Month: İyul 2024

  • Neftin qiyməti 80 ABŞ dollarını ötüb

    Yaxın Şərqdə gərginliyin artması ilə bağlı geosiyasi risklər fonunda neftin bir bareli kəskin bahalaşaraq 80 ABŞ dollarına çatıb.

    Bu göstərici ticarət məlumatlarında öz əksini tapıb.

    ICE Futures birjasında “Brent” markalı neftin sentyabr fyuçersləri bir barel üçün 2,13 ABŞ dolları (2,71 %) bahalaşaraq 80,76 ABŞ dolları olub.

  • Banqladeşdə etirazçılarla polis arasında yenidən toqquşmalar başlayıb

    Banqladeşdə dövlət vəzifələrinə kvota sisteminə etiraz edənlər kütləvi etirazları bərpa ediblər.

    Artıq ölkənin müxtəlif bölgələrində yeni toqquşmalar başlayıb.

    Səhər saatlarında polislər Banqladeşin şimal-şərqindəki Sylhet şəhərində Şahcəlal Elm və Texnologiya Universitetinin qarşısına toplaşan etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və səs-küylü qumbaralardan istifadə ediblər.

    Təhlükəsizlik qüvvələri Banqladeşin şimal-qərbindəki Dinajpur şəhərində də tələbələrin kütləvi etirazlarının qarşısını alaraq 10 nümayişçini həbs edib.
    //TASS

  • Azərbaycanda 2 bağlanmış bankın əmlakları hərraca çıxarılır

    Avqustun 15-də və 27-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “NBCBank” ASC-nin, avqustun 27-də isə ləğv prosesində olan “Zamin Bank” ASC-nin daşınar və daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

    Bu barədə bankların ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

    Söhbət “NBC Bank”a məxsus dəyəri 1,1 min manat olan 1 ədəd “HP” markalı server avadanlığından, eləcə də Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 81 ünvanındakı dəyəri 500 min manat olan 263 kv.metrlik və dəyəri 2,3 milyon manat olan 281,2 kv.metrlik qeyri-yaşayış sahələrindən, “Zamin Bank”a məxsus Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 145 ünvanındakı dəyəri 190 min manat olan 80,3 kv.metrlik, dəyəri 326 min manat olan 143,4 kv.metrlik, dəyəri 491 min manat olan 216,3 kv.metrlik qeyri-yaşayış sahələrindən və Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi, ev 251 ünvanındakı ümumi dəyəri 460 min manat olan 30,8 kv.metrlik və 33,2 kv.metrlik mənzillərdən gedir.
    //report

  • İzmirin iki bölgəsində meşə yanır, əraziyə dörd təyyarə və səkkiz helikopter cəlb olunub

    Türkiyənin İzmir vilayətinin iki bölgəsində meşə yanır.

    Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

    Bildirilib ki, hadisə Urla və Çeşmə rayonlarında qeydə alınıb.

    Hər iki yanğının söndürülməsi istiqamətində işlər görülür.

    Urladakı yanğının söndürülməsinə bir təyyarə, səkkiz helikopter, 25 suçiləyici, beş su təchizatı texnikası, üç dozer və bir briqada cəlb olunub. Yanğın yaşayış yerlərinə yaxın yerdə baş verdiyindən, yanğınsöndürənlər intensiv fəaliyyət göstərirlər.

    Məlumata görə, Urla rayonundakı 11 ev təxliyə edilib, çadırda qalanlar isə ərazidən uzaqlaşdırılıb.

    Çeşmədəki yanğının söndürülməsi üçün isə üç təyyarə, beş suçiləyici cəlb olunub.

  • Avqustda yağıntının miqdarı bəzi ərazilərdə normadan çox ola bilər

    Avqust ayında yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Məlumata görə, ümumiyyətlə avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.

    Bildirilib ki, ayın ilk günlərində əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

    Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 24-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 22-27 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 36-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 6-8 mm).

    Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 25-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 36-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 6-10 mm).

    Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 16-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 13-18 dərəcə isti, gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə 30-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (26-55 mm).

    Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 20-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 11-16 dərəcə isti, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə 25-30 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının da iqlim normasına yaxın olacağı gözlənilir (norma 15-37 mm).

    Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 24-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 17-22 dərəcə isti, gündüzlər 27-32 dərəcə isti, bəzi günlərdə 35-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (19-27 mm).

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 22-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 16-21 dərəcə isti, bəzi günlərdə 9-14 dərəcə isti, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 31-36 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 13-116 mm).

    Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 25-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 37-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 6-22 mm).

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 22-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 27-32 dərəcə isti, bəzi günlərdə 35 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 13-83 mm).

  • Astarada işçilərin əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib

    Vətəndaşların əmək hüquqlarını pozan daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib.

    Astara rayon prokurorluğundan verilən xəbərə görə, “Maricel” restoranı adı ilə fəaliyyət göstərən “Okhatan” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş məlumat əsasında Astara rayon prokurorluğunda araşdırma aparılıb:

    “Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 4 şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

    Faktla bağlı Astara rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib”- deyə məlumatda qeyd edilib.

    Bildirilib ki, eyni zamanda Cəmiyyətin direktoru Samir Əlizadə barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-Astara Regional Şöbəsinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 4 min manat məbləğində inzibati cərimə edilib.

  • Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində güzəştlər tətbiq olunacaq

    Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində güzəştlər tətbiq olunacaq. İki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığa dair sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlar hər iki ölkə tərəfindən yerinə yetirildikdən sonra bununla bağlı müvafiq məlumat veriləcək.

    Bu barədə “Report”un Ankara bürosunun sorğusuna cavab olaraq Azərbaycan Dövlət Miqrasiya Xidmətindən bildirilib.

