Month: August 2024

  • Tramp 2022-ci ildə aparılmış axtarışa görə hökumətdən 100 milyon dollar təzminat tələb edəcək

    ABŞ-nin keçmiş lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp 2022-ci ildə Florida ştatındakı Mar-a-Laqo mülkündə Federal Təhqiqatlar Bürosunun (FTB) apardığı axtarışa görə məhkəmə yolu ilə ABŞ Ədliyyə Nazirliyindən 100 milyon ABŞ dolları təzminat tələb etməyi planlaşdırır.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

    Trampın hüquqşünaslar komandası axtarışın sırf siyasi təqib məqsədilə aparıldığına əmindir.

    Onlar artıq Ədliyyə Nazirliyinə məhkəmədə iddia qaldırmaq niyyəti barədə bildiriş göndəriblər. Nazirliyə məsələni məhkəmədən kənar qaydada həll etmək üçün bildirişin alındığı tarixdən etibarən, 180 gün vaxt veriləcək, əks halda, iş Florida ştatının Cənub dairəsi üzrə Federal Məhkəməsinə göndəriləcək.

    FTB-nin əməkdaşları 2022-ci ilin avqustunda Trampın Floridadakı Mar-a-Laqo malikanəsində axtarış zamanı ümumilikdə 102 sənədi müsadirə ediblər. Onlardan 17-si “tam məxfi” qrifli sənəd olub.

  • Vəzifəli şəxs qəfil vəfat etdi

    Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin şöbə müdiri qəfil vəfat edib.

    Publika.az xəbər verir ki, idarənin şöbə müdiri vəzifəsində çalışan 43 yaşlı Yasin Abdullayev Tərtər rayonunda yaşadığı evdə olarkən qan təzyiqi yüksəlib.

    Nəticədə o, dünyasını dəyişib.

  • Azərbaycanda qazın və işığın qiyməti qalxacaq? – MÜHÜM AÇIQLAMA

    Son vaxtlar insanlar arasında sentyabrın 1-də baş tutacaq növbədənkənar parlament seçkiləri sonrası kommunal xidmətlərin tarif qiymətlərinin qalxacağı ilə bağlı fikirlər dolaşır. Cəmiyyətdə başlıca narahatlığa səbəb olan qaz və işıq qiymətləri ilə bağlıdır.

    Bir çox insan ilin sonuna doğru bu iki kommunal xidmətlə bağlı tariflərin ciddi dərəcədə bahalaşacağını düşünür.

    Görəsən, narahatlığa həqiqətən də əsas varmı?

    Parlament seçkilərindən sonra kommunal xidmətlərlə bağlı qiymət artımı ola bilərmi?

    Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, ölkəmizdə sözügedən xidmətlərlə bağlı tariflər dövlət tərəfindən tənzimlənir:

    “Kommunal xidmətlər dövlət tərəfindən tənzimlənən sahələrdir. Yəni bununla bağlı hər hansı qərar qəbul olunacaqsa, bu, Nazirlər Kabinetinin və onun nəzdində olan Tarif Şurasının qərarı ilə olacaq. Bunun üçün iqtisadi əsaslandırma və yaxud dünya bazarlarında baş verən proseslərin heç bir aidiyyəti yoxdur”.

    Ekspertin fikrincə, dövlət büdcəyə əlavə pul cəlb etmək üçün belə bir addım ata bilər:

    “Əgər hökumət belə bir addım atacaqsa, deməli, düşünülmüş şəkildə, büdcəyə əlavə pul cəlb etmək üçün atacaq. Bunun nə vaxt olacağını söyləmək çətindir, amma Azərbaycandakı reallığı nəzərə alsaq, həmişə bir neçə ildən bir kommunal xidmətlərdə artım olur. Bunun ehtimalı kifayət qədər yüksəkdir. Amma dediyim kimi, bu qərar verilirsə, Nazirlər Kabinetinin qərarı olacaq. İqtisadi əsaslandırma ilə izah ediləsi məsələ deyil”.

  • “Ludoqorets”in baş məşqçisi: “Futbolçularım heç nədən qorxmur və hər görüşdə qol vururlar”

    “Birmənalı şəkildə deyə bilərəm ki, “Qarabağ” beynəlxalq arenada böyük təcrübəyə malik komandadır”.

    Bunu “Ludoqorets”in baş məşqçisi Georgi Dermendjiyev deyib.

    “Bizim heyətimizdə çox sayda futbolçu var və sabah matçı Bernard Tekpetey olmadan keçirməliyik. Onun arzuolunmaz zədəsi var. “Qarabağ”la səfərdəki ilk oyunda futbolçularımı daha yaxından tanıdım. Onlar heç nədən qorxmur və hər görüşdə qol vururlar. Bu bizim üçün həddən artıq vacib, amma çox da çətin matçdır. Futbolçularımız yaxşı formadadırlar. Hazırda bu matçı düşünürük, “Levski” ilə görüşü sonra fikirləşəcəyik. “Qarabağ” hərtərəfli güclü olan Avropa komandasıdır. Mən bu komandanı, tarixini və baş məşqçisi Qurban Qurbanovun işini bilirəm. O, böyük peşəkardır”.

    Qeyd edək ki, sabah keçiriləcək “Ludoqorets” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
    //oxu.az

  • Türkiyəyə raket hücumu: 2 ölü, 12 yaralı

    Türkiyənin Şırnak vilayətində PKK terrorçuları mülki avtomobillərə raket hücumu təşkil edib, nəticədə çox sayda insan yaralanıb.

    Baku.ws yenişafak-a istinadən xəbər verir ki, yaralılar Silopi Dövlət Xəstəxanasına çatdırılıb.

    Hücumdan sonra qaçan terrorçuların tutulması üçün bölgədə genişmiqyaslı əməliyyat başladılıb.

    Qeyd edilib ki, hadisə nəticəsində iki nəfər ölüb, 12 nəfər yaralanıb.

  • Putin Kurska hücumdan danışdı: Ukraynaya cavab veriləcək

    Ukraynanın ən döyüşə hazır bölmələri arasında itkilər kəskin şəkildə artır.

    O, Ukrayna ilə həmsərhəd rayonlardakı vəziyyətlə bağlı iclasda bunları bildirib.

    Rusiya prezidenti qeyd edib ki, Kiyev rəhbərliyi Ukrayna xalqını məhv etmək yolunu tutub.

    “Rəqib öz hərəkətlərinə layiqli cavab alacaq və xüsusi əməliyyatın bütün məqsədlərinə nail olunacaq. Amma biz heç bir fərq qoymadan mülki əhaliyə, mülki infrastruktura zərbələr endirən və ya nüvə enerjisi obyektlərinə təhlükə yaratmağa çalışan insanlarla hansısa danışıqlardan söhbət belə gedə bilməz”, – Putin bildirib.

    Vladimir Putin Ukraynanın sərhədyanı rayonlara yeni hücumlarının mümkünlüyünü istisna etməyib, o cümlədən Bryansk vilayətində təxribatlara hazır olmaqları barədə xəbərdarlıq edib.

    ///APA

  • Hindistan sualtı gəmilərinin sayını ARTIRIR

    “Çin və Hindistan hər sahədə olduğu kimi sualtı gəmilərin sayına görə də bir-biri ilə rəqabət aparır”.
     
    Sfera.az bildirir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin məlumatında qeyd olunub.
     
    Mərkəzin məlumatına görə, Çin keçmiş illərdə silahlı qüvvələrini gücləndirərkən hərbi-dəniz donanmasının inkişafına o qədər də diqqət yetirməyib. 
     
    “Pekin 2000-ci illərdən başlayaraq bu sahəyə diqqətini artırıb. Çinin hazırda 50-yə yaxın sualtı gəmisi var. Buna baxmayaraq, Çin sualtı gəmilərin idarə olunmasında problemlərlə üzləşib. Keçən il yayılan xəbərə görə, Çinin sualtı gəmilərindən biri batıb. Nəticədə gəmidə olan 55 nəfər oksigen çatışmazlığı səbəbindən həlak olub. Çin bu hadisəni gizli saxlamağa çalışsa da, Britaniya kəşfiyyatı hadisə ilə bağlı məxfi məlumatı ələ keçirərək yayıb. Hindistan isə sualtı gəmilərin inşasında qonşusundan geri qalmaq istəmir. Hindistan 2035-ci ilə qədər 175 hərbi gəmi və sualtı gəmi inşa etməyi planlaşdırır. “The Economic Times” dərgisinin yazdığına görə, Hindistan 2047-ci ildə müstəqlliyinin 100 illiyi üçün hərbi gəmilərlə özünü tam təmin etməyi hədəfləyib”.
     
    Qeyd olunub ki, Hindistan Müdafiə Nazirliyinin sifarişi ilə müxtəlif gəmiqayırma zavodlarında onlarla hərbi gəmi inşa edilir:
     
    “Hindistanın sualtı gəmiləri Qərb ölkələrinin texnologiyaları və onlarla əməkdaşlığı sayəsində inşa edilir. Hindistan Hərbi Dəniz Qüvvələrinə məxsus “Mazagon Dock Limited” şirkəti (MDL) altı sualtı gəminin təkmilləşdirilməsi üzrə işlərini davam etdirir. Təkmilləşdirmə sayəsində sualtı gəmilər suyun altında daha uzun müddət qala biləcəklər. Bu sualtı gəmilər ballistik raketlərlə təhciz ediləcək. Hindistan Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər sınaqların və təkmilləşdirmələrin son mərhələsindədir. Suatlı gəmilərin yaxın aylarda istismara veriləcəyi açıqlanıb. Beləliklə, bölgədə müxtəlif dövlətlərin hərbi gəmiləri ilə yanaşı, sualtı gəmilərinin də sayı artacaq”.

  • Azərbaycanlı referi Paris-2024-də ən reytinqli hakim seçilib

    Azərbaycanlı beynəlxalq dərəcəli boks hakimi Emil Qurbanəliyev Paris-2024 Yay Olimpiya Oyunlarında fərqlənib.

    “Report” xəbər verir ki, həmyerlimiz döyüşləri ən yaxşı idarə edən ədalət təmsilçisi seçilib.

    O, referilərin reytinqində birinci olub və dördilliyin ən möhtəşəm yarışının sertifikatı ilə təltif edilib.

    Qeyd edək ki, Qurbanəliyev Olimpiadada müxtəlif mərhələlərin döyüşləri ilə yanaşı, finalda da ədaləti qoruyub.

  • Metropolitenin 50-dən çox əməkdaşı işsiz qalıb – Aylardır maaş almırlar

    “Bakı Metropoliteni” QSC-nin tikinti departamentində çalışan işçilər aylarıdır ki, işsiz qalıb.

    Qaynarinfo-ya daxil olan məlumata görə, metroda tikinti işlərinin başa çatması ilə əlaqədar departamentdə çalışan 50-dən çox əməkdaş aylardır öz hesablarına məzuniyyətə göndərilib.

    Həmin işçilər aylardır əmək haqqından məhrum edilib və bu da onların ailələrində ciddi sosial problemlər yaradıb. Metropoliten əməkdaşlarına nə vaxt işə çıxacaqları ilə bağlı heç bir məlumat verilmir.

    Məsələ ilə bağlı “Bakı Metropoliteni”ndən sorğumuza cavab olaraq bildirilib ki, hazırda metropolitendə əsaslı tikinti seqmentinə dövlət büdcəsindən təyinatlı vəsait qoyuluşu üzrə maliyyələşmədə mövcud olan durum nəticəsində tikinti işlərinin həcminin kəskin azalması, tikinti sahəsində çalışan işçilərin istismar sahələrində olan vakansiyalar nəzərə alınmaqla istismar xidmətlərindəki işlərə müvəqqəti təhkim edilməsi və ya bu sahədə işlə təmin edilməsi istiqamətində işlər həyata keçirilir. Bu zaman işçinin peşəsi, çalışdığı sahənin xüsusiyyətləri, vakansiya üzrə uyğunluğu, həmçinin işçinin razılığı və aidiyyəti üzrə digər zəruri məsələlər nəzərə alınır:

    “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 27 fevral 2014-cü il tarixli 289 nömrəli Sərəncamına əsasən Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu yaradılmış “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti özündə həm sərnişindaşıma fəaliyyətini, həm də metro tikintisi seqmentini ehtiva edən dövlətin strateji əhəmiyyət kəsb edən təsərrüfat subyektidir.

    Azərbaycan Respublikası Prezidentinin sözügedən sərəncamından sonra hər iki qurumun hüquq varisliyini daşıyan “Bakı Metropoliteni” QSC-də sərnişindaşıma və metro tikintisi sahələri üzrə müxtəlif maliyyə mənbələrindən maliyyələşən fərqli əmək haqqı sistemi tətbiq edilir.

    Məlumat üçün bildiririk ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti zərərlə işləyən və zərərin qarşılanması üçün dövlət büdcəsindən subsidiya şəklində maliyyə yardımı alan və səhmləri 100% dövlətə məxsus olan qapalı səhmdar cəmiyyətdir.

    Mürəkkəb, eyni zamanda çoxprofilli metro infrastrukturu şəbəkəsi kompleksinin müasir tələblər çərçivəsində yenidən qurulması, müasir tələblərə və beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də sərnişinlərin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti öz fəaliyyətini mövcud qanunvericiliyin tələblərinə uyğun qurmaqla, səhmləri 100% dövlətə məxsus olan hüquqi şəxs olaraq təsərrüfat fəaliyyətində maliyyə, əmək və əməkhaqqı sistemi üzrə xidmət intizamının gücləndirilməsinə, dövlət büdcəsindən ayrılan təyinatlı maliyyə vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadəyə xüsusi önəm verir.

    Bu əsasda, ilk növbədə, qeyd olunmalıdır ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətin kadr siyasətinin ana xəttini təhlükəsiz, etibarlı və iqtisadi cəhətdən effektiv fəaliyyət üçün məhdud maliyyə daxilolmaları çərçivəsində optimal sayda personalın formalaşdırılması təşkil edir.

    “Bakı Metropoliteni” QSC-nin əsaslı tikinti sahəsində çalışan işçilərinin əməkhaqları yerinə yetirilən işin nəticələri ilə birbaşa bağlı olduğundan, həmin sektorda çalışan işçilərin işə cəlb edilməsi və əmək haqlarının ödənilməsində iş həcmlərinin yerinə yetirilməsi əsas götürülür.

    İşçilərin işə cəlb edilməsi və əmək haqlarının ödənilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələbləri, İşəgötürənlə Metropoliten İşçiləri Həmkarlar İttifaqı arasında bağlanmış Kollektiv müqavilənin müddəaları nəzərə alınmaqla təmin edilir”.

    Qeyd edək ki, müvafiq departamentin rəisi Məzahir Nəbiyevdir. Onun rəhbərliyi altında işçilər 4 istiqamətdə fəaliyyət göstərirlər. Bunlar Tunel və Ümumi Tikinti işləri üzrə Dəstə, Xüsusi və Ümumi Tikinti işləri üzrə Dəstə, Xüsusi Tamamlama İşləri Dəstəsi və Dəmir Yolunun və Əsaslı Təmir İşləri üzə Dəstəsidir.

  • Kimlər universitetə imtahansız qəbul olurlar? – SİYAHI

    Avqustun 9-da Azərbaycanda ixtisas seçimi başlayıb. Proses 10 gün davam edəcək və avqustun 19-da başa çatacaq. Bir çox tələbə artıq ixtisas seçimini edib.

    Modern.az-ın məlumatına görə, əvvəlki illərdə olduğu kimi, bu il bəzi məzunlar universitetlərə müsabiqədənkənar qəbul ediləcək.

    Universitetlərə müsabiqədənkənar qəbul olmaq istəyənlər üçün sənəd qəbulu iyulun 10-dan başlayıb.

    Bəs kimlər universitetə müsabiqədənkənar qəbul olunur?

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

    Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə, aşağıdakı şəxslər nəzərdə tutulur:

    – beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər;

    – IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər;

    – beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər.

    Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti iki tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti beş tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ var.

    Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları dedikdə, aşağıdakı proqramlar nəzərdə tutulur:

    – Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme);

    – Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education);

    – Yüksək yerləşdirmə (Advanced Placement).

    Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul üçün minimal bal (və ya qiymət) tələbləri təhsil proqramları üzrə aşağıda təqdim olunub:

    – Beynəlxalq Bakalavriat Diplom Proqramı; – Ödənişli əsaslarla qəbul üçün – 25 (“Hüquqşünaslıq” və “Tibb” ixtisasları üzrə – 30) – Dövlət sifarişi əsasında qəbul üçün – 35;

    – Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (müvafiq üç imtahan fənni üzrə); – Ödənişli əsaslarla qəbul üçün – C – Dövlət sifarişi əsasında qəbul üçün – B;

    – Yüksək yerləşdirmə (müvafiq üç imtahan fənni üzrə). – Ödənişli əsaslarla qəbul üçün – 3 – Dövlət sifarişi əsasında qəbul üçün – 4.

    “Müvafiq üç imtahan fənni” dedikdə I ixtisas qrupu üzrə riyaziyyat, fizika və kimya fənləri, II ixtisas qrupu üzrə riyaziyyat, coğrafiya və tarix fənləri, III ixtisas qrupu (DT altqrupu) üzrə Azərbaycan dili və ya rus dili, tarix və ədəbiyyat fənləri, III ixtisas qrupu (TC altqrupu) üzrə Azərbaycan dili və ya rus dili, tarix və coğrafiya fənləri, IV ixtisas qrupu üzrə isə biologiya, kimya və fizika fənləri nəzərdə tutulur.