Month: July 2024

  • Paytaxtda evdən pul oğurlayan şəxslər saxlanıldılar

    Binəqədi rayonunda oğurluq hadisəsi qeydə alınıb.

    Daxili İşlər Nazirliyindən bildirilib ki, paytaxt sakinlərindən biri yaşadığı mənzildən 3000 manatının oğurlanması barədə polisə məlumat verib.

    Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən Pənah İmanov və tanışı Şümşəd Mahmudov saxlanılıblar. Ş.Mahmudovun üzərindən əlavə olaraq narkotik vasitə marixuana da aşkarlanıb.

    Araşdırmalar davam etdirilir. P.İmanov və Ş.Mahmudovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.

  • Talassemiyalı uşaqların pulunun mənimsənilməsinə dair ŞOK MƏHKƏMƏ: 1 milyon manat…

    Talassemiyalı uşaqlar üçün toplanmış bir milyonluq vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Dövlət Əmək Müfəttişliyindən və Dövlət Vergi Xidmətindən məhkəmənin sorğularına gələn cavablar elan olunub.

    Dövlət Vergi Xidmətinin cavab məktubunda Nuridə Seyidovanın rəhbərlik etdiyi şirkətlərdə kassa aparatlarının olmadığı bildirilib.

    Hakim deyib ki, hesabda 100 minlərlə vəsait olub, lakin hesabatlarda 5-6 manat pul yazılıb.

    Məhkəmə prosesində zərərçəkən Tural Nəsimiyev təqsirləndirilən şəxslər barəsində mülki iddia qaldırıb. İddiada bildirilib ki, hər üç təqsirləndirilən şəxsdən ona dəymiş 42 min manat maddi, səkkiz min manat isə mənəvi ziyanı tələb edir.

    Zərərçəkən Tural Nəsimiyevin sözlərinə görə, onu Nuridə ilə əlaqələndirən Aynur olub. Ona dəymiş ziyandan cəmi 10 min manat ödəniş olunub. Qalan məbləği də hər üç şəxsdən tələb edir.

    Məhkəmənin növbəti iclası sentyabrın 11-nə təyin olunub.

    Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

  • Qalmaqallı direktor işdən çıxarıldı

    Bakının Xətai rayonunda fəaliyyət göstərən 25 nömrəli tam orta məktəbin keçmiş direktoru Fəridə Şərifova Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini məhkəməyə verib.

    “Qaynarinfo” xəbər verir ki, keçmiş direktorun iddia tələbi işə bərpa və işsiz qaldığı müddət üçün əməkhaqqının ödənilməsi ilə bağlıdır.

    Fəridə Şərifovanın iddiasına Nərimanov Rayon Məhkəməsində baxılacaq. Ramin Quliyev iş üzrə hakim təyin edilib.

    Fəridə Şərifova 2022-ci ildə direktoru olduğu məktəbdə qanunsuz əməllərə yol verməsi iddiaları ilə gündəmə gəlmişdi.

    Bundan sonra onun işdən çıxarıldığı deyilir.

  • Məhkəmə keçmiş diplomatla bağlı həbs qərarı verdi

    Bir nəfəri bıçaqlama şübhəsi ilə saxlanılan keçmiş diplomat Emin İbrahimov cinayət məsuliyyətinə cəlb edilib.

    “Qafqazinfo” xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

    E.İbrahimov barəsində qətimkan tədbiri seçilməsi üçün Nizami Rayon Məhkəməsinə çıxarılacaq.

    Emin İbrahimov barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

  • Azərbaycanda siqaret və elektron siqaretlər bahalaşır

    Azərbaycana gətirilən elektron siqaret və tütün məhsullarının aksiz markası vergisi artırılıb. Belə ki, aksiz dərəcəsi ölkəyə gətirilən tərkibində tütün olan siqarillalar və tərkibində tütün əvəzləyicisi olan siqarillalar üçün 1000 ədəd üçün 43 manatdan 45,5 manata, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulların aksiz dərəcəsi 1000 ədəd üçün 14 manatdan 16 manata qaldırılıb.

    Baş nazirin imzaladığı bu qərarla bağlı Modern.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, siqaretlərin aksiz markalarının artırılması məhsulu alan şəxslərin xərcini artacaq.

    “Hökumət də daha çox vergi toplamış olacaq. Məsələn aksiz vergisi 2 manat artıbsa, elektron siqaretin də qiyməti eyni miqdarda artacaq. Vətəndaş cibindən 2 manat artıq pul ödəmiş olacaq. Dövlət büdcəsinin aksiz vergisindən gələn gəlirləri artmış olacaq. Başqa ciddi dəyişiklik olmayacaq”.

    Ekspertin sözlərinə görə, aksiz vergisi hər il davamlı olaraq artır:

    “Xaricə satılan neft və qaz resurslarının qiymətində ucuzlaşma var, neft hasilatı azalır. Hökumət də bu halları kompensasiya etmək üçün yəqin ki, vergiləri artırır. Burada da cəmiyyətin mənfi reaksiya göstərməyəcəyi sahələr spirtli içkilər və tütün məhsullarının aksiz vergilərinin artırılmasıdır. Bunu da onunla əsaslandırırlar ki, bu zərərli istehlakdır. Bundan əlavə ilin əvvəlində qüvvəyə minən qanuna görə yerli tütün istehsalına lisenziya verilmə şərtləri, istehsalda yerli xammaldan istifadə kimi məhdudlaşdırıcı addımlar da atılıb. Bunların hamısı düşünürəm ki, siqaretlərin qiymətini daha da artıracaq. Bu cür məhdudlaşdırıcı addımlar sonda istehlakçıların ziyanına işləyən məqamdır”.