    Sorğuda ötən ay Ankarada miqrasiya sahəsində əməkdaşlığa dair Türkiyə ilə Azərbaycan hökumətləri arasında imzalanan Sazişin açıq mətni və sazişə əsasən, Azərbaycan vətəndaşlarının Türkiyədə müvəqqəti yaşamaq icazəsi ilə bağlı hansı güzəşt və imtiyazların tətbiq olunacağına aid məlumat istənilib.

    Cavabda qeyd olunub ki, Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyətinin 6-7 iyun 2024-cü il tarixlərində Türkiyəyə səfəri çərçivəsində miqrasiya sahəsində əməkdaşlığa dair hökumətlərarası Saziş imzalandığı qeyd olunub.

    Bildirilib ki, səfər çərçivəsində Azərbaycan Respublikasının nümayəndə heyəti ilə Türkiyə Respublikasının nümayəndə heyətləri arasında geniş tərkibdə görüşlər keçirilib:

    “Miqrasiya sahəsində işçi əlaqələrin gücləndirilməsi və iki ölkənin vətəndaşlarının bu sahədə üzləşdiyi çətinliklərin operativ həllinə öz töhfəsini vermək məqsədi daşıyan görüşlərdə iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığın hüquqi bazasının genişləndirilməsi, bu sahədə məlumat və təcrübə mübadiləsi, habelə yeni birgə fəaliyyətlərin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Bundan əlavə, iki ölkə arasında miqrasiya proseslərinin tənzimlənməsinin əsas istiqamətləri barədə geniş fikir mübadiləsinin aparıldığı görüşlərdə hər iki dövlətin vətəndaşlarının müxtəlif məqsədlərlə yaşamalarının, əmək fəaliyyəti ilə məşğul olmalarının sadələşdirilməsi ilə bağlı atıla biləcək mümkün addımlar ətraflı müzakirə edilib.

    Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”in imzalanma mərasimi keçirilib. Sazişin əsas məqsədi miqrasiya sahəsində hər iki dövlətin müvafiq qurumları arasında birbaşa əlaqələrin qurulması, bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi, habelə vətəndaşlarımızın qarşılıqlı səfərləri, yaşamaları, eləcə də əmək fəaliyyəti də daxil olmaqla miqrasiya idarəçiliyi ilə bağlı təcrübə və məlumat mübadiləsinin genişləndirilməsinə imkan yaratmaqdır. Sazişi Azərbaycan Respublikası Hökuməti adından Vüsal Hüseynov, Türkiyə Respublikası Hökuməti adından isə Atilla Toros imzalayıb. Sözügedən Saziş Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2024-cü il tarixli Fərmanı ilə təsdiq edilib. Sazişin mətni onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlar hər iki ölkə tərəfindən yerinə yetirildikdən sonra müvafiq internet resurslarında dərc olunacaq”.

    Qeyd edək ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul üzrə deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım “Report”un Ankara bürosuna açıqlamasında Azərbaycan və Türkiyə vətəndaşları arasında qarşılıqlı gediş-gəlişin daha da sadələşdirilməsi istiqamətində müsbət addımlar atıldığını bildirib.

    Deputat deyib ki, miqrasiya sahəsində əməkdaşlığa dair imzalanan sözügedən sazişdən sonra azərbaycanlı tələbələrin Türkiyədə müvəqqəti yaşayış icazəsinə aid sətrlərdə bəzi güzəştlərin tətbiqinə başlanıb. Onun sözlərinə görə, sözügedən Saziş qüvvəyə mindikdən sonra Türkiyədə ali təhsil müəssisələrinin müxtəlif pillələrində – bakalavr, magistratura, doktoranturada təhsil alan azərbaycanlı tələbələrə nəzərdə tutulan təhsil ili qədər yaşamaq icazəsi (iqamət izni) veriləcək. Ancaq bu şərtlə ki, Azərbaycan vətəndaşlığı pasportunun da etibarlılıq müddəti həmin tədris illərini əhatə etsin. Məsələn, əgər tələbə Türkiyədə bakalavr təhsilini 2024-cü tədris ilində qazanıbsa, birdəfəlik 4 il yaşamaq izni almaq üçün pasportundakı etibarlılıq müddəti də ən geci 2029-cu ildə bitməlidir.

  • Avqustun ilk gününün hava proqnozu açıqlanıb

    Avqustun 1-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyulun 31-dən avqustun 01-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 21-26° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.

  • Sudan Suveren Şurasının rəhbərinə sui-qəsd nəticəsində 5 nəfər ölüb

    Sudanın Suveren Şurasının rəhbəri Əbdülfəttah əl-Burhana hücum cəhdi zamanı 5 nəfər həlak olub.

    Bu barədə xarici KİV Sudan ordusunun bəyanatına istinadən məlumat yayıb.

    Hücum zamanı iki PUA-nın zərərsizləşdirildiyi bildirilir.

  • Azərbaycan millisinin futzalçısı “Araz-Naxçıvan”a keçib

    Ötən mövsüm “Neftçi” İK-nın heyətində çıxış edən futzalçı Ülvi Əliyev “Araz-Naxçıvan”a keçib.

    25 yaşlı oyunçu yeni mövsümdə ölkə çempionunun uğurları üçün çalışacaq.

    Artıq “qırmızı-ağlar”ın təlim-məşq toplanışına qoşulan Ü.Əliyev debütünü gələn ay keçiriləcək UEFA Çempionlar Liqasının ilkin mərhələ oyunlarında edəcək.

    Futzalçı Azərbaycan yığmasına məhz baş məşqçi Vitali Borisovun rəhbərliyi dövründə dəvət alıb.
    //report