Month: August 2024

  • Masallıda istirahət kompleksində yanğın – VİDEO

    Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən istirahət kompleksində yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının istirahət kompleksinin ərazisində yerləşən kottecdə baş verdiyi və meşəyə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğının genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində ümumi sahəsi 286 kv.m. olan ikimərtəbəli kottecin yanar konstruksiyaları 160 kv.m. sahədə və üç ədəd ağac yanıb.

    Kottecin qalan hissəsi və meşə yanğından mühafizə olunub.

  • “TikTok” 2024-cü ilin ilk rübündə Azərbaycanda 700 mindən çox video silib

    “TikTok” platforması 2024-cü ilin ilk rübündə Azərbaycanda 700 mindən çox video silib.

    Qısa videoçarxları ilə məşhur olan “TikTok” platforması Azərbaycanda resursun icma qaydalarına uyğunluğunu təmin etmək üçün təhlükəsizliyi əsas prioritet kimi qəbul edir. Bunun üçün platforma İcma Qaydalarını pozan məzmunu aşkar etmək və tədbirlər görmək üçün innovativ texnologiyalar və mütəxəssislərin köməyindən istifadə edir. Qeyd edək ki, dünyada 40 000-dən çox mütəxəssis, o cümlədən Azərbaycan dilini bilənlər, “TikTok” istifadəçilərinin təhlükəsizliyini təmin etmək üçün məsuldur.

    Bu ilin yazında platforma yerləşdirilən məzmunla bağlı siyasətini daha aydın izah edən yenilənmiş İcma Qaydalarını təqdim edib. Burada məzmun müəlliflərinin “TikTok” qaydalarını daha yaxşı anlamalarına kömək etmək üçün yeni funksiyalar təqdim edilib, həmçinin öz hesablarının cari statusu haqqında məlumat əldə etmək imkanı verilib. Platformaya, eyni zamanda axtarış sorğularının, canlı yayımların və tövsiyə lentinin necə idarə edildiyi barədə məlumat daxil edilib.

    İcma Qaydalarına Uyğunluq Hesabatlarında silinmiş videoçarxların və hesabların həcmi və xarakteri barədə hər rüb məlumat açıqlanır. İcma Qaydalarına Uyğunluq Hesabatına əsasən, 2024-cü ilin birinci rübündə Azərbaycanda:

    · 713 885-dən çox videoçarx İcma Qaydalarını pozduğu üçün silinib;

    · Silinmiş videoçarxların ümumi sayının 95.9%-i platforma tərəfindən proaktiv şəkildə, yəni şikayət olunmadan öncə aradan qaldırılıb;

    · Məzmunun 94.2%-i yayımlandıqdan sonra ilk 24 saat ərzində silinib.

    Eyni müddət ərzində dünya miqyasında İcma Qaydalarının pozulmasına görə:

    · 166 997 307 videoçarx silinib;

    · Videoçarxların 97.7%-i proaktiv şəkildə aradan qaldırılıb;

    · Məzmunun 89.8%-i yayımlandıqdan sonra ilk 24 saat ərzində silinib.

    Xatırlatmaq istəyirik ki, keçən il ərzində Azərbaycanda İcma Qaydalarını pozmuş 2 071 243 video silinib.

    Bu hesabatdan etibarən “TikTok” videolardakı İcma Qaydalarını pozan şərhlərin silinməsi barədə də məlumat verməyə başlayır. Belə ki, 2024-cü ilin birinci rübündə dünya üzrə ümumilikdə 976 479 946 şərh silinib ki, bu da həmin dövrdəki bütün şərhlərin 1.6%-ni təşkil edir. Eyni zamanda, müəlliflərin özləri xüsusi təhlükəsizlik alətləri vasitəsilə məzmunlarına yazılan 3 381 646 722 şərhi süzgəcdən keçirib və ya siliblər.

    Ənənəvi olaraq təqdim edilən hesabatlarla yanaşı, “TikTok” yeni ixtisaslaşmış hesabatlara da başladığını elan edib. Bunlardan biri, platformanın uşaqların cinsi zorakılığı və internetdə cinsi istismarına qarşı mübarizə səylərinə həsr olunub. “TikTok”da belə hallar aşkar edildikdə, platforma dərhal uyğun olmayan məzmunu aradan qaldırır, həmin məzmunu yayan hesabları həmişəlik bloklayır və itkin düşən və istismar olunan uşaqlar üçün Milli Mərkəzə (National Center for Missing and Exploited Children) bildiriş göndərir.

    Bu il dünyada iki milyarddan çox insan müxtəlif ölkələrdə keçirilən seçkilərdə səs verir və məsuliyyətli platforma olaraq “TikTok” da buradakı məzmunun dürüstlüyünü təmin etmək üçün ciddi səylər göstərir. Platforma, seçkilərin dürüstlüyünün qorunması, dezinformasiya ilə mübarizə və təsir əməliyyatlarının qarşısının alınması haqqında məlumat verən yeni resursları təqdim edib. Şirkət, həmçinin siyasi kontekstdə ictimai rəyə təsir göstərə biləcək gizli məlumat kampaniyalarını aşkar etmək və qarşısını almaq üçün xüsusi hesabat hazırlayır. Ümumilikdə “TikTok” birinci rübdə dünya üzrə 3 473 314 izləyici auditoriyası olan 1 675 hesabdan ibarət 10 gizli təsir şəbəkəsinin fəaliyyətini dayandırıb.

  • Ölkədə istehsal olunan ağrıkəsici ilə bağlı nə və niyə gizlədilir? – VİDEO

    Paytaxtdakı apteklərdən birindən alınan tibbi vasitənin istehsal yerinin gizlədildiyi ortaya çıxıb.

    Belə ki, ağrıkəsici mazın qutusunun üzərində istehsal yeri Polşa göstərilsə də, məhsulun etiketini soyanda məlum olub ki, istehsalçı Abşeron rayonu Saray qəsəbəsində yerləşən şirkətlərdən biridir.

    Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, sözügedən tibbi vasitə nəzarətdən keçib və rəy verilib.

    İstehsalçı şirkətin baş ofisi Polşada, istehsal sahəsi isə Azərbaycanda yerləşir. Yəni xammal Polşadan gətirilir, istehsal və qablaşdırma Azərbaycanda həyata keçirilir.

    Daha ətraflı Baku TV-nin materialında:

  • Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanda səfərdədir – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün avqustun 8-də Qazaxıstana səfərə gəlib.

    AZƏRTAC xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Azərbaycan Prezidentini Qazaxıstanın Baş naziri Oljas Bektenov və digər rəsmi şəxslər qarşılayıblar.

  • 3D-printer ilə fəaliyyət göstərən damar şəbəkəsi yaradılıb

    Harvard Universitetindən olan tədqiqatçılar 3D-printer vasitəsilə fəaliyyət göstərən damar şəbəkəsi yaradıblar. Yeni texnologiya hamar əzələ və endotel hüceyrələrindən ibarət damarların çapını edib.

    Çap edilmiş süni damarlar insan qan dövranı sistemini mükəmməl şəkildə təqlid edir və maye keçirmək qabiliyyətinə malikdir.

    Bu yenilikdə əsas rol oynayan “nüvə-qabıq” tipli burunun tətbiqi olub, hansı ki, iki müstəqil idarə olunan kollagen və jelatin kanallarından materialları verir. Çap edilmiş damarlar 5 gün ərzində qan analoqlarını problemsiz olaraq pompalayıb.

    Qeyd edək ki, bu texnologiya gələcəkdə orqanların transplantasiyası üçün böyük perspektivlərə yol açır.
    //Baku.ws

  • Azərbaycanda on minə yaxın İİV daşıyıcısı var

    Azərbaycanda İİV (İnsanın İmmunçatışmazlığı Virusu) infeksiyasının ilk dəfə aşkar olunduğu 1987-ci ildən 2024-cü ilin ikinci rübünün sonunadək bu virusla yaşayan insanların sayı 9926 nəfərdir.

    Bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova “Sağlam radio”da yayımlanan “Sağlam həyat” verilişində açıqlayıb.

    Onun sözlərinə görə, onlardan 69,5%-i kişi, 30,5%-i qadındır:

    “Aparılan əks epidemik tədbirlər nəticəsində ölkədə İİV/QİÇS-lə mübarizə istiqamətində mühüm addımlar atılıb və nailiyyətlər qazanılıb. Azərbaycan region ölkələri ilə müqayisədə İİV infeksiyasının yayılma göstəricisi ən aşağı olan ölkələr sırasındadır. Xüsusilə qeyd etmək istərdim ki, ölkədə İİV/QİÇS-lə mübarizə sahəsində aparılan çoxistiqamətli profilaktika strategiyası hesabına İİV/QİÇS-lə bağlı cəmiyyətdə məlumatlılıq səviyyəsi artıb”.

  • В Азербайджане начался процесс электронного перевода школьников

    С сегодняшнего дня в Азербайджане начался процесс электронного перевода учащихся в другие школы.

    Об этом сообщили в Министерстве науки и образования.

    Процесс осуществляется посредством электронной системы sy.edu.az.

    Для учащихся 2-9-х и 11-х классов система уже активна с 15:00 8 августа, а 10-х классов будет активирована с 15:00 15 августа.

    Информация о завершении процесса размещения запросов на перевод в другие школы в электронной системе будет обнародована заранее.

  • Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

    Bu gündən 2024-25-ci tədris ili üzrə şagird yerdəyişməsinə start veriləcək.

    Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, proses sy.edu.az sistemi üzərindən həyata keçiriləcək. Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00-dan aktivləşdiriləcək.

    Ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat ictimaiyyətə öncədən elan ediləcək.

  • Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin NƏZƏRİNƏ

    Vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi sahəsində operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində ərazi polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətləri tərəfindən tədbirlər görülür.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, rayon mərkəzlərindən uzaq olan ərazilərdə yaşayan, həmçinin sağlamlıq imkanı məhdud olan vətəndaşlara şəxsiyyət vəsiqələrinin yaşadıqları ünvanda verilməsi təmin edilir.

    Bu məqsədlə Qazax, Goranboy, Şabran, Beyləqan, Gədəbəy rayonlarında ərazi polis orqanlarının əməkdaşları tərəfindən səyyar xidmətlər təşkil edilib.

    Bu sahədə işlər davam etdirilir.

  • Paris-2024: Əliabbas Rzazadə ilk görüşdə məğlub oldu

    Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

    57 kq çəki dərəcəsində yarışan güləşçimiz 1/8 final mərhələsində özbəkistanlı Qulomjon Abdullayevlə qarşılaşıb.

    Güləşçimiz görüşdə 4:11 hesabı ilə məğlub olub. Abdullayev finala çıxsa, təmsilçimiz sabah təsəlliverici görüşə qatılacaq.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.