  • Ağdaşda gənc oğlan dostunu bıçaqladı

    Ağdaşda bıçaqlanma hadisəsi olub.

    Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

    26 yaşlı Elnur Osmanov aralarında yaranan mübahisə zəminində tanışı, 37 yaşlı Həsənalı İsayevə bıçaqla xəsarət yetirib.

    Faktla bağlı Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

    Fakt üzrə araşdırmalar davam etdirilir.

  • Ceyhun Bayramov ilə Yakov Blitşteyn arasında görüş keçirilib

    24 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin baş direktoru Yakov Blitşteyn arasında görüş keçirilib.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, görüş zamanı, ikitərəfli və çoxtərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən iki ölkə arasında iqtisadi, təhlükəsizlik, yüksək texnologiyalar, təhsil, turizm, energetika, nəqliyyat və s. istiqamətlərdə əməkdaşlığın cari vəziyyəti və perspektivləri, həmçinin Qəzzada vəziyyət barədə geniş müzakirə aparılıb.

    Nazir Ceyhun Bayramov qarşı tərəfə postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verib.

    Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində iki ölkə arasında əməkdaşlıq üçün əlavə imkan yarandığı qeyd edilib.

    Görüş çərçivəsində habelə digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Gəncəyə dolu düşüb

    Gəncə şəhərinə dolu düşüb.

    Dolu günorta saatlarında yağıb.

    Dolunun meyvə ağaclarına, əkin sahələrinə, təsərrüfata zərər vurması barədə heç bir məlumat yoxdur.

    Ətraflı videonu təqdim edirik:

  • Erməni ifaçının mənimsədiyi “Qarabağ” mahnısı musiqi platformalarından silinib

    Erməni ifaçı Gor Yepremyanın azərbaycanlı bəstəkar Bəhram Nəsibova məxsus “Qarabağ” mahnısının musiqisi əsasında çəkdiyi klip musiqi platformalarından silinib.

    Bu barədə Əqli Mülkiyyət Agentliyin məlumat yayıb.

    Bildirilib ki, agentliyin dəstəyi ilə bəstəkar Bəhram Nəsibovun vərəsəsi Adil Nəsibovun adından agentlikdə akkreditasiyadan keçmiş “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) – https://rays.az/ texniki yardımı ilə “YouTube” administrasiyasına edilmiş müraciət əsasında B.Nəsibovun müəllif hüquqlarının pozulması səbəbindən Gor Yepremyanın ifa etdiyi “Sirun jan” adlı mahnı “YouTube” tərəfindən “YouTube” platformasından və “CD BABY” distribütor şirkəti tərəfindən isə “YouTube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və digər rəqəmsal musiqi platformalarından silinib.

    “Qeyd olunanlarla yanaşı bildiririk ki, Harout Pamboukjianın ifa etdiyi “Aghji jan” mahnısının musiqisi də Azərbaycan bəstəkarı B.Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının musiqisi ilə üst-üstə düşdüyü üçün həmin mahnı “YouTube” tərəfindən eyniadlı platformadan silinib. Bununla da “Qarabağ” adlı mahnının sözlərinin və musiqisinin Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olması və erməni ifaçı Gor Yepremyan tərəfindən B.Nəsibovun müəllif hüquqlarının pozulması “YouTube” rəhbərliyi və “YouTube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və digər rəqəmsal musiqi platformaları tərəfindən öz təsdiqini tapmış və bəstəkarın pozulmuş hüquqları bərpa edilib”, – deyə məlumatda vurğulanıb.

    Xatırladaq ki, sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” adlı mahnının sözləri Gor Yepremyan tərəfindən dəyişdirilmiş və onun ifasında “Sirun jan” adı altında “Armenian Folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə “YouTube” platformasında yerləşdirilmişdi.

  • Azərbaycanda altı ayda 42 min ABORT

    2024-cü ilin altı ayında ölkə ərazisində icbari tibbi sığorta hesabına 42 039 abort icra olunub.

    Median.Az bu barədə İcbari Tibbi Sığorta Agentliyinin təqdim etdiyi məlumatlara istinadən xəbər verir.

    Məlumata görə, abortların 16 936-sı hamiləliyin 9-cu həftəsinə qədər olan dövrdə, 16 463-ü hamiləliyin 9-cu həftəsindən sonra, 8640-ı isə uşaqlıqdankənar hamiləliyi pozmaq məqsədi ilə aparılıb.

    Statistik göstəricilərə əsasən, Bakı şəhərində abort üzrə ən yüksək müraciət sayı Sabunçu Tibb Mərkəzi, “Yeni Klinika”, Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Abşeron Rayon Mərkəzi Xəstəxanası, rayonlar üzrə isə Şəmkir Rayon Mərkəzi Xəstəxanası, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Şəki Rayon Mərkəzi Xəstəxanası, Saatlı Rayon Mərkəzi Xəstəxanası və Tovuz Rayon Mərkəzi Xəstəxanalarına aiddir.

    Qeyd edək ki, Azərbaycanda abortların sayı 2021‑ci ildə 46 877, 2022‑ci ildə 57 999, 2023‑cü ildə isə 73 816 olub. 15‑49 yaşlı hər 1000 qadına düşən abortların sayı 27,9 olub. Abortlar ən çox 25-29 və 30-34 yaş aralıqlarında edilib.

    BMT-nin məlumatına görə, Azərbaycan uşaqların cins seçiminə görə dünyada birinci yerdədir.