Month: August 2024

  • Banqladeşin keçmiş Baş nazirinə qarşı cinayət işi açılıb

    Banqladeşin keçmiş Baş naziri Şeyx Həsinə və daha altı sabiq hökumət məmuruna qarşı cinayət işi açılıb.

    Median.Az “The Daily Star” nəşrinə istinadən xəbər verir ki, bu, hökumət dəyişikliyindən sonra ona qarşı açılmış ilk cinayət işidir.

    Şeyx Həsinə və bir sıra hökumət rəsmiləri iyulun 16-da etiraz aksiyaları zamanı Məhəmmədpur şəhərində ərzaq mağazasının sahibi Əbu Səidin polis tərəfindən güllələnərək öldürülməsində əli olmaqda ittiham edilir.

    Nəşrin daha əvvəl yaydığı məlumatda onun polisə təhlükə törətmədiyi, digər etirazçılardan aralıda dayandığı və heç kimə hücum etmədiyi bildirilib. Polis isə fərq qoymadan etirazçılara atəş açıb.

    Şeyx Həsinə avqustun 5-də iğtişaşlar fonunda Dəkkədəki rəsmi iqamətgahını tərk edib. Daha sonra o, istefa verdiyini elan edərək Hindistanın Aqartala şəhərinə gedib. “Hindu” nəşri keçmiş Baş nazirin Böyük Britaniyadan sığınacaq istədiyini yazıb. 2006-cı ildə Nobel Sülh Mükafatı laureatı olmuş doktor Məhəmməd Yunus rəsmi olaraq Banqladeşin müvəqqəti hökumətinin başçısı təyin edilib. Avqustun 8-də onun və müvəqqəti hökumətin andiçmə mərasimi keçirilib.

  • Sabah Abşeron çimərliklərində suyun temperaturu 27 dərəcə isti olacaq

    Abşeron çimərliklərində avqustun 14-də şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Dəniz suyunun temperaturu:

    Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,

    Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

  • Qara dəniz enerji kabelinin çəkilməsi layihəsinin perspektivliyi təsdiqlənib

    Beynəlxalq texniki-iqtisadi əsaslandırma (TİƏ) Azərbaycanın təşəbbüskarı olduğu Qara dəniz “yaşıl enerji” kabelinin tikintisi layihəsinin iqtisadi və texniki cəhətdən səmərəliliyini təsdiqləyib.

    Bu barədə Gürcüstanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.

    2022-ci ildən həyata keçirilən texniki-iqtisadi əsaslandırma “Gürcüstan Dövlət Elektrik Sistemi” dövlət şirkətinin sifarişi, eləcə də Dünya Bankı və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin dəstəyi ilə İtaliyanın CESI konsaltinq şirkəti tərəfindən hazırlanıb.

    “Bu araşdırmaya əsasən, Qara dəniz sualtı kabel layihəsi perspektivli olmaqla yanaşı, texniki və iqtisadi cəhətdən də həyata keçirilməsi mümkündür”, – məlumatda bildirilib.

    Qeyd olunub ki, araşdırma çərçivəsində elektrik kabelinin optimal xarakteristikası müəyyən edilib, tikinti xərcləri hesablanıb və layihənin iqtisadi təhlili aparılıb. Həmçinin kabelin quru və dənizdəki hissələrinin ilkin marşrutu müəyyən edilib, layihənin icra planı və satınalma strategiyası hazırlanıb. Dəniz dibinin geotexniki, geofiziki, ekoloji və arxeoloji tədqiqatlarının aparılması üçün tələb olunan işlərin təsviri və tenderlə bağlı texniki tapşırıq da hazırlanıb.

    2025-2026-cı illərdə ətraf mühitə və sosial təsirlə bağlı tədqiqatlar, eləcə də layihənin dəniz dibinə təsirinin qiymətləndirilməsi həyata keçiriləcək.

