Month: July 2024

  • Bacısı pis yola düşdü deyə, anasını öldürdü – Bakıdakı olayın detalları

    Oğul bacısını əxlaqsız yola sövq edən anasını qətlə yetirib.

    Median.Az Baku TV-yə istinadən hadisənin detallarını təqdim edir:

    Sərdar (Adlar şərtidir) rayondan Bakıya – anası Mənzərin işlədiyi kafeyə gəlir və ona bacısı Aynurun əxlaqsız yola düşdüyünü öyrəndiyini deyir. O, anasından bacısının yerini soruşur. Mənzər isə qızının yerini deməkdən imtina edir və Sərdara bildirir ki, onların həyatına qarışmasın. Sərdar kafenin yaxınlığında dayanıb anasını izləməyə başlayır.

    Başa düşür ki, anası Mənzər ona yalan danışır və bacısı haqqında həqiqəti gizlədir. Mənzər Sərdarın bir xəta törədə biləcəyindən qorxduğu üçün Aynura zəng edir və Sərdarın Bakıya gəldiyini, onu axtardığını deyir.

    O, qızına da diqqətli olmağı tövsiyə edir. Həmin gün Sərdar həmyerlisi Fəraməzin yanına gəlir və qalmağa yerinin olmadığını deyir. Fəraməz yaşayış massivində nəzarətçi işlədiyi yerdə gecələmək üçün ona yer verir. Sərdarın beyninə bacısı və anasının əxlaqsızlıqla məşğul olması haqqında ağlasığmaz fikirlər gəlir.

    Qərara gəlir ki, nə olursa-olsun, bu gün bacısını tapmalıdır.

    Mənzər həmin gecə yata bilmir, ona görə də səhər Aynurun çalışdığı gözəllik salonuna gedir və ona “Aynur, bir neçə gün işə getmə, deyəsən, Sərdar dəli olub, o gün dəli kimi danışırdı. Səni də, məni də öldürəcək, bilirəm” deyir.

    Aynur ona sakit olmağı, bu gün işdən tez çıxacağını, başqa yerə gedib gizlənəcəyini deyir. Aynur tələsik işini bitirib çıxmaq istədiyi an Sərdar zala daxil olur. O, Sərdarı görən kimi yerində donub qalır. Qardaşına “Gəl, başqa yerdə danışaq, vəziyyət sənin bildiyin kimi deyil” deyəndə Sərdar “Sən pozğunsan, tanışlıq saytında kişilərlə yazışırsan, onlarla görüşürsən, səni öldürəcəyəm” cavabını verir və bacısının boğazından yapışır.

    Aynur Sərdara artıq 1 ay olar ki, bütün pis əməllərdən uzaqlaşıb salonda işləməyə başladığını deyir və bundan əvvəl bütün əxlaqsız əməllərə onu anası Mənzərin sövq etdiyini bildirir.

    Sərdar bacısına inanır və anasının yanına gedir. O, əsəbi halda iti addımlarla Mənzəri izləyir və yaşadığı binaya girərkən anasını yaxalayır. Mənzər Sərdardan onu bağışlamasını xahiş edir. Lakin Sərdar heç nəyə məhəl qoymur, özü ilə gətirdiyi bıçaqla ard-arda zərbələr endirərək anasını qətlə yetirir.

  • Pezeşkianın andiçmə mərasimi nə vaxt olacaq?

    İran parlamenti bu həftə İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın inauqurasiyasını keçirə bilər.

    Bu sözləri iranlı deputat Əkbər Rəncbərzadə deyib.

    O əlavə edib ki, qanunvericilik və icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq, xarici qonaqlar dəvət olunacaq.

    Qeyd edək ki, ötən gün İranda baş tutan prezident seçkilərinin ikinci turunda azərbaycanlı namizəd, islahatçı Məsud Pezeşkian rəqibi, mühafizəkar Səid Cəlilinin məğlub edərək, prezident seçilib.

  • Gənclər arasında sürətlə yayılan xəstəlik…

    Gənc yaşda Parkinson xəstəliyinə tutulma halları artmağa başlayıb.

    Median.Az Medicina.az-a istinadən xəbər verir ki, nevroloq Gültən Özdəmir yaşlılıqda daha çox rast gəlinən Parkinsonun artıq gəncləri hədəf almasının səbəblərindən danışıb.

    “Bəzi tədqiqatlar göstərir ki, quyu suyu, insektisidlər, qurğuşun və civə kimi ekoloji toksiklərə məruz qalmaq bu halların artmasında rol oynaya bilər”, – deyə həkim bildirib.

