Month: July 2024

  • Nazir müavinin oğlu bu quruma 10 ton adblue satacaq

    Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyevə məxsus “Technoil” MMC Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin keçirdiyi kotirovka sorğusunun qalibi seçilib.

    Qaynarinfo xəbər verir ki, sorğu dizel yanacaq qatqısının (adblue) satın alınması ilə bağlı keçirilib.

    Məlum olur ki, qurum şirkətdən 10 ton adblue alacaq. Bunun müqabilində şirkətə 14 986 manat ödəniləcək.

    “Technoil” MMC 10 mart 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 11 688 495 manatdır. Hüquqi ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi, məhəllə 76-da yerləşən MMC-nin qanuni təmsilçisi Cəlilov İlqar Nəsir oğludur. O, cari ilin fevral ayından şirkəti təmsil edir. İlqar Nəsirovdan əvvəl “Technoil” MMC-nin qanuni təmsilçisi Zeynalova Rumidə Ağabəy qızı olub.

    Orucəli Hacıyevin oğlu Elvin Hacıyev şirkətin təsisçilərindən biridir. O, müsahibələrinin birində “Technoil” bizim ailədən gələn layihədir” deməklə bu iddiaların əsassız olmadığını ortaya qoyub.

    “Technoil” MMC ötən 15 satınalma müsabiqəsinin qalibi seçilib.

  • Zavod direktoru yenidən cərimələndi

    “Azerkimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun direktoru Oqtay Niftəliyevə cərimə protokolu tərtib edilib.

    Qaynarinfo xəbər verir ki, buna səbəb zavod direktorunun əməkdaşlardan birinin əmək müqaviləsinə qanunsuz xitam verməsi bildirilib.

    Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) bunu əsas götürərək Oqtay Niftəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə cərimə protokolu tərtib edib.

    Qeyd edək ki, həmin qanun pozuntusuna görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

    Xatırladaq ki, ötən il Dövlət Ekoloji Təhlükəsizlik Xidməti zavoddan tullantı sularının su hövzəsinə axıdıldığına görə O.Niftəliyevi cərimələmişdi.

  • Bayden seçkidən çəkilsə, 240 milyon dolların aqibəti necə olacaq?

    ABŞ prezidenti Co Bayden prezidentlik yarışından geri çəkilərsə, seçki kampaniyası zamanı toplanan vəsaitə sərəncam vermək hüququnu özündə saxlayacaq.

    Bu barədə Amerikanın “Hill” qəzeti yazır.

    “Prezident Bayden keçmiş prezident Donald Trampla yarışdan çıxmaq qərarına gələrsə, prezidentlik kampaniyası zamanı toplanan milyonlarla dollara tam nəzarət edəcək”, deyə nəşr qeyd edib.

    Ekspert Stiv Roberts qəzetə bildirib ki, Bayden prezidentlik yarışını tərk etmək qərarına gələrsə, qalan vəsaitlə nə edəcəyini öz kampaniyasının xəzinədarına təlimatlandırmaq imkanı əldə edəcək.

    Bayden kampaniyası kampaniyanın, Demokratik Milli Komitənin (DNC) və birgə maliyyə toplama komitələrinin daxil olduğu Bayden-Harris komandasının iyun ayının sonuna qədər 240 milyon dollar topladığını açıqlayıb.
    //qaynar.az

  • Xəlil Göyüşovun şirkətinə qarşı 25 minlik cərimə

    “Körpü-Bina-Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.

    Protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.

    İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.

    İş Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun icraatındadır.

    Qeyd edək ki, “Körpü-Bina-Tikinti” MMC məşhur yol tikinti maqnatı Xəlil Göyüşovun şirkətidir. MMC-nin hazırda qanuni təmsilçisi Xəlil Göyüşovun qardaşı Göyüşov Xaliq Avdil oğludur.

  • Rəqibini “rus donuzu” adlandıran azərbaycanlıya ağır cəza

    Rusiya Boks Federasiyası qarışıq döyüş növləri (MMA) üzrə döyüşçü Cavid Rzayevi təhqiramiz ifadələrə görə cəzalandırıb.

    Bu barədə təşkilatın “VKontakte” səhifəsində məlumat verilib.

    İdmançı qurumun himayəsi altında keçirilən idman və digər tədbirlərdə iştirakdan ömürlük uzaqlaşdırılıb.

    İyulun 3-də Boks Federasiyası azərbaycanlı döyüşçünün təhqiramiz sözləri ilə bağlı Rusiya Baş Prokurorluğuna məlumat verdiyini açıqlayıb. Təşkilat 22 may 2024-cü ildə “Hardcore FC Fist League” çərçivəsində baş verən insidenti nəzərdən keçirib. Yoxlamadan sonra Boks Federasiyası Rzayevi diskvalifikasiya edib və bununla bağlı ölkənin Baş Prokurorluğuna müraciət edib.

    Rzayev rusiyalı Artur Kulinskini milli zəmində təhqir edərək onu “rus donuzu” adlandırıb. Rzayev daha sonra Kulinskidən üzr istəyib. Hadisədən sonra promosyonun lisenziyası dayandırılıb, lakin Liqanın köməyindən sonra Federasiya lisenziyanı yeniləyib.

