəhbər təyin edilib.

    Artıq Rüfət Həmzəyevin adı AZTV-nin saytında sədr müavini vəzifəsini bildirən məlumat hissəsindən çıxarılıb.

  • Bu yay Rusiyanın yeni hücumu mümkündürmü? – ISW proqnoz verdi

    Müharibənin Tədqiqi İnstitutu hesab edir ki, ruslar bu yay yeni hücumu həyata keçirə bilməyəcəklər, çünki onların silah və canlı qüvvəsi baxımından ciddi məhdudiyyətlər var.

    Qaynarinfo xəbər verir ki, ISW analitiklərinin öz hesabatlarında bildirdiyinə görə, “Rusiya qüvvələrinin bu yay Donetsk bölgəsində və ya cəbhə boyu başqa yerlərdə yenidən qurulmuş hücum əməliyyatı keçirmək üçün geniş əməliyyat imkanları yoxdur”.

    Ekspertlərin fikrincə, Rusiya Federasiyasının Donetsk vilayətində vaxtaşırı yerli mexanikləşdirilmiş hücumları işğalçıların hazırkı hücum potensialının miqyasını nümayiş etdirir. Onların fikrincə, düşmən hərbi komandanlığı Ukraynanın şərqində məhdud taktiki uğurları ruslara böyük qələbə kimi təqdim edə bilər. Eyni zamanda, prosesdə itkilərə baxmayaraq, işğalçıları Donetsk vilayətində mümkün qədər irəliləməyə məcbur etməyə çalışırlar.

    Analitiklərin fikrincə, hazırda Rusiya qoşunlarının qısa və ortamüddətli perspektivdə bütün cəbhə xətti boyunca dövri daha böyük mexanikləşdirilmiş hücumlar həyata keçirmək üçün kifayət qədər zirehli texnikası var.

    “Lakin Rusiya qüvvələrinin cəbhənin bir neçə sektorunda eyni vaxtda genişmiqyaslı hücum əməliyyatları keçirmək və mexanikləşdirilmiş əməliyyatların intensivləşdirilməsi nəticəsində zirehli texnikanın artan itkilərini əvəz etmək üçün lazımi zirehli texnika ehtiyatına malik olub-olmadığı bəlli deyil”, – ISW qeyd edir.

    Əlavə edildiyi kimi, işğalçıların əməliyyatları Ukrayna Silahlı Qüvvələrində xeyli itkiyə səbəb olur. Rusların əhəmiyyətli qazanc əldə edib-etməməsindən asılı olmayaraq, Ukraynanın imkanlarını zəiflətmək düşmənin məqsədlərindən biri ola bilər.

    Analitiklər izah ediblər ki, “təxribata bu cür yanaşma Putinin Ukrayna ilə bağlı ümumi strategiyasına uyğundur və bu, Rusiyanın rus qoşunlarının ələ keçirdiyi istənilən ərazini saxlaya biləcəyi ehtimalına əsaslanır”.

  • Azərbaycanlılar 23 yaşlı qızı qaçırıb yarım milyon pul istədilər

    Rusiyada azərbaycanlılar qadını oğurlayıblar.

    Hadisə Çelyabinsk vilayəti Yemanjelinsk şəhərinin Engels küçəsində baş verib. 27 yaşlı iki azərbaycanlı Tacikistan vətəndaşı olan 23 yaşlı qadını qaçırıblar. Bundan sonra azad olunması üçün ondan 500 min rubl (təxminən 9900 manat) tələb ediblər.

    Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində cinayətin üstü ən qısa müddətdə açılıb. Məlumata görə, adam oğurluğunda şübhəli bilinən hər iki azərbaycanlı saxlanılıb.

    Faktla bağlı “Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq adam oğurlama” və “hədə-qorxu ilə tələb etmə” maddələri ilə cinayət işi başlanıb.

    Araşdırma aparılır.//Lent.az

  • Zəngəzur dəhlizində toqquşan maraqlar: ABŞ və Rusiya nə istəyir? (ŞƏRH)

    “Əgər ABŞ-ın belə bir məqsədi varsa, bu plan Azərbaycanın planı ilə üst-üstə düşür. Söhbət Zəngəzur dəhlizindən gedir. Azərbaycan da Zəngəzur yolunun açılmasını istəyir. Əgər ABŞ da buna çalışırsa, bu addımı alqışlamaq lazımdır”.

    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli ABŞ-ın Ermənistan və Azərbaycan üzərindən reallaşacaq ticarət yolunun iqtisadi əhəmiyyətini izah edərkən deyib.

    Onun sözlərinə görə, bu xəbərlərdən də məlum olur ki, adıçəkilən yolun açılışında ən böyük maneə Ermənistan deyil:


    “Ən böyük maneə elə Rusiyadır. Çünki Rusiyanın tələbi var, əgər yol açılacaqsa, ancaq və ancaq Moskvanın nəzarətində olacaq. Bu, Ermənistan, ABŞ, elə Azərbaycanın özünə də sərf eləmir. Ona görə də bu yolun açılmasında ən böyük maneə Rusiyadır”.

    Politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov vurğuluyub ki, bəyanat verilsə də, onun hansı şəkildə icra olunması hələ də bəlli deyil:



    “Azərbaycanın Ermənistana aid tələbi, daha doğrusu 10 noyabr sənədində göstərilən tələbi bir az fərqlidir. Müvəqqəti olaraq Rusiyanın nəzarətində olmalı idi. Amma Ermənistan buna imkan vermir. Azərbaycanın istəyi ondan ibarətdir ki, ölkənin iki hissəsi arasında bağlantı olmalıdr. Azərbaycan tamamilə istəyir ki, bu məsələdə ölkənin iki hissəsi normal şəraitdə bir-biri ilə bağlantılı olsun. ABŞ-a gəlincə isə görürük ki, onların da digər istəkləri var. Bundan əlavə Çinin də öz planları var. Dəhliz və müxtəlif layihələr və s. onun icrasına nail olmaq üçün artıq praktik işlər görülüb. Məsələn, Azərbaycanla hansısa danışıqlar gedir, Çin tərəfindən investisiyalar veriləcək. Çin bu dəhlizi yaratmaq üçün Gürcüstanda da investisiyalar qoymaq fikirindədir. Yəni, müxtəlif ölkələrin müxtəlif baxışları var. Azərbaycan öz maraqlarına uyğun olaraq ilk növbədə istəyir ki, ölkənin iki hissəsi arasında bağlantı olsun və vətəndaşlarımız təhlükəsizlik şəraitində, müxtəlif bürokratik əngəllər olmadan Azərbayanın digər hissələrinə səfər etsin. Bəyanatlar verilir. Baxaq görək onlar hansı addımlar atacaq”.

    Qeyd edək ki, Vaşinqton Rusiya və Çindən yan keçməklə, Ermənistan və Azərbaycan əraziləri vasitəsilə Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına yeni quru dəhlizinin yaradılması imkanını nəzərdən keçirir.

  • Keçid ballarında dəyişiklik ola bilər (RƏSMİ)

    “Keçid ballarında dəyişiklik gözlənilir, lakin hansı qruplar üzrə dəyişiklik olması ixtisas seçimindən sonra dəqiq məlum olacaq”.

    Bunu Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.

    O, bildirib ki, gələn həftə Abituriyent 4 jurnalını çap olunacaq: “Həmin jurnalda plan yerləri olacaq. Həmçinin gələn həftə məlumat kitabçası da çap olunacaq, orada abituriyentlərin nəticələri və bal intervalı üzrə paylanma yer alacaq”.

    V.Misirov qeyd edib ki, ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 9-da başlayacaq və avqustun 19-na kimi davam edəcək: “Sonrakı mərhələdə kolleclərə ixtisas seçimi elan olunacaq”.

  • Ölkəmizə turizm məqsədilə nə qədər əcnəbi gəlib?

    Cari ilin I rübündə ölkəmizə gələn turistlərin sayı ötən ilin ilk üç ayı ilə müqayisədə 44,2% və ya 98 993 nəfər artaraq, 322 973 nəfərə çatıb. Həmin dövrdə Azərbaycana gələn turistlərin 63,77%-ni və ya 205 958 nəfərini kişilər, 36,23%-ni və ya 117 015 nəfərini isə qadınlar təşkil edib.

    Trend bu barədə Media Təhlil Mərkəzinin Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə əsasən xəbər verir.

    Qeyd edilib ki, ötən ilin I rübü ilə müqayisədə ölkəmizə gələn turistlər arasında qadınların sayı artıb:

    “Belə ki, 2023-cü ilin I rübündə ölkəmizə gələn xarici turistlərin 27,14%-ni və ya 60 787 nəfərini qadınlar təşkil etmişdi.

    Ölkələr üzrə yalnız Filippin və Litvadan gələn turistlər arasında qadınların sayı kişilərdən çox olub. Cari ilin I rübündə Filippindən ölkəmizə səfər edən turistlərin 71,2%-ni (2 033 nəfər), Litvadan gələnlərin isə 52,8%-ni (488 nəfər) qadınlar təşkil edib. Digər ölkələr üzrə göstəricilərdə qadınların sayı 50%-dən aşağı olub.

    Son iki ilin I rübündə ölkəmizə gələn turistlərin səfər məqsədlərini müqayisə etsək görərik ki, istirahət və əyləncə üçün gələnlərin sayı 2 dəfədən çox artıb. Daha dəqiq desək, 2023-cü ilin I rübündə Azərbaycana istirahət və əyləncə məqsədilə gələn turistlərin sayı 99 227 nəfər idisə, cari ilin ilk rübündə bu rəqəm 120,3% artaraq 220 092 nəfər təşkil edib.