    Nevroloqun sözlərinə görə, beyin hüceyrələrinə təsir edən Parkinson xəstəliyi adətən 60 yaşdan yuxarı insanlarda müşahidə edilirdi, lakin son illərdə xəstəliyə 40 yaşın altındakı insanlarda da rast gəlinir:

    “Parkinson Alzheimerdən sonra ikinci ən çox görülən nevroloji xəstəlikdir. Son illərdə hətta 20-30 yaşlarında olan insanlar da Parkinsonla üzləşə bilir”.

    Nevroloq Parkinson xəstəliyinin əlamətləri haqqında məlumat verib:

    “Beynin müəyyən anatomik bölgələrində dopamin ifraz edən hüceyrələrin degenerasiyası və itkisi nəticəsində Parkinson xəstəliyinin simptomları baş verir. Degenerasiyanın dəqiq səbəbi məlum deyil. Alimlər ispan qripindən sonrakı illərdə Parkinson xəstəliyinə yoluxma hallarının artıb-artmadığını və eyni artımın koronavirusdan sonra müşahidə olunub-olunmadığını araşdırırlar”.

    Həkimin sözlərinə görə, xəstələrin 25 faizində titrəmə olmur.

    “Hər titrəmə Parkinson xəstəliyi ilə əlaqəli deyil. Ancaq Parkinson xəstəliyinə diaqnoz qoyarkən xəstənin hərəkətlərinin yavaşlamasını nəzərə almaq vacibdir. Parkinson xəstələrinin gündəlik həyatlarını aktiv şəkildə davam etdirə bilmələri üçün velosiped, yoqa, üzgüçülük, pilates, gəzinti kimi fərdi fizioterapiya proqramları və məşqlər çox əhəmiyyətlidir. Xəstəliyin müalicəsinin məqsədi simptomları azaltmaq və xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaqdır.

    Xəstənin yaşı, xəstəliyin mərhələsi, istifadə olunan dərmanların əks təsirləri müalicə prinsipini müəyyən edən amillərdir. Əsas müalicə azalmış dopamin səviyyəsini artırmaqdır. Xüsusilə dərmana ilkin mərhələdə, yəni dopamin anbarları tükənməzdən əvvəl başlamaq vacibdir”.

    Nevroloq vurğulayıb ki, xəstəliyin gedişində depressiya və demans kimi əlamətlər də yarana bilər.

    “Xəstələr yaxından izlənilməli və şikayətləri olduqda müvafiq müalicə təyin edilməlidir. Əgər Parkinson diaqnozu qoyulan xəstə dərman müalicəsinə adekvat reaksiya vermirsə və dərmanla əlaqəli əks təsirlər yaşayırsa, o zaman Dərin Beyin Stimulyasiyası tətbiq olunur”.

  • Kartofun yanına bu meyvəni qoyun: CÜCƏRMƏYƏCƏK

    Kartof bir müddət qaldıqdan sonra və ya nəmişlik olan yerlərdə cücərməyə başlayır.

    Bunun qarşısı asanlıqla alına bilər.

    Belə ki, kartofun yanına alma qoysanız, onun cücərməsinə imkan verən qaz dəf olunacaq. Bu vərdişi sınayın. Nəticədən razı qalacaqsınız.
    //lent.az

  • “İnter” Polşa millisinin futbolçusunu transfer edib

    İtaliyanın “İnter” klubu digər A Seriyası təmsilçisi “Napoli”dən Pyotr Zielinskini transfer edib.

    30 yaşlı polşalı futbolçu ilə müddəti 2028-ci ilə qədər olan müqavilə imzalanıb.

    Qeyd edək ki, 2016-cı ildən “Napoli” klubunun formasını geyinən yarımmüdafiəçi bu müddət ərzində 364 oyun keçirib, 51 qola imza atıb. P.Zielinski Polşa millisinin heyətində meydana çıxdığı 93 matçda 12 qolla yadda qalıb.
    //report

  • Dünya əhalisinin 62 faizi sosial mediadan istifadə edir – Statistika

    2024-cü ilin məlumatlarına görə, dünya əhalisinin 62 faizi sosial mediadan istifadə edir.

    Facebook, aylıq 3 milyarddan çox aktiv istifadəçisi ilə dünyanın ən çox istifadəçisi olan sosial media platforması kimi lider mövqeyini qoruyub saxlayır.

    “Facebook”un da sahibi olduğu “Meta” şirkətinə məxsus “Instagram” və “WhatsApp” aylıq 2 milyard istifadəçi ilə siyahıda 3-4-cü, Facebook Messenger isə bir milyard istifadəçi ilə 7-ci yerdədir.