    Rzayevin pop MMA-da dörd qələbəsi və iki məğlubiyyəti var.//qaynar.az

  • Dərdinə əlac tapılmayan sənədsiz evlər: Hansı evlər söküləcək? – VİDEO

    Sənədsiz evlərə daha çox Bakıda və Bakıətrafı ərazilərdə rast gəlinir. Bu evlərin sayı kifayət qədərdir. Həmin evləri tədricən rəsmiləşdirmək üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti yeni elektron portal hazırlayır.

    Yeni yaradılacaq portal bu evlərin taleyinə müsbət təsir edə bilər.

    Məlum olduğu kimi, evlər üçün qoyulan bəzi tələblər var ki, sənədsiz evlər bu tələblərə cavab vermir.

    Bəs bu evlərin aqibəti necə olacaq? Bu evlər söküləcək?

    Əmlak eksperti Elnur Fəzrəliyevin sözlərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən, həmin torpaqların təyinatı dəyişdirilərək yaşayış məntəqələri torpaqlarına çevriləcək.

    Daha ətraflı video-materialda:

  • Azərbaycanda dini icmanın mühüm sənədləri yoxa çıxıb

    Azərbaycanda dini icmanın mühüm sənədləri yoxa çıxıb.

    İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, söhbət Kürdəmir rayonu Ərəbxana kənd dini icmasından gedir.

    Belə ki, icmaya 2005-ci ildə verilmiş şəhadətnamə, nizamnamə, möhür və ştamp itib.

    Buna görə də həmin sənədlər etibarsız sayılır.

    İcmanın mühüm sənədlərinin hansı şəraitdə itdiyi açıqlanmayıb.

  • Manaf Ağayev deputatlığa namizəd olacaq? – Özü açıqladı

    “Mənim seçkiyə qatılmaq fikrim yoxdur”.

    Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev parlament seçkilərində namizədliyinin irəli sürülməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirərkən deyib.

    Sənətçi belə bir fikiri olmadığını bildirib:

    “Deputat olmaq istəmirəm. Bu yerdə deyiblər də, oturduğun yerdə işə düş. Mən müğənniyəm, iş adamıyam, siyasətçi deyiləm. Qələt edərəm siyasətə qoşularam, siyasəti heç vaxt sevməmişəm. Məndən deputat olmaz”.

    Qeyd edək ki, mətbuatda müğənni Manaf Ağayevin parlament seçkilərində iştirak edəcəyi ilə bağlı məlumat yayılıb. Onun 84 saylı Füzuli seçki dairəsindən namizəd olacağı bildirilib. 2020-ci ildə keçirilən seçkilərdə bu dairədən Vüqar Bayramov mandat qazanıb.

  • “İpotekaya yararlı mənzillər azdır” – Ekspert

    “Bakı şəhəri və ətrafında olan evlərin böyük əksəriyyəti sənədsiz olduğundan ipotekaya yararlı deyil”.

    Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib.

    Onun sözlərinə görə, bu kimi evlər alqı-satqı predmeti sayılmır:

    “Prosesual olaraq qanunvericilik buna imkan vermir. Amma onlar özbaşına tikili statusundan çıxarılandan, yəni sənədləşmə həyata keçiriləndən sonra ipoteka predmeti olacaq. Bu da o deməkdir ki, həmin əmlakların əksəriyyəti dəyərindən ucuz qiymətləndiriləcək. İpoteka bazarında canlanma yaratmaq üçün bu evlərə sənəd verilməlidir”.

    Ramil Osmanlı hesab edir ki, əgər bu evlərə sənəd verilsə, onlara təlabat yüksələcək:

    “Bu gün Bakıda hər kəs ucuz mənzil almaq istəyir. İnsanlar əsəsən evi ipoteka ilə almağa üstünlük verir. Amma istədikləri qiymətə ipoteka ilə ev tapmaqda çətinlik çəkirlər. Adamlar daha çox şəhərdən kənarda olan mənzillərə üstünlük verirlər. Bakıda ucuz evlər yoxdur”.

    Ramil Osmanlı bu gün ucuz evlərin dövriyyəyə buraxılmasına ehtiyac olduğunu vurğulayıb:

    “Belə evlərin isə sənədi olmadığından dövriyyədə iştirak edə bilmir. Sənədləşəndən sonra bu evlər ipoteka predmeti kimi çıxış edə biləcək”.

  • Messi Amerika Kubokunun 1/4 finalını qaçırma riski ilə üzləşib

    Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni bud nahiyəsindən aldığı zədədən sağalan hücumçu və komandanın kapitanı Lionel Messinin Amerika Kubokunun 1/4 finalını buraxa biləcəyini etiraf edib.

    Qaynarinfo bu barədə ESPN-ə istinadən xəbər verir.

    “Lionellə danışdıqdan sonra qərar verəcəyik. Onunla hələ danışmamışam, buna görə də oynayıb-oynamayacağını bilmirik”, deyə mütəxəssis bildirib.

    Argentina millisi Amerika kubokunun 1/4 finalında Ekvador millisi ilə qarşılaşacaq. Görüş iyulun 5-də baş tutacaq.

    Messi Amerika Kubokunun qrup mərhələsinin ikinci tur matçında Çili millisinin yarımmüdafiəçisi Qabriel Suazo ilə toqquşma nəticəsində zədələnib. Argentina millisi 3 oyundan 9 xal toplayaraq qrupda birinci yerdən Amerika Kubokunun pley-off mərhələsinə vəsiqə qazanıb.