    Digər ciddi artım ölkəmizə müalicə almaq üçün gələn turistlərin sayında qeydə alınıb. Bu məqsədlə Azərbaycana gələn əcnəbilərin sayı ötən ilin I rübü ilə müqayisədə 164,9% artaraq 4 104 nəfər təşkil edib. Alış-veriş və dini ziyarət məqsədilə ölkəmizə gələn turistlərin sayında da artım qeydə alınıb”.

    Vurğulanıb ki, qohum və ya dosta baş çəkmək məqsədilə ölkəmizə gələn turistlərin sayında cüzi azalma müşahidə olunub.

    “Ötən ilin I rübündə bu məqsədlə Azərbaycana səfər etmiş əcnəbi ölkə vətəndaşlarının sayı 53 659 nəfər idisə, 2024-cü ilin I rübündə bu göstərici 50 486 nəfərə enib. İşgüzar məqsədlə ölkəmizə gələn turistlərin sayında da azalma qeydə alınıb. Cari ilin I rübündə işgüzar məqsədlə Azərbaycana gələn turistlərin sayı 2023-cü ilin ilk rübü ilə müqayisədə 30,9% azalaraq 38 895 nəfərə bərabər olub.

    Son 3 ilin ilk rübündə turizm məqsədilə Azərbaycana gələn əcnəbilər arasında Rusiyadan gələn turistlərin sayı daha çox olub və bu say getdikcə artıb. Aparılan təhlil zamanı məlum olub ki, hesabat dövründə Rusiyadan gələn turistlərin sayı 112 912 nəfərə çatıb. Buna səbəb olan amillərdən biri, Rusiya və Azərbaycan arasında qohumluq əlaqələrinin çox olması və işgüzar səfərlərin üstünlük təşkil etməsidirsə, digəri Rusiya-Ukrayna arasındakı hərbi əməliyyatlara görə qonşu ölkə vətəndaşlarının bir çox xarici ölkələrə girişinin qadağan olması və onların istirahət məqsədilə Azərbaycana üz tutmasıdır”.

    Bildirilib ki, cari ilin ilk rübündə ölkəmizə səfər edən 112 912 rusiyalı turistdən 63 434 nəfəri və ya 56,2%-i istirahət və əyləncə məqsədilə gəlib:

    “Son 3 ilin ilk rübünə nəzər yetirsək görərik ki, hindistanlı turistlərin ölkəmizə marağı daha da artıb. Məhz bunun nəticəsidir ki, ötən ilin I rübündən fərqli olaraq 2024-cü ilin ilk üç ayında Azərbaycana səfər edən əcnəbilər arasında ikinci sıranı Hindistandan gələnlər tutub. Belə ki, cari ilin ilk rübündə ölkəmizə 36 536 hindistanlı turist gəlib və onların 95%-nin məqsədi istirahət və əyləncə olub.

    Əvvəlki illərdə ikinci sıranı tutan qardaş Türkiyə 2024-cü ilin I rübündə üçüncü yerdə qərarlaşıb. Cari ilin I rübündə ölkəmizə turizm məqsədilə gələn Türkiyə vətəndaşlarının sayı 30 800 nəfər təşkil edib.

    Aparılan təhlil göstərir ki, ölkəmizə səfər edən əcnəbilərin 98,6%-i hava nəqliyyatı vasitəsilə, 1,4%-i isə su nəqliyyatı vasitəsilə gəlib. Bu səbəbdən də ölkəmizə gələn turistlərin xərclərinin böyük qismini nəqliyyat xərcləri təşkil edib. 2024-cü ilin I rübündə Azərbaycana gələn turistlərin nəqliyyat xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 106,7% artıb.

    Qeyd edək ki, 2024-cü ilin ilk rübündə ölkəmizə səfər edən xarici turistlərin çəkdiyi xərcin həcmi 591,6 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 79% çox olub. Bu xərcin 267,8 milyon manatını və ya 45,3%-ni nəqliyyat xərcləri təşkil edib.

    Qidalanmaya sərf edilən vəsait turistlərin xərcləri arasında ikinci sıranı tutub. Cari ilin I rübündə Azərbaycana gələn əcnəbi vətəndaşların qidalanma xərci əvvəlki ilin I rübü ilə müqayisədə 64,1% artaraq 119,1 milyon manata çatıb.

    112,9 milyon manat ilə üçüncü sıranı yerləşmə xərcləri tutub. Yerləşməyə sərf edilən vəsait əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 55,6% artıb”.

  • Azərbaycan badmintonçusu Paris-2024-dəki çıxışını başa vurub

    Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

    “Report”un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, idmançımız E qrupunun növbəti matçında danimarkalı Anders Antonsenlə qarşılaşıb.

    Görüş təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb – 0:2, (12:21, 14:21).

    Qeyd edək ki, Edi Reski Dviçayo bu nəticənin ardından Paris-2024-dəki çıxışını başa vurub.