    2024-cü ilin may ayında “Transelectrica” və layihədə iştirak edən digər ölkələrin tərəfdaş operatorları olan “AzərEnerji” (Azərbaycan), “Georgian State Electrosystem” (Gürcüstan) və MVM (Macarıstan) arasında layihə üzrə şirkətin yaradılması haqqında memorandum imzalanıb. Adı hələlik məlum olmayan yeni birgə müəssisənin baş ofisi Buxarestdə yerləşəcək.

    Kabel Azərbaycanda istehsal edilən “yaşıl elektrik enerjisi”nin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırılaraq, Macarıstana və Avropanın qalan hissəsinə nəql edilməsi üçün nəzərdə tutulub. Kabel 3-4 il ərzində çəkiləcək.

    Avropa Komissiyası bu layihəyə 2,3 milyard avro ayırmağı planlaşdırır.

  • Azərbaycandakı universitetlərin yataqxanaları: Qiymət və şərait necədir? – ARAŞDIRMA

    Azərbaycanda yeni tədris ilinin başlanmasına qısa müddət qalıb. Tələbələri ən çox narahat edən məsələlərdən biri yaşayış yeridir. Yeni tədris ilinə görə kirayə mənzillərin qiymətində də artım müşahidə edilir. Ona görə də kirayə mənzil tutmağa maddi imkanı çatmayan tələbələr oxuduqları universitetlərin yataqxanalarına üz tuturlar. Təəssüf ki, ölkədəki universitetlərin də hamısının yataqxanası yoxdur.

    “Report” mövzunun aktuallığını nəzərə alaraq bəzi universitetlərin yataqxanaları, oradakı mövcud şəraiti və qiymətlərini araşdırıb.

    Bakı Dövlət Universitetindən (BDU) sorğumuza cavab olaraq bildirilib ki, BDU-nun “Tələbə Evi” 220 nəfərlikdir:

    “Burada hər bir şərait var. Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və s. qəbul edilir. Aylıq ödəniş bir nəfər üçün 75 manatdır”.

    Azərbaycan Texniki Universitetindən (AzTU) məlumat verilib ki, AzTU-nun yataqxanasında qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. Qeyd edilib ki, son illər binalarda 124 ailə yaşayıb, lakin artıq 10 ailə işğaldan azad edilən ərazilərdə doğma yurdlarına qayıdıb. Qalan 114 ailə hazırda həmin binalarda yaşayır:

    “Yataqxana kompleksi tamamilə yararsız vəziyyətə düşüb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yararsız hala düşüb. Qaçqın və məcburi köçkünlərin köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxananın təmir olunması və ya sökülərək yenidən tikilməsi ilə bağlı qərar veriləcək. Daha sonra isə tələbələrin istifadəsinə veriləcək”.

    Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) verilən məlumata görə, təhsil müəssisəsinin yataqxanası 320 nəfərlikdir, bir otaq 100 manatdır, hər otaqda 2-3 tələbə qala bilir:

    “Əsasən xarici tələbələr üçün nəzərdə tutulub, yerli tələbələr də qala bilir. Bundan əlavə, sosial həssas qrupdan olan tələbələr müraciət etdikdə universitet onların xərclərini qarşılayır və həmin tələbələr yataqxanadan pulsuz istifadə edə bilir”.

    Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) qeyd edilib ki, universitetin 5 yataqxanası var:

    “Yataqxanalarda məcburi köçkünlər məskunlaşdıqları üçün tələbələrin istifadəsinə verilə bilmir. Onlar köçürüldükdən sonra yataqxanalar yenilənərək tələbələrin istifadəsinə verilə biləcək”.

    Xəzər Universitetdən isə məlumat verilib ki, ali təhsil müəssisəsinin yataqxanası 98 nəfərlikdir. Bir mərtəbə tam qızlara aiddir. Digər mərtəbələr oğlanlara aiddir. Aylığı 120-150 manat arasında dəyişir.

    Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) verilən məlumata görə, universitetin Bakıda 5 yataqxanası var. Lakin bu yataqxanalardan 4-də ümumilikdə 1603 nəfərdən ibarət 443 məcburi köçkün ailəsi məskunlaşıb:

    “ADPU-nun 5 nömrəli yataqxanası isə universitetdə təhsil alan qız tələbələrə xidmət göstərir. Bu yataqxanada 200 nəfərədək xanım tələbə yerləşə bilər. Yataqxanada aylıq ödəniş bir tələbə üçün 85 AZN təşkil edir. Burada tələbələr bütün kommunal, internet xidmətləri, istirahət otaqları və s. ilə təmin olunur. Bütün otaqlar tam təmirlidir”.

    Hazırda Azərbayacan Tibb Universitetində isə 4 yataqxana fəaliyyət göstərir, 3 saylı yataqxana isə əsaslı təmirə dayandırılıb. Yataqxanaların ümumi tutumu 1 000 nəfərə yaxındır:

    “1 və 2 saylı yataqxanada Azərbaycan vətəndaşı olan qız tələbələrimiz, 6 saylı yataqxanada Azərbaycan vətəndaşı olan oğlan tələbələrimiz və 5 saylı yataqxanada isə əcnəbi tələbələrimiz yaşayırlar. Hər il tədris ilinin başlaması ilə əlaqədar sentyabr ayının 1-dən etibarən yataqxanaya müraciət etmiş tələbələrimizin yerləşdirilməsi prosesi başlayır. Onu da qeyd etmək istərdik ki, Azərbaycan vətəndaşı olan oğlan və qız tələbələrimiz 100% yataqxana ilə təmin olunurlar. 2013-cü ildən universitet özünü maliyyələşdirməyə keçdikdən sonra Elmi Şuranın qərarı ilə yataqxanada yaşamaq üçün müəyyən pul vəsaiti köçürülür. Tələbənin yataqxana haqqı köçürməsi yataqxanadan və otağın tutumundan asılı olaraq dəyişir. Ödəniş tək nəfərlik otaqlar ayda 110 azn, 2 nəfərlik otaqlar ayda 80 azn, 3-4 nəfərlik otaqlar isə 60 azn təşkil edir”.

    Məlumatda həmçinin bildirilib ki, şəhid ailələri və valideyn himayəsindən məhrum olan tələbələr yataqxanaya ödənişsiz yerləşdirilir:

    “Qazi uşaqlarına və I qrup əlil valideyini olan tələbələrə də müəyyən güzəştlər edilir. Universitet yataqxanaları həmişə Rektorun, Universitet Həmkarlar İttifaqı Komitəsinin və təsərrüfat şöbəsinin nəzarəti ilə daim diqqət mərkəzində saxlanılır. Bunun nəticəsi olaraq yataqxanalarda oxu zalı, istirahət otağı fəaliyyət göstərir və daim internetlə təmin olunur”.

    Sumqayıt Dövlət Universitetindən (SDU) bildirilib ki, 2024/2025-ci tədris ilində 500 və ondan daha çox balla nəticə göstərmiş hər bir tələbə pulsuz yataqxana ilə təmin olunacaq:

    “Yataqxanada ödəniş 1 tələbə üçün 50 AZN təşkil edir. Yataqxananın tutumu ümumi 256 yerlikdir. Yataqxananın yenilənməsi nəzərdə tutulmur, buna səbəb isə 2019-cu ildə yenidən əsaslı təmir olunmasıdır. Yeni yataqxananın tikilməsi gələcəkdə nəzərdə tutula bilər”.

    Bu il Xankəndidə tədrisə başlayaq Qarabağ Universitetində nəzərdə tutulan yataqxana həm müəllimlər, həm də tələbələr üçün ödənişsiz olacaq.

    Azərbaycan Dillər Universitetindən sorğumuza cavab olaraq bildirilib ki, ali təhsil müəssisəsinin 2 saylı yataqxanası qızlar üçün nəzərdə tutulub, 205 nəfərlikdir, xidmət haqqı 30 manat təşkil edir:

    “Oğlanlar üçün isə 1 saylı yataqxana məcburi köçkünlər yerləşdirildiyi üçün hazırda tələbələr üçün fəaliyyət göstərmir. Lakin oradakı ailələr doğma yurda qayıtdıqdan sonra yataqxana təmir olunaraq tələbələrin istifadəsinə veriləcək”.

    Lənkəran Dövlət Universitetindən (LDU) sorğumuza cavab olaraq məlumat verilib ki, 2019-cu ildə universitetin 1 saylı tədris binasına bitişik 4 mərtəbəli yeni tədris binası tikilib, eyni zamanda yeni 3 saylı tədris binası və müasir tipli 160 nəfərlik yataqxana binası tikilərək istifadəyə verilib. Xidmət haqqı 60 manatdır. Bütün kommunal xərclər daxildir.

    Bakı Mühəndislik Universiteti (BMU) ilə də maraqlandıq. Universitetdən sorğumuza cavab olaraq bildirilib ki, oğlan və qızlar üçün 300 nəfərlik iki böyük yataqxana fəaliyyət göstərir, xidmət haqqı 50 manatdır:

    “Yataqxanadakı 77 otağın hər biri 4 nəfərlikdir. Bütün mərtəbələrdə istirahət guşəsi və dərs çalışma otaqları var. Əlavə olaraq hər iki yataqxanada yaxınlarını görmək üçün gələn valideynlər üçün qonaq otaqları mövcuddur.Binalarda zəngin kitabxana, akt və fitnes zalları, iaşə və məişət xidməti fəaliyyət göstərir. Hər iki binada bufet və gündə 3 dəfə zəngin çeşidli qidalarla tələbələrə xidmət edən yeməkxanalar mövcuddur. Yataqxanalarda camaşırxana, dərzi otaqları fəaliyyət göstərir. Ümumi işlək yerlər və tələbə otaqları hər gün təmizlik işçiləri tərəfindən təmizlənir”.

    Məlumatda həmçinin qeyd edilib ki, otaqlarda və koridorlarda yanğından müdafiə qurğuları, yanğın xəbər verici sistemlər yerləşdirilib:

    “Yataqxanalarda 1 kitabxana və 4 dərs çalışma otağı tələbələrin istifadəsinə verilib. Tədbirlər və seminarlar keçirmək üçün yataqxanada 120 nəfərlik akt zalı yaradılıb. Tələbələrin idmanla məşğul olmaları üçün müasir avadanlıqlarla təchiz olunmuş idman zalı, stolüstü tennis zalı və şəhərcik daxilində yerləşən basketbol, voleybol və futbol stadionları var. Kompleksin ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hərtərəfli imkan yaradılıb”.

    Mingəçevir Dövlət Universitetindən (MDU) məlumat verilib ki, hazırda universitetin yataqxanası mövcud deyil:

    “Hazırda MDU-nun 7 hektarlıq ərazidə kampusu tikilməkdədir. 10 000 nəfərlik tələbə kontingentinin yerləşə biləcəyi kampusda yataqxana, otel binası, qonaq alimlərin qala bilməsi üçün studio tipli mənzillər yer alacaqdır”.

  • Bakıda qadın dələduzluğa məruz qalıb, 27 min manatdan çox vəsaiti ələ keçirilib

    Bakının Binəqədi rayonunda qadın naməlum şəxs tərəfindən aldadılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, hadisə nəticəsində vətəndaşın 10000 manat, 10000 dollar və 500 avro pulu alınıb.

    Keçirilən tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən H.Ələkbərova saxlanılıb.

    Araşdırma aparılır.

  • “Çelsi” futbolçuların satışından 200 milyon funt-sterlinq qazanmaq istəyir

    İngiltərənin “Çelsi” klubu transfer dönəmi bağlanana qədər bir neçə futbolçunu satmağı planlaşdırır.

    “Report” “Daily Mail”ə istinadən xəbər verir ki, londonlular bu keçidlərdən 200 milyon funt-sterlinq qazanacaqlarını gözləyirlər.

    “Zadəganlar”ın yollarını ayırmaq istədiyi futbolçular Romelu Lukaku, Trevo Çabola, Armando Broya, Konor Qallager, Karni Çukvuemka, Ben Çiluell, Rahim Sterlinq (Joao Feliks transfer olunarsa), Noni Madueke, David Fofana, Başir Hampreys və Sezar Kasadeydir.

    Qeyd edək ki, İngiltərə Premyer Liqasına avqustun 16-da start veriləcək.

  • Türkiyədə gənc “PUBG” oynayandan sonra insanlara balta və bıçaqla hücum edib

    Türkiyənin Eskişehir şəhərində 18 yaşlı gənc “PUBG: Battlegrounds” oyunundan sonra küçədəki insanlara bıçaq və balta ilə hücumu edib, nəticədə azı 5 nəfər yaralanıb.

    Bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib.

    Onun sözlərinə görə, gənc polis əməkdaşları tərəfindən saxlanılıb, hadisə ilə bağlı prokurorluq orqanları tərəfindən hərtərəfli araşdırma aparılır.

    “Hürriyet” qəzetinin məlumatına görə, evdən qoruyucu jilet və dəbilqə ilə çıxan gənc baş verənləri internetdə yayımlayaraq, tramvay dayanacağında insanlara hücum etməyə başlayıb. Gənc əraziyə cəlb edilən polis əməkdaşları tərəfindən saxlanılıb.

    Hücum nəticəsində yaralananlar xəstəxanaya aparılıblar. Polis hücum edən şəxsin psixi pozğunluqdan əziyyət çəkib-çəkmədiyini araşdırır.

  • İlon Mask Avropa komissarını komediya personajı ilə müqayisə edib

    Milyarder İlon Mask ABŞ prezidentliyinə namizəd Donald Trampla “X” sosial şəbəkəsində nəzərdə tutulan canlı yayımına qarşı çıxaran Avropanın daxili bazar məsələləri üzrə komissarı Tyerri Bretonu “Monti Payton” komediya filmindəki personajla müqayisə edib.

    Bu barədə İlon Mask “X”də paylaşım edib.

    “Tyerri mənə həmişə “Monti Payton”dan olan fransız istehzaçını xatırladır”, – o qeyd edib.

    Bundan əvvəl Avropanın daxili bazar məsələləri üzrə komissarı Tyerri Breton Maska rəsmi məktub göndərərək ABŞ prezidentliyinə namizəd Donald Trampla müsahibəsini yayımlayacağı təqdirdə sosial şəbəkəni cəzalandıracağı barədə xəbərdarlıq etmişdi.

    Komissar Trampla müsahibəni “zərərli məzmun” kimi təsnif edib.

  • Ərəbistan və İordaniya İranla İsrail arasındakı gərginlik zamanı səmalarını bağlayacaq

    İordaniya və Səudiyyə Ərəbistanı vəziyyətin gərginləşəcəyi təqdirdə İran və ya İsrailin iki krallığın hava məkanından istifadə etməsinə icazə verməyəcək.

    Bu barədə “Sky News Arabia” ABŞ Müdafiə Nazirliyinin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

    Vurğulanıb ki, Əmman və Ər-Riyad da iki ölkənin hava məkanına daxil ola biləcək istənilən obyekti vurmağa hazır olduqlarını bəyan ediblər.

  • ABŞ Səudiyyə Ərəbistanına silah satışına qoyulan qadağanı ləğv edib

    ABŞ Səudiyyə Ərəbistanına bir sıra silahların satışına qoyulan qadağanı ləğv edib.

    “Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

    Bildirilir ki, yaxın aylarda Səudiyyə Ərəbistanı 3 min kiçik diametrli və 7,5 min “Paveway IV” dəqiq idarə olunan bomba alacaq.

    Silahların dəyəri 750 milyon dolları keçəcək.