    Siyahıda ikinci yerdə Google-a məxsus onlayn video paylaşma platforması olan YouTube gəlir. YouTube-dan dünyada 2,5 milyard insan istifadə edir.

    İlon Maska məxsus X (keçmiş Twitter) platforması 611 milyon istifadəçi ilə 12-ci yerdədir.

    ABŞ-da fəaliyyət göstərən 9 diqqətçəkən şirkətlə yanaşı, 6 Çinli şirkət də siyahıda yer almağı bacarıb.

    Çin sosial media tətbiqləri arasında ən populyar platforma təxminən 1,6 milyard istifadəçisi olan TikTok olub.

    TikTok 5-ci yerdə, WeChat 1,3 milyard istifadəçi ilə 6-cı yerdə, Douyin 755 milyon istifadəçi ilə 10-cu yerdə, Kuaishou 700 milyon istifadəçi ilə 11-ci yerdə, Weibo 600 milyon istifadəçi ilə 13-cü yerdədir. Onu 554 milyon istifadəçi ilə 14-cü yerdə QQ izləyir.

    We Are Social-ın 2024-cü il hesabatına görə, 8 milyardlıq dünya əhalisinin 62 faizinə bərabər olan 5 milyard insan sosial mediadan istifadə edir.

    Sosial media istifadəçilərinin sayı keçən illə müqayisədə 5,6 faiz artıb və 2023-cü ildə 266 milyon yeni istifadəçi ilk dəfə sosial mediadan istifadə etməyə başlayıb. Məlumdur ki, dünyada 5,35 milyard insan internet istifadəçisidir.

  • ABŞ-da bir şirkət ekoloji təmiz dəri hazırlamaq üçün milyonlarla dollar topladı

    ABŞ-ın biomateriallar üzrə ixtisaslaşmış “Uncaged Innovations” şirkəti dərinin ekoloji cəhətdən təmiz analoqunun hazırlanması üçün 5,6 milyon dollar vəsait toplayıb.

    Vəsaitlər şirkətin məhsulunu bazara çıxarmaq və komandanı genişləndirmək üçün istifadə olunacaq. Həmçinin şirkət davamlı dəri istehsal edilən fabrikdə daha çox işçi işə götürməyi planlaşdırır.

    Qeyd edək ki, “Uncaged Innovations” şirkəti 2020-ci ildə Nyu Yorkda yaradılıb. Şirkət ilk dəri analoqunu dənli bitkilərin strukturunu təşkil edən zülalını xüsusi materiala çevirməklə hazırlamışdı.

    Bu materialın strukturu və keyfiyyəti ənənəvi dərinin xüsusiyyətlərinə yaxındır. Ekoloji cəhətdən təmiz məhsulun istehsalı atmosferə atılan zərərli tullantıları azaldacaq. Bundan əlavə, su və enerji xərcləri müvafiq olaraq 93 və 72 faiz azalacaq.

  • Yardımlıda 23 hektar quru ot sahəsi yanıb

    Yardımlıda 23 hektarlıq sahədə quru ot yanıb.

    Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb, ətraf ərazilər yanğından mühafizə olunub.

  • Şəmkirdə təmir sexində avtomobil yanıb

    Şəmkirdə yanğın hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində fəaliyyət göstərən avtomobil təmiri sexlərinin birində qeydə alınıb.

    Təmir sexinin həyətində dayanan “VAZ” markalı minik avtomobilində anidən yanğın başlayıb.

    Dərhal əraziyə FHN-in yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, ətrafdakı avtomobillər və təmir sexi yanğından mühafizə edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Qazaxıstan Rusiyaya məxsus yük maşınlarını sərhəddə gözlətməyə başlayıb

    İyulun 1-dən Qazaxıstan gömrükçüləri Avropa İttifaqı şirkətlərinin yarımqoşqularında Avropa malları ilə ölkəyə yük daşıyan Rusiya Federasiyasına aid yük maşınlarını sərhəddə gözlətməyə başlayıb.

    Median.Az RBC-yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ASMAP) Nəqliyyat Nazirliyinə müraciətində deyilir.

    Rusiya daşıyıcılarından yeni məhdudiyyətlərin tətbiqi ilə əlaqədar Qazaxıstan ərazisində nəqliyyat vasitələrinin saxlanılması ilə bağlı müraciətlər aldıqlarını deyən assosiasiya, yarımqoşquların hətta boşaldılandan sonra da təyinat üzrə Qazaxıstan gömrük orqanlarında saxlanıldığını qeyd edib.

    Rəsmi mənbələrdən isə məsələ ilə bağlı hələ ki, heç bir məlumat verilməyib.