Month: August 2024

  • BYD şirkəti yeni sportkarı U9-u satışa çıxardı

    Ötən il Çinin BYD şirkəti tərəfindən satışa çıxarılan lüks brend “Yangwang” özünün ikinci modeli – 1,68 milyon yuan (təxminən 400 min AZN) qiyməti olan dördmühərrikli elektrik superkar U9 üçün sifarişlər qəbul etməyə başlayıb.

    Adı “yuxarı bax” kimi tərcümə olunan “Yangwang” brendi BYD-nin texnoloji nailiyyətlərinin bir növ nümayişidir və onun ən bahalı və statuslu modellərinin istehsalına cavabdehdir.

    “Yangwang” markasının ilk brendi yerində tank kimi fırlana bilən SUV U8 idi. O, keçən ilin noyabr syında Çin bazarına daxil olmuşdu.

    Sırf elektriklə işləyən superkar “Yangwang” U9 isə ilk dəfə ötən ilin aprelində ictimaiyyətə təqdim edilmişdi.

    Avromobilin bütün texniki göstəriciləri və qiyməti elan edilib və artıq sifarişlər qəbul edilməyə başlanıb.

    Sıfırdan 100 km/saata qədər sürətlənmə vaxtı 2,36 saniyə olan avtomobilin maksimal sürəti 309 km/saatdır.

    Superkarın ümumi uzunluğu – 4966 mm, eni – 2029 mm, hündürlüyü – 1295 mm, boş çəkisi isə 2475 kq-dır.

    Avtomobil dörd elektrik mühərriki (hər təkər üçün bir) ilə təchiz olunub ki, onların maksimum birləşmiş gücü 1306 at gücünə bərabərdir. 800 voltluq akkumulyatorun tutumu 80 kVt/saatdır. Onun tam doldurulması orta sürüşlə 450 km yürüş üçün kifayətdir.

    Yarış yolunda sürərkən batareya, əlbəttə ki, daha tez tükənəcək. Lakin onu 500 kVt gücündə bir anda iki kabellə doldurmaq olar.

    Şarjı 30-dan 80% -ə qədər doldurmaq cəmi 10 dəqiqə vaxt tələb olunur.
    //lent.az

  • Bu yolda sürücülər daha cərimələnməyəcək: ADY nişanı götürdü, dəmir yolu söküləcək – VİDEO

    Sürücülərin cərimələndiyi dəmir yolu keçidindəki problem aradan qaldırılıb. Bu barədə avtosfer.az-a Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib. Belə ki, Vətəgə-Bəhramtəpə yolunun 11-ci kilometrliyindəki dəmir yol keçidində sürücüləri narahat edən problem dərindən araşdırılıb və quraşdırılmış stop nişanı oradan götürülüb.

    Qeyd edək ki, yaxın vaxtlarda həmin dəmir yolunun sökülməsi nəzərdə tutulduğundan hal-hazırda orada müayinə aparılır.

    İndiyə qədər həmin ərazidə işləməyən dəmir yolu keçidində Stop nişanına məhəl qoymayan sürücülər cərimələnirdi. Məsələ Avtosfer.az saytında işıqlandırılandan sonra ADY rəhbərliyi həmin ərazini nəzarətə götürüb. Tez bir zaman araşdırma aparıldıqdan sonra məlum olub ki, həqiqətən də oradan qatar keçmir və bu səbəbdən də birinci mərhələdə nişan götürülüb, ikinci mərhələdə isə dəmir yolu xətti söküləcək.

  • Həyat üçün əlverişli olan daha 2 ekzoplanet aşkar edilib

    TESS teleskopunun materialları əsasında Yerdən 104 və 133 işıq ili məsafədə yerləşən və TOI-5713 ulduzları ətrafında ekzoplanetlər aşkar olunub. Hər iki planet öz ulduzunun həyat zonasında yerləşir. Bu barədə Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

    Məlumatda bildirilir ki, TESS kosmik teleskopu vasitəsilə Günəş ətrafında 200 000-dək obyekt qeydə alınıb. Onlardan 7200-ü ekzoplanet olmağa namizəddir, 543-nün isə ekzoplanet olması təsdiqlənib.

    Tapılmış iki ekzoplanetdən TOI-6002b-nin kütləsi Yerdən 3.8 dəfə, radiusu isə 1.65 dəfə çoxdur. Planet ulduz ətrafında 10.9 günə dövrə vurur və orta temperaturu 48º C -dir. TOI-5713b ekzoplaneti isə təxminən 4.3 Yer kütləsi ağırlığındadır. O da öz ulduzundan 0.06 a.v məsafədə yerləşir, orta temperaturu 74º C -dir.

    Tədqiqat qrupu planetlərin kütləsini böyük xəta ilə təyin etdiyindən, onların kimyəvi tərkibini müəyyənləşdirmək mümkün olmayıb. Bu səbəbdən hələ ki onların Yer tipli və ya su ilə zəngin dünyalar olması məlum deyil.

    Əlavə olaraq TOI-6002b Yerdən 1.7, TOI-5713b 2,4 dəfə çox enerji aldığı üçün onlar həyat zonasının daxili kənarına düşürlər. Bu isə onları qırmızı cırtdan ulduzların ətrafında yaşanıla bilən isti ekzoplanetlər kimi maraqlı tədqiqat obyektinə çevirir.

    Tədqiqat işi ilə bağlı məqalə çapa təsdiq olunub və “arxiv.org” serverində yerləşdirilib.

  • 91 yaşlı milyarder toyundan iki ay sonra öldü

    Avstriyalı milyarder Riçard Luqner 91 yaşında vəfat edib.

    “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, Vyanada dünyasını dəyişib.

    Qeyd edək ki, Luqner iki dəfə Avstriya prezident seçkilərində müstəqil namizəd kimi iştirak edib. Lugner altı dəfə evlənib və dörd övladı var. O, 2024-cü ilin iyununda 42 yaşlı Simone Reilendertlə ailə həyatı qurmuşdu.

  • Azərbaycanın məşhur iş adamı məhkəmə qarşısında: Nə baş verib?

    Məşhur iş adamı Xəlil Göyüşov vətəndaşların əmək hüquqlarını pozduğuna görə məsuliyyətə cəlb edilib.

    Qaynarinfo-nun məlumatına görə, “Körpü-Bina-Tikinti” MMC-nin baş direktoru və qanuni təmsilçisi olan Xəlil Göyüşüov tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti araşdırılıb.

    İş adamı tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) vətəndaşlarımızın işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən iş adamı barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib olunub.
    İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə, fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.

    İş Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun icraatındadır.

    Xatırladaq ki, “Körpü-Bina-Tikinti” MMC 2001-ci ildə təsis edilib. MMC-nin nəzdində asfalt zavodu, balka sexi, beton zavod, çınqıl karxanası, beton boru zavodu, körpü istehsalat zavodu və beton qovşaqları adlı istehsalat müəssisələri fəaliyyət göstərir.

    Sözügedən şirkətin rəhbəri Xəlil Göyüşov isə ölkənin ən varlı iş adamları arasında yer alır.

  • Qəzənfər Abbasovdan Zeynəb Xanlarovanın parodiya edilməsinə reaksiya – VİDEO

    “Zeynəb tək Azərbaycanın deyil, dünyanın Zeynəbidir. SSRİ Xalq artistidir. Dünyanın bütün ölkələrində konsertlər verib, sevib-sevilib. Özbəklər, tükmənlər, qazaxlar bizim qardaşımızdır. Hamısı Turana daxildir, biz bir millətik. Özbək qızının Zeynəb xanımı seviməsi təbii haldır. Mən o xanımın çıxışını alqışlayıram”.

    Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar müəllim, xanəndə Qəzənfər Abbasov Özbəkistanda özbək qızının Xalq artisti Zeynəb Xanlarovanın parodiya edilməsini əks etdirən videogörüntüdən danışarkən deyib. Xanəndə bildirib ki, Azərbaycan xalqı onun nəğmələriylə böyüyüb:\

    “Mahnılarımızı, musiqimizi, şeriyyatımızı sevmişik. Zeynəb sənətini təkrarlamaq istəyənlər, ona baxıb səhnəyə gələnlər özlüyündə böyük Zeynəb məktəbinin davamçılarıdır. Zeynəb xanım bütün xalqların dilində mahnılar oxuyub. Həmin xalqlar onu çox seviblər. Sovet dönəmində hamı Türkiyəyə kapitalist ölkəsi deyib “düşmən” kimi baxanda Zeynəb xanım verdiyi konsertlərdə türk mahnıları oxuyurdu, özü də türk ləhcəsində. Mahnıları ilə türkü bizə sevdirirdi. Onun haqqında saatlarla danışmaqla bitməz, tükənməz. Zeynəb xanım bir dəryadır, onu üzüb keçmək olmur. Onu Azərbaycan musiqisində novator müğənni hesab edirəm”.

    Qəzənfər Abbasov hesab edir ki, Zeynəb Xanlarova səhnəyə yeni ruh, yeni nəfəs, gözəllik, geyim, oxu mədəniyyəti gətirib:

    “Qadınlar arasnda “Çahargah” dəstgahını ilk dəfə Zeynəb xanım ifa edib. Onun ifasında bir neçə muğamımız Azərbaycan Radiosunun qızıl fondunda qorunub saxlanılır”.

    Qeyd edək ki, Özbəkistanda “Talent show”da özbək qızı Xalq artisti Zeynəb Xanlarovanın “Sevirəm de” mahnısı sədalarında onu parodiya edib. Bu sosial şəbəkələrdə böyük rezonans doğurub.

  • Peyvəndlər xəstəliklərdən daha təhlükəlidir?

    ABŞ-da respublikaçılar arasında məcburi uşaq peyvəndini dəstəkləyənlərin sayı son illərdə xeyli azalıb. Onlar peyvəndlərin sağlamlığa zərər verdiyinə dair müxtəlif miflərə inanırlar.

    Qaynarinfo xəbər verir ki, “Gallup”un yeni sorğusuna görə, COVID-19 pandemiyasından sonra daha az amerikalı uşaqlar üçün təhlükəsiz və xilasedici peyvəndlərin vacibliyini qəbul etməyə başlayıb. Respublikaçılar və ya respublikaçıları dəstəkləyən insanlar arasında peyvənd dəstəyinin əhəmiyyətli dərəcədə azalması müşahidə olunur.

    2019-cu ildə respublikaçı amerikalıların 52%-i valideynlərin uşaqlarını peyvənd etmələrinin “son dərəcə vacib” olduğunu söyləyib. İndi bu rəqəm 26% təşkil edir. Müqayisə üçün, bu il demokratların və ya demokratları dəstəkləyənlərin 63%-i bunun “son dərəcə vacib” olduğunu söyləyib.
    Ümumilikdə, indi amerikalıların yalnız 40%-i valideynlərin uşaqlarını peyvənd etmələrinin son dərəcə vacib olduğunu deyir. Bu, 2019-cu ildə 58%-dən, 2001-ci ildə isə 64%-dən əhəmiyyətli dərəcədə azdır. Həmçinin, demokratlar tərəfdarlarının 93%-i valideynlərin uşaqlarını peyvənd etmələrinin “son dərəcə” və ya “çox” vacib olduğunu, respublikaçı tərəfdarların isə yalnız 52%-i bunu deyib.

    Peyvəndin radikal əleyhdarı o qədər də çox deyil. Respublikaçıların yalnız 11%-i uşaqların peyvənd edilməsinin “heç də vacib olmadığını”, digər 8%-i isə “çox vacib olmadığını” söyləyib. Demokratlar arasında bu rəqəm cəmi 1% təşkil edir. Bununla belə, peyvəndlərlə bağlı müxtəlif miflərə inananlar çoxdur.

    Məsələn, sorğu göstərir ki, getdikcə daha çox amerikalı peyvəndlərin qoruduğu xəstəliklərdən (poliomielit, qızılca, tetanoz, rotavirus, difteriya, göy öskürək, meningit və s.) daha təhlükəli olduğuna inanır. İndi amerikalıların 20%-i peyvəndlərin bu cür təhlükəli xəstəliklərdən daha böyük təhlükə olduğuna inanır. Bu, demokratların ümumi sayının 5%-ni, respublikaçıların isə 31%-ni təşkil edir. Beş il əvvəl respublikaçıların 12%-i və demokratların 10%-i buna inanırdı. Respublikaçıların və tərəfdarlarının peyvəndlərin autizmlə əlaqəli olduğuna dair yalan və təkzib edilmiş iddiaya inanmaq ehtimalı demokratlara nisbətən daha çoxdur. İndi respublikaçıların 19%-i və demokratların 4%-i bu yalana inanır.

  • Bakıda müğənnini evində döyüb video çəkiblər (TƏFƏRRÜAT)

    Sabah, avqustun 13-də Bakı Apellyasiya Məhkəməsində müğənni Elçin Kişiyevə qarşı (Elçin Zəka) quldurluqda suçlu bilinib məhkum edilmiş Hökumə Əşrəfzadə, onun bacısı Rəhimə Əşrəfzadə, Heydər Əkbərov və Zeynal Yusifov barələrindəki hökmdən apelyasiya şikayətinə baxılacaq.

    Musavat.com xəbər verir ki, ittihama görə 2023-cü il iyunun 6-da Hökümə Əşrəfzadə, bacısı Rəhimə Əşrəfzadə, tanışları Heydər Əkbərov, Zeynal Yusifov qabaqcadan əlbir olaraq Elçin Kişiyevə qarşı quldurluq etmək barədə razılaşıblar. Belə ki, Rəhimə Əşrəfzadə Elçin Kişiyevlə əlaqə saxlayıb gecə saat 23-dən sonra onun evində görüşmək üçün razılaşıblar. O, Zeynal Yusifovun idarə etdiyi avtomobil ilə həmin ünvana gəlib aşkar olunmamaq üçün girişdən aralıda dayanıblar. Rəhimə Əşrəfzadə avtomobildən düşüb onu evdə gözləyən Elçin Kişiyevin yanına gedərək, orada bir müddət olub, ayaqyoluna getmək bəhanəsi ilə həyətə çıxaraq küçədə gözləyən qrupun digər üzvlərinə məlumat verib və evə qayıdandan bir neçə dəqiqə sonra Heydər Əkbərov, Zeynal Yusifov, onların ardınca Hökümə Əşrəfzadə evə daxil olublar. Zeynal Yusifov silah qismində istifadə etdiyi bıçağı tətbiq etməklə həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq ediləcəyi ilə hədələyərək Elçin Kişiyevə hücum edib, bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vurub.

    Sonra Heydər Əkbərov və Zaur Zeynalov yıxıldığı yerdə yumruq və təpiklə Elçin Kişiyevi vurmaqda davam edərək Hökümə Əşrəfzadəni zorlamaqda ittiham edib və buna görə cəzalandırılacağını bildirib, onu kapron qaytanla qollarını arxasında bağlayaraq divana oturtmuş, bədəninin müxtəlif nahiyələrinə vurduqları zərbələrin təsiri və bıçaqla zor tətbiq ediləcəyi hədəsi altında sonuncunu Hökümə Əşrəfzadə ilə cinsi əlaqədə olduğunu etiraf edərək danışmağa məcbur edib. Heydər Əkbərovun və Hökümə Əşrəfzadənin telefonları ilə danışıqların videoçəkilişini aparıb. Daha sonra Elçin Kişiyevin evdə olan pulların və qiymətli əşyaların yerlərini soruşaraq, birgə hərəkətləri ilə ümumilikdə Elçin Kişiyevə 4 min 835 manat məbləğində ziyan vurmaqla quldurluq ediblər. Heydər Əkbərov və Zaur Yusifov özlərini qismən, Rəhimə və Hökümə bacıları isə ittiham üzrə ümumiyyətlə, özlərini təqsirli bilmirlər.

    İlkin instansiyada təqsirləndirilən şəxs qismində ifadə verən Hökümə Əşrəfzadə zərərçəkmiş şəxs Elçin Kişiyevlə restoranda tanış olduğunu deyib:

    “O, mənim atamın dayısı oğlu ilə dost olub. Mən ofisiant işləyirdim. Mənə dedi ki, sən bu işə layiq deyilsən və məni həmin restorandan çıxarıb başqa bir yerə işə düzəltdi. Mən onu əmi kimi bilmişəm. Günlərin bir günü özümü onun yatağında, çılpaq vəziyyətdə gördüm. Məni kriminal avtoritet Nadir Səlifovla (Lotu Quli) qorxudurdu. Mən başıma gələnləri bacım Rəhiməyə danışmışdım. Günlərin birində Elçin Zəka mənim bacımı gecə yarısı evinə çağırdı. Evdə heç nə yox idi. Təqsirləndirilən şəxs Heydərdən evə yeyəcək bir şeylər alıb bizə gəlməsini xahiş etdim. Başıma gələnləri ona da danışdım. Və dedim ki, bacımı da çağırıb. Artıq Heydər də Elçin Zəkanın evinə getdi. Daha sonra mən o evə getdim və gördüm ki, Elçin Zəkanı Heydər döyüb. Mən orada bıçaq görmədim”. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hökumə Əşrəfzadə ilə Rəhimə Əşrəfzadənin hər biri 8 il 3 ay, Heydər Əkbərov 10 il və Zeynal Yusifov isə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Müttəhimlər barələrindəki hökmün dəyişdilməsini istəyirlər.

  • Azərbaycan – İsveç oyununun biletləri satışa çıxarılıb

    UEFA Millətlər Liqasında qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək Azərbaycan – İsveç oyununun biletləri satışa çıxarılıb.

    Qiymətlər sektorlara görə 3, 5 və 10 və manat təşkil edir.

    VİP sektoruna biletlərin qiyməti isə 20-30 manatdır.

    Biletləri “İtickets” və satış kassalarından əldə etmək mümkündür.

    Qeyd edək ki, qarşılaşma sentyabrın 5-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
    //report

  • Türkiyə Yunanıstana meşə yanğınları ilə mübarizə üçün yardım təklif edib

    Türkiyə Yunanıstana ölkədə başlayan meşə yanğınlarının söndürülməsi ilə bağlı yardım təklif edib.

    Median.Az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Hakan Fidan bildirib.

    O, rəsmi Afinaya meşə yanğınları ilə mübarizədə yardım təklifi göndərdiklərini, qarşı tərəfin isə bunu dəyərləndirəcəklərini söylədiyini vurğulayıb.

    Qeyd edək ki, Yunanıstanın paytaxtı Afina yaxınlığındakı Varnava adlanan ərazidə başlayan meşə yanğınları küləyin təsiri ilə ətraf ərazilərə yayılıb. Ərazidəki iki xəstəxana təxliyə edilib.

    Yanğının söndürülməsinə çox sayda şəxsi heyət və texnika cəlb